Azərbaycanca

Bakının Zəfər Bayramı – 96 il

15.09.2014 | 14:10

qafqaz islam ordusuSentyabrın 15-də Azərbaycan öz tarixinin ən şanlı və şərəfli günlərindən biri olan Bakının azad olunmasının 96-ci ildönümünü qeyd edir. . Kimlərsə bu hadisəyə “Bakının qurtuluşu”, “Bakının xilası”, “Bakının yadellilərdən təmizlənməsi”, “Bakıdan düşmənlərin qovulması” və s. kimi qiymət verə bilər. Bu, tarixçilərin işidir. Fəqət birmənalı olan bu idi ki, Azərbaycan dövlətinin var olması üçün bu hadisənin müstəsna önəmi vardı.

 
1918-ci ilin iyun ayının ortalarında Gəncədəki müstəqil Azərbaycan hökmətini devirmək üçün S.Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak qüvvələri Bakı-Şamaxı-Göyçay istiqamətində hərəkət edərək Qaraməryəmi işğal etdilər. Buradan onlar Ucara doğru irəliləməyə başladılar. Təhlükənin qarşısını almaq üçün Nuru paşa Gəncədəki erməniləri tərkisilah etdi və qoşunu Göyçay istiqamətinə göndərdi. Nuru paşa general Ə.Şıxlinski ilə birlikdə iyun ayının 18-də Müsüslüyə, sonra isə Göyçaya gəldi, real vəziyyəti təhlil etdi, milli ordu hissələrini və yerli könüllüləri döyüşə hazırladı.
Qafqaz İslam Ordusunun hissələri Göyçay və Qaraməryəmdə düşmənə məhvedici zərbə endirdi. Bundan sonra uğurlu döyüş əməliyyatları davam etdirildi və Qafqaz İslam Ordusu avqust ayının əvvəllərində Bakı ətrafına qədər gəlib çıxdı. Lakin Bakıya edilən ilk iki hücum uğursuz oldu. Buna baxmayaraq Nuru Paşa Bakını işğaldan azad etmək üçün xüsusi plan hazırlayaraq qüvvələri yenidən topladı. Avqustun 25-də Bakı uğrunda qızğın döyüşlər başladı.

 
Bakıya gələn İslam ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən azad edildi. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.
Sentyabrın 15-də döyüşlər səhər saat 5.30-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Hücum planına görə, Ermənikəndin cənubundan keçmək şərtilə şəhərin qərb hissəsinin ələ keçirilməsi 5-ci diviziyaya həvalə olunmuşdu. 15-ci diviziya isə sağ cinahı Ermənikənddən keçmək şərtilə şəhərin şimal və şərqindən irəliləməli, Qaraşəhər ərazisini nəzarət altına almalı idi. Azərbaycan könüllü hissələri isə Sabunçudan şəhərə gələn dəmir yolu xətti boyunca hücuma keçib Keşləyə girməli və orada möhkəmlənməli idi. Milli qüvvələrin digər bir hissəsinə Əhmədli istiqamətindən şəhərə doğru hücuma keçmək həvalə olunmuşdu. Əhmədlidən irəliləməkdə olan və əsasən milli qüvvələrdən təşkil edilən süvari dəstəsinə Qarayazı süvari alayı, Ləzgi süvari alayı və digər milli süvari bölüklər də daxil idi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun hücumlarının qarşısının alınmasının qeyri-mümkünlüyünü görən “Sentrokaspi” rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 10.30-da “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn “Sentrokaspi” nümayəndələri təslim şərtlərini imzalayır.

 
Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. Əsir alınanlar arasında düşmən tərəfində vuruşan iranlı əsgər və zabitlər də vardı.

 
Qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!» fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu.
Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.

 

 

Aynur Tağıyeva

 
AMEA-nın əməkdaşı

 
“KarabakhİNFO.com”

 

 

 

15.09.2014 14:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*