Azərbaycanca

Bayrağımızın tarixi

09.11.2012 | 14:45

1352457883_bayraq-128 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin formalaşdırılması və qəbul edilməsi hökumətin qarşısında duran ən vacib məsələlərdən hesab olunurdu. Hökumət digər dövlət rəmzlərinə nisbətən dövlət bayrağının qəbul edilməsi işinə daha tez başladı və az müddət ərzində görülən gərgin işlər ərzində  Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 21-də Dövlət bayrağı haqqında qərar qəbul etdi. Qəbul olunmuş qərara əsasən  bayraq qırmızı rəngli idi, üzərində ağ rəngli və səkkiz güşəli ulduz təsvir olunmuşdu. Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağına bənzəyirdi. Ancaq AXC hökuməti 1918-ci il noyabrın 9-da Dövlət bayrağının təsvirinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Yeni bayraq yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət idi.

1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Cümhuriyyət  dövründə qəbul edilmiş rəmzlərdən imtina edildi. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi rəsmi şəkildə təsdiqləndi.

1990-cı ildə noyabrın 17-də mərhum prezidentimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu zaman onun təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edildi. 1990-cı il noyabrın 29-da “Azərbaycan SSR-nin adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci il fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu, eyni zamanda Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə hazırlandı. Konstitusiyamızın 23-cü maddəsinin II bəndində üçrəngli bayrağımızın təsviri aşağıdakı kimi öz əksini tapmışdır;

Bayrağımızın tarixi“Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər, enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki uzundə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti l:2-dir”.

Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 17 noyabr tarixində imzaladığı  “ Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” sərəncama əsasən “Dövlət bayrağı” meydanı salınmış və 2009-cu il 17 noyabr tarixli sərəncama əsasən  9 noyabr “ Dövlət bayrağı” günü elan edilmişdir.

Görkəmli mütəfəkkir, ensiklopedik biliyə sahib olan Əli bəy Hüseynzadə  bayrağımızdakı üç rəngin ifadə etdiyi və keçən əsrin əvvəllərində milli istiqlal ideologiyamızın əsasını təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” prinsiplərinin müəllifidir. 1905-ci ildə Bakıda ana-dilndə nəşrə başlayan “Həyat” qəzetində çıxan “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsində ilk dəfə olaraq milli istiqlal mübarizəsinin proqramını vermişdir. Ona görə, “ Türkləşmək milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarixin və mədəniyyətin yüksəldilməsi, islamlaşmaq islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi, avropalaşmaq isə öz millətinə xor baxmaq və kafirləşmə deyil, Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrinin öz milli mədəniyyətinin, elminin inkişafına yönəldilməsi, Qərb demokratiyası ənənələrindən istifadə olunması deməkdir”.

Sonra bu düstur görkəmli siyasi xadim, Azərbaycanın istiqlal mücadiləsinin lideri və ideoloqu Məmməd Əmin Rəsulzadə tərəfindən  siyasi ideologiya səviyyəsinə qaldırıldı. Sonradan bu düstur üçrəngli bayrağımızın yaranmasında əsas rol oynadı. Məmməd Əmin Rəsulzadə 1923-cü ildə Ankarada nəşr olunan “Azərbaycan Cümhuriyyəti” kitabında yazırdı: “Azərbaycan bayrağındakı mavi rəng türklüyü, yaşıl rəng müsəlmanlığı, al rəng də təcəddüd (müasirlik, yenilik) və inqilab rəmzi olmaq həsbilə əsrliyi ( çağdaşlığı, müasirliyi) tərmiz edər ki, möhtərəm Ziya Göyalp bəyin “türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm” düsturunun  ifadəsi olar”.

Dahi Üzeyir Hacıbəyov da yazdığı məqalasində Rəsulzadənin fikirlərini təsdiq edərək yazırdı:

“ Azərbaycan Respublikası o zaman bütün Şərqdə ( və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu… Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi (mavi, qırmızı , yaşıl) bu ümdənin timsalıdır”. 

Azərbaycan bayrağında  olan simvollardan qırmızı zolaq üzərində olan ağ rəngli aypara və səkkizguşəli ulduza gəldikdə isə onu demək olar ki, bunlar  qədim inamlarla bağlı olub Ay və Günəşi bildirir.

Keçmişdə olduğu kimi bu gün də xalqımız ona öz babalarından miras qalan müqəddəs əmanətlərə böyük hörmətlə yanaşır.

Bu günlərdə xalqımız “Dövlət bayrağı” gününü qeyd edir. Biz də öz növbəmizdə xalqımızın bayramını ürəkdən təbrik edir və xalqımıza gələn “Dövlət bayrağı” gününü işğal olunmuş yurd yerlərində qeyd etməyi, şanlı bayrağımızı işğal olunmuş torpaqlarımızda yenidən dalğalandırmağı arzu edirik!

Söhrab İsmayılov      

“KarabakhİNFO.com ”                                       

 

09.11.2012 14:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*