Azərbaycanca

Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və Qarabağ

18.11.2013 | 17:05

1384779473_bmtmsdfghjj8676-azerbaycvbAzərbaycan–BMT əlaqələri

 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu münasibət beynəlxalq ictimaiyyətin məsələyə soyuq yanaşmasını göstərirdi.

 

1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi.

 

1993-cü ildə Azərbaycanın daha bir rayonu – Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya “yerli ermənilər” tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprel ayının 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. “BMT TŞ 822 saylı qətnaməsi” adlanan bu sənəd Təhlükəsizlik  Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya “yerli ermənilər” tərəfindən reallaşdırıldığı vurğulanırdı.

 

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır.

 

1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT TŞ sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirdilər. Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu.

 

1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış “Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli” təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi.

 

1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var və bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımı qərarlar qəbul etmək istəmədi.

 

Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və QarabağAzərbaycan–ATƏT əlaqələri

 

Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

 

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.

 

Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistanın işğal faktı ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in məsələnin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısnda iştirak etmiş, onun sənədlərini imzalamışdır. 20 dekabr 1993-cu ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur. 5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmiləri olan ümumavropa təşkilatına – ATƏT-ə çevirilmişdir.

 

Budapeşt Sammitində (4-6 dekabr 1994) ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq əldə etmişlər. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Məsələyə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu təşkil etmişdir.

 

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan problemi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.

 

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.

 

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

 

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

 

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan probleminin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

  1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
  2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Hazırda Minsk qrupunun Həmsədrləri bunlardır: Stiven Mənn (ABŞ), Anri Jakolen (Fransa), Yuriy Merzlyakov (Rusiya). Hazırda Minsk Qrupu bu tərkibə malikdir (ATƏT-in rəsmi saytında olan məlumata əsasən): ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa 18-19 noyabr 1999-cu ildə İstanbulda keçirlən ATƏT-in üzv ölkələrinin dövlət və hökumət başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur. Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının hökuməti ilə fəal əməkdaşlıq aparmış və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirir.

2005-ci ildə ATƏT-in Parlament Assambleyası Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişəyə dair 1416 saylı Qətnamə qəbul etdi. Bu qətnaməyə əsasən, Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) saylı Qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir.

 

Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və QarabağAzərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri

 

Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.

 

Aİ öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. Hazırda Azərbaycan Respublikasının Aİ yanında Daimi Nümayəndəsi vəzifəsini Fövqəladə və Səlahiyyətli Səfir Arif Məmmədov yerinə yetirir. Aİ-nin Azərbaycan Respublikasındakı Xüsusi Elçisi isə Antonuis de Vriesdir.

 

7 iyul 2003-cü il tarixində Avropa İttifaqının regiondakı rolunun daha da aktivləşdirilməsi məqsədilə Aİ-nın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olundu. Hal-hazırda bu vəzifəni Heyki Talvitye (Finlandiya) icra edir.

 

22 may 1992-ci il Avropa İttifaqı Dağlıq Qarabağa dair bəyanat yaydı. Bəyənatda deyilir:

 

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ regionunda döyüşlərin son vaxtlar intensivləşməsi ilə bağlı dərin narahatlığını bildirir və hər hansı bir tərəfdən güc tətbiq edilməsini qəti şəkildə pisləyir. Birlik və ona üzv olan dövlətlər davamlı döyüşlər nəticəsində əhalinin yenidən üzləşdiyi əzab-əziyyətdən və insan tələfatından təəssüflənir.

 

Dağlıq Qarabağın erməni və Azərbaycan əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalqları, hər iki hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etdikləri nəticəsində, eyni səviyyəli mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna görə də Birlik və ona üzv olan dövlətlər qəbul edilmiş prinsip və öhdəliklərə zidd olaraq ərazi bütövlüyünə qarşı və ya mülki əhalinin daimi yaşayış yerlərindən qovulması da daxil olmaqla, siyasi məqsədlərə nail olmaq üçün gücə əsaslanan hərəkətləri pisləyir. Azərbaycan və erməni əhalisinin fundamental hüquqları mövcud sərhədlər məzmununda tam şəkildə bərpa edilməlidir.

 

Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana müraciət edərək, maksimal dərəcədə təmkinlik nümayiş etdirməyə və ATƏM prosesinə konstruktiv töhfə verməyə çağırır. Bu mənada Birlik və ona üzv olan dövlətlər bütün tərəfləri Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi istiqamətində iş aparmağa və Dağlıq Qarabağ icmalarının təmsil olunmaları şərtlərinə dair razılıq əldə etməyə dəvət edir ki, onsuz davamlı sülhün bərqərar olması mümkün deyil.

 

Avropa İttifaqı Dağlıq Qarabağa dair daha sonra bir neçə bəyanat yaydı (18 iyun 1992, 7 aprel 1993, 24 iyun 1993, 3 sentyabr 1993, 9 noyabr 1993). Bütün bu bəyanatlar da demək olar ki, birinci bəyanatla eyni məzmunda idi.

 

2 avqust 2002-ci il Avropa İttifaqı Sədrliyinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma “prezident seçkiləri”ni pisləyən və münaqişənin sülh yolu ilə həll edilməsinin əsası kimi Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsini yaydı:

 

-Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edir və bir daha bəyan edir ki, o, Dağlıq Qarabağın müstəqilliyini tanımır. Avropa İttifaqı həmişə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan üçün məqbul sayılan sabit siyasi razılaşmanın əldə edilməsinin zəruriliyini vurğulamışdır. Avropa İttifaqı 11 avqust 2002-ci il tarixində Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri”ni qanuni  esab edə bilməz. Avropa İttifaqı bu seçkilərin sülh prosesinə təsir edəcəyinə inanmır.

 

Avropa İttifaqı ilə əlaqədə olan Mərkəzi və Şərqi Avropa ölkələri, Kipr, Malta və Türkiyə, Avropa Azad Ticarət Assosiasiyasına üzv olan İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi Məkanı üzvləri olan ölkələr bu bəyannaməyə qoşulurlar.

 

Avropa Şurası və Azərbaycan

 

24 yanvar 1992-ci il – Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

 

10 noyabr 1994-cü il – Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 saylı qətnamə qəbul etmişdir.

 

17- 18 mart 1996-cı il – Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.

 

28 iyun 1996-cı il – Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmişdir.

 

22 aprel 1997-ci il– Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir.

 

10-11 oktyabr 1997-ci il – Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən 2-ci zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlamışdır.

 

12 – 13 iyun 2000-ci il – AŞ Siyasi Komitəsinin Romada növbəti iclası keçirilmiş və Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verilmişdir.

 

26 – 28 iyun 2000-ci il – Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla  Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir.

 

7-9 noyabr 2000-ci il – Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı (2000)14 saylı Qətnamə qəbul edilmişdir. Bu sənəddə həm Nazirlər Komitəsi, həm də Parlament Assambleyası qarşısında götürülmüş öhdəliklərə müvafiq olaraq, Azərbaycan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq üçün Ermənistan hökuməti ilə birgə səylərini gücləndirməyin xahiş edilmişdir.

 

17 yanvar 2001-ci il – Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.

 

24-27 aprel 2001-ci il – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etmişdir. Sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycantorpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdır.

 

Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və QarabağAzərbaycan və İslam Konfransı Təşkilatı

 

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İKT Baş katibliyi Ermənistan-Azərbaycan problemi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan problemi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan problemi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

 

İKT xarici işlər nazirlərinin 1993-cü ildə Kəraçidə keçirilmiş XXI, 1994-cü ildə Kasablankada keçirilmiş XXII, 1995-ci ildə Konakridə keçirilmiş XXIII konfransları Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında problem haqqında qətnamələr qəbul etmişdir. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” adlandırılmışdır. O vaxtdan etibarən xarici işlər nazirlərinin bütün konfranslarında bu qəbildən olan qətnamələrin adı dəyişilməz qalmışdır. Qeyd etmək lazımdır ki, İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII, 2000-ci ildə Dohada keçirilmiş IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X konfransları eyni adlı qətnamələr qəbul etmişdir.

 

Əvvəlki qətnamələrdən fərqli olaraq, son qətnamələr xeyli təkmilləşdirilmiş, yeni bəndlər əlavə edilmişdir: “Bütün dövlətləri təcavüzkarı münaqişəni dərinləşdirməyə təşviq edən və Azərbaycan ərazilərinin işğalını davam etdirməyə imkan yaradan silah və döyüş sursatı təchizatından imtina etməyə çağırır; İKT-yə üzv dövlətin ərazisi hərbi təchizatın tranziti üçün istifadə edilməməlidir; İKT-yə üzv dövlətləri və dünya birliyinin digər ölkələrini Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyəti Ermənistanın üzərinə qoyur; bu məsələ üzrə İKT-yə üzv dövlətlərin mövqeyi barədə ATƏT-in hazırkı sədrinə məlumat verməsini İKT Baş katibindən tələb edir” və s.

 

İKT Dövlət və Hökumət başçılarının təkcə bu ilin oktyabr ayında Putracayada keçirilmiş X Zirvə Konfransının qəbul etdiyi qətnamələr Azərbaycan-İKT münasibətlərinin hazırkı vəziyyətinin əyani göstəricisidir. Konfrans qeyd edilən siyasi qətnamə ilə yanaşı, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında” qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayiət olunan əməlləri pislənilir, ölkənin tarixi üçün belə çətin və böhranlı vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunur, Azərbaycan xalqının əzab-əziyyətini yüngülləşdirmək məqsədi ilə İKT-yə üzv dövlətlərə, islam qurumlarına və eləcə də beynəlxalq təşkilatlara müraciət edilir ki, respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərsinlər.

 

Konfrans ölkəmizlə bağlı üçüncü sənəd – “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında” qətnaməni qəbul etmişdir. Geniş və əhatəli preambula və 7 bənddən ibarət bu qətnamə işğal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlmişdir. Konfrans İKT Baş katibinin bu haqda müvafiq hesabatını nəzərdən keçirərək, erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhvinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləmiş, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb etmiş, problemlə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verməsini İKT Baş katibindən xahiş etmişdir.

 

Respublikamızla bağlı bütün qətnamə layihələrinin təqdim etdiyimiz şəkildə, mübahisəsiz, heç bir düzəliş və təftişə məruz qalmadan qəbul olunması bir daha təsdiq edir ki, islam aləmi problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. Bu da öz növbəsində düzgün qurulmuş xarici siyasətimizin nəticəsidir. Prezident Heydər Əliyevin İKT dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII və 1997-ci ildə Tehranda keçirilmiş VIII zirvə konfranslarında şəxsi iştirakı, oradakı nitqi və keçirdiyi görüşləri islam aləmində geniş reaksiyaya səbəb olmuşdur. İKT-nin sabiq Baş katibi İzzəddin Ləraqi dövlət başçılarının Tehran zirvə konfransı günlərində Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdən sora jurnalistin sualına verdiyi aşağıdakı cavab fikrimizə əyani sübutdur: “Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm, onun fikirlərini dinlədim. Fəxr edirəm ki, o, təşkilatımızın işinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin daha da sıxlaşması üçün əlimizdən gələni edəcəyik… Mən cənab Prezidenti əmin etdim ki, İKT həmişə Azərbaycanın tərəfində olmuş və bundan sonra da olacaqdır. Mən Prezidenti həmçinin əmin etdim ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim dəyişməz mövqeyimizdir. Mən belə hesab edirəm ki, Azərbaycanın İKT ilə sıx əməkdaşlıq etməsi Prezident Heydər Əliyevin böyük zəkaya, ağıla malik olduğuna dəlalət edir”.

 

 ŞİMALİ ATLANTİKA MÜQAVİLƏSİ TƏŞKİLATI (NATO) – AZƏRBAYCAN ƏLAQƏLƏRİ

 

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)  – 4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq.

 

Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və QarabağNATO – sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.

 

1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı. Bununla da müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan NATO yaradıldı. Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Belə ki, Polşa, Macarıstan, Çexiya, Bolqarıstan, Rumınya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya və Baltik ölkələrini tərkibinə alıb. Qeyd edək ki, hazırda mənzil qərargahı Brüsseldə yerləşən alyansa 26 ölkə daxildir.

 

Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Bu, Azərbaycanla hərbi ittifaq arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir. Ölkəmiz 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində fəal iştirak edir.

 

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu əməkdaşlığın əsası Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi imzalaması ilə qoyulmuşdur.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli, müvafiq beynəlxalq-hüquqi qiymətin verilməsi hərbi-siyasi təşkilat olan NATO-nun sənədlərində də öz əksini tapmışdır. NATO tərəfindən bu münaqişəyə dair bir sıra qərarlar və qətnamələr qəbul olunub.

 

27    may 1992-ci il NATO Baş Qərargahının Yekun Kommünikesində qeyd edilir:

 

– Müzakirələrimiz zamanı biz keçmiş Yuqoslaviyada və Dağlıq Qarabağ və Naxçıvan da daxil olmaqla kənarlarında mövcud olan münaqişələrlə bağlı dərin narahatlığımızı bildirmişik. Biz hərbi əməliyyatların dayandırılması və məsələlərin sülh yolu ilə nizamlanmaları istiqamətində BMT, ATƏM və Avropa İttifaqı tərəfindən edilən müxtəlif səyləri tamamilə dəstəkləyirik. Biz aidiyyəti olan tərəfləri münaqişələrə son qoymağa çağırırıq.

 

10 dekabr 1996-cü il NATO Baş Qərargahının Yekun Kommünikesində qeyd edilir:

 

– Bütün dövlətlərin demokratik və iqtisadi inkişafı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü Avro-Atlantika məkanında sabitlik və təhlükəsizliyin mühüm amilləridir. Biz özünün müxtəlif missiyaları vasitəsilə bir sıra regional münaqişələrdə vasitəçilik səyləri həyata keçirdiyinə görə ATƏT-i təqdir edir və Milli Azlıqlar üzrə Ali Komissarın dəyərli işini yüksək qiymətləndirik. Biz Dağlıq Qarabağ və onun ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq istiqamətində Minsk Qrupunun səylərini dəstəkləyirik.

 

2006-cı ilin noyabrında Riqada keçirilmiş NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının sammitinin yekun kommunikesinin 43-cü bəndində postsovet ölkələrində mövcud olan münaqişələrə münasibət bildirilmişdir. Sənəddə Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir. NATO-nun bu mövqeyi 2008-ci ilin aprel ayında Buxarestdə keçirilmiş üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində (zirvə görüşündə) bir daha öz təsdiqini tapmışdır. Buxarest zirvə görüşünün yekunu üzrə 3 aprel 2008-ci ildə qəbul olunmuş Bəyannamənin 43-cü bəndində deyilir ki, “NATO Cənubi Qafqazda və Moldovada regional münaqişələrin saxlanılmasından öz narahatlığını bildirir. Bizim xalqlar Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə öz dəstəyini verirlər. Biz, bu prinsiplər nəzərə alınmaqla, bu regional münaqişələrin dinc yolla nizamlanmasına yönəlmiş tədbirlərə dəstək verilməsinə davam edəcəyik”.

 

Riqada qəbul olunmuş sənədə nisbətən Buxarestdə qəbul olunmuş sənəddə çox vacib bir əlavə var. Sənəddə Cənubi Qafqazda və Moldovada regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının prinsipləri müəyyən edilir. Bunlar Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipləridir. NATO-nun eyni mövqeyi 3 dekabr 2008-ci ildə Brüsseldə NATO-nun baş qərargahında NATO-nun Xarici İşlər Nazirləri səviyyəsində keçirilmiş görüşun yekun kommunikesinin 35-ci bəndində və 4 Aprel 2009-ci ildə Strastburqda – Kelledə NATO ölkələrinin Dövlət və Hökumət Başçılarının sammitinin (zirvə görüşünün) yekun bəyannaməsinin 58-ci bəndində öz əksini tapmışdır. Bəyannamədə qeyd olunur ki, NATO Cənubi Qafqaz ölkələrinin və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verməyə davam edir və bu prinsiplər nəzərə alınmaqla bu regional münaqişələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirlərin dəstəklənməsinə davam edəcəkdir. 19-20 noyabr 2010-cu ildə Lissabonda NATO-nun növbəti sammiti baş tutdu. Bu sammitdə də Azərbaycanın ərazi bütövlüyü yenidən dəstəkləndi. Belə ki, NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon sammitində qəbul olunmuş Bəyannamənin 35-ci bəndində Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldova Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir və bu prinsiplər nəzərə alınmaqla regional münaqişələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirlər dəstəklənir. Faktiki olaraq, NATO-nun bu mövqeyi bir daha Azərbaycanın dəstəklənməsinə yönəlib.

 

NATO Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin nizamlanmasını ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipləri əsasında görür və bu prinsiplər nəzərə alınmaqla bu regional münaqişələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirləri dəstəkləyir. NATO tərəfindən qəbul olunmuş sənədlər bir daha sübut edir ki, bu beynəlxalq hərbi-siyasi təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin nizamlanmasını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəkləyir. Belə bir nəticəyə gəlmək olar ki, NATO tərəfindən qəbul olunmuş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasını təşkil edən prinsiplər müəyyən edilir. Bu prinsiplər ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipləridir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir. Bu isə, öz növbəsində, deməkdir ki müasir beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün əyani sübutudur.

 

 

 

Aqşin Məsimzadə

 

“KarabakhİNFO.com”

 

 

 

18.11.2013 17:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*