Musa Qasımlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor
Dağlıq Qarabağ bölgəsində geniş quruculuq işləri Ermənistanda qısqanclıq yaradır
70-ci illərin sonu – 80ci illərin əvvəllərində bəzi erməni ziyalıları Sov. İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, Azərbyacan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi, mədəni sahələrdə qazandığı uğurları qısqanır, Dağlıq Qarabağ bölgəsində aparılan quruculuq işlərindən əndişə duyurdular.
Erməni dairələrinin müxtəlif mərkəzi orqanlara göndərdikləri şər və böhtan dolu şikayət məktubları və teleqramlarının ardı-arası kəsilmirdi. Xankəndindən olan iki nəfər qocaman erməni bolşevikinin xahişi ilə müxbir İ.Y. Mesxinin «Oqonyok» jurnalının 1979-cu il 34-cü nömrəsində Dağlıq Qarabağ haqqında «Biz Qarabağdanıq» adlı oçerki dərc olunmuşdu. Oçerkdə Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurlardan, millətlərarası dostluqdan söhbət açılırdı. Jurnalın işıq üzü görməsindən az sonra erməni ziyalılarının bəziləri oçerkdə əksini tapan məsələlərə etiraz etdilər. Belələrindən biri əslən Dağlıq Qarabağdan olan, atası Bakıda fəhlə işləyərək ailəsi üçün çörək pulu qazanmış Yerevan şəhər sakini, İkinci dünya müharibəsinin iştirakçısı, istefada olan zabit, həkim Georgi Karapetoviç Ter-Akopov idi. O, 1980-ci ilin mart ayında redaksiyaya beş səhifəlik məktub göndərərək oçerkə etirazını bildirirdi. Onun məktubunda irəli sürdüyü iddialar əsasən aşağıdakılardan ibarət idi: müxbir İ.Y. Mesxi oçerki ilə oxucuları çaşdırır; müharibə illərində SSRİ-nin əhalisi azalsa da, müharibədən sonrakı dövrdə ölkə əhalisi ümumən təxminən iki dəfə, çarizm zülmü altında inləyən xalqlar isə daha çox artıb. Azərbaycanın əhalisi 1920-1978-ci illərdə 3,1 dəfə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əhalisi 2,7 dəfə, Ermənistanın əhalisi isə 4,2 dəfə artıb. Lakin Dağlıq Qarabağda tam tərsinə olan vəziyyət yaranıb. Burada əhali heç 1913-cü il səviyyəsinə çatmayıb. 1913-cü ildə burada 176 min, 1923-cü ildə 158 min, 1979-cu ildə 161 min əhali yaşayırdı. Dağlıq Qarabağ yeganə milli qurumdur ki, orada «yerli əhali» olan ermənilər azalmağa doğru gedib. Bütün ölkədə iqtisadiyyat geniş inkişaf edir, fabrik-zavodlar tikilir, yollar çəkilir, 40 min əhalisi olan Stepanakert üçün 26 kilometrlik Ağdam –Stepanakert dəmiryolunun çəkilişi isə şişirdilir, axı hələ müharibə dövründə Stepanakertə kiçik dəmiryolu var idi. Bakı – Ağdam dəmiryolu isə çoxdan işləyir. Qarabağın istedadlı adamları istəklərini illərlə yerinə yetirə bilmədiklərindən çıxıb gedirlər. Onları iri şəhərlər özlərinə çəkir. Stepanakeptdə çoxdandır ki, yaşayış evləri tikilimir. Adamlar uzun illərdir mənzil növbəsində gözləyirlər. Buna baxmayaraq, xan sarayının şairi Molla Pənah Vaqifə 18 metrlik mavzoley ucaldılır, xan qızı şairə Xurşidbanu Natəavan mədh edilir. Ermənilərdən olan 15 akademik, 16 bəstəkar və 23 general unudulur. Muxtar vilayət yaradılarkən əhalinin 94%-ni təşkil edən erməni xalqı özünün çoxəsrlik tarixində məgər öz sıralarından xatirəsinin əbədiləşdirilməsinə layiq olan adamlar yetişdirə bilməyibmi? Xalqa məktəbə, uşaq müəssisələrinə ehtiyac duyduğu və erməni memarlıq abidələri bir-birinin ardınca dağıdıldığı bir zamanda belə tikililər lazımdırmı. Erməni əhalisinin yaratdığı iki milli ərazidən biri olan Ermənistan SSR-də əhali artdığı, elm, təhsil, mədəniyyət inkişaf etdiyi halda, Dağlıq Qarabağda bütün bunlar geriyə gedir. İndiyədək heç bir respublikada yerli əhalinin köçməsinə rast gəlinməyib. Yerli erməni əhalisi sıxışdırılır. Azərbaycan xalqının mədəni sərvətləri dirçəldilir. Diyarın əhalisinin çox hissəsini təşkil edən yerli erməni xalqının mədəni irsi barədə isə susulur.
Məktub müəllifi 4,5 min kvadrat kilometr ərazisi olan Dağlıq Qarabağın Azərbaycan tərkibinə guya ədalətsiz qatıldığını əsassız yerə iddia edirdi.
Həmin məktubu jurnalın baş redaktoru A. Safronov 1980-ci il martın 28-də Sov. İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə göndərərək, redaksiyanın müəllifə cavab verərkən istifadə etməsi üçün imkan olarsa, mülahizələrini söyləməsini xahiş etdi. Safronovun məktubu Azərbaycan KP MK-da 1980-ci il aprelin 8-də 1569 №-lə qeydiyyatdan keçdi. H. Əliyev aprelin 10-da məktubla tanış olaraq «Mənimlə danışın. B.S.Gevorkovu tanış edin» dərkənarı yazaraq MK-nın ideologiya katibi Kamran Bağırova göndərdi. Bundan sonra Azərbaycan KP Dağlıq Qarabağ vilayət partiya komitəsinin katibi B.S. Gevorkov vilayətin sosial-iqtisadi və mədəni inkişafına dair kifayət qədər əsaslandırılmış 11 may tarixli 59 s №-li məxfi arayış hazırladı. Həmin arayış mayın 13-də Azərbaycan KP MK-da 1569 №-lə qeydiyyatdan keçirildi. Arayışda Ter-Akopovun məktubunda irəli sürülən iddiaların əsassızlığı zəngin fakt və materiallarla təkzib olunurdu.
Heydər Əliyev bundan sonra iyunun 23-də A.V.Safronova ünvanlanan 252 №-li məktubu imzaladı. Məktuba 7 səhifəlik müvafiq arayış da əlavə edildi[i]. Dəqiq və təkzibolunmaz faktlar əsasında hazırlanmış arayışda məktubdakı iddialar qətiyyətlə və tutarlı faktlarla rədd olunurdu. Arayışın əsas müddəaları aşağıdakılardan ibarət idi:
Birincisi, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına və statusuna dair hüquqi-siyasi məsələlər Kommunist Partiyasının, dövlətin sənədləri və arxiv materialları əsasında, tutarlı şəkildə izah olunurdu. Göstərilirdi ki, Azərbaycan ilə iqtisadi əlaqəsini, azərbaycanlılarla ermənilər arasında daimi sülhün zəruriliyini nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılmışdır. 1923-cü ildə partiyanın qərarı ilə Muxtar Vilayət yaradılmışdır. Bu qərar yekdilliklə qəbul edilmişdir.
İkincisi, göstərilirdi ki, Dağlıq Qarabağda əhalinin azalmasının 1913-cü illə müqayisə edilməsinin heç bir əsası yoxdur. Çünki bu zaman muxtar vilayət mövcud deyildi. Vilayətin ərazisinə Yelizavetpol quberniyasınından (Şuşa, Cavanşir, Cəbrayıl, Zənğəzur qəzaları) və respublikanın indiki rayonlarının bəzisi də daxil olmuşdu. Buna görə də müqayisənın istinad nöqtəsi kimi Muxtar Vilayətin yaradılması ili götürülməlidir. 1923-cü ildə vilayətin əhalisi 158 min nəfər idi. Böyük Vətən müharibəsi illərində vilayətin əhalisi təbii olaraq azalmışdı. 1980-ci il aprelin 1-nə olan məlumata görə, vilayətin əhalisi 163,1 min nəfər olmuşdu. Bu isə vilayət əhalisinin azalmadığını göstərirdi. Vilayətdə obyektiv miqrasiya prosesləri getdiyindən, əhalinin və ölkənin həyatında beynəlmiləlləşmə prosesləri baş verdiyindən burada 49 millətin nümayəndəsi yaşayırdı. Əhalinin 76%-ni ermənilər təşkil edirdi.
Üçuncüsü, Dağlıq Qarabağın iqtisadi inkişafı məsələlərinə aydınlıq gətirilirdi. İnqilabadək Dağlıq Qarabağın sənayesi kiçik yarımkustar emalatxanalardan ibarət idi. 70-ci illərdə isə vilayətdə yüzlərlə məhsul istehsal edən və nəinki ölkənin müxtəlif yerlərinə göndərilən, eyni zamanda xaricə malları ixrac olunan 45 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Sovet hakimiyyəti illərində vilayətdə sənaye məhsulu istehsalı 724 dəfə artmışdı. Əgər əvvəlki beşillikdə vilayətdə sənaye məhsulu istehsalının həcmi 24% artmışdısa, 1976-1980-ci illərdə 50,3% artmışdı. Əmək məhsuldarlığı 17,1% əvəzinə 37,6 % olmuşdu. Bu müddət ərzində 80-dən çox yeni sənaye məhsulu buraxılmışdı. Stepanakertdə ildə 6 min maşın təmir edən zavod yaradılmışdı. Vilayətdə aqrar-sənaye kompleksi də inkişaf edirdi. 1976-1979-cu illərdə kənd təsərrüfatı məhsullarının orta illik məcmu artımı planda nəzərdə tutulan 16,8% əvəzinə 49,1% olmuşdu. Bu illərdə əmək məhsuldarlığı beşillik planda nəzərdə tutulmuş 15,6% əvəzinə 42,8% artmışdı. Üzümçülük, maldarlıq, bağçılıq inkişaf etmişdi. Dağlıq Qarabağ bütün bu sahələr üzrə inkişaf baxımından Cənubi Qafqazda yaradılmış muxtar vilayətlərin hamısını geridə qoyurdu.
Dördüncüsü, Ağdam – Stepanakert dəmiryolunun çəkilməsi barədə də tutarlı fakt və materiallar verilirdi. Dəmiryol xəttinin çəkilişi xərclərinin 50%-ni SSRİ Dəmiryol Nazirliyi, 50%-ni isə Azərbaycan SSR hökuməti ayırmışdı. Bu isə Azərbaycanın digər rayonları ilə Dağlıq Qarabağın əlaqəsini gücləndirir, nəqliyyatın inkişafına, vilayətdə istehsal olunan məhsulların ölkənin müxtəlif şəhərlərinə daşınmasına müsbət təsir edirdi.
Beşincisi, vilayət əhalisinin sosial-iqtisadi həyatının xeyli yüksəldiyi göstərilirdi. Onuncu beşillikdə əhalinin pul gəlirləri doqquzuncu beşilliyin müvafiq dövrü ilə müqayisədə 39,1% artmışdı. Pərakəndə ticarət 18,3%, əhaliyə göstərilən məişət xidməti 52% çoxalmışdı. Əhalinin təbii qazla təmin edilməsi 1980-ci il yanvarın 1-i üçün 95% olmuşdu. Yevlax – Stepanakert – Şuşa qaz kəmərinin çəkilişi vilayət mərkəzinin və Şuşa kurort şəhərinin problemlərinin həllinə kömək etmişdi.
Altıncısı, vilayətdə mənzil tikintisinə xüsusi diqqət yetirildiyi qeyd edilirdi. Stepanakertin su təchizatının genişləndirilməsi vilayət mərkəzinin təminatının yaxşılaşdırılmasına imkan vermişdi.
Yeddincisi, vilayətin mədəni inkişafı haqqında məlumat verilirdi. İnqilabadək bu ərazidə şəxsi adamlara məxsus olan yalnız üç mədəni-maarif müəssisəsi fəaliyyət göstərirdi. Əhalinin 90%-dən çoxu savadsız idi. 70-ci illərdə isə vilayətin əhalisi başdan-başa savadlı olmuşdu. Vilayətdə 193 ümumtəhsil məktəbi, o cümlədən 147 erməni məktəbi fəaliyyət göstərirdi. Stepanakert Pedaqoji İnstitutunda dərslər Azərbaycan, rus və erməni dillərində keçirilirdi. Vilayətdəki 5 texnikumdan və 5 texniki-peşə təhsili məktəbindən 4-ündə dərslər erməni dilində keçirilirdi. Burada kitab fondu 1,5 mln. olan 196 kütləvi kitabxana, 202 klub, mədəniyyət evi, 195 kinoteatr və kino qurğusu, M.Qorki adına Stepanakert şəhər dram teatrı, mahnı və rəqs ansamblı, erməni dilində və rus dilində dublyajı nəşr olunan «Sovetakan Karabax» qəzeti, 5 rayon qəzeti (4-ü erməni dilində, 1-i Azərbaycan dilində) var idi. Vilayətdə 2,5 saat yayımlanan radio verilişlərindən 2 saatdan çoxu erməni dilində idi.
Səkkizincisi, vilayətdə abidələrin qoyulması sahəsində həyata keçirilən tədbirlərə də aydınlıq gətirilirdi. Erməni xadimlərinə də abidələr qoyulduğuna dair faktlar sadalandıqdan sonra göstərilirdi ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Şuşada indi Azərbaycan ədəbiyyatının klassiki Vaqifə abidə qoyulur. Deyilirdi ki, Vaqif Qarabağ xanının vəziri-xarici işlər naziri vəzifəsinə uyğun gələn vəzifədə işləmiş, Zaqafqaziya hakimlərinin İran şahına qarşı mübarizəsində mühüm rol oynamışdır.
Beləliklə, arayışda əsassız erməni iddiaları qətiyyətlə rədd edilirdi.
Erməni millətçilərinin xalqlar arasında düşmənçilik hislərinin qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına daim qayğı göstərir, erməni və Azərbaycan xalqları arasında dostluğa çalışırdı. Azərbaycan hökuməti Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirirdi. DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi. Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdu. SSRİ və Azərbaycan SSR konstitusiyalarına əsasən DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 1981-ci il iyunun 16-da qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanunla tənzimlənirdi. Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. SSRİ konstitusiyasına uyğun olaraq DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu. DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi. Muxtariyyət forması əhalinin özünəməxsus iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi.
“KarabakhİNFO.com”