Azərbaycanca

Azərbaycanın balanslaşdırma siyasətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri

19.11.2014 | 17:30

dagliq qarabagAzərbaycan 1993-cü ildən etibarən öz xarici siyasətini tarazlaşdırılmış əsaslarla formalaşdırmışdır. Azərbaycanın balanslaşdırma (tarazlaşdırma) siyasəti dedikdə, böyük dövlətlərin təzyiqlərini zərərsizləşdirmək məqsədilə həmin dövlətlərin hər birinin mənafeyini nəzərə alaraq, strateji əhəmiyyət kəsb edən iqtisadiyyat və digər sahələrdə strateji maraqlarının təmin edilməsinə şəraitin yaradılması başa düşülməlidir. Lakin hər şeydən əvvəlcə Azərbaycanın özünün dövlət mənafeyi əsas götürülür. Böyük dövlətlərin maraqları Azərbaycanın milli və dövlət maraqları ilə ziddiyyət təşkil edən zaman Azərbaycan öz dövlət mənafeyini üstün tutur. Tarazlaşdırma siyasətinin tətbiqi zamanı Cənubi Qafqaz regionunda, eləcə də Azərbaycanda bir-birilərinə qarşı rəqabət xarakterli beynəlxalq siyasət yeridən böyük dövlətlərin iki siyasi qruplaşmasının (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Türkiyə və həmin dövlətlərin regiondakı maraqlarını qəbul etməyən Rusiya və İran) strateji maraqları bu və ya digər səviyyədə təmin olunur. Məsələn, 1994-cü ildən “Əsrin Müqaviləsi” ilə başlayan Azərbaycanın enerji siyasətində hər iki siyasi qruplaşmaya daxil olan dövlətlərin strateji maraqları bu və ya digər səviyyədə təmin olunur. Azərbaycanın regional balanslaşdırma siyasəti hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.

 

 

Balanslaşdırma siyasətinə nümunə olaraq onu göstərmək olar ki, Azərbaycanın enerji layihələri həm Rusiya ərazisindən keçməklə, həm də Türkiyə vasitəsilə Qərb şirkətlərinin iştirakı nəticəsində fəaliyyət göstərir. Həmçinin, Azərbaycan, Rusiya və İran Şimal-Cənub nəqliyyat layihəsində iştirak edirlər. Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq həyata keçirilir. Naxçıvan bölgəsini İran qazla təmin edir. Bununla yanaşı, Azərbaycanın NATO ilə sıx əməkdalığı mövcuddur, milli ordunun NATO standartları səviyyəsinə yüksəlməsinə çalışır, ABŞ və Türkiyə ilə hərbi-strateji əməkdaşlıq edir, koalisiyanın üzvü olaraq beynəlxalq təhlükəsizliyin təmin olunmasında iştirak edərək Əfqanıstan və İraqa hərbi kontingent göndərir. Rusiya və İranın Qərbə qarşı siyasi mövqeyini nəzərə alaraq NATO-nun tamhüquqlu üzvü olmasına hələ tələsmir. Azərbaycan rəsmi olaraq bildirir ki, onun ərazisi başqa bir dövlətə qarşı hərbi əməliyyatlarda digər bir dövlət tərəfindən platsdarm kimi istifadə edilə bilməz.

 

 

Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla birlikdə Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Axalkalaki-Qars dəmir yolu layihəsini reallaşdırır. ABŞ Ermənistanın iştirakı olmadığına görə həmin layihəyə maliyyə dəstəyi verməkdən imtina etmişdir. Ancaq layihənin reallaşmasının əleyhinə olmamışdır. Azərbaycan həmçinin müstəqil olaraq Avropa İttifaqı ilə yaxın qonşuluq siyasəti həyata keçirir, Rusiyanın qəbul etmədiyi GUAM-ın (demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat) işində fəal iştirak edir.

 

 

Tarazlaşdırma Azərbaycanın müstəqil siyasətini daha da gücləndirir. Məsələn, 2008-ci ilin fevral ayında Kosovonun birtərəfli qaydada Serbiyanın tərkibindən çıxaraq müstəqilliyini elan etməsini qəbul etməyərək bu addımı beynəlxalq hüquqa zidd adlandırdı. Əlavə olaraq bu hadisənin ardınca özünün Kosovodakı sülhməramlı kontingentini geri çağırdı.

 

 

Azərbaycanın balanslaşdırma siyasəti dövlətin regional maraqlarını təmin etməklə yanaşı, milli və dövlət təhlükəsizliyinin qorunmasına xidmət edir. Məhz balanslaşdırma siyasətinin formalaşması nəticəsində Azərbaycanın müstəqil siyasəti daha da güclənir. Hər iki siyasi qruplaşmaya daxil olan böyük dövlətlərin təzyiqlərinin qarşısı alınır. Eyni zamanda bu iki siyasi qruplaşmada iştirak edən dövlətlərin maraqlarının təminatı zamanı siyasi manevrlər edərək həmin dövlətlərin diqqətini özünə cəlb edir və böyük dövlətlərin mövqeyinə təsir edə bilir. Məsələn, Azərbaycana qarşı İranın təzyiqləri olanda ABŞ, Türkiyə və Qərbi Avropa reaksiya verir və buna qarşı çıxır. Həmçinin, Azərbaycanın balanslaşdırma siyasətinin müsbət təsiri olaraq onu göstərmək olar ki, Kosovanun müstəqilliyini elan etməsini kəskin pisləyən Rusiya Kosovanun Abxaziya, Cənubi Osetiya qurumları və Moldovanın Dnestryanı ərazisində qurulmuş qondarma qurum üçün bir presedent olacağını və Rusiyanın həmin qurumların müstəqilliyinə dəstək verəcəyini bildirsə də, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin adını rəsmi olaraq hallandırmadı.

 

 

Eyni zamanda, Azərbaycan müstəqil siyasətə malik olaraq 2008-ci ilin aprel ayında Rusiyanın İrana göndərdiyi atom sənayesi avadanlıqlarını bir neçə gün öz ərazisində saxladı. Bu addıma Rusiya və İran etiraz etsələr də, Azərbaycan müvafiq sənədlər tələb etmiş, sənədlər təqdim edildikdən sonra həmin avadanlıqların İran ərazisinə daxil olmasına icazə vermişdir. Bu siyasət Azərbaycanın böyük dövlətlərin təzyiqinə tab gətirməsi üçün kifayət qədər gücünün olmasını sübut edir. Həmin nailiyyətlər yalnız balanslaşdırma siyasəti nəticəsində əldə olunur.

 

 

Azərbaycanın balanslaşdırma siyasətinin dövlətə müsbət təsirlərini aşağıdakı şəkildə qeyd etmək olar. Bu siyasət:
1. Azərbaycanın milli və dövlət təhlükəsizliyinin qoruyur;
2. Ölkədaxili ictimai-siyasi sabitliyin təmin edilməsinə kömək edir;
3. Azərbaycanın bölgədə müstəqil xarici siyasətini formalaşdırır;
4. Regional layihələrin icrasını təmin edir;
5. Böyük dövlətlərin təzyiqlərini zərərsizləşdirir;
6. Regionun sabitliyinə xidmət edir;
7. Bölgədə böyük dövlətlərin kəskin qarşıdurma ehtimalını azaldır;
8. Ermənistanın təkrar təcavüzünün qabağını kəsir.

 

 

Azərbaycanın beynəlxalq tarazlaşdırma siyasətinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində böyük dövlətlərin mövqeyinə təsiretmə gücü vardır. Məhz bu siyasətin nəticəsi olaraq atəşkəs qorunur və Ermənistanın Rusiyanın hərbi köməyi ilə Azərbaycana təcavüzünün davam etməsinin qarşısı alınıb.

 

 

Azərbaycanın beynəlxalq tarazlaşdırma siyasətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsir edən müsbət tərəflərini aşağıdakı şəkildə qeyd etmək olar:

 

 

1. Azərbaycanın beynəlxalq balanslaşdırma siyasəti regionda özünün müstəqil siyasətini daha da gücləndirir və Ermənistan üzərində hərbi-siyasi təsirini artırır;
2. Beynəlxalq balanslaşdırma siyasətinin həyata keçirilməsi zamanı ABŞ, Qərbi Avropa və Türkiyənin Azərbaycanda maraqları formalaşdığı üçün Rusiya Dağlıq Qarabağ münaqişəsinə kəskin müdaxilə edərək Ermənistanı təkrar olaraq müharibəyə təhrik edə bilmir;
3. İran Qərbin və Türkiyənin regiondakı gücünü nəzərə alaraq Dağlıq Qrabağ münaqişəsinin həllində Ermənistana siyasi dəstək versə də, bu dövləti müharibəyə sövq etməkdən çəkinir;
4. Azərbaycanın öz xarici siyasətində Rusiya və İranın da region maraqlarını nəzərə alaraq, qeyd edilən dövlətlərlə mehriban qonşuluq siyasəti yeritməsi Rusiya və İranın münaqişənin həllinə dair mövqelərini nisbətən dəyişə bilir, bu amil nəticədə atəşkəs rejiminin əldə saxlanılmasına kömək edir;
5. Azərbaycanda ABŞ, Qərbi Avropa dövlətləri və Türkiyənin maraqları təmin olunduğu üçün ictimai-siyasi sabitliyin saxlanılması naminə müharibənin başlanmasına yol verməmək üçün adları çəkilən dövlətlər münaqişədəki vəziyyətə nəzarəti artırırlar;
6. ABŞ-İran münasibətlərinə dair Azərbaycanın İrana aid mövqeyi, Azərbaycanın öz ərazisinin digər bir dövlət üçün platsdarm kimi istifadə etməyə imkan verməyəcəyini bildirməsi əsas verir ki, İran Dağlıq Qarabağ münaqişəsində öz kəskin mövqeyində nisbətən dəyişiklik etsin.

 

 

Aynur Tağıyeva
“KarabakhİNFO.com”

 

 

19.11.2014 17:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*