Azərbaycanca

Bəlkə danışmaq vaxtıdır?!

04.11.2012 | 18:56

1352300087_sohrabSöhrab İsmayıl

Bəlkə danışmaq vaxtıdır?!

“Yeznəmi vurmaq istəyəndə 8 yaşlı nəvəm ermənilərin ayağını qucaqladı ki, ay erməni, qadan alım, başına dönüm, anamı, bacımı öldürmüsən, atama dəymə, bəs bizi kim saxlayacaq? Dedi ki, atan desin torpaq erməninindir, buraxım. Kürəkənim də dedi ki, adam ölümdən ötrü vətənini satmaz…”

Xocalı soyqırımının şahidi Əntiqə Qəhrəmanovanın dediklərindən

Unutqanlıq haqqında çox deyilib, çox yazılıb. Bu haqda tələbə olanda mən də nəsə yazmağa çalışmışam. İndi bununla bağlı tələbə vaxtı şahidi olduğum hadisəni sizinlə bölüşmək istəyirəm.

Qış vaxtı idi. Dərsdən çıxıb evə qayıtmaq üçün Mərkəzi Bankın qabağında avtobusa mindim. Sürücü “Kapital Bank”ın yanında avtobusu saxladı, avtobusa 70-80 yaşlı bir qoca kişi mindi. Aradan bir az keçəndən sonra qoca kişi öz-özünə danışmağa başladı. Danışığından bu kişinin qaçqın düşən soydaşlarımızdan olduğunu anladım. Onu danışdıran dəlilik, yaxud hansısa bir xəstəlik yox, gördüyü erməni vəhşilikləri idi. Kişi öz-özünə “Erməni kimdir ki?, Mən ermənini balta ilə, yaba ilə qovaram” və s. oxşar cümlələr deyirdi. Ətrafdakılar isə onu dəli hesab edib ələ salıb gülürdülər. Amma o kişidə bir çoxlarında olmayan, bəlkə də olan, lakin getdikcə azalan bir sevda vardı. Bu da Vətən sevdası, Qarabağ sevdası idi!

İndi həmin hadisənin üstündən 3 ilə yaxın vaxt keçir. Amma çox şey dəyişməyib. Yenə də hər şey eynidir. Elə bil qadınları, qızları əsir götürülən biz deyilik. Çoxları yaxasını kənara çəkib deyir ki: “Nəyimə lazımdır? Orada əsir düşənin mənə aidiyyatı yoxdur”. Belə insanlara demək istəyirəm ki, bu insanlar sənin olmasa da, sənin dostunun, dostunun dostunun, yaxud hansısa bir soydaşımızın doğmalarıdır. Əgər bizim hər hansı birimiz 26 fevral 1992-ci ildə Xocalıda olsaydıq, eyni aqibət yəqin bizi də gözləyirdi.

Bir müddət bundan öncə “mail.ru” səhifəsində bir erməninin azərbaycanlı əsir qadının pornoqrafik videosunu yerləşdirdiyinin şahidi oldum. 5 dəqiqə sonra həmin videonu axtardım tapa bilmədim. Bu fakt da sizi incitmir, Vətən anlayışından məhrum, özünü bu problemdən kənarda hesab edən, cənablar!

Bu yazını yazarkən dahi Füzulinin aşağıdakı beyti yadıma düşür:

Söyləsəm təsiri yox

Sussam könül razı deyil…

Mən bunu deməklə özümü kimdənsə ağıllı göstərmək niyyətində deyiləm. Çünki bu sahədə böyük işlər görən görkəmli şəxslərin yanında bizim etdiklərimiz böyük bir ümmanda damcı kimidir. Amma görülən işlərin nəticəsini görməyəndə şüur səviyyəmizin dahi Füzulinin dövründə necə olubsa o cür də qaldığı, inkişaf etmədiyi hissinə qapılıram. Bu yerdə müəllifini xatırlamadığım “Susmaq qızıl deyilmiş” kitabı yadıma düşür. Ola bilər ki, bir çoxları hadisələrə “Danışmaq gümüşdürsa, susmaq qızıldır” nöqteyi-nəzərdən yanaşır. Amma xalqımızın başına bu qədər hadisələr gələndən sonra bizim susmaq vaxtımız çoxdan keçib. Nə deyirsiz, bəlkə artıq danışaq, əziz həmvətənlərim!

 

04.11.2012 18:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*