Azərbaycanca

Bahar Muradova: “Azərbaycan hələ də ATƏT-dən öz ərazi bütövlüyü problemləri ilə bağlı vahid mövqe gözləyir”

17.11.2014 | 11:43

bahar-muradova“Azərbaycan dövləti indiyə qədər ATƏT dəyərlərinin ölkədə, o cümlədən regionda bərqərar olması ilə bağlı ciddi addımlar atıb”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi: Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycan hələ də haqlı olaraq ATƏT-dən öz ərazi bütövlüyü problemləri ilə bağlı vahid mövqe gözləyir.

 

 

B. Muradova qeyd edib ki, Azərbaycanda dini və etnik tolerantlığın bir neçə aspektdə əsasları mövcuddur: “Onlardan biri tarixi aspektdir. Azərbaycanın bir neçə minilliyə söykənən tarixinə nəzər saldıqda görəcəyik ki, bu ərazidə yaşayan insanlar etnik və dini kimliyindən asılı olmayaraq bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Kənardan bizə yeridilən bir sıra münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə, bu durumdan çıxmağın birgə yollarını axtarmağa çalışmışıq. Hesab edirəm ki, uzun minilliklər ərzində yaşadığımız bu tarixin ən müxtəlif mərhələlərində bir insan olaraq insanlığımızı, bəşər övladı olduğumuzu anlamağı qoruyub saxlaya bilmişiksə, ilk növbədə öz xarakterimizə, öz milli kimliyimizə borcluyuq”.

 

 

B. Muradova bəyan edib ki, Azərbaycanda milli-dini dözümlülük və tolerantlıq özünü mütləq şəkildə siyasi yanaşmalarda da büruzə verir: “Azərbaycanda siyasi cəhətdən tolerantlığın və dözümlülüyün ciddi əsasları var. Azərbaycan ərazisində tarixən mövcud olan bütün dövlətlərin hər zaman dövlət quruculuğunun əsas prioritet istiqamətlərindən biri burada yaşayan millətlərin, etnik qrupların, dini təmayüllərin birgə yanaşmasını təmin etmək olub. Biz bütün dövrlərdə vətəndaşlara vətəndaş münasibəti bəsləmişik. Burada dövlət-vətəndaş münasibətləri ən ali bəşəri dəyərlərə söykənib. Azərbaycanda bütün bunları hüquqi aspektdən əks etdirən qanunvericilik, mükəmməl baza və siyasi iradə mövcuddur. Azərbaycanın milli, dini, tarixi ənənələrini özündə əks etdirən dövlət sistemimiz, qanunverici bazamız və ən əsası, ATƏT regionunda daim nümayiş etdirdiyimiz müstəqil siyasi iradəmiz var. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yaşamalıdır. Azərbaycan modeli də məhz budur. Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir”.

 

“KarabakhİNFO.com”

 

 

17.11.2014 11:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*