Türkmənçay müqaviləsinin imzalanmasından 185 il keçir. Bu müqavilə ilə İran və Rusiya sanki qılncla bir canlını ikiyə bölüblər. Xalqımızın ikiyə parçalanması da onu siyasi baxımdan inkişafdan geri salıb. Qafqaz uğrunda mübarizədə İran-Rusiya rəqabətinə son qoyan Türkmənçay müqaviləsinin Azərbaycan üçün acı nəticələri oldu. Amma bu müqavilənin şərtlərinə diqqət etdikdə ermənilərin hələ həmin zaman bir xalq kimi forlaşmadığını görmək olur. Sazişinin üçüncü maddəsində əksini tapanlar həm də tarixi saxtalaşdıran ermənilərə də cavabdır. Bu sənəddə Azərbaycanın qədim şəhəri İrəvanın da Rusiyanın ixtiyarına verilməsindən bəhs olunur: “İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanların idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir”.
Göründüyü kimi İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olub, düşmən qüvvələri qarşısında möhkəm dayanıb. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşüblər.
Azərbaycan tarixi, xalqı və torpağı üçün 15-ci maddə də çox vacibdir. Çünki biz bu gün də onun ağrısını, acısını çəkirik. Həmin maddə Arazın hər iki tayında yaşayanlara sərbəst hərəkət eməyə imkan verirdi. Azərbaycan xalqının isə yerdəyişməyə ehtiyacı yox idi. Çünki Arazın hər iki tayı öz əzəli torpağı idi. Bu maddə diplomatikcəsinə hazırlanmışdı və ermənilər üçün sərfəli idi: “Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan (ermənilər nəzərdə tutulur – F.H.) heç biri öz hərəkətinə müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa, o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına, əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşına bilən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir.” Ona görə də ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, “ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi”.
Türkmənçay müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsinə başlanıldı. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40 000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.
Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov da iştirak edib. Onun ermənilərin Cənubi Qafqaza köçürülməsində xüsusi rolu olub. O yazırdı: “Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər.…..onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar.”
Təəssüf ki, burada tarixçilərin çox az diqqət etdiyi bir məqam da var. Bu da Türkmənçay müqaviləsinin mətnində coğrafi yer adlarımızın bilərəkdən təhrif edilməsi, onların əsl adlarının dəyişdirilərək tarix səhnəsindən silinib çıxarılmasıdır. Hər halda Türkmənçay müqaviləsində Azərbaycan yer adlarının saxtalaşdırılması istiqamətində araşdırmaların aparılması tarixçilərimiz üçün bir mövzudur…
Çar Rusiyası Azərbaycan ərazisində erməniləşdirmə siyasətini çox sürətlə aparıb. Elə müqavilənin imzalanmasından təxminən bir ay keçəndən sonra Azərbaycan torpağı olan İrəvan xanlığı 1828-ci ildə “Ermənistan əyaləti”, 1849-cu ildə Rusiya İmperiyası Qafqaz canişinliyinin İrəvan quberniyası, 1918-ci ildə Ararat Respublikası, 1991-ci ildən isə Ermənistan Respublikası oldu. Beləliklə, Azərbaycanın Göyçə və Zəngəzur kimi tarixi torpaqları da öncəliklə çar və sonra sovet imperiyasının əlilə onun yerli sakinlərinin – azərbaycanlıların iradəsinin əksinə olaraq zorla Ermənistanın tərkibinə daxil edildi və “erməniləşdirildi”. Bu gün də Azərbaycan torpaqlarının 20%-ni təşkil edən Qarabağ və ona bitişik yeddi rayonun ərazisi 20 ildən çox bir müddətdir ki, erməni işğalı altındadır.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “KarbakhİNFO.com”a bildirdi ki, bu müqaviləyə müyyən dərəcədə köhnə postulatlarla baxış doğru deyil: “Bu sazişlə Azərbaycan torpaqları parçalanıb. Lakin indi Türkmənçay müqaviləsi əslində qüvvədən düşmüş bir müqavilədir. Artıq sübyektlər dəyişib, İran və Rusiya imperiyası dağılıb. Azərbaycan da müstəqil dövlət olub. Ondan sonra daha ciddi müqavilələr bağlanıb. Bu baxımdan da Türkmənçay müqaviləsi də artıq elə bir tarixi əhəmiyyət daşımır. Sadəcə, Azərbaycanın tarixi ərazilərinin parçalanması bir reallıqdır. Onun öyrənilməsi, o dövürdə Azərbaycanın başına gələnlərin müəyyən olunması hər halda araşdırılmalıdır”.
Ermənilərin bu ərazilərə köçürülməsi ilə bağlı sübutların olduğunu deyən F.Mustafa qeyd etdi ki, həmin vaxtlarda onlar burada çox az idi: “Amma məncə tarixi faktlarla nəisə sübut etmək məsələsi dövrü artıq arxada qalıb. Tarixlə torpağı nə işğal, nə də azad etmirlər. Erməniləri hərbi yolla torpaqlardan azad etmək lazımdır, tarix yolu ilə yox. Bu məsələləri xatırlatmaq bir tərəfə, amma əsas məsələdən də yayınmamalıyıq. Ona görə də bu məsələni ancaq tarix kimi araşdırmağa ehtiyac var”.
O, Türkmənçay müqaviləsinin 15-ci maddəsində ermənilərə xüsusi imtiyazların verildiyini diqqətə çatdırdı: “Ermənilər bu köçrülmənin əsas subyekti sayılır. Çünki müqavilə imzalanan vaxta kimi onların sərhəddən gediş-gəlişi o qədər məqbul sayılmırdı. Amma bu proses artıq onları daha rahatlıqla Azərbaycan ərazisinə köçməsinə şərait yaratdı. Ona görə də bu, ermənilərin xeyrinə olan bir proses idi. Hər halda bu məsələlər artıq dəfələrlə araşdırılıb. Bu artıq tarxi faktdır ki, Naxçıvan və İrəvan xanlığı olub. Bunların da əksər əhalisi azərbaycanlılar olub. Bunu rus mənbələri də sübut edir”.
Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı da bizimlə söhbətində Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı və ilhaqının başa çatdırıldığını dedi: “Bununla bütöv bir xalq iki yerə parçalandı. Azərbaycan iki yerə- Şimali və Cənubi Azərbaycana bölündü. Ölkənin hər iki tərəfinin inkişafı fərqli idarəetmə sistemində, sosial-iqtisadi və mədəni mühitdə getdi. Azərbaycanda ruslaşdırma, Cənubi Azərbaycanda isə farslaşdırma siyasəti yürdüldü. Buna baxmayaraq Şimali Azərbaycanda milliləşmə sürəci sürətli getdi. Çarizmin şəraitində Azərbaycan maarifçilkdən, millətçilik şüurunun formalaşmasından, milli hərəkatdan, muxtariyyat uğurunda mübarizədən və müstəqil dövlətçilik proseslərindən keçdi. Azərbaycan əgər Türkmənçay müqaviləsi nəticəsində Çar Rusiyasının tərkibinə xanlıqlar formasında daxil edilmişdisə, 1918-ci ildə bütöv bir millət, dövlət kimi Rusiyanın tərkibindən ayrıldı və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı”.
Tarixçi-alim bildirdi ki, Türkmənçay müqaviləsinin açı nəticəsi yadellilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi oldu: “Belə xalqlardan bir ermənilər idi. Çarizm özünün müstəmləkə siyasətinə uyğun olaraq erməniləri Azərbaycana məxsus torpaqlarda yerləşdirdi. Bununla demoqrafik şəraiti dəyişdirdi, Qara dəniz boğazlarına gedən yolda ermənilərdən bir vasitə kimi istifadə etdi, regionda milli qırğınlar üçün zəmin yaratdı və azərbaycanlıların hüquqlarını pozmağa başladı. Çarizmin köçürülmə siyasəti nəticəsində təqribən bir milyon nəfərdən yuxarı erməni Azərbaycan ərazilərində yerləşdirildi. Böhranlı anlarda isə erməni silahlı dəstələri dinc azərbaycanlı əhaliyə qarşı qırğınlar törətdi”.
Onun sözlərinə görə, həm Gülüstan, həm də Türkmənçay müqavilələrində xanlıqlar, Azərbaycan xanlıqları kimi Çar Rusiyasının tərkibinə daxil edilib: “Sənədlərin heç birində erməni xanlıqları kimi göstərilməyib. Çünki ermənilərə məxsus xanlıqlar olmayıb”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə düşünür ki, bir millət üçün 200 il parçalanmış vəziyyətdə qalmaqdan ağır heç nə ola bilməz: “Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın taleyində, ümumiyyələ, bölgənin xəritəsində bu günə kimi yara açıb. Bu xəritədə elə dəyişikliklər edilib ki, hələ də əvvəlki sərhədləri bərpa etmək mümkün deyil. Ona görə də şübhəsiz bu iki tarix il boyu Azərbaycanda qeyd edilməlidir, müzakirələr aparılmalıdır və müqavilələrin bu gün əhəmiyyətini itirməsi və bu müqavilələrlə o vaxt ortaya sürülən şərtləri nəzərə alaraq xalqın birləşmək hüququ beynəlxalq müstəviyə çıxarılmalıdır”.
S.Rüstəmxanlı hesab edir ki, Türkmənçay müqaviləsindən sonra dünyanın hər yerindən ermənilər Azərbaycana köçürülməyə başlanıldı: “ İrəvavan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşməsindən sonra martın 21-də Novruz bayramı günü İrəvan xanlığının yerində “Erməni əyaləti” yaradıldı. O vaxtdan başlayaraq yenə də Azərbaycan torpalqarı hesabına bu əyalətin ərazisi genşiləndirilərək sonda Ermənistan dövlətinə çevrildi. İndi də Qarabağı da işğal ediblər. Ona görə bunlar bizə imkan verir ki, 185 illik bu məsələnin hamısnı beynəlxalq aləmə çıxaraq”.
Göründüyü kimi ermənilər bu ərazilərə gəlmədirlər. Həmişə də Azərbaycana qarşı işğalçı mövqeyində olublar. Bunun da əvvəli Türkmənçay müqaviləsindən başlayıb. Bu da bizə fürsət verir ki, öz sözümüzü deyək, ermənilərin işğalçı olmasını dünyaya çatdıraq.
Fuad Hüseynzadə
KarbakhİNFO.com