Azərbaycanca

Azərbaycanın böyük dövlətlərə vasitəçiliyi tarixindən

16.04.2015 | 17:04

028

Məhərrəm Zülfüqarlı, t.ü.f.d., dosent

Bu gün Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT – in Minsk qrupunun fəaliyyətinin müsbət nəticələr verməmsi acı təəssüf doğurur. Belə vəziyyət Azərbaycan vətəndaşlarında müəyyən ümidsizliklər və rüh düşkünlüyünə də səbəb olur. Lakin Azərbaycan tarixinin qədim və orta əsrlər dövrününü dərindən öyrəndikcə, qürur duymalı faktları təhlil etdikcə bu ümilsizliklər və ruh düşkünlüyü arxada qalır. Şərəfli tarixə malik bir xalqın övladı olduğuna görə fəxr duyursan. Fikrimizcə ölkənin ali vıə orta məktəblərində Azərbaycan tarixinin tədrisinə diqqət daha da artırılmalı, gənclərə sovet dövründə olduğu kimi saxta, kimlərisə mədh edən tarix deyil, obektiv tarix tədris olunmalıdır.

Bəlkə əhalinin əksəriyyəti hələ də bilmirlər ki, hazırda Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən Avropa ölkələri bir vaxtlar çıxılmaz vəziyyətə düşərək problemlərinin həlli üçün Azərbaycana yardım üçün müraciət etmişlər.

Bu gün VII əsrdə Bizan imperiyası ilə Ərəb Xilafəti arasında danışıqlarda vasitəçilik etmiş Azərbaycan xalqının qəhrəman oğlu, Girdiman dövlətinin başçısı Cavanşirin  (637 – 681 – ci illər) faliyyətini öyrənmək və bundan ibrət götürmək bizim üçün çox vacibdir.

Cavanşirin böyük uzaqgörən siyasəti sayəsində Albaniya Bizans və Xəzər xanqanlığı ilə dostluq əlaqələri yaratmışdı. Bu siyasətin nəticəsində Albaniya bir  müddət rahat nəfəs aldı. Lakin bu dinclik cənubdan ərəblərin yeni hücumları ilə pozuldu.

Bu zaman Bizans xeyli zəifləmişdi. Ərəblər Bizansın paytaxtı Konstantinopola qədər irəlləmişdilər. Buna görə də Cavanşir Bizansla əvvəlki siyasəti dəyişməyin vaxtının çatdığını başa düşürdü. Bu dəfə də Cavavnşirin ağıllı siyasəti ölkəni talançı yürüşlərdən xilas etdi. O, manevr edərək Bizansla əlaqələrin kəsib, ərəblərlə yaxınlaşmağa üstünlük verdi.

Xəlifə də Cavanşirin gücünə bələd olduğuna görə onunla yaxınlaşmaq istəyirdi. Xəlifə Cavanşirin igidliyinə və qəhrəmanlığına heyran olsa da  onun bu məsələdə öz maraqları var idi. Ərəbləri ən çox narahat edən şimalda yerləşən xəzər türkləri idi. Onların hücumlarında ehtiyat edən ərəblər bu təhlükənin qarşısını almaqda Cavanşirə ümid edirdilər. Albaniyanın əlverişli coğrafi mövqeyi, hərbi gücü və xəzərlərlə qohumluq əlaqələri buna imkan verirdi.  Cavanşir xəzərlərin cənuba hücumlardan çəkindirmək gücünə malik idi. Buna görə də Xəlifə Albaniyada yerli hakim olan Cavanşirə böyük hörmət bəsləyirdi. Albaniya ərəbləri xəzər basqınlarından qorumağı öz üzərinə götürdü. Bundan başqa ərəblər bu yaxınlaşma ilə Bizansı daha da zəiflətmək istəyirdilər.

Cavanşir 667 – ci ildə Xilafətin paytaxtı Dəməşq (Şam) şəhərinə, Xəlifə I Müaviyənin  görüşünə getdi. Məhşur Cavanşirin adını eşidən əhali onu görmək üçün küçələrə çıxırdı. Xəlifə onunla dostcasına görüşdü. Cavanşiri çarlara layiq müstəsna təmtərəaqla qəbul etdi. Bu vaxta qədər Xilafətdə heç kimə bu cür hörmət olunmamışdı. Xəlifə Cavanşirin qeyri – adi müdrik bir adam olduğunu gördükdə mənmun oldu. O, müxtəlif xalqların hakim və alimləri ilə görüşmüşdü. Lakin onların heç biri Xəlifəyə Cavanşir kimi ağıllı məsləhətlər verə bilməmişdi. Buna görə də Xəlifə Cavanşirə və onunla gələn adamlara çoxlu qiymətli hədiyyələr verdi.

Cavanşir Xəlifədən xahiş etdi ki, Albaniynın vassallığını qəbul etsin. Xəlifə bu təklifi böyük həvəslə qəbul etdi. O, Cavanşirlə möhkəm dost olacağına and içdi. Bundan sonra Cavanşirə əl verib vidalaşdı. Tarixçilər yazır ki, Xəlifə heç vaxt xaricilərə əl vermirdi. Xəlifənin Cavanşirə əl uzatması onun şəxsiyyətinə olan böyük hörmətin əlaməti idi.

Ərəblərlə yaranmış dostluq münasibətləri Albaniya daha bir təhlükədən, ərəblərin işğalçı yürüşlərindən xilas etdi. Cavanşir bundan sonra təmtəraqla  vətəni Girdiman vilayətinə qayıtdı. Bundan üç il sonra Bizans imperatorunun elçiləri Cavanşirin yanına gəldilər. Onlar ərəblərə bac verməyə razı olduqlarını bildirdilər. Elçilər imperatorun adından Cavanşirdən xahiş etdilər ki, Xilafətlə Bizans arasında danışıqlarda vasitəçilik etsin. Xəlifə bu xəbəri eşidən kimi öz qoşununa əmr etdi ki, Cavanşir gələnə qədər Bzans istiqamətində hücumu dayandırsınlar.

Cavanşir 670 – ci ildə ikinci dəfə Xəlifənin görüşünə gəldi. Bu dəfə onu daha böyük şan – şöhrətlə qarşıladılar. Cavanşir Xəlifəyə Bizansla sülh danışıqları aparmağı təklif etdi. Xəlifə onun bu ağıllı məsləhətini yüksək qiymətləndirdi. Bizans elçiləri də ona minnətdarlıq etdilər.

Xəlifə Cavanşirə şahlara layiq hörmət göstərdi. Ona Hindistandan gətirilmiş nəhəng fil bağışladı. Bu vaxta qədər fillər yalnız padşahlara hədiyyə edilirdi. Bundan başqa Xəlifə Cavanşirə şah saraylarında olan tutuquşunu da hədiyyə etdi. Daha sonra ona qızıl qınlı polad qılınc, mirvarilə işlənmiş kaftan,  ipək parçalar, əba və cürbəcür geyimlər hədiyyə etdi. Xəlifə özü mindiyi atlardan əlli ikisini Cavanşirə bağışladı. O, böyük xanımına əmr etdi ki, Cavanşirin xanımına layiq olan hədiyyələr bağışlasın. Cavanşirlə gələn əlli nəfərin hamısına qiymətli hədiyyələr, ipək parçalar və bəzəklər verildi.

Cavanşir bu görüşdə  tədbirli siyasəti nəticəsində Albaniya üçün də xeyrli işlər gördü. Onun səyi nəticəsində Xilafətin Albaniyadan aldığı verginin miqdarı üçqat azaldıldı. Bundan başqa Xəlifə Sünik knyazlığının Cavanşirə tabe edilməsi haqqında fərman verdi.

Yuxarıda göstərilən faktlar sübut edir ki, bir vaxtlar dünyanı lərzəyə salan və bir –  birinə düşmən olan iki imperiya arasında vasitəçilik missiyasını həyata keçirmiş Azərbaycan sərkərdəsi bu missiyanı qısa bir zamanda ləyaqətlə yerinə yetirmişdi. Fikirimizcə Azərbaycan tarixinin müxtəlif dövrlərində mövcud olmuş bu cür tarixi faktlarla ATƏT – in Minsk qrupunun həmsədrlərinin də tanış olmasına böyük etiyac var. Onların bu faktlarla tanışlığı Azərbaycan xalqı haqqında məlumatlarının artmasına və bəzi səhv təsəvvürlərin aradan qalxmasına kömək edə bilər.

16.04.2015 17:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*