Daha vərdiş edirik rayonların işğal gününü qeyd etməyə. Bu heç də xoş olmayan, ağrıdıcı bir vərdişdir. Ötən gün daha iki rayonumuzun- Cəbrayıl və Füzulinin işğal gününü qeyd etməklə bu ağrını yaşadıq. Füzuli rayonundan seçilmiş millət vəkili, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Bahar Muradova “KarabakhİNFO.com”a müsahibəsində bildirdi ki, vaxt uzanır deyə vərdiş olsa da, amma heç kim bu işğalla barışmır.
– Bahar xanım, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması nə dərəcədə Azərbaycan üçün ziyanlıdır?
– Vaxtın uzanmağı odur ki, status-kvo qorunur və Ermənistan tərəfi də beynəlxalq ictimaiyyəti bu faktı qəbul etdirməyə çalışır. Yəni münqaişənin həll variantına baxışlarımız fərqlidir. Belə baxanda Ermənistan tərəfi də Dağlıq Qarabağ münaqişəsinin həllini istədiyini bəyan edir. Amma onlar həll variantı dedikdə hazırkı status-kvonun qəbul etdirilməsini nəzərdə tuturlar. Dağlıq Qarbağın ya müstəqil olması , ya da Ermənistana birləşdirilməsi variantının üstündə dayanırlar. Amma biz Dağlıq Qarabağın və ona bitişik rayonların işğaldan azad olunmasını , azərbaycanlıların öz ərazilərinə qayıdışını və hüquqlarının bərpasını tələb edirik. Ona görə də vaxtın uzanması status-kvonun qorunmasına, ermənilərin bir neçə il sonra bu faktı qəbul etdirəcəklərinə inamlarını möhkəmləndirir və azərbaycanlıların da guya artıq bununla barışacaqlarını düşünürlər. Amma ermənilər əmin olsunlar ki, bu belə olmayacaq. Çünki, Azərbaycan tərəfi vaxtın uzanmasının status-kvonun qorunması kimi qəbul edərək məhz onun dəyişdirilməsini tələb edir. Status-kvo dəyişdirilməlidir. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədirləri də status-kovonun dəyişdirilməsinin vacib olduğunu vurğulayırlar.
Vaxtın uzanması həm də Qarabağı görməyən bütöv nəsilin yetişməsinə gətirib çıxarır. Ermənistanda zamanında azərbaycanlılarla ünsiyyətdə olanlardan fərqli olaraq bu xalqı tanımayan, onun istək və arzularını bilməyən, düşmən gözü ilə baxan bir nəslin yetişməsinə şərait yaradır.Bu da gələcəkdə hər iki xalqın bir-birinə əl uzadacağına, birgə yaşamaq üçün ortaq məxrəc tapmaq istəklərinə kölgə salır. Bu baxımdan əlbəttə ki, vaxtın uzanması bütün mənalarda ziyanlıdır.
– Bəs, vaxtın uzanması füzulililərin öz torpaqlarına qayıtmaq ümidini qırmayıb ki?
– Necə ola bilər ki, insan öz yurdundan kənarda yaşasın, ora qayıtmaq istəməsin? Biz haradasa məcburi köçkünlər üçün qəsəbələr salırıq, evlər tikirik, onların rahat yaşaması üçün müxtəlif layihələr reallaşdırırıq. Bəzən deyirlər ki, müxtəlif yerlərdə özlərinə gün-güzaran qurmuş, o müharibənin dəhşətlərini, ermənilərin simasını görmüş qaçqın və məcburi köçkünlər bəlkə də o torpaqlara qayıtmayacaq. Mən bu fikirləri təkzib edirəm. Azərbaycanda hər kəs əmin olmalıdır ki, hər bir qaçqın və məcburi köçkün ermənilər tərəfindən işğal edilmiş torpaqların azad olunacağını gözləyir.
– Bu günlərdə Azərbaycan tərəfinin Dağlıq Qarabağ regionu və ətraf rayonlarda Ermənistan hakimiyyət orqanlarının yeni yaşayış məntəqələri inşa etməsi, Suriyadan olan erməni qaçqınlarının bu ərazilərdə qanunsuz şəkildə məskunlaşdırması ilə bağlı BMT-nin baş katibinə müraciəti təqdim olunub. BMT Ermənistanın bu cür erməniləşdirmə siyasətinə qarşı hansı formada təzyiq göstərə bilər?
– Əlbəttə ki, işğal olunan torpaqlarımızda belə erməniləşdirmə siyasətinin aparılması çox ağrıdıcıdr və biz bu məsələni hər zaman diqqətdə saxlayırıq. Artıq bu məsələylə bağlı sənəd rəsmi şəkildə BMT-ə təqdim olunub. Amma onu da deyim ki, təkcə Suriyadan gələn ermənilər yox, ondan əvvəl də qeyri-qanuni erməni əhalisi ora köçürülüb. O ərazilərdə aparılan beynəlxalq monitorinqlər nəticəsində belə faktlar təsdiqlənib və konkret sayda erməni əhalisinin ora köçürülməsi artıq faktdır. Biz bu faktlara qarşı öz etirazımızı hər zaman bildirmişik. Hesab edirəm ki, BMT kimi öz qətnamələrini həyata keçirməkdə maraqlı olan bir qurum, heç olmasa o qətnamələrin reallşmasını çətinləşdirən bu amillərə qarşı açıq mövqeyini ortaya qoymalıdır. Qeyri-qanuni məskunlaşmaya son qoyulması üçün BMT Ermənistana təzyiqlər göstərməli, etirazını bildirməlidir. Amma bütün bunlara baxmayaraq Ermənistan o ərazilərimizi işğal altında saxlayır və qeyri-qanuni məskunlaşmanı davam etdirir. Bununla da o evlərin azərbaycanlı sakinlərinin qayıdışını əngəlləmək, bəxtinə bədbəxtlik düşümüş Suriya ermənilərinin növbəti dəfə problem içərisində yaşamasına şərait yaradır. Bu insanlar Suriyadan canlarını götürüb gəliblər. Ermənilərin Suriyadan gələnləri Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırması növbəti dəfə onların daha sonra hara köçəcəkləri ehtimallarını artırır. Ona görə hesab edirəm ki, onlar təkcə bizim qaçqın və məcburi köçkünlərin hüquqlarını pozmurlar, eyni zamanda həmin insanların bədbəxtliklərindən öz məqsədləri üçün istifadə edirlər. O insanlar da ayıq olmalıdır. Azərbaycanın nə vaxtsa işğaldan azad edəcəyi bu əraziyə köçməkdən imtina etməlidirlər.
– ATƏT Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edirmi?
– Özü-özlüyündə ATƏT-in Minsk qrupunun görünən tərəfi ondan ibarətdir ki, onlar bölgəyə tez-tez səfərlər edir, prezidentlərin və ya xarici işlər nazirlərinin görüşünü təşkil edir, münaqişənin həlli variantlarını təklif edir, bu və ya digər tədbirlərdə iştirak edirlər və s. Amma çox təəssüf ki, bu fəaliyyətlərin münaqişənin həllinə ciddi təsir göstərəcək müsbət nəticələri yoxdur. Mən ATƏT-i Dağlıq Qarabağ məsələsində yalnız Azərbaycanın mövqeyini müdafiə edən qurum kimi tanımıram. Çünki Azərbaycanla birlikdə bu təşkilatın həm də Ermənistan üzvüdür. ATƏT öz fəaliyyətində hər zaman bu iki ölkənin maraqları arasında balans yaratmağa xidmət edir. Bir növ bərabər münasibət sərgiləməyə çalışır, hərtərəfli güzəştlərə çağırır. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır, günahsız insanlar həlak olur, Ermənistanın təcavüzkar siyasəti davam etməkdədir. ATƏT ortadakı bu işğal faktorunu, qaçqın və məcburi köçkünləri sanki nəzərə almır. Bunları bəlkə də görür, amma görməzdən gəlir. Həmişə bunları keçmişə aid edərək onlara qayıtmamağı və yalnız qabağa baxmağı tövsiyə edir. Bu yanaşma həmişə bizi narahat edir. Biz də haqlı olaraq dəfələrlə onları tənqid edib öz iradlarımızı diqqətlərinə çatdırırıq. Mən növbəti dəfə onları qınayıram və“KarabakhİNFO.com” e-jurnalının yaratdığı bu imkandan istifadə edib yenə onları çağırıram ki, qeyri-konsturiktiv mövqedən əl çəkmək üçün Ermənistan tərəfinə təsir göstərməlidirlər.
– Bahar xanım, Füzuli rayonu ilə bağlı ən çox nəyi xatırlayırsınız?
– İndiyə qədər Füzulini mənə unutduran heç nə olmayıb. Füzuli hər gün, hər an mənim xatirimdədir. Füzuli işğalda qalsa da o torpaqda keçirilən günlər, adət-ənənəmiz, oradakı həyatımız bizim hər birimizin qəlbindədir. Qəlbdə, ürəkdə olan bir şeyi unutmaq mümkün deyil. Ona görə də şən günümzdə də, qəmli günümüzdə də Füzuli hər zaman bizim yaddaşımızdadır. Ümumiyyətlə, işğal altında olan torpaqlarımızın itkisi ilə heç zaman barışmayacağıq.
Əlbəttə ki, Füzuli, eləcə də digər işğal olunan torpaqlarımızın daha çox şad və sevincli günləri üçün qəribsəyirik.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”