Azərbaycanca

Bəxtim saçımdan qara

01.09.2012 | 11:42

???????????????????????????????Bəxtim saçımdan qara.

İki övladı gözünün önündə ermənilər tərəfindən qətlə yetirilən ata.

 -Səttar Ağayev dərdini bizimlə bölüşər?

 

-Xocalı şəhər sakini Hacı Səttar Ağayev. 1988-ci ilin fevral ayında erməni faşistləri ayağa qalxdılar  ki, Dağlıq Qarabağı Ermənistanın tərkibinə keçirsinlər və nümayişlər keçirməyə başladılar. Bu vaxt xocalılılar onlara etiraz etməyə başladılar və biz tərəfdən sərt cavablar aldılar. Onlar dəfələrlə Xocalıya hücüm etdilər və ağır itkilər verərək geri çəkildilər. Bu hadisələr get-gedə alovlandı və müharibə halına gəlib çıxdı. O vaxtlar buna “milli münaqişə” adını qoymuşdular. 1991-ci ilin dekabr ayının 25-də ermənilər Meşəli kəndini və orada yaşayan ailələri evlərindəcə yandırdılar.

O vaxt mən təsərrüfat briqadiri işləyirdim. Milli ordu yeni yaranmışdı. İki oğlum bu orduda ermənilərlə vuruşurdu. Mən ağsaqqalları bir yerə toplayıb iclas keçirdim. Protokol hazırladıq ki, ağsaqqallar 3-5 nəfər olmaqla növbə ilə əsgərlərə kömək məqsədilə postlara getsinlər. 1992-ci ilin fevral ayına qədər bu belə də davam etdi. Hər axşam hərbi hissənin komandiri ilə görüşüb postlara gedirdik. Fevral ayının 25-dən 26-na keçən gecə hərbi hissənin komandiri qəflətən yanıma gəldi və dedi ki, Daştəpə ətrafında həddindən çox tank və BTR yığılıb. Deyəsən, ermənilər geniş miqyaslı hücum planlaşdırıblar. Mən də onunla posta gedəsi oldum. Düşündüm ki, uzaqbaşı hər gün olduğu kimi atışıb, erməniləri susdurub geri dönərik.

Gördüm ki, ermənilər tank və BTR – lərlə postlarımızı güllə-baran edirlər. Əvvəl aeroportdan başladılar. Sonra Şakif adlı döyüşçümüz gəlib dedi ki, ermənilər ahıska türklərini qırırlar və türklər yaşayan evləri yandırırlar, bizə tərəf yaxınlaşırlar. Postla evimiz arasındakı məsafə 500 metr olardı. Əlimizdə texnika və yetərli qədər silah olmadığından geri çəkilərək sürünə-sürünə evlərə tərəf gəldik. Mən öz evimizə gəldim. Gördüm ki, evdə heç kəs yoxdu, qapımız da bağlıdı. Milli orduda döyüşən iki oğlum postdaydılar, amma kiçik oğlumla anası yoxdu. Böyük məktəbimiz var idi, hər axşam atışma başlayanda qorunmaq məqsədilə qocalar, qadınlar, uşaqlar onun zirzəmisinə yığılırdılar. İndi də hamı ora yığılmışdı. Biz gördük ki, kömək gəlmir, ermənilər də hər tərəfi darmadağın edib yandırırlar. Oradan çıxıb Qarqar çayına tərəf getdik. Çayı keçəndən sonra iki istiqamətə ayrıldıq, Əsgəranın tuşundan Ağdama Gülablı tərəfə üz tutduq. Mən iki oğlumla birlikdə Gülablıya tərəf getdim, balaca öğlumgili itirdim. Onu anası götürmüşdü. Oğullarıma dedim ki, siz yoldaşlarınızdan geri qalmayın, gedin, mən də ananızla kiçik qardaşınızı tapıb özümlə gətirəcəm. Oğullarım getdilər, mən də balaca oğlumla yoldaşımı tapdım gördüm ki, uşağın vəziyyəti çox pisdir. Uşaq məni görən kimi dedi ki, ata acından ölürəm. Mənim də əsəbdən ayaqlarım tutuldu. Bütün camaat çıxıb getdi, mən yeriyə bilmirdim və qarın, buzun içində tək qaldım.

Bizimlə işləyən Məmməd vardı, məni hərəkətsiz görüb elə bildi yaralanmışam. Onun da bir köməyi dəymədi mənə, mənasız yerə yanımda qalmağına razı olmayıb onu göndərdim getdi. Sonra yaxınlıqdan bir çubuq tapıb birtəhər camaat gedən tərəfə getdim. Gördüm camaat dayanıb tərpənmir, soruşdum ki, nə olub, dedilər ermənilər qabaqdan yolu kəsiblər. Elə bu zaman atışma başladı, heç bir tərəfə qaça bilmədik və özümüzü qayadan aşağı tulladıq. Yenə də hamı çıxıb getdi, biz tək qaldıq. Hərəkət edə bilmirdim, yoldaşım kömək çağırmaq istədi, bu qaçhaqaçda hamı özünü düşünürdü, mənə kim kömək edəcəkdi. Yoldaşımı göndərdim, dedim bir az dincəlim mən də uşaqla gələcəm. Həmin gecəni uşaqla meşədə qaldım. Hava çox soyuq, şaxtalı idi. Uzaqdan 2 nəfərin biz tərəfə gəldiyini görüb sevindim, elə bildim bizimkilərdi, sən demə, ermənilər imiş. Yaxınlaşanda onlardan kömək istədim. Uşağımı əlimdən aldılar, özümü də təpikləyib dərədən aşağı atdılar. Ayağa da dura bilmirdim, balamı qorumağa gücüm çatmırdı. Ayaqlarımı iplə bağlayıb məni sürüyə-sürüyə qərargaha apardılar. O, kənddə məni tanıyan çox idi.

Qərargahda mənə dedilər ki, səni tanıyırıq öldürməyəcəyik. Məndən Xocalıda olan ordu və OMON-çular barədə soruşdular. Xocalıda ordu olsaydı ermənilər oranı 1 saatın içində ala bilməzdilər. Orduda vuruşan oğlumun olub – olmamasından soruşdular və təbii ki, mən inkar etdim. Getdilər bir az sonra gələndə oğlumun pasportunu göstərdilər. Ağayev Zahid Səttar oğlunun kim olduşunu soruşanda dünya başıma fırlandı. Yenə onu tanımadığımı deyəndə məni döydülər. Sonra məni başqa bir binaya apardılar. Orda nə görsəm yaxşıdı. Zarıltıdan qulaq çartlayır, hamısı xocalılılar. İçəri qaranlıq idi. Bir azdan əllərində çıraq gəlib işığı mənə tərəf tutdular. Sonra da oğlumun meyidini uzatdılar qabağıma. Bu həyatda ən son görmək istədiyim səhnə idi. Heç balamın meyidinə sarılmağa qoymadılar. Məni başqa otağa keçirib işgəncələr verməyə başladılar. Kəlbətinlə dişlərimi çıxarırdılar. Huşumu itirdim. Ayılanda gördüm ki, ağzımda bir dənə də diş qalmayıb. Sonra məni və mənimlə birlikdə bir neçə nəfəri 150-200 adamın içindən seçib bir KAMAZ-a qoyub apardılar. Xocalıdan keçəndə saxlayıb bizi huşumuzu itirənədək o ki var döydülər, sonra üstümüzdən maşınla keçmək istəyəndə fikirlərini dəyişdilər və yenidən kartof  kisəsi kimi KAMAZ-a yükləyib yola düzəldilər.

“Xan bağı” deyilən yerdən keçəndə saxladılar. Orada böyuk çuxur vardı, dedilər bunları bu çuxura boşaldaq, amma etmədilər. Başqa bir yerə apardılar. Orada bizə çox işgəncələr verdilər, ac-susuz saxlayıb gündə 3-4 dəfə huşumuz itənəcən döyürdülər. Elə bil, bu ermənilər heç insan deyil, vəhşidirlər, insana zülm verməkdən həzz alırdılar.

Yanımızda bir oğlan var idi. 3 qardaş idilər, 2-ni aparıb dəyişmişdilər bu qalmışdı. Yazıq aclıqdan, susuzluqdan can verirdi, heç bir kömək edə bilmirdik. Gözümüzün qabağında can verdi heç bir şey edə bilmədik. Bütün insaniyyətlikdən uzaq olan şeyləri orada gördük. Danışdıqca həyəcandan boğuluram, sanıram yenə o anları yaşayıram. Bir neçə gündən sonra bizə gətirib quru çörək verdilər, amma yeyə bilmədik. Həm damağımız yara idi, həm də ağzımız quruduğundan çörəyi çeynəyib uda bilmirdik. Çörəkləri cibimizə qoyduq. Bir neçə gün də keçəndən sonra su verdilər. 3 nəfərə 1 fincan su verirdilər. Necə oldusa mənə bir fincan su düşdü. Mən yoldaşlarıma da vermək istədim. Cəlladlar avtomatı başıma dirədilər ki, hamısını özün içəcəksən. O vaxt mənim 55 yaşım vardı. 35 gün əzab, əziyyət, işgəncələrdən sonra mənimlə birgə bir neçə yoldaşı ermənilərlə dəyişdilər və gətirdilər Azərbaycana. Burada da mən bir neçə vaxt xəstəxanada yatdım. Nə isə …..

-Bir ağsaqqal kimi cavanlara nə deyərdiniz?

– Cavanlara sözüm budur ki, ruhdan düşməsinlər, vətənin keşiyində gecə-gündüz dursunlar, öz evləri, öz ailələrindən də çox vətənə qulluq etsinlər, vətəni qorusunlar. Ermənilər bizə heç nə edə bilməyəcəkdi, onlara xarici qüvvələr dəstək oldular. Azərbaycan xalqının ağsaqqalından tutmuş cavanına kimi hamıya deyirəm ki, torpaqlarımızı azad edək. Biz həmişə güclü xalq olmuşuq, başqalarına boyun əyməmişik, həmişə qələbə çalmışıq. Şəxsən mənim 74 yaşım var, şükür Allaha, canımda təpər var, cavanlarla birlikdə toraqlarımızı azad etməyə gedərəm. Prezidentimizin əmri ilə hamımız birləşib torpaqlarımızı azad etməliyik. Torpaqlarımızı erməni dığalarına buraxmamalıyıq. Xoşluqla onlar torpaqları geri qaytarmayacaqlar. Biz hamımız birləşib, birlikdə hərəkət etməliyik. İndi ordumuz da, cavanlarımız da, ağsaqqallarımız da qeyrətlə, namusla vətənin qədrini bilib, vətəni müdafiə etməlidir. İçimizdə düşmən, bizi satan, ermənilərlə əlaqəsi olan nadanlar, namussuzlar olub və buna görə də biz məğlub olmuşuq. Yoxsa biz birləşsəydik, heç vaxt məğlub olmazdıq. Belə yetim kimi, zəlil kimi qalıb vətən ağrısı çəkərək yaşamaqdansa, torpaqlarımızı azad görüb ölmək yaxşıdı.

İnşallah, Allahın köməyi ilə, Perzidentimizin ətrafında sıx birləşib, torpaqlarımızı azad edərik. Mən bu ümidlə yaşayıram.

 

Aysel Talıblı

01.09.2012 11:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*