Azərbaycanca

AZƏRBAYCANLILARIN ERMƏNİSTANDAN KÖÇÜRÜLMƏSİ (DEPORTASİYASI)

01.10.2012 | 17:26

1349094582_ermeni-soykirimi.-surgun-mersinİkinci dünya müharibəsindən sonra Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddiaları, habelə bu prosesdə ermənilərin fəal iştirakı nəticədə azərbaycanlıların taleyində faciəli hadisələrə səbəb oldu.

1945-ci ilin noyabrında ÜİK (b) P MK siyasi bürosu xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qayıtmasına (repatriasiyasına) icazə verdi və 2 dekabrda SSRİ Xalq Komissarları Sovetinin müvafiq qərarı mətbuatda dərc edildi. Belə addım, Sovet rəhbərliyinin Türkiyəyə qarşı ərazi iddialarını əsaslandırmağa çalışması ilə əlaqədar idi. İ.Stalin Ermənistana təxminən 300-400 min erməni köçürərək, sonra bütün dünyaya bəyan etmək istəyirdi ki, bəs ermənilər öz vətənlərinə qayıtmışlar, lakin onların yaşaması üçün yer yoxdur.

SSRİ-nin Türkiyənin şərq vilayətlərinə aid iddiaları V.Molotov tərəfindən Türkiyə səfiri S.Sarperlə 7 və 18 iyun 1945-ci il tarixli danışıqlarında səslənmişdi. Təcili surətdə SSRİ-nin Türkiyədən qoparmağa hazırlaşdığı ərazilərin sahələri ölçülməyə başlandı, müvafiq xəritələr tərtib edildi, həmin ərazilərin Ermənistan və Gürcüstan arasında bölünməsi üzrə iş aparıldı. SSRİ Xarici İşlər Komissarlığında 1945-ci ilin avqustunda hazırlanmış sənədə uyğun olaraq Türkiyədən ümumi sahəsi 26 min kv. kilometr olan ərazi qopartmalı idilər. 20,5 min kv. km Ermənistanın, 5,5 min kv. km Gürcüstanın payına düşürdü. Müharibədən qalib çıxmış Sovet İttifaqı Türkiyədən Qarş və Ərdəhan ərazilərini alacağına o qədər əmin idi ki, Siyasi Büro hansısa A.Koçinyanı Ermənistan Kommunist Partiyasının Qarş vilayət komitəsinin katibi vəzifəsinə təsdiq etmişdi.

Lakin Türkiyənin öz torpaqlarının müdafiə edilməsində qətiliyi Sovetlərin planlarını pozdu. Bundan əlavə, Sovet İttifaqı Ermənistana lazımi sayda xarici ölkədə yaşayan erməni köçürə bilmədi. 1947-ci ildə müxtəlif ölkələrdən Sovet Ermənistanına köçürülmüş (repatriasiya edilmiş) ermənilərin sayı yalnız 60 min nəfər təşkil edirdi. Onlar da, buradan vəziyyəti görüb bütün vasitələrlə xaricə qayıtmağa çalışırdılar. İş o yerə çatdı ki, yüzlərlə erməni dövlət sərhədlərini pozaraq Türkiyəyə qaçdılar.

Bu vəziyyətdə, köçürülmüşlərin (repatriantların) mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onlara torpaq vermək məqsədilə 23 dekabr 1947-ci ildə azərbaycanları Ermənistandan köçürmək (deportasiya etmək) barədə qərar qəbul etdi. Bu zaman köçürülənlərin evlərini, həyətlərini, təsərrüfatlarını əllərindən zorla alırdılar. Sibirə və Qazaxıstana sürgün edilənlər kimi, onlara da özlərilə ilk zərurət şeyləri götürməyə icazə verirdilər.

Yerli azərbaycanlı əhalinin bu köçürülməyə münasibəti necə idi? O dövrün mətbuatı baş verənləri çox xoş tonlarda şərh edirdi. Lakin bizə belə gəlir ki, 3 mart 1948 il tarixində Ermənistanın SSR Daxili İşlər Nazirliyinin hazırladığı və nazir Qriqoryanın imzaladığı Ermənistan azərbaycanlı əhalisi arasında “Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar əhval-ruhiyyə haqqında” arayış azərbaycanlıların bu böyük faciəyə münasibətini daha dəqiq əks etdirir.

Bir vaxtlar köçürülmüş (deportasiya edilmiş) xalqlar bu gün öz problemlərini Avropa Şurasının müzakirəsinə çıxarmalarını nəzərə alaraq, bu nadir tarixi sənədi oxucuların diqqətinə təqdim edirik.

 

* * *

TAMAMİLƏ MƏXFİDİR

ARAYIŞ

Ermənistanın azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-ə qarşısındakı köçürülmə ilə əlaqədar əhval-ruhiyyə haqqında.

Azərbaycanlıların Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında hökümətin qərarının rəsmi elan edilməsinə hələ çox qalmış Ermənistan SSR-in əhalisi arasında bu barədə səslər dolaşmağa başladı və bu tədbirin məqsədlərinin hər cür düzgün olmayan şərhləri törəyirdi.

Bizim tərəfimizdən azərbaycanlıların yeni yaşayış yerinə köçmək istəmədikləri barədə çoxsaylı mülahizələri, onların bəzilərinin qəbiristanlıqlara gedərək orada doğmalarının qəbirləri üstündə ağlamaları və köçürülməmələri üçün dua etmələri faktları müəyyən edilmişdir.

Habelə kolxozçuların tarla işlərinə çıxmaması, öz meyvə bağlarını qırması, yaşayış evlərini və yardımçı tikililərini dağıtması faktları da qeyd olunmuşdur.

O barədə də məlumatlar daxil olmuşdur ki, düşmən elementlər bu mənfi əhval-ruhiyyədən istifadə edir, antisovet təşviqatı aparır və köçürülməni SSRİ ilə Türkiyə arasında müharibə olan halda Sovet hakimiyyətinin azərbaycanlılara inanmaması hərəkəti kimi şərh edirlər.

Hökümətin əhalinin azərbaycanlı hissəsinin Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında qərarı rəsmi elan ediləndən və sovet-partiya təşkilatları tərəfindən həmin tədbirlərin məqsədləri aydınlaşdırılandan sonra vəziyyət xeyli yaxşılaşlaşmışdır, xüsusən, ovalıqda yerləşən Vedi və Zəngibasar rayonlarında azərbaycanlıların mümkün qədər tez Azərbaycan SSR-ə köçmək arzulamaları müşahidə edilir.

Lakin bizə daxil olan xüsusi qaydalı məlumatlardan bəlli olur ki, Ermənistan SSR-in əhalisinin azərbaycanlı hissəsi arasında mənfi əhval-ruhiyyə davam edir, bu xüsusilə respublikanın izahat işləri qeyri-qənaətbəxş aparılmış dağ rayonlarında: Basarkeçərdə, Amasiyada, Sisianda və digərlərində müşahidə olunur.

Sərhədin arxasında qohumluq əlaqələri olan bəzi antisovet əhval-ruhiyyəli elementlər köçürülməyə öz narazılığını bildirərək qeyri-qanuni Türkiyəyə keçmək niyyətlərini söyləyirlər.

Səciyyəvidir ki, qarşıdakı köçürülmə barədə elan edilən və bu tədbirin məqsədləri aydınlaşdırılan zaman kolxozçuların yığıncaqlarında iştirak edənlərin hamısı hökümətin bu qərarını yekdilliklə alqışlamışlar və özlərinin köçməyə hazır olduqlarını bəyan etmişdilər, sonra isə şəxsi söhbətlərdə çoxları öz əhatəsində bu tədbirə narazılığını bildirmişdir.

Bu əhval-ruhiyyə, bir tərəfdən, qeyri-qənaətbəxş izahat işləri nəticəsində davam etməkdədir və digər tərəfdən ona görə ki, Ermənistanın yüksək dağlıq rayonlarında yaşayan azərbaycanlılar Azərbaycan SSR-in ovalıq rayonlarına köçmək istəmir ki, guya orada iqlim şəraiti onlar üçün əlverişsiz olacaqdır.

Bundan əlavə, köçürülməsi nəzərdə tutulan azərbaycanlıların daşınmaz əmlakının dəyərinin ödənilməsi yaxud onlara həmin əmlakı fərdi qaydada satmaq üçün icazə verilməsi məsələsi indiyə kimi həll edilməmişdir.

Bu və bir sıra digər məsələlərin həll edilməsi üçün çoxları rayonlardan Yerevana gəlirlər, lakin cavab ala bilmirlər, çünki Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi Məmmədov yoldaşın xəstəliyilə əlaqədar olaraq Ermənistan SSR-də Köçürmə İdarəsinin işi demək olar ki, özbaşına getmişdir.

Aşağıda azərbaycanlıların qarşıdakı köçürülmələrilə əlaqədar söylədikləri narazı fikirlərin və həmin tədbirə əhalinin erməni hissəsi tərəfindən münasibətin bəzi səciyyəvi faktlar göstərirlər:

 

Amasiya rayonu üzrə

  1.  Amasiya MTS traktoristi Hüseynov Məmməd Ələsgər oğlu traktoristlər Məmmədov Abbasa, Əmirov Meşədiyə və Təmrahov Mövsümə tapşırmışdı ki, bu il yaz əkinini keyfiyyətsiz aparsınlar, çünki məhsulu ermənilər yığmalı olacaqlar, onlara isə bu məhsuldan heç nə çatmayacaq.

Kiçik Təpəgöy kəndinin sakini Qafar Əhməd oğlu öz həmkəndlilərilə söhbətdə demişdir: “Bizi – azərbaycanlıları, hamımızı Ermənistandan köçürəcəklər, təsərrüfatınızı isə xarici ermənilərə verəcəklər”.

Həmin kəndin sakini İsmayılov Yusif Əhməd oğlu öz həmkəndliləri: Əhmədov İsmayıl, İsmayılov Qafar və Əhmədov Hümbət ilə söhbətində demişdir ki, “Azərbaycanlıların Ermənistandan köçürülməsi SSRİ ilə Türkiyənin qarşısındakı müharibəsilə əlaqədardır, hücum edən tərəf Türkiyə olacaqdır”.

Məhərdəcuq kəndinin sakini Məmmədov Mehət Mahmud oğlu və Daşkərin kəndinin sakini İsmayılov Ramazan Ələkbər oğlu (keçmiş hərbi əsir) də öz həmkəndlilərilə söhbətlərdə azərbaycanlıların qarşındakı köçürülməsini SSRİ ilə Türkiyə arasında gözlənilən müharibə ilə izah etmişlər.

Quzukənd kəndinin sakini İsmayılov Xan Əhməd oğlu kolxozçularla söhbətində demişdir: “Deyirlər ki, köçürülmə könüllü surətdə olacaq. Bu doğru deyil. Bizimlə də Axalkalakidəki azərbaycanlılarla etdikləri kimi rəftar edəcəklər: dəmir yolu vaqonlarına mindirəcək və Qazaxıstana göndərəcəklər. Qəfildən olmaması üçün hazırlaşmaq lazımdır…”.

Kiçik Təpəgöy kəndinin sakini Əhmədov İsmayıl öz həmkəndlilərilə söhbətdə demişdir: “Leninakanda deyirlər ki, bizi, – azərbaycanlıları – 24 saat ərzində Qazaxıstana sürgün etməlidirlər, lakin nə vaxt – hələ heç nə məlum deyil…”.

Çivinli kəndinin sakinləri: Məmmədov Knyaz Məmməd oğlu, Əliyev Mirzə Qurban oğlu və Əşirov Məmməd kolxozçularla söhbətdə demişlər: “Tezliklə bizi köçürəcəklər, lakin nədənsə bu barədə bir dəfəyə deməkdən qorxurlar. Görünür, düşünürlər ki, kolxozçular Türkiyəyə gedərlər…Nə etməli, bilmirəm. Mən axmaq oldum, çoxdan Türkiyəyə getmədim, indi isə sən istədiyin yerə yox, sənə haranı desələr, oraya köçməlisən”.

Adı çəkilən kəndin kolxoz idarə heyətinin sədri Kərimov Əli kolxozçularla söhbətdə demişdir: “azərbaycanlıların Ermənistandan Azərbaycana köçürülməsi barədə əbəs yerə məsələ qaldırılırdı. Kolxozçuların çoxu getmək istəmir”.

İbiş, Daşkərin və Çivinli kəndlərində Məmmədov Bayram Abdulla oğlu, Allahverdiyev Əli Abdulla oğlu və Məmmədova cəər İrza qızı, habelə digərləri öz evlərini sökürlər və tikinti materiallarını satırlar.

Zəngibasar rayonu üzrə

  1.  Zəngilər kəndinin sakini Namazov Sultanəli Rəhim oğlu kəndin kolxozçuları ilə söhbətdə demişdir: “Mən Qaraqışlaq kəndində olmuşam, orada MK nümayəndəsi toplantıda bəyan etdi ki, bizi – azərbaycanlıları Ermənistandan ona görə köçürürlər ki, bizim yerlərimizdə repatriant erməniləri yerləşdirsinlər”.

Bununla əlaqədar adı çəkilən kəndin bir çox kolxozçuları işə çıxmadılar və kolxoz sədrinin – niyə işə çıxmırsınız sualına cavab verdilər: “Əgər ermənilər bizi Ermənistandan köçürürlərsə, biz nə üçün və kim üçün işləməliyik”.

Baxgilər kəndinin sakini Yusubova Gülli Abbas qızı demişdir: “Bizi köçürmək, əmlakımızı və heyvanlarımızı repatriant ermənilərə vermək istəyirlər. Sakinlərin bəziləri artıq mal-qaranı satmağa və kəsməyə başlamışlar. Mən də inəyimi satmışam”.

Həmin kənddə kolxozçular: Davıdov Kubış, Məmmədov Aloş, Abdullayev Abdulla, Həsənov Həsən, Taşev Sabo, Əliyev Yusif və Məmmədov Abbas işə çıxmaqdan imtina etmişlər.

Göy Hümbət kəndində kolxozçular Əliyev Abbas və Rəhimov İsmayıl kolxozun dəftərxanasının yanında söhbətdə belə demişlər: “Biz kolxozda əbəs yerə işləyirik. Bütün zəhmətimiz ermənilərə qalacaq. Ümumiyyətlə ermənilərlə yaşamaq çətindir, çünki onlar bizi sıxışdırırlar və hətta kolxozda bizə yararlı iş vermirlər”.

Xırda Dəmirçi kəndinin sakini Mirzəyev Meşədi Teymur İskəndər oğlu kolxozçulardan Məmmədov Əlinin, Həsənov Abduləlinin, Kərimov Qulamın və başqalarının yanında demişdir: “Azərbaycanlıları Ermənistandan ona görə köçürmürlər ki, onların yerində repatriant erməniləri yerləşdirsinlər, ona görə köçürürlər ki, Türkiyə və SSRİ arasında müharibə zamanı sovet hakimiyyəti bizə etibar etmir. Bizim köçürülməyimizin başlıca səbəbi bax budur, çünki müharibə olarsa, sərhəd rayonlarında yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyəyə keçəcəkdir”.

Rəncbər kəndində kolxozçu Nəsirov İbrahim Muxtarov Seyidlə, Təhmazov Əsgərlə, cəfərov Mahmudla və digərlərilə söhbətdə edmişdir: “Ermənistandan 1950-ci ilə kimi bütün azərbaycanlıları mütləq köçürəcəklər. Bunu ona görə edirlər ki, sovet hakimiyyəti, türklərin hücumundan qorxaraq Türkiyə ilə sərhədin yaxınlığında yaşayan azərbaycanlılara inanmır. Bu birincisi və ikincisi, Sovet Ermənistanı xaricdə yaşayan bütün erməniləri toplamaq istəyir ki, Sovet hökümətindən asılı olmayan dövlət yaratsın”.

Həmin Nəsirov (keçmişdə qolçomaq) kolxozçuların yanında demişdir: “Ermənistan K(b)P MK keçmiş katibi A.Xancyanın planı üzrə dünyanın hər tərəfindən bütün ermənilər buraya gəlməli və Naxçıvanı Ermənistana birləşdirməli idirlər, bütün azərbaycanlıları isə Ermənistandan Azərbaycana köçürülməlidirlər. Bu yaxınlarda mən eşitdim ki, Ermənistan höküməti Naxçıvanı Ermənistana birləşdirməyi tələb etmişdir, lakin Azərbaycan höküməti rədd cavabı vermişdir”.

Şurakənd kəndində keçmiş hərbi əsir Məmmədov Həmid (Türkiyədə qohumları var) kolxozçularla söhbətdə demişdir: “Məgər ermənilər və azərbaycanlılar dost kimi yaşaya bilərmi? Tarixdə ermənilər və azərbaycanlılar arasında düşmənçilik həmişə olmuşdur və sonralar da olacaqdır. Odur ki, ermənilər azərbaycanlıları Ermənistandan köçürməyi qərara almışlar. Mən şəxsən artıq evimi sökmüşəm ki, məndən sonra o heç kimə qalmasın”.

Şurakənd kəndi kolxozunun sədri Əliyev Hümbət rayon mərkəzində kəndə gəlib kolxoz femasına daxil olmuş və kolxozçulara demişdir: “Azərbaycandan komissiya gəlibdir və yaxın günlərdə bütün azərbaycanlıları Ermənistandan köçürməlidirlər. Köçürmənin ləngiməsi yalnız onunla əlaqədardır ki, Ermənistan K (b) P MK katibi kolxozların əmlakını, fermaları Azərbaycana verməyə razı olmadı. Əgər razı olsaydı, onda köçürmə məsələsi çoxdan həll edilmişdi”.

Kolxoz sədri H.Əliyevin belə bəyanatı ilə əlaqədar kolxozçular ruhdan düşdülər və işə çıxmadılar, bu zaman deyirdilər: “Əgər biz zəhmətimizin sahibi olmayacayıqsa, onda əbəs yerə niyə işləməliyik?”

Şurakənd, Zəngilər, Kelanlı, Ağamzalı və digər kəndlərdə kolxozçuların işə çıxmaması halları qeyd olunmuşdur. Bu kəndlərdə ayrı-ayrı kolxozçular öz həyətyanı sahələrində meyvə ağaclarını kəsmişlər.

Onların çoxu dövlət vergilərini ödəmədən imtina edirlər. Zəngilər kəndinin sakini Süleymanov Seyfulla (sürgündən 1947-ci ildə qayıtmışdır) kolxoz tövləsində öz həmkəndlilərinə demişdir: “Artıq bizim Ermənistanda yaşamağımıza dəyməz. Əgər müharibə başlansa, ermənilər bizim hamımızı kəsib doğrayacaqlar, bizim tezliklə Azərbaycana köçməyimiz yaxşıdır”.

Sarıcalar kəndinin sakini Xəlilov Xəlil Abuzər oğlu (1942-ci ildə fərariliyə görə məhkum edilmişdir) demişdir ki: “Bizim kolxozçular əbəs yerə vergi ödəyirlər, onsuz da bizi köçürəcəklər. Sovet höküməti xalqı tam soydu. Bolşeviklərin siyasəti yalan üstündə qurulmuşdur və mənə belə gəlir ki, bizi Azərbaycana yox, Sibirə köçürəcəklər, bizim əmlakımız isə dövlətin mənafeyinə keçərək” .

Vedi rayonu üzrə

  1.  Yanvar və fevral ayları ərzində Böyük Vedi kəndinin sakinləri Abdullayeva Tərlan, Məmmədova Ürbabə və Məmmədov Xuda Baxşı oğlu evlərini sökmüşlər, Eyvazov Mikayıl, Əkbər Məmmədəli oğlu, Əliyev Bilal, Zeynalov Hüseyn, Kələşov Oruc, Rza Əli və digərləri isə öz həyatyanı sahələrində meyvə ağaclarının bir hissəsini məhv etmişlər.

Həmin kəndin sakinləri arasında, məsələn, Əliyev Hümbət, Kərimov Əkbər, Kərimov canbaxış və digərləri kimiləri öz ev əmlakını satmışlar.

Taynan kəndinin sakini Məmmədov Kərim pəyəsini sökmüşdür, Şiyazlı kənd sakini Qurbanov Qurban isə öz mənzilinin bir otağını dağıtmışdır.

Geravan kəndindən Mustafayev Hüseyn Bəşir oğlu 2 nəfər ailə üzvü ilə və Mustafayev İsmayıl 3 nəfər ailə üzvü ilə Naxçıvan MSSR-ə özbaşına daimi yaşamağa getmişlər.

Qeyd etmək lazımdır ki, bu rayonda azərbaycanlı əhali arasında köçürülmə əhval-ruhiyyəsi xüsusilə güclüdür və bu ondan görünür ki, bu ilin aprelin 28-ə kimi 9915 nəfərdən köçməyə icazə verilməsi barədə ərizə daxil olmuşdur, halbuki, plana görə 1948-ci ildə Azərbaycan SSR-ə cəmi 500 nəfər köçürülməsi nəzərdə tutulmuşdu.

Basarkeçər rayonu üzrə

4.  Çırçaqlı kəndində, Türkiyənin Sovet İttifaqına müharibə elan etmiş və bununla əlaqədar olaraq azərbaycanlıları köçürmələri barədə yayılmış provokasiya nəticəsində fevral ayında üç gün ərzində kolxozçular işə çıxmamışlar.

Rayonun bir sıra kəndlərində (Daşkənd, Çırçaqlı, Zod) belə şayiə yayılmışdır ki, guya K (b) P rayon komitəsinin katibi Musayev yoldaş, rayon icraiyyə komitəsinin sədri Məmmədov yoldaş və digər azərbaycanlı məsul işçilər ermənilərlə əvəz edilmişlər.

Bu provokasiyalı şayiələr nəticəsində Zod kəndinin kolxozçuları işə səhlənkar yanaşmağa başlamışlar. Bu kəndin kolxozçularının əhval-ruhiyyəsinə partiya təşkilatçısı Nəsirov Qurzəli Həmid oğlunun və kənd sovetinin sədri Hacıyev Bala Əsgər oğlunun kənddən getməsi xüsusilə mənfi təsir etmişdir; həmin şəxslər Azərbaycan SSR-ə qarşısındakı köçürülmə üçün özlərinə yer axtarmağa getmişlər.

Şişqaya kəndində kolxozçuların xeyli hissəsi Azərbaycan SSR-ə köçmək istəmədikləri barədə qəti bəyan edirlər.

Artaşat, Qarabağlar, Oktembryan, Qafan, Meqri və Sisian rayonlarının azərbaycanlı əhalisi arasında da qeyri-sağlam söyləmələr qeyd olmuşdur. Belə ki, məsələn:

Meqri rayonun Vartanidzor kənd sovetinin sədri Həmidov Abdulla, ona verilmiş – niyə suvarma kanalı çəkilmir sualına, belə cavab vermişdir “Biz niyə çəkməliyik ki, “axparlara” qalsın?”

Artaşat rayonu Darğalı kəndində 20 azərbaycanlı ailəsi yaşayır, hamısı belə demişlər: “Bizə nə olur, olsun, biz heç cür halda Darğalı kəndindən getməyəcəyik”.

Həmin rayonun Axund Baovand kəndində də azərbaycanlılar deyirlər ki: “Buradan heç yerə getməyəcəyik, qoy bizi burada, yerimizdə öldürsünlər”.

Qafan rayonu Siznak kəndinin kolxoz sədri Tağıyev Bəşir, özünün Azərbaycana köçmək istəmədiyini ifadə edərək, həmkəndlilərilə söhbətdə belə demişdir: “Doğma kənddə ölmək, yeni yerə köçməkdən yaxşıdır”.

Sisian rayonu Urut kəndi sakini ÜİK (b) P üzvü İsgəndərov Salman öz yoldaşları ilə söhbətdə demişdir ki, o, sovet vətəndaşı kimi, Sovet İttifaqının istənilən yerində yaşamaq hüququna malikdir və öz evini, mülkiyyətini və vətənini atmaq niyyətində deyil və Stalin Konstitusiyasına uyğun olaraq onu başqa yerə köçməyə məcbur etməyə heç kimin hüququ yoxdur.

Adı çəkilən kəndin kolxozunun mühasibi Fərzəliyev Qüvvət də həmin ruhda fikir söyləmiş və demişdir ki, o, Azərbaycana köçmək istəmədiyi barədə Stalin yoldaşa yazmışdır.

Sisian rayonun comərdli kəndində yaşayan ÜİK (b) P üzvü Qurbanov cəlal, kolxozçuların bütün iştirak edənlər Azərbaycana köçürülmək istədiklərini yekdilliklə bəyan etdikləri toplantısından sonra həmkəndlilərilə söhbətdə demişdir: “Çoxları Azərbaycanda necə isti olduğunu bilmir. 1918-1919-cu illərdə biz azərbaycanlılar Ermənistandan Naxçıvana qaçmışdıq. O vaxt biz 14 nəfər idik, iki ildən sonra üçümüz qaldıq. Qalan 11 nəfər istidən və xəstəliklərdən öldülər. Bu Naxçıvandır, Mingəçevirdə isə daha pisdir. Bizim çox-çox qurbanlarımız olacaq”.

Yuxarıda göstərilən rayonun Aravyus kənd sakini Qəniyeva Əsli demişdir: “Əgər mən öz milliyyətimi dəyişdirsəm və erməni yazdırsam, onda mən Ermənistanda qala və Mingəçevirə köçürülməyə bilərəmmi?”

Azərbaycanlıların Ermənistandan köçürülməsinin səbəbləri barədə erməni əhalisi arasında da, ayrı-ayrı şəxslər tərəfindən bəzən millətçi xarakterli müxtəlif dedi-qodular qeyd edilmişdir.

Belə ki, məsələn:

Ermənistan SSR Sosial Təminat Nazirliyinin Tədris-sənaye kombinatının ayaqqabı texnologiyası müəllimi Arakelyan Minas Aristakesoviç demişdir: “Azərbaycanlıların Ermənistandan köçürülməsi məsələsi şübhəsizdir. İlk növbədə Araz və Axuryan çaylarının sahillərində yaşayan azərbaycanlılar köçürüləcəklər, sonra azərbaycanlıların Yerevan şəhərindən köçürülməsi başlanacaq. Sərhəd rayonları kəndlərinin ilk növbədə azərbaycanlılardan azad edilməsi tamamilə anlaşılır, çünki onlar dövlət sərhədini tez-tez pozurlar, Türkiyə isə onlardan öz casusluq yuvalarını yaradır”.

Yerevan şəhəri sakini Mesropyan Yervand öz qonşusu ilə söhbətdə demişdir: “Azərbaycanlıları yalnız Ermənistandan yox, həm də Naxçıvan MSSR-dən köçürmək və onu Ermənistan ərazisinə birləşdirmək lazımdır”.

Yerevan şəhərində yaşayan, 6 il azadlıqdan məhkum edilmiş Axverdyan Levonun arvadı Ordyan Şura Arutyunovna öz qonşularına – xarici ermənilərə demişdir: “Tezliklə Türkiyə, İngiltərə və Amerika SSRİ əleyhinə müharibəyə başlayacaqlar. Odur ki, Ermənistan ərazisində yaşayan azərbaycanlıları arxaya, yəni Azərbaycana köçürürlər. Siz xaricdə yaşayan qohumlarınıza yazın ki, onlar Ermənistana gəlməsinlər”.

Kirovakan şəhərində yaşayan, Fransadan gəlmiş, keçmişdə daşnak olmuş, Sumbat adlı şəxs bir qrup erməninin iştirak etdiyi yerdə demişdir: “Daşnaklar bir vaxt Naxçıvan MSSR-in Ermənistana birləşdirilməsi məsələsini qoymuşdurlar, lakin bu baş tutmadı. İndi isə həmin məsələni qoymaq vaxtıdır, çünki Ermənistanda torpaq azdır”.

Yerevan, Leninakan və digər şəhərlərdə də ayrı-ayrı şəxslər tərəfindən buna bənzər fikirlər söylənməsi müəyyən edilmişdir.

Ermənistan SSR Daxili İşlər naziri
general-mayor (Qriqoryan)
№ 01/3745

3 may 1948-ci il, Yerevan şəhəri

 

 

Mənbə: http://www.azerbaijan.az/_Karabakh/_Documents/Documents/document_27_a.html

 

 

01.10.2012 17:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*