Azərbaycanca

Azərbaycanın işğal olunan ərazilərində ermənilərin ekosid siyasəti

12.05.2014 | 09:57

1399890994_ekosidAyrı-ayrı cəmiyyətlər təbiəti özünə tabe etməyin müasir mərhələsindədi. Qlobal ekologiyanın vəziyyəti və təbii sərvətlərin qorunması XX əsrin 70-80-ci illərində müharibə və sülh problemlərindən sonra bəşəriyyət qarşısında duran ikinci böyük problem sayılırdısa, XXI əsrin başlanğıcı Yer kürəsinin münaqişəli zonalarında baş verən problemlər yığını kimi bəşəriyyəti narahat edir. 5 milyard yaşı olan Yerdə baş verən geoloji prosesləri bəşəriyyətin inkişaf pillələrindəki antropogen təsirlərin coğrafiyası ilə müqayisə etdikdə yeni bir prosesin üzə çıxdığı məlum olur. Bir tərəfdən milyardlarla ölçülən geoloji müddət, digər tərəfdən də biosferin daxilində yaşayan insan amilinin yüz minlərlə ölçülən “zaman oxu” düşünülər, ekoloji problemlərin miqyası hesaba alınarsa, Yer kürəsinin yenidən yaşanmaz hala gətirmək üçün heç də çox zamana ehtiyac qalmadığını görə bilərik. Yaponiyada martın 11-i, 2011-ci ildə dəhşətli sunami nəticəsində Fukusima-1 Atom Elektrik Stansiyasında baş verən qəza bəşəriyyətə bir daha göstərdi ki, insanların öz əlləri ilə yaratdıqları təhlükələr təbiətin öz-özlüyündə baş verən fiziki proseslərin yaratdığı təhlükələrdən daha qorxuncdu. İngiltərənin Milli Atom Korporasiyasının əməkdaşı, doktor Con Prays beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Yaponiyada atom yanacağının tam təhlükəsiz vəziyyətə gətirilməsi üçün 100-il vaxt lazım olacaq. Aprelin 19-u, 1986-cı ildə SSRİ-də Ukrayna ərazisində olan Çernobıl AES-də baş verən qəza nəticəsində milyonlarla insan zərərli təsirlərə məruz qaldı, səkkiz min soydaşımız ağır nəticələrin aradan qaldırılmasında iştirak edərək bu və ya digər formada sağlamlığını itirdi. Qafqaz da bu baxımdan ən təhlükəli zonalardan hesab edilməlidi. Çünki Ermənistanda istismar müddəti bitməsinə baxmayaraq fəaliyyətdə olan Metsamor AES-in yarada biləcəyi təhlükələr heç də öncəkilərdən az olmayacaq. AES-in yaradacağı təhlükələr region, bütövlükdə bəşəriyyət üçün böyük fəsadlarla müşahidə olunacaq. Artıq çoxlarına məlumdur ki, Ermənistan seysmoaktiv zonada yerləşir. Buna əyani sübut 1988-ci ildə Spitakda baş verən güclü zəlzələdi. Qeyd edək ki, AES-də qəza təkcə təbiət hadisələri nəticəsində deyil, həm də texnogen qəzalar nəticəsində baş verir ki, bu da bəşəriyyət üçün eyni faciəvi sonluqla yekunlaşır. Görəsən SSRİ-nin köhnə avadanlıqları ilə hal-hazırda da istismar olunan Metsamor AES-də baş verə biləcək qəzanın mənəvi və hüquqi məsuliyyətini kim daşıyacaq? Məlumdur ki, fəaliyyətdə olan AES-də istismar zamanı radioaktiv nüvə tullantıları meydana çıxır. SSRİ-də Metsamor AES-dən kontinentlərə yüklənən nüvə tullantıları təhlükəsiz yerlərə daşınaraq həmin ərazilərdə basdırıldı. Bu gün regionda vəziyyət daha gərgin və təhlükəli mərhələyə qədəm qoyur. Problemi təhlükəli həddə çatdıran əsas səbəb isə işğal altında olan ərazilərimizdə Ermənistan nüvə tullantılarının basdırılmasıdır. 7 may tarixi, 2002-ci il AŞPA-ya təqdim olunan 9444- saylı sənəddə deyilir: “Ermənistan – Azərbaycan münaqişəsinin nəticələrindən biri kimi Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilən torpaqlarda, Qarabağ dağlarında və Azərbaycan Respublikasının digər yeddi rayonunda nəzarət edilməyən nüvə zonalarının yaradılması olmuşdur ki, bu da bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə törədir. Qeyd edək ki, işğal edilən ərazidə 29 nüvə mərkəzi var. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir”. Bununla Ermənistan işğalı altında olan Dağlıq Qarabağda vahid bir ekosistemin dağılma prosesinin getməsi və beynəlxalq ekoloji təşkilatların bu prosesdə nəzarətdən kənar qalmssı bölgədə böyük fəlakətin başlanğıcını qoyur. Azərbaycanın meşə ehtiyatlarının əsasını işğal olunan ərazilərin meşə fondu tutur. Kütləvi şəkildə talan edilən meşələrin min illərlə formalaşan ekosisteminin məhvi bəşəriyyət və onun mövcudluğunu təmin edən təbiətə qarşı ermənilər tərəfindən törədilən ən böyük cinayətdi. Bir neçə faktı xatırladaraq qeyd edək ki, avqustun 15-i, 2009-cu ildə Ağdamın işğal altında olan ərazilərdə 10 km-lə meşə və digər sahələr, 21 dekabr 2010-cu ildə Ağdərə və Kəlbəcər rayonları ərazisində ki, meşələrin 3/1 yandırılaraq fauna və florası məhv edilib. Azərbaycanın işğal edilən Cəbrayıl rayonunun təxminən yarısı İran vətəndaşlarına icarəyə verilib. Nüvə tullantıları bu rayonun şərq hissəsində basdırılan və 219 kvadrat kilometrlik sahə yüksək radiasiya ilə əhatə edilib. Rayonun İrana yaxın hissəsi (93 kvadrat kilometr) on illiyə bu ölkənin sərhəd qüvvələrinə icarəyə verilib. Ətraf mühit problemləri üzrə ixtisaslaşdırılmış təşkilat – UNEP adlanır. UNEP, əsasən, BMT sistemində, ətraf mühitin problemləri üzrə keçirilən tədbirlər proqramlarının işlənib hazırlanması, icrası və onun koordinasiyasını təmin etməlidi. Buna görə, UNEP ümumi məqsədlər hüdudunda ətraf mühit problemlərinin həllində hökumətlərə yardım etmək imkanını əldə etməlidi. UNEP-in aparıcı istiqamətlərindən biri ətraf mühit üzrə BMT proqramı ilə müəyyən edilir. BMT səviyyəsində ətraf mühit problemləri ilk dəfə olaraq 1968-ci il Parisdə, YUNESKO tərəfindən Beynəlxalq Səhiyyə Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Proqramının yardımı və iştirakı ilə təşkil edilmiş biosfer problemləri üzrə Dövlətlərarası konfransda qoyulmuşdu. Konfransda təbiət və təbii ehtiyatların qorunması üzrə Beynəlxalq İttifaqın nümayəndələri də iştirak edirdi. Konfrans iştirakçılarından biri akademik İ.P.Qerasimov yazırdı: “Bu konfrans – təbii ehtiyatların səmərəli şəkildə istifadə olunması, təbii mühitin qorunması və dəyişdirilməsinə həsr edilən ilk məqsədyönlü tədbir olmuşdur”. Konfransın yekunlarına əsasən BMT-nin ən böyük ekoloji proqramlarından biri olan “İnsan və biosfer” (“Man and Biosphere”) proqramı işlənib hazırlanmışdı. Bu proqram öz fəaliyyətində çoxsaylı məsələlərə toxunur. Qeyd etdiyimiz təşkilatlar Azərbaycan dövlətinin son illərdə apardığı ekoloji siyasətin müsbət tərəfləri haqqında öz rəylərini bildirmiş olsalar da, təəssüf ki, Azərbaycanın işğal olunan ərazilərində apardığı ekosid siyasəti haqqında tənqidi fikrə rast gəlinmir. Belə ki, Dağlıq Qarabağın meşə fondu məhv edilmiş ərazilərin ümumi miqyasını və onun indiki mənzərəsini analiz edərkən bir çoxlarının unutduğu mühüm bir qanun – “təbiəti təşkil edən maddələrin əlaqə qanunu” bizə prosesin daha fəlakətli bir nöqtəyə gəldiyi haqda yeni istiqamətlər verir. Əlbəttə, bizi əhatə edən biosferin tamlığını təşkil edən canlı varlıqlar, mövcud olmanın əsasında dayanan qida zəncirinin əsas halqalarını təşkil edirlər. Məhz bu baxımdan yerli ərazilərdə vahid ekosistemin məhv edilməsi biosferdə gedən qlobal dövranın həyat ritmini pozaraq, bəşəriyyəti təhlükələrlə yüklənmiş yeni prosesin baş verə biləcəyinin laqeyd seyrçilərinə çevirir. Sonu bilinməyən müharibə şəraiti, bir milyona yaxın yerli əhali tərəfindən ərazilərin məcburən tərk edilməsi, insanların kütləvi məhvi ilə müşayiət olunan ağır artilleriya silahlarından erməni qüvvələri tərəfindən atəşkəs dövründə belə istifadə olunması, beynəlxalq təşkilatları narahat etməlidir. Müəyyən sosial və iqtisadi problemlərin cəmi, təbii ehtiyatların qeyri-səmərəli istifadə olunması, təbii komplekslərin deqradasiyası və bununla bağlı digər məsələlər bir-biri ilə sıx əlaqəlidir. Məhz buna görə, problemi əhatə edən ən vacib məsələləri inteqrativ, əhatəli öyrənmək lazımdır. Yer kürəsinin ayrı-ayrı ərazilərində biosferin biomüxtəlifliyinin məhv olması, müxtəlif heyvanların və bitkilərin bir qisminin yox olması bütövlükdə insan problemidir. Çünki, təbiət hadisələri davam edəcək, bəlkə də ətraf mühitə atdığımız bütün zərərli maddələr mənsub olduqları yerə dönüb ilkin vəziyyətlərini alana qədər pozulmuş ekoloji mühitdəki, funksiyalarını yerinə yetirə biləcəklər. Təsadüfi deyildir ki, yuxarı yaruslardakı meşə massivlərinin tükəndirilməsi, meylliyi yüksək olan ərazilərdə torpaq sürüşməsinə və yeraltı (qrunt) sularla qidalanan çəmən və otları qurudaraq, torpaq itkisinə (torpaq aşınmasına) səbəb olur, su yığınlarını aşağı istiqamətlərə daşıyaraq müəyyən su hövzələrinin dolmasına gətirib çıxarır. Bununla yanaşı yeraltı su mənbələrinin lazımınca qidalanmasına mane olaraq bir tərəfdən su istifadəsini ciddi şəkildə məhdudlaşdırar, digər tərəfdən gözlənilməz daşqınlarla insan tələfatına, maddi itkilərə səbəb olar. İşğal altında olan ərazilərdə su hövzələrinin və ehtiyatlarının idarə olunması bölgənin ən aktual problemlərindən biri olaraq qalmaqdadı. Qeyd edək ki, Ağdərə rayonunda yerləşən “Sərsəng” su anbarından gözlənilmədən normadan artıq Tərtər çayına suyun axıdılması, aşağı hövzələrdə əkin sahələrinin suyun altında qalaraq ərazilərin şoranlaşmasına və torpağın üst qatının yuyulmasına səbəb olur. Digər tərəfdən anbarın idarə olunmasında suyun bilərəkdən normadan artıq axıdılması da ermənilər tərəfindən basdırılan minaların və digər sursatların çay vasitəsi ilə daşınaraq Azərbaycanın digər ərazilərində insan və müxtəlif canlıların itkisi ilə nəticələnir. Son illər ekoloji problemlərin həlli sahəsində respublikamızda xeyli işlər görülüb. Mütəxəssislərin əməyi nəticəsində respublikanın nəsli kəsilməkdə olan nadir bitki və heyvan növləri haqqında məlumat toplanmış və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı nəşr edilib. Lakin buna baxmayaraq, məlum səbəblərdən nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin Azərbaycanda mühafizəsi və bərpası hələ də öz həllini gözləyən problem olaraq qalır.

 

Ədəbiyyat siyahısı

1.Məmmədzadə İ. Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında. Bakı: 2009.s.25

2. Qərib Məmmədov, Mahmud Xəlilov Ekologiya, ətraf mühit və insan.Bakı-Elm-2006.

3.Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: Elm. 1998. 320 s.

4. Вернадский В. И. Философские мысли натуралиста. — М.: Наука, 1998.

5. Гумилев Л. Н. Этногенез и биосфера Земли. — М.: Танаис ДИ-ДИК, 1994.

6. Казначеев В.П. Учение В. И. Вернадского о биосфере и ноосфере. — М.: Наука, 1999.

7.Концепции современного естествознания. / Под. ред. проф. В.Н.Лавриненко, В.П.Ратникова. – М.: ЮНИТА-ДАНА, 1999.

8. Моисеев Н. Н. Человек и ноосфера. — М.: Молодая гвардия, 1990. 9.www. eco.gov.az 10. elibrary.bsu.az/kitablar/903.pdf

 

 

Cəbrayılov  Məhəmməd

AMEA-nın kiçik elmi işçisi

“KarabakhİNFO.com” 

12.05.2014 09:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*