Azərbaycanca

Azərbaycanın 5 yeni silahı

26.01.2015 | 17:56

45238

Müdafiə Sənayesi Nazirliyi yeni istehsal planlarından danışıb

 

 

 

 

 

 

 

 

Müdafiə Sənayesi Nazirliyində 2014-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı  ANS PRESS-ə istinadən xəbər verir ki, iclası açan müdafiə sənayesi naziri Yavər Camalov 2014-cü ildə respublikanın iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı uğurla inkişaf edib, dövlət büdcəsinin həcmi durmadan artıb, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib.

 

 

Nazir ötən ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yaddaqalan il olduğunu bildirib.

 

 

Qeyd edib ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, ötən ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən bir sıra müdafiə təyinatlı məmulatların istehsalını həyata keçirən müəssisələr istifadəyə verilib və regionda ilk dəfə olaraq birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirilib.

 

 

2014-cü ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən məmulatların yaradılması üzrə təcrübi-konstruktor işləri aparılıb, onlarla yeni növ müdafiə təyinatlı məmulatların istehsalı mənimsənilib, onların seriyalı istehsalı təmin edilib və yeni istehsal sahələrinin yaradılması üçün texnoloji avadanlıqların alınması istiqamətində müvafiq tədbirlər görülüb.

 

 

2014-ci ildə ümumi məhsul istehsalının həcmi 2013-cü illə müqayisədə 26,3 faiz artıb. Dövlət sifarişi üzrə məmulatların istehsalında da artıma nail olunub. Belə ki, istehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7 faiz, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. 2014-cü ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb.

 

 

Hesabat dövründə nazirliyin tabeliyində olan müəssisələr tərəfindən 4 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 5 məmulatın isə istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə, mövzular üzrə 26 mərhələ tam yerinə yetirilib.

 

 

2014-cü ildə mülki məmulatların istehsalında 2013-cü illə müqayisədə 13,5 faiz artım əldə olunub, çeşidlərin sayı isə 450-ni ötüb.

 

 

2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi ötən ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri (DSA-2014) Sərgisində 132 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.

 

 

Ötən ilin sentyabr ayında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə regionda ilk dəfə olaraq, Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirilib. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.

 

 

“ADEX-2014” sərgisində Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirmişdilər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyon Azərbaycanın müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib.

 

 

İlk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirib. Sərgidə nazirliyin nümayiş etdirdiyi məmulatlar yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.

 

 

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılıb və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2014” sərgisini ziyarət etməsi sərginin əhəmiyyətini daha da artırıb.

 

 

Ötən ildə nazirliyin Elmi Tədqiqat İnstitutunda dövlət müdafiə sifarişi xətti ilə 10 mövzu üzrə təcrübi-konstruktor işləri aparılıb. Bununla yanaşı, daha 15 mövzu üzrə elmi tədqiqat işləri davam etdirilib.

 

 

2014-cü ildə nazirliyin Milli Aerokosmik Agentliyində 33 mövzu üzrə elmi tədqiqat və dövlət sifarişi çərçivəsində isə 3 mövzu üzrə təcrübi-konstruktor işləri davam etdirilib.

 

 

Hesabat dövründə nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin keçirilən iclaslarında müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb və bir sıra mövzular üzrə konkret təklif və rəylər qəbul edilib.

 

 

Kollegiya iclasında tabeli birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənildi.

 

 

Sonda nazir Y.Camalov NazirlərKabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Nazir Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2015-ci ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

26.01.2015 17:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*