Azərbaycanca

“Bakı kəndlərindən yığılan 50 milyon qızıl pulu bolşeviklərə verdilər”

19.05.2014 | 11:55

1400500408_nesir-agayevSon zamanlar Rusiyanın Azərbaycandakı “beşinci kolonu” fəallaşıb. Onlar mütəşəkkil deyillər. Hələlik sosial şəbəkələrdə, ictimai yerlərdə fəal olmaqla SSRİ-nin xiffətini çəkir, xalqlar dostluğunu təbliğ edir, “ədalətsiz Qərbə” qarşı “ədalətin, haqqın tərəfində duran Şimalı” qoyurlar. Gerçək tarix, xalqımızın başına gətirilən müsibətlər unudulub. Xalq olaraq XX əsrin əvvəllərində bir neçə dəfə yaşadığımız müsibətlər də az qala Qərbin, Osmanlı imperiyasının ahyağına yazılır. Halbuki ortada real tarix var: biz Rusiya imperiyasının ərazisi, təbəəsi idik, o imperiyanın ki, erməniləri silahlandırıb, bizi silahsız qoymuşdu. Hələ çarizmin xalqlar arasında milli ədavət toxumu səpib millətləri bir-birinə qırdıran fitnəkar siyasətini demirik.

 

Bəhs olunan dövr Azərbaycan tarixinin ən çətin, ağrılı dövrüdür. 1905-1918-ci illərdə baş verən hadisələr zamanı Azərbaycanın bütövlüyü məsələsi həll olunurdu. Bakının Azərbaycandan ayrılması, Abşeronun, bütövlükdə ölkənin böyük hissəsinin türksüzləşdirilməsi prosesi baş tutmalı idi. Azərbaycan xalqının müdhiş dirənişi və qardaş Osmanlı türklərinin (bu gün ruspərəstlərin “Osmanlı neft iyinə gəlmişdi” tipli təbliğatı qeyri-ciddi və qərəzli söhbətlərdi-müəll.) vaxtında yetişməsi arxasında Moskvanın dayandığı, ermənilərin icra etdiyi bu mürtəce siyasətin qarşısını aldı. Bakı ziyalısı, tanınmış tarixçi Nəsir Ağayev deyir ki, Osmanlı ordusunu bölgəyə gətirən yalnız Azərbaycanda iqtisadi marağı deyildi: “Osmanlı dövləti xristian dövlətlərindən, özəlliklə də Rusiyadan qorumaq üçün arada bufer dövlət yaratmaq istəyirdi. Bu dövlət bütün Qafqazı əhatə etməli idi. Həmin islam dövlətinə Azərbaycan, Dağıstan, Şimali Qafqaz xalqları daxil olmalı idi. Qafqazdakı türk ordusunun Qafqaz İslam Ordusu adlandırılması da bu məqsədi güdürdü”. Bu dövrdə Qafqazda millətlərarası münaqişəni qızışdıran amillərdən biri də Rusiyanın imperiya ambisiyaları idi.

 

Rusiya da bölgədə Ermənistan dövləti yaratmaq istəyirdi: “Qərbi Azərbaycan, Şərur-Dərələyəz, İrəvan quberniyasında erməni adlı etnos yox idi. Bölgədəki xristian mədəniyyətini Qafqaz albanları yaratmışdı. Rusiyanın “erməni dövləti” yaratmaq üçün sosial bazası olmasa da, Azərbaycan torpaqlarındakı pərakəndəlik, vahid xalq anlayışının olmaması vəziyyəti düşmənin xeyrinə dəyişirdi”. N.Ağayev deyir ki, rus imperiyasının dağılması Qafqaz xalqlarına müstəqillik imkanı yaratdı. Onun fikrincə, uzun illər xristian imperiyasının tərkibində yaşamış Azərbaycan xalqı müəyyən dmeokratik ənənələr əldə etmiş, müstəqil dövləti idarə edəcək səviyyəyə çatmışdı. Azərbaycan xalqının döyüş ənənələri də unudulmamışdı. Azərbaycan xalq istiqlal arzusuda israrlı idi. Rusiyanın Bakıda yaratdığı qurumların heç birinin sosial dayağı yox idi: “Rusiyanın dəstəyi ilə Stepan Şaumyanın yaratdığı Bakı Soveti də belə qurumlardan idi. Şaumyan Bakı və ətraf kəndlərin müsəlman əhalisinə yox, erməni və ruslara güvənirdi. O Bakını türksüzləşdirmək, müsəlmansızlaşdırmaq istəyirdi. Bakı Sovetinin heyətində əksəriyyət erməni və rus idi. Qurumun tərkibində cəmi 2 azərbaycanlı vardı. Bolşeviklərə Bakı nefti lazım idi. Bu səbəbdən Şaumyan Bakı hökumətini erməniləşdirmişdi”. Rusiya və Qafqaz bolşeviklərinin əsas məqsədi heç də indi populyar olan terminlə desək “xalqlara azadlıq, müstəqillik”, “insanlara sülh”, “fəhlə və kəndli sinfinə bərabərlik” vermək deyildi: “Bu adamların guya sol ideyaları dəstəklədikləri, təmiz kommunist olduqları haqqında deyilənlər cəfəngiyyatdır.

 

Şaumyan Andronik paşa ilə yazışırdı. Onları birləşdirən konkret hədəflər vardı. Vahid erməni millətinin maraqları bu adamları birləşdirən dəyər idi. Şaumyan Androniklə yazışmaları haqqında Vladimir Leninə də məlumat verirdi. Eyni zamanda Lenin də azərbaycanlılara yox, Şaumyana inanırdı. Şaumyanın siyasi intriqaları 1918-ci il mart siyasi böhranına səbəb oldu. Bakı Sovetinin “burjua-mülkədar” adlı ilə məhv etdiyi insanlar əslində türk-müsəlmanlar idi, onların öndə gedən ziyalıları, imkanlı, xeyriyyəçi şəxsləri idi”. Nəsir Ağayev deyir ki, mart qırğını zamanı yerli özünümüdafiə dəstələri də ermənilərə müqavimət göstərmiş, öz şücaətlərini sərgiləmişlər: “Bakıda fəalliyyətə göstərən silahlı şəxslər öz aralarında razılığa gəldilər, nəticədə ermənilər İçərişəhərə daxil ola bilmədilər. İçərişəhərin qorunmasında Keşlə, Kürdəxanı, Mərkədan, Buzovna, Maştağa qoçuları böyük rol oynadılar. Xüsusilə Qoçu Nəcəfqulu, Qoçu Teymurun Bakının qorunmasında müstəsna xidmətləri vardı. Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak qüvvələri Bakını qan gölünə çevirmək, əhalinin gözünü qorxudub Bakıdan qovmaq istəyirdi. O dövrdə Bakı Sovetinin 20 min, daşnakların isə 25 min qüvvəsi vardı. Bakı Sovetinin qüvvələri sinfi mübarizə adı altında türk-müsəlman əhalisini məhv etmək istəyirdi. Hətta Lenin belə Şaumyana yazırdı ki, apardığınız siyasət təhlükəlidir, ehtiyatlı olun”. Nəsir Ağayev deyir ki, bolşeviklərin əsas məqsədi Bakının təbii sərvətlərinə, neft mədənlərinə, balıq vətəgələrinə sahiblənmək idi: “Onlar yerli əhalinin var-yoxunu talayırdılar. Bakı kəndləri əhalisinin 50 milyon qızıl pulunu alıb bolşeviklərə vermişdilər. Bolşeviklər əhalini inandırırdılar ki, onların pulu ədalətli cəmiyyətin qurulmasına, ictimai bərabərliyin yaradılmasına sərf olunacaq”. Osmanlı ordusunun zamanında yetişməsi ermənilərin planını puça çıxardı. Nuru Paşanın qəhrəman əsgərlərinin yardımı ilə Azərbaycan silahlı qüvvələri Rusiyanın “Bakısız Azərbaycan” və “Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq” planına son qoydu. O hadisələrdən bir əsrə qədər zaman keçsə də, Rusiya imperiyasının planlarında dəyişən bir şey yoxdur. Ermənilər yenə də Rusiyanın müttəfiqi, türk dünyasına qarşı təsir vasitəsidir. Tarixi unutmamalı, baş vermiş hadisələrdən doğru nəticə çıxarmalıyıq. Düşmən rəngini dəyişə bilər, ancaq məqsədini heç zaman dəyişə bilməz. Yəqin ki, bugünki nəsil babalarımızın etdiyi xətaları təkrar etməyəcək, “xalqlara sülh”, “insanlara bərabərlik” kimi nağıllara inanmayacaq. Rus imperiyasının “ədaləti”ni Ukraynada görmək mümkündür.

 

Elman Cəfərli

“KarabakhİNFO.com” 

19.05.2014 11:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*