Azərbaycanca

Azıx mağarasına aid erməni saxtakarlığı

13.07.2014 | 13:36

1403861579_meherrem-zulfuqarli

Məhərrəm Zülfüqarlı

Tarix üzrə fəlsəfə doktoru, dosent,

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının elmi məsləhətçisi 

 

 

Azərbaycanın tarixinin, mədəniyyətinin ermənilər tərəfindən saxtalaşdırılmasına aid çoxlu sayda faktlar mövcuddur. Lakin Azıx mağarasına aid faktların saxtalaşdırılması fikrimcə erməni həyəsızlığının ən yüksək həddidir. Çünki daş dövrünə aid Azıx mağarasında  “erməni qadını” axtarıb, tapmağa başqa cür qiymət vermək mümkün deyil.

 

 

 

Bir neçə il bundan əvvəl ölkə mətbuatında Azıx mağarasında erməni və erməni əsilli ispan arxeoloqlarının arxeoloji tədqiqatlar aparması və buna Azərbaycan vətəndaşlarının etiraz etməsi ilə bağlı yazılara geniş yer verilirdi. Lakin fikrimizcə bu cür hallara ara – sıra,  kampaniya şəkilində etiraz bildirməklə problemi həll etmək mümkün deyil. Yəni Azərbaycanın bir neçə mütəxəssisinin ölkə mətbuatı və telekanallar vasitəsilə etiraz bildirməsi və bu etirazı yalnız  özümüz deyib, özümüz eşitməyimiz bizə heç nə verməyəcək. Bu cür üsullarla ermənilərin öz bəd əməllərindən çəkinəcəyinə inanmaq sadəlövhlükdən başqa bir şey deyildir.  Bu cür təxribatların qarşısını almaq üçün rəsmi şəkildə münasibət bildirmək və benəlxalq təşkilatları prosesə cəlb etmək vacibdir.

 

 

Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən Azıx mağarası ilə bağlı erməni təxribatları hələ XIX əsrin sonlarından başlamış və  sovet dövründə, xüsusilə  SSRİ – nin süqutu ərəfəsi milətlərarası münasibətlər gərginləşən zaman daha kəskin şəkildə həyata keçirilmişdir.

 

 

Azərbaycan Dövlət Universiteti Tarix fakultəsinin əyani şöbəsində təhsil alarkən   məşhur arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə  Azıx mağarasında biz də bir ay təcrübə keçmişik. Tələbə yoldaşlarımızla birlikdə mağaranın yaxınlığında olan Tuğ kəndindəki məktəbin binasında yaşayır  və hər gün əl fənərləri ilə mağaranın salonlarına girərək tədqiqat işləri aparırdıq. Sonradan bu mağarada heç zaman olmamış erməni saxtalaşdırıcılarının  mağara haqqında yazdıqlarını oxuduqda  hamı kimi biz də təəccüblənməyə bilməzdik. Çünki bu yazılarda deyilənlər cəfəngiyyatdan başqa bir şey deyildir.

 

 

Məmmədəli Hüseynov «Ədəbiyyat və incəsənət» qəzetinin 22 dekabr 1989 – cu il sayındakı « Böhtanlar və həqiqətlər:Azıx mağarası və elmi mənbələrə saxta münasibətlər» adlı məqaləsində erməni saxtakarlığını elmi şəkildə, faktlarla ifşa etmişdir.

 

 

Azərbaycan SSR Elmlər Akademiyası tarix institutunun paleolit arxeoloji ekspediyası 1960 – cı ildə Füzuli, Hadrut və Cəbrayıl rayonlarında arxeoloji axtarış işləri apararkən Azıx mağarasını qeydə almışlar. Həmin vaxtan etibarən ardıcıl 25 il mağarada qazıntı işləri aparılmışdır. Ekspedisiyada iştirak edən 20 nəfər tədqiqatçıdan 8 nəfəri Moskva, qalanları isə Azərbaycan mütəxxəssisləri olmuşlar. Bunlardan D. V. Hacıyev, M. Hüseynov, Ə. V. Məmmədov, A. A. Veliçko, N. Şirinov, Ə. Cəfərov, M. Süleymanov, K. Əliyev və başqalarının adlarını çəkmək olar. Mağaradan əldə olunmuş nadir tapıntılar Moskva, Leninqrad, Kiyev, Tbilisi və hətta Avropa, Amerika, hind alimlərinin də diqqət mərkəzində olmuşdur.

 

 

Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın yaşı var. 1968 – ci ildə Məmmədəli Hüseynov tərəfindən  keçmiq SSRİ – də ən qədim insan  nümunəsi, Azıxantropun alt çənə sümüyü tapılmışdır ki, bunun da yaşı təxminən 400 min ilə yaxındır.

 

 

Azıx mağarası ilə bağlı saxta fikirlər yayan ermənilərin əksəriyyəti bu sahənin mütəxxəssisi deyillər. Onlardan biri arıçı, digəri muzey işçisi, o birsi isə yazıçıdır.

 

Arıçı Suren Osipyan Moskvada nəşr olunan «Pçelovodstva» jurnalının 1974 – ci il tarixli 1 – ci sayında  yazdığı məqaləsində  qeyd edir  ki, guya mağarada üstündə quş və bal arısı rəsmi olan müxtəlif böyüklükdə və formada gildən hazırlanmış küp qablar üzə çıxarılmışdır. Mağarada 300 min il bundan əvvəl yaşamış neandertal adamlar vəhşi arılardan bal tutmaqla məşğul olmuşlar. Qaya üzərində üstündə arı olan bal pətəyi rəsmi və ibtidai insanların bal əldə etmək üçün ov  rəsmləri də göstərilmişdir. Müəllif yaxşı bilirdi ki, yazdığı bu yalanın üstün açmaq oxucu üçün, xüsusilə də rusiyalı oxucusu üçün  praktik cəhətdən mümkün deyil. Ona görə də həmin yazıda müəllif daha böyük yalanlara əl atır ki, bu da müsəlman əhaliyə, xüsusilə də azərbaycanlılara qarşı təxribatdan başqa bir şey deyil. Osipyan yazır: « Orta əsrlərdə Dağlıq Qarabağda, xüsusilə Qanzasar monastrında müdafiə və hücum məqsədilə xüsusi yerlərdə hərbiləşdirilmiş arılar saxlayırlarmışlar. Ərəblər, iranlılar, türklər, monqollar buraya hücum edərkən həmin vəhşi arıları dağın başından düşmənin üstünə buraxırmışlar».

 

 

Bu cür yazılar  ermənilərin Qarabağda yerli, azərbaycanlıların isə gəlmə əhali olması haqqında cəfəng fikirləri oxucuların beyninə yeritmək məqsədilə çap olunurdu ki, Sovet dövləti də bu cür cəfəngiyyatların yayılmasına yaşıl işıq yandırırdı.

 

 

Şaqen Mkrtıçyanın « İstoriko arxitekturnıe pamyatniki Naqornoqo Karabaxa» adlı kitabında da eyni məzmunlu saxtakarlığa rast gəlmək olar. O, heç bir elmi əsas olmadan yazır ki, « Azıx mağarasında aşel dövrünə aid erməni qadınının heykəli indiyə qədər qorunub saxlanmışdır.» Mütəxxəssislər bu fikirlərin ağ yalan olduğunu bilsələr də, sadəlövh oxucular, xüsusilə də başqa millətlərdən olan oxucular bütün bunların  yalan olmasından əksər halda xəbərsiz olurlar.

 

 

Bu cür üzdəniraq  «mütəxxəssislər» öz uydurmaları ilə uzun illər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda separatçılıq üçün ideoloji baza hazırlamışlar.

 

Erməni müəlliflərinin yazdıqları bəzi saxta fikirlər Azərbaycan oxucusunda acı gülüş doğursa da yaddan çıxarmaq lazım deyil ki, ermənilər məhz bu üsullarla  bütün dünyada öz təbliğatlarını qurmuş və indi də bu yaramazlıqlarını eyni üsullarla davam etdirirlər.

 

 

Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün təkcə  siyasi danışıqları davam etdirmək və ordu quruculuğunu inkişaf etdirməklə kifayətlənmək olmaz.  Bunun üçün həm də ideoloji təxribatlara qarşı, tariximizin saxtalaşdırılması əleyhinə də ciddi mübarizə aparılmalıdır.

 

 

 

“KarabakhİNFO.com”

 

– See more at: http://karabakhinfo.com/muellif/2920-azx-maarasna-aid-ermni-saxtakarl.html#sthash.sLps3vLA.dpuf

 

 

13.07.2014 13:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*