Azərbaycanca

Bask vilayəti Qarabağın müstəqilliyini tanımayacaq

27.09.2014 | 12:50

photo_48887Sentyabrın 26-da Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Bask vilayəti parlamentinin sədri xanım Bakaratxo Texeria Otermin ilə görüşüb.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı AzərTac-a istinadən xəbər verir ki, səfir sentyabrın əvvəlində özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanın Bask parlamentində qəbul olunması və nəticədə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair sənəd layihəsinin hazırlanmasından narahatlığını bildirib. A.Əfəndiyev bu hadisənin Bask vilayəti parlamenti üzvlərinin və rəhbərliyinin səmimiliyindən istifadə edən erməni tərəfinin uğursuz cəhdi olduğunu söyləyib. O, belə addımların həm İspaniyanın, həm də Bask vilayətinin Azərbaycanla münasibətlərinə zərbə vura biləcəyini xatırladıb.

 

 

Bask vilayəti parlamentinin komissiyasında müzakirə olunan sənəddəki məqamların həqiqətə uyğun olmadığını deyən səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycan ərazisinin 20 faizinin işğalı faktı və bunun nəticəsində yaranan problemlər barədə ətraflı məlumat verib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan da bəhs edən səfir əsas məsələnin ərazi bütövlüyü prinsipi olduğunu vurğulayıb.

 

 

A.Əfəndiyev Azərbaycanın xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşdığını, lakin erməni xalqının bu hüquqdan artıq bir dəfə, özü də Azərbaycan torpaqlarında istifadə etdiyini deyib. O bildirib ki, Azərbaycan öz torpaqlarında ikinci dəfə erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa isə yalnız Azərbaycanın tərkibində muxtariyyət statusu verilə bilər.

 

 

Bask parlamentinin sədri komissiya səviyyəsində müzakirə olunan və Azərbaycan səfirliyini narahat edən bu sənəd haqqında ətraflı məlumatının olmadığını, onun hər hansı hüquqi əsas daşımadığını qeyd edib. O bildirib ki, bu, sadəcə iki partiya qrupunun təşəbbüsüdür və parlamentin ümumi müzakirəsinə çıxarılmayacaq.

 

 

Səfir bu sənədi dəstəkləyən qrup üzvləri ilə görüşmək istəyini ifadə edib. O, həm də komissiyanın iclasında çıxış etmək, sonra isə yaranan suallara cavab verməklə açıq müzakirəyə qoşulmaq istədiyini söyləyib. Parlamentin sədri belə bir görüşün baş tutması üçün tədbirlər görüləcəyini bildirib.

 

 

Azərbaycanlı diplomat növbəti görüşlərdə ikitərəfli işgüzar əlaqələrin müzakirə olunacağına əminliyini bildirib və bu anlaşılmazlığın artıq keçmişdə qalacağını qeyd edib.

 

 

“KarabakhİNFO.com”

 

 

 

27.09.2014 12:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*