Azərbaycanca

Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi Nümayəndəliyi bəyanat yayıb

31.03.2015 | 16:59

“Bu il Azərbaycan xalqı yenidən imperialist siyasət və Ermənistanın təcavüzü nəticəsində törədilmiş soyqırım və etnik təmizləmə cinayətlərinin qurbanlarının xatirəsinə öz ehtiramını nümayiş etdirir. Xalqımıza qarşı mərhələli şəkildə həyata keçirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, kütləvi qətliam və soyqırımlara məruz qalıblar”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

 

Bəyanatda bildirilir ki, rus-fars müharibəsinin nəticəsi olaraq imzalanmış 1828-ci il tarixli Türkmənçay sülh müqaviləsinə əsasən əzəli Azərbaycan ərazilərində yerləşdirilmiş ermənilər tərəfindən ilk mərhələdə azərbaycanlıların həmin torpaqlardan kütləvi surətdə qovulması prosesi həyata keçirilməyə başlanıb: “Erməni millətçiləri tərəfindən törədilmiş ağır insan hüquqları pozuntuları, etnik təmizləmə və azərbaycanlıların kütləvi deportasiyası XX əsr ərzində – 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə davam etdirilib. İndiki Ermənistan ərazisi və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq və vəhşiliklər XX əsrin əvvəllərində – 1905-1907-ci illərdə xüsusi vüsət alıb. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax və Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılıb, uşaqdan böyüyə qədər hamı amansızcasına qətlə yetirilib. Azərbaycanlıların növbəti kütləvi qırğını 31 mart 1918-ci ildə öncə Bakı şəhərində, daha sonra isə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda həyata keçirilib. Ümumiyyətlə, XX əsrin birinci yarısında törədilmiş qırğınlar zamanı  2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz yurd-yuvasından zorla qovulub”.

 

Bəyanata deyilir ki, Azərbaycan Ermənistanın məkrli, işğal və etnik təmizləmə siyasətindən hələ də əziyyət çəkməkdədir: “Dağlıq Qarabağ və ətraf ərazilərin əhalisinə qarşı aparılan təcavüzkar və etnik təmizləmə siyasətinin nəticəsi olaraq Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal edilib və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 26 mart 1998-ci il tarixində Azərbaycan xalqına qarşı törədilmiş faciələrin qurbanlarının xatirəsini yad edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi barədə fərman imzalayıb. Azərbaycanlıların soyqırımı günü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev isə qeyd edib ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ildən artıq aparılan siyasətin əsas məqsədləri hərbi, siyasi, ideoloji və digər vasitələrdən istifadə etməklə azərbaycanlıları öz doğma yurd-yuvalarından qovmaq, məhv etmək və mifik “Böyük Ermənistan” dövlətini yaratmaq olub. Eyni zamanda, bu hiyləgər siyasətin nəticəsində tarixi Azərbaycan torpaqlarının işğal edildiyi, yüz minlərlə həmvətənlərimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, habelə on minlərlə insanın öldürüldüyü qeyd edilib”.

31.03.2015 16:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*