Azərbaycanca

Azərbaycanın Argentinadakı səfiri Ermənistan səfirinin cavabını verib

14.10.2014 | 15:53

5961Argentinanın “La Nacion” qəzeti sentyabrın 2-də Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin məktubuna cavab olaraq oktyabrın 9-da Ermənistan səfiri Vahagn Melikianın məktubunu dərc edib.

 

 

Gün.Az xəbər verir ki, buna cavab olaraq səfir M.Əhmədzadə “La Nacion” qəzetinin redaksiyasına növbəti məktub göndərib, habelə həmin məktub qəzetin elektron variantının şərhlər bölməsində də yerləşdirilib.

 

 

M.Əhmədzadə məktubda qeyd edib ki, qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün qanunsuz olaraq yaradılıb və heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış separatçı rejimdir.

 

 

Ermənilər tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Osmanlı müharibələrinin nəticəsində yerləşdiriliblər. Buradakı xristian kilsələrinin ermənilərə aidiyyəti yoxdur, bunlar Qafqaz Albaniyasına aid kilsələrdir ki, sonradan 1836-cı ildə rus çarı I Nikolay tərəfindən erməni kilsəsinə tabe etdiriliblər.

 

 

M.Əhmədzadə məktubda bildirib ki, 1988-ci ildə SSRİ-dəki yenidənqurma siyasətindən istifadə edən Ermənistan, Dağlıq Qarabağı özünə ilhaq etməklə bağlı Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, eyni vaxtda 250 min azərbaycanlını Ermənistandakı tarixi torpaqlarından deportasiya edir.

 

 

“SSRİ-nin dağılmasından sonra isə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayondakı 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilir. İşğal prosesində Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar, o cümlədən insanlığa qarşı cinayət olan Xocalı soyqırımını törədib, Azərbaycanın istər Ermənistanda, istərsə də işğal olunmuş ərazilərdəki tarixi mədəni abidələrini dağıdıb.

 

 

Qeyd olunan “referendum” Azərbaycan qanunvericiliyinə zidd və Azərbaycanın mərkəzi hökumətinin razılığı olmadan keçirildiyinə görə qanunsuzdur, habelə onda Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar iştirak etməyiblər”.

 

 

Səfirin sözlərinə görə, Ermənistan işğalçı siyasətini və təcavüzünü ört-basdır etmək üçün xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadə etməyə cəhd göstərir:

 

 

“Erməni xalqı Ermənistan dövləti yaratmaqla artıq öz müqəddəratını təyin edib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir. Məsələyə belə bir yanaşma ona gətirib çıxara bilər ki, erməni icmasının yaşadığı dünyanın istənilən ölkəsində bu icma öz müqəddəratını təyinetmə kimi gülünc və məntiqsiz iddia ilə çıxış edə bilər.

 

 

Xalqların öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağa azərbaycanlıların qaytarılmasını tələb edir. Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları deyilən anlayış vardır və azərbaycanlı icması da oradan qovulub”.

 

 

Səfir əlavə edib ki, Ermənistan beynəlxalq hüquqa yox, hərbi işğala üstünlük verir, münaqişənin nizamlanmasına dair qəbul edilmiş çoxsaylı beynəlxalq sənədləri yerinə yetirməkdənsə, öz əhalisinin kəskin yoxsullaşması hesabına işğal olunmuş əraziləri hərbiləşdirməkdə davam edir.

 

 

“Münaqişənin nizamlanmasına ən böyük əngəl Azərbaycan ərazilərində Ermənistan hərbi qüvvələrinin qalmasıdır. Bu qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması münaqişənin nizamlanmasının açar elementləridir.

 

 

Azərbaycanın danışıqlarda məqsədinin münaqişəni həll etmək, regiona sülh, inkişaf və çiçəklənmə gətirmək olduğu halda, təəssüf ki, Ermənistanın isə məqsədi hərbi işğalı davam etdirmək, status-kvo kimi təhlükəli vəziyyəti saxlamaq və regiona qeyri-sabitlik, fəlakət və səfalət gətirməkdir.

 

 

Azərbaycan öz yolunda davam edəcək və öz ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Bununla da regiona çoxdan bəri mövcud olmayan sülh və sabitlik gələcəkdir ki, bu da regional əməkdaşlıq və inkişafı gücləndirəcəkdir”.

 

 

 

Pərvanə Sultanova
Gün.Az

14.10.2014 15:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*