Azərbaycanca

“Azərbaycanı vətənim bilirəm”

08.10.2012 | 17:43
1352122614_azerbaycan-ucak-bileti“Azərbaycanı vətənim bilirəm”.Erməni əsilli Azərbaycan vətəndaşı Orucova Nəsibə: “Bütün bu məsələləri yuxarıda oturanlar edirlər”.

Ailənin qızı: “Anamdan utanırdım!”

Azərbaycanda 30 000 erməni qadın yaşayır. Onlar öz erməni xislətlərini nə dərəcədə qoruyub saxlayıblar bilmirəm, amma Azərbaycanın milli-mənəvi dəyərlərinin onları öz ağuşuna alması göz önündədir. Yəni onlar özlərini azərbaycanlı gəlin kimi aparırlar.
Onlardan biri də Orucova Nəsibədir. Əvvəlki ad-soyadı Qaraqin Davtyana olan bu gəlinimiz adət-ənənəmizi mükəmməl mənimsədiyini deyir. Özü də dediyinə görə namaz qılıb, oruc tutur.
Müsahibə üçün razılaşdıqdan sonra, məni evlərinə dəvət etdilər. Söhbətə də elə ailənin qızı ilə başladıq:-Ananızın milliyəti sizi narahat edirmi?
-Çox…
Bu müsibətlərdə sanki, özümü günahkar bilirəm. Anası azərbaycanlı olanlara paxıllıq edirdim. Düzü, bu gün başqa cür fikirləşirəm. Anam olduğu üçün xoşbəxtəm, ancaq sizin kimi yox çünki anam ermənidir. Balacaydım, başa düşmürdüm, bu mənim üçün bir o qədər də əhəmiyyyətli deyildi. Amma böyüdükcə, bu məsələnin nə qədər ciddi olduğunu anladıqca həddən artıq utanmışam. Dəfələrlə “kaş mən də azərbaycanlı qadının qızı olaydım” demişəm. Hələ televiziyalarda ermənilərin vəhşiliklərini görəndə, daxilimdə elə bir vulkan püsgürür. Nifrətdən qəzəbimi, hirsimi boğa bilməyib, anamla dalaşıram. Mən həmişə demişəm, deyəcəyəm də: mən azərbaycanlıyam. Amma həqiqətlərdən də qaça bilmirəm ki, bilmirəm. İyirmi yeddi illik ömrümdə, çox utanmışam, xəcalətdən başımı qaldıra bilmədiyim anlarım olub. İstər orta məktəbdə, istər ali məktəbdə, istər ailəmdə, istərsə də bütün cəmiyyətdə bu hal həmişə məni utandırıb. Düzdü, anam milliyətcə xalis azərbaycanlı olmasa da, 20 yaşında atamla ailə qurub 40 ildir ki, azərbaycanlıların ən incə cəhətlərini belə əzəbərləyib ki, kimsə onun başqa millətdən olduğunu hiss etməsin. Hətta deyərdim bir çox azərbaycanlının bilmədiyi, önəm vermədiyi bölgələrin adət – ənənələrini oxuyub yadda saxlayıb. Sözün əsl mənasında anam azərbaycanlılaşıb. Evimizi görürsünüz, hər yerdə üç rəngli bayrağımız , Milli qəhramanlarımızın şəkilləri, Quranımız və s. əsl azərbaycanlı evi kimi bəzədilib. Ancaq bir anlıq fikirləşəndə ki anam… Onların adını belə çəkməkdən iyrənirəm, çox utanıram. Həmişə özümə təsəlli verirəm ki, əsas atadır, atam azərbaycanlıdır. Bu məni sakitləşdirir. Ağlım bir o qədər kəsmədiyi zamanlarda atamla savaşardım ki, niyə erməni qadını almısan? Susardı. Sakitcə deyərdi qızım onun bu işlərdə günahı yoxdu. Böyü, mən sənə hər şeyi izah edəcəm. Sonra başladım anamı incitməyə. Məktəbdə “Xocalı”, “20 Yanvar” faciələrinin il dönümü olanda tədbirlər hazırlayırdıq. Tədbirdə eşidiklərim məni havalandırırdı. Evə əsəbi gəlib, anama hirslənirdim, utandıığımı deyirdim. Anam isə sakitcə ağlayırdı, bu müharibəni edənlərə qarğış edirdi. Bir sözlə, anamın erməni olmasına görə daim əziyyət çəkmişəm. Həmişə dansam da, hamıdan gizlətsəm də, həqiqətdən qaçılmır. Ancaq başıma gələn bir hadisədən sonra daha başqa cür düşünməyə başladım.
Sizə həyatımda yaşadığım bir hadisəni danışım: Şəmkirdən olan tələbə yoldaşımın doğum günüydü, bütün qrup dəvətliydi. Təbii ki, mən də. Dərsdən çıxıb, uşaqlarla sağollaşdım. Ziyafətin vaxtına 3 saat var idi. Gəldim evə nə hədiyyə aparım deyə anama müraciət etdim. Anamın çox gözəl, qədimi əşyaları var, sizdə görürsünüz. Əntiq əşyaları çox sevir anam. Evdə əlimi nəyə uzatdımsa, anam dedi “yox qızım, bunlar olmaz, mən bunların ancaq sənə cehizlik almışam. Pul verim, özün nə istəyirsən get al, yaxud pul ver rəfiqənə”. Yox dedim, vaxtım azdı, pula gedib özün alarsan bunlardan, birini ver aparım. Nə isə, nəhayət, biçarə bir güldanı büküb apardım. Evdən çıxanda anam da arxamca çıxdı. Qızım ehtiyatlı ol, çox qaranlığa qalma, deyə mənə səsləndi. Mən də astaca dilimin altında ermənisən ki, erməni, paxıllıq qanınızdadır deyə, iri addımlarla evdən uzaqlaşdım. Getdiyim evdə qapını rəfiqəmin anası açdı, buyur-deyib gülərüz halda məni içəri dəvət etdi. Rəfiqəm də sağ olsun, məni öz yanında əyləşdirdi, məclisdə tanımadığım qonaqlarla tanış elədi. Yedik, güldük, oynadıq. Vaxt yetişdi, rəfiqəm mənim hədiyyəmi açdı, güldanı əlinə alıb, o yana bu yana çevirdi və lazımsız əşya kimi, bir tərəfə qoyub dodağının altında “buna verdiyin pulu mənə verəydin” –dedi, sonra əlavə etdi, -bir qab alıb gətirib, utanmır. Pərt olmuş halda otaqdan çıxdım. Anasından vanna otağını soruşdum. İçəri girib soyuq suyu açıb üzümə vurdum. Sanki, o an yuxudan oyandım. Sakitcə otağa qayıtdım, rəfiqəmə yaxınlaşıb bir daha təbrik etdim. Sağollaşıb otaqdan çıxdım. Ayaqqabımı geyinirdim ki, rəfiqəmin anası Rübabə xala üzünü qızına tutub soruşdu ki, -qızım, erməni olan bu qızın anasıdı?
-Bəli mama!
-A, bu heç erməniyə oxşamır ki.
-Sənə elə gəlir mama. “Kıraxabordu”, özü kimi simici yoxdu. O qədər pulları var, mənə 50-ci əsrin güldanını gətirib.
Sanki, qulaqlarım tutuldu, söz tapmadım. Ordan tez uzaqlaşmaq istəyirdim. Sağollaşıb ayrıldım. Yol boyu anama qarşı etdiyim kobudluğu sinirə bilmədim ki, bilmədim. İndi də bu hadisəni yadıma salanda, özümdən çox utanıram niyə bu boyda haqsızlıq edirəm anama. Axı mənim anamdı. Yad onsuz da yaddır. Mənə nəsə olsa anam qədər kim yana bilər axı mənə. O gündür anamla rəftarımı düzəltdim. Anamı qucaqlayıb üzr istədim. O isə başımı sığallayıb “qızım sən mənim tək balamsan, hər şeyimsən, mən səndən incimərəm, uşaqsan, böyüyəndə hər şeyi anlayacağını onsuzda bilirəm” -dedi. Etdiyim səhvi başa düşdüm, bir daha anamın qəlbinə dəymədim. Düzdü, anamın soyu başqadır, amma dini islam, kitabı “Quran”dır.

– Elə isə gəlin, indi də ananınızın ömür yoluna nəzər salaq.
Nəsibə xanım, sizi daha yaxından tanıyaq və tanıdaq.
-Orucova Nəsibə (Qaraqin Davtyana) Suliko Davtyan qızı. 1952–ci ildə Ermənistanın Tavuş əyalətinin Çinari-Berdavan kəndində anadan olmuşam. Anamın adı isə Ratiyə idi. İki qardaşım varıydı – Aslanyan, Vanoyan. Azərbaycan sayağı yanaşsaq atam bəy oğlu olub. İmkanlı ailənin qızı olmuşam. Daim hər şeyin yaxşısına sahib idim.

-Azərbaycanda doğmalararınızdan uzaq yaşamaq sizə çətin deyilmi?
-Qızım, mənim əzizlərim yanımdadır. Həyat yoldaşım və qızım. Mənim üçün birinci ailəmdir. Mənim ölümün yiyəsi bunlardır. Atam da, anam da, qardaşlarım da sağ olsun öz evlərində.

-Azərbaycanı sizə bu qədər sevdirən qüvvə nədir?
-Mən 12 yaşımdan Bakıya gəlib, gedirdim. Daha sonra ali təhsilimi də Bakıda almalı oldum. Atamgil ev aldı, bir dəfəlik oldum Bakılı. Ancaq yay tətilində gedərdim valideyinlərimin yanına. 2-ci kursda indiki həyat yoldaşımla tanış olduq. Daha sonra heç tətilləri də getmədim, onlar gələrdilər. Həyatımda hər şey dəyişmişdi. Tez bir zaman ərzində nişanlandıq. Həyat yoldaşımla bir –birimizi sevib ailə qurmuşuq. O, zamanlar belə konfilikt yox idi. 40 il bunnan öncədən danışıram, hər şey saf, təmiz, dürüst idi. Qızım, sevgi millətə baxmır. Həm də, bu olan pis əməllərin, hadisələrin biri də o zaman ağlımıza gəlməzdi. Bu hadisələr başlayanda biz artıq15 il idi ki, ailə qurmuşduq. Qohum-əqrəba yoldaşımdan uzaqlaşdı. Hamı bizdən ayağını kəsdi. Amma bu düzgün deyil. Mən nə edim, nə olsun atam–anam ermənidi. Lap onların nə günahı var?! Əyri oturaq düz danışaq da. Bütün bu məsələləri yuxarıda oturanlar edirlər. Adi insanların suçu nədir ki?! İçi də mən qarışıq. Azərbaycanı vətənim bilirəm. Adətini ,ənənəsini bilirəm. Quranı əzbərdən bilirəm. Namaz qılıb, orucumu tuturam.

-Öz əzizlərinizi, qohum- əqrəbalarınızı görmək könlünüzdən keçibmi?
-Əlbəttə ki, kim istəməz. Bəlkə də həyatdan köçüblər. (Nəsibə xanımın gözləri yamanca dolub boşalır, ağlamamaq üçün gözlərini ora – bura çevirir – A.T.) Tez-tez anamı yuxumda görürəm. Görürəm ordakı evimizdə qonağam, qoymur qayıdım.Yanında qalmağımı istəyir. Nə bilim, belə də, həyatdı, yaşayıb gedirik.
Mən neçə illər məktəbdə rusdili müəlliməsi işləmişəm. Çoxlu tələbələrim olub. Toylarına getmişəm, ailəvi dostlarımız var. Heç onlar mənə başqa millətin nümayəndəsi kimi yanaşmırlar. Əgər mən o soyuqluğu hiss etsəm, o insanlardan tez uzaqlaşaram. Mən onlara göstərdiyim isti münasibətin iki qatını onlardan görürəm. Sağ olsunlar dar günümdə yanımda olub, kömək əllərini uzadıblar, uzadırlar da.

Aysel Talıblı
08.10.2012 17:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*