Azərbaycanca

Azərbaycanlıları Xankəndinə kəsməyə aparırdılar – VİDEO

16.02.2013 | 16:48

1361016370_fuadla Ermənilərin ötən əsrin 90-cı illərindən xalqımıza qarşı törətdiyi soyqrımlardan danışanda əsasən yadımıza Xocalı faciəsi düşür. Amma hələ Xocalı qırğınından əvvəl erməni faşistləri Azərbaycanın digər bölgələrində də  soyqrım aktları həyata keçiriblər. Bu soyqırımılardan biri də 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində olub. Qeyd edək ki,  Ermənistan silahlı qüvvələri Qaradağlı soyqırımını Rusiyanın 366-cı alayı ilə birgə ediblər.

 

Qaradağlı kəndinin sakinləri 5 ilə yaxın mühasirə həyatı yaşayıblar. Buna baxmayaraq kənd sakinləri son ana qədər düşmənə qarşı əzmkarlıqla mübarizə aparıblar. Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Ermənilər kəndi işğal etikdən sonra yandırıb, əhalisini qırıb, sağ qalanları isə əsir götürüblər. Qaradağlının işğalı günü oradan yeganə canını qurtaran kənd sakini Vidadi Hüseynov olub. Xocavənd rayonunda anadan olan V.Hüseynov 1988-ci ildən ermənilərə qarşı özünümüdafiə dəstəsində vuruşub. Qaradağlı soyqırımının şahidi kimi gördüklərini “KarabakhİNFO.com”a danışıb.

 

– Ermənilər Qaradağlı soyqırımına qədər kənddə hansı qırğınlar törətmişdilər?

 

– Ermənilər hələ Qaradağlı soyqırımından əvvəl iki nəfər kənd sakinini öldürüb sinələrinə xaç çəkmişdilər. Bundan başqa erməni quldurları içində qaradağlıların olduğu avtobusun qabağını kəsib güllələmişdilər. Ondan sonra 1991-ci ildə fermada 6 nəfəri diri-diri bir otaqda bağlayıb qazla yandırmışdılar. Daha sonra iki nəfər kənd sakinini fermaya gedən zaman tutub ağaca bağlayıb güllələmişdilər. İşğala bir neçə gün qalmış kəndə yaşlı bir qadını öldürüb, sonra da barmağını kəsib üzüyünü aparmışdılar.

 

– Qaradağlı kəndini işğal etməkdə ermənilərin strateji məqsədi nə idi?

 

– Qaradağlı kəndi Xankəndi və Xocavənd  şəhərlərini birləşdirən asfalt yolun üstündə yerləşir. Ora yaxın Azərbaycan kəndi olmayıb. Bu kənd 14 erməni kəndinin əhatəsindədir. Ermənilərin birinci məqsədi o idi ki, Xankəndi Xocavənd yolu açılsın. Ondan əvvəl, fevralın 11-də Şuşanın yolunu açmaq üçün Malıbəyli, Quşçuları işğal etdilər. Ardınca Qaradağlıda soyqırım etdilər. Əsgəran Xankəndi yolunu açmaq üçün də Xocalı soyqırımını törətdilər.

 

– Qaradağlıya intensiv hücumlar nə vaxtdan başladı?

 

– Demək olar ki, fevralın 15-dən ara-sıra atışma başladı. Bir neçə hücum etdilər, biz dəf edib geri oturtduq onları. 16-sı axşamı onlar tanklarla, “Alazan”la hərtərəfli  hücuma keçdilər. Biz son gülləmizə qədər döyüşdük. Bütün silah-sursat qurtarandan sonra əsir düşdük. Ermənilər tək deyildi. Onların havadarları suriyalı və livanlı ermənilər, rus ordusu idi. Kəndin elə tərəfi var idi ki, ancaq ruslar hücum edirdi.  Bütün kənd alınandan sonra onlar yoxa çıxdılar. Hansı ki, bizimkilərərin bir neçəsini ruslar vurmuşdu.

 

– Sizi əsir alıb hara apardılar?

 

– 100 nəfərə yaxın kənd sakinini iki maşına yığıb Xankəndi tərəfə apardılar. Yolda maşını saxlayıb dedilər ki, 10 nəfəri burada güllələyəcəklər. Maşını açdılar mən də düşdüm aşağı. Onların da hamısı başı çalmalı muzdlu ermənilər idi. Bizdən 10 nəfəri ayırıb yola düzdülər ki, güllələsinlər. Bizim uşaqlardan da birində əl qumbarası var idi. Ermənilər hamısı avtomatı hazır vəziyyətdə saxlayıb bizi öldürmək istəyəndə o, qumbaranı atdı onların üstünə. Ermənilər də qumbaranı görən kimi yerə sərilib atəş açmağa başladılar. Mən də bu zaman arxaya tullandım. Arxaya tullananda gördüm nəsə mənə dəydi. Onda yolun kənarındakı xəndəyə yıxıldım. Daha özümü itirmədim, sürünə-sürünə arxası üstə getdim. Bu anda avtomat, qışqır-bağır səsləri bir-birinə qarışmışdı. O məqamda mən də bildim ki, kolun içindəyəm. Üstümü kolla örtüb başı aşağı qaldım. Elə fikirləşirdim ki, məni də vuracaqlar. Bundan sonra huşumu itirmişəm. Bir də o vaxt ayıldım ki, sakitlikdir. Sonradan maşındakılar danışırdılar ki, bəzi əsirlər qaçmaq istəyib, ermənilər onları elə orda da öldürüblər.

Özümə gələndə gördüm ki, böyük bir böyürtkan kolunun içindəyəm.Sinəm möhkəm ağrayırdı. Elə bildim ki, güllə sinəmdən dəyib. Amma sonradan hiss etdim ki, bel tərəfdən güllə dəyib. Hava qaralana kimi orda gözlədim. Gecə meşələrlə yol gedib fevralın 18-də səhər gəlib Ağdamın Abdalgülablı kəndinə çatdım.

 

– Ailənizdə sizdən başqa da əsir düşən var idimi?

 

 – Bəli, anam və qardaşım da əsirlərin içində idi. 12 gündən sonra anamı erməni əsirlə dəyişdirdilər. 45 gündən sonra isə qardaşımı dəyişdirdilər. Onlar gələndə inanmırdılar ki, mən sağ qalmışam. Çünki maşındakılar hamısı elə bilmişdi ki, mən də ölmüşəm. Qardaşımı dəyişməyə mən getmişdim. O, məni görəndə dedi: “Sən kimsən mənimlə görüşürsən”. Dedim ki, qardaşın Vidadiyəm. O  isə “Nə danışırsan, mənim qardaşımı öldürüblər” deyə bildirdi. İnanın, gözləri təmiz çevrilmişdi. Ayaq üstə güclə dayanırdı. 45 gün onları ac-susuz saxlamışdılar.”

 

– Ermənilər əsirlikdə onlara hansı işgəncə verirmişlər?

 

– Onların çoxunun dişlərini çıxarmışdılar. Hər gün döyürmüşlər onları. Elə bəhanə axtarırmışlar ki,  döysünlər. Deyir adi qarın suyunu hamıya bir balaca qabda gətirib verirmişlər. Soyuq zirzəmi kimi yerdə saxlayırmışlar. Həm ac-susuz saxlayırmışlar, həm də döyürmüşlər. Adi yerə düşən çörək qırıntılarını belə yeyirmişlər. Beş nəfər elə döyülməyə görə orda şəhid olub. Sonradan dəyişdirilən meyidlərdə də işgəncə əlamətləri görünürdü. Qardaşım deyir ki, elə vaxt olub ki, gəlib beş nəfəri otaqdan çıxarıb aparırdılar. Ermənilər deyirmişlər ki, onları Xankəndində qəbirstanlıqda kəsəcəklər.

 

– Ümumilikdə Qaradağlı kəndindən neçə nəfər şəhid olub?

 

– Ermənilər danışırmışlar ki, Qaradağlı yeganə kənddir ki, döyüşə-döyüşə alıblar. Bizim kənddən heç kim çıxmadı meşələrə. Qaradağlı soyqırıma məruz qalmış kənd sayılır. Bunu Prezident İlham Əliyev də öz çıxışında bildirib. Eyni zamanda Hərbi prokurorluğun araşdırmasında da təsbit olunub. Axırıncı döyüşdə nə qədər yaralı vardısa heç birisini maşına mindirmədilər. Sonradan məlum oldu ki, onların hamısının başını kəsib silos quyusunda basdırıblar. Mənim əmimi gözümün qabağında maşından düşürüb güllələdilər. Bizi də maşından düşürdən də 10 nəfərə yaxın şəhid oldu. Sonra Xankədi yaxınlğında da maşını  saxlayıb bir nəfəri öldürüblər. Oradan 100 metr aralı kəndin digər sakinini şəhid ediblər. Yəni əsirləri yol boyu öldürə-öldürə gedirmişlər. Ümumi 800-ə yaxın əhalisi olan Qaradağlı kəndinin hər 10 sakinindən biri şəhid olub. Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil.

 

– Ermənilər sizə və ümumiyyətlə xalqımıza bu qədər zülümlər ediblər. Buna göz yuman beynəlxalq təşkilatlara hansı çağırış edərdiniz?

 

– Biz 21 ildir ki, qaçqın həyatı yaşayırıq. Doğmalarımızın məzarı düşmən tapdağındadır. Beynəlxalq təşkilatlar bunu görə-görə insan haqlarından danışırlar. Siyasi maraqları naminə bu qədər insan ölümünün üstündən heç nə olmamış kimi keçirlər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ermənipərəst dövlətlərdir. Mən onların heç birinin səmimiyyətinə inanmıram. Mən onlara çağırış edirəm ki, Azərbaycanın haqq səsini eşitsinlər. Gəlib həqiqətləri görsünlər. Gedib işğal olunan ərazilərimizə baxıb görsünlər ki, ermənilər oraları necə viran ediblər. Bizim bütün tarixi abidələrimizi məhv ediblər. 21 il bundan qabaq olan soyqırımı bunlar qəbul etmək istəmirlər. Amma bir əsir bundan qabaq olmayan bir hadisəni soyqırım kimi qələmə verirlər.

 

Fuad Hüseynzadə

KarabakhİNFO.com

 

Qaradağlı soyqırımı I hissə

 

 

 

Qaradağlı soyqırımı II hissə

 

 

 

Qaradağlı soyqırımı III hissə

 

 

 

 

16.02.2013 16:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*