Azərbaycanca

Beynəlxalq birliklərin ədalətsiz siyasəti

23.04.2014 | 14:24

1398248086_10259627_10200942101035217_33779095_n“Beynəlxalq münasibətlərdə ikili standartlara etiraz səsimizi ucaldırıq”

 

 Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ işğalının həlli prosesində hələ ki, susqun mövqe sərgilənir. Ermənistanın həmişəki kimi qeyri-konsturuktiv, beynəlxalq birliyinsə ikili mövqe nümayiş etdirməsi məsələnin həllini əngəlləyən əsas amildir. Dağlıq Qarabağ məsələsi ilə bağlı  həlledici mövqelərin ortaya qoyulmaması münaqişənin həlli prosesini uzadır. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə diqqət yönəldib. Dövlət başçısı bildirib ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur: “Ermənistan nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir. Əfsuslar olsun ki,  beynəlxalq vasitəçilər tərəfindən də ciddi təzyiqlər göstərilmir. Əslində Ermənistana qarşı beynəlxalq sanksiyalar çoxdan tətbiq edilməli idi. Çünki Ermənistan dinc əhaliyə qarşı soyqırım törətmək, etnik təmizləmə işi aparmaqla artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. İşğalçı ölkə bu yolla BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini də pozur. Bu vaxtadək belə ədalətsizlik və qanun pozuntusuna yol verilməyib. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə yanaşı digər beynəlxalq təşkilatların – Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə də məhəl qoyulmur”.

Prezident nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilmədiyini vurğulayıb: “Sual olunur, nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma Dağlıq Qarabağ respublikasının “rəhbərlər”i sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma Dağlıq Qarabağ Respublikasının “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Qanunsuz telemarafonlar keçirərək pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Bu “rəhbərlər”i Qərbin aparıcı ölkələrində də qəbul edirlər. Vizalar verilir, “nümayəndəliklər” açılıər. Nə üçün?”

“İnsanların beynəlxalq təşkilatlara heç bir inamı qalmayıb”

 

Beynəlxalq birliklərin ədalətsiz siyasəti“Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, politoloq Emin Həsənli də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-nün- Rusiya, Fransa və ABŞ-ın bu məsələdə qəti mövqe bildirməməsində gileylənir. E.Həsənli insanlarda beynəlxalq təşkilatlara heç bir inamının qalmadığını deyir: “Ona görə ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heç biri icra edilmir. Liviya və digər ölkələrdə bu qərarlar işləyir, Azərbaycanın Dağlıq Qarabağ problemində isə yox.  İslam-xristian məsləsinin də mahiyyət etibarı ilə rolu var”. Politoloq Ermənistanın terrorçu prezidentinin hələ də insan haqları təşkilatlarında çox sərbəst danışa bilməsindən də təəssüflənir: “Dünya hələ də kordur, bu ədalətsizliyi görmək istəmir. Məgər onlar bilmir ki, Azərbaycanın tarixi torpaqlarında bir əsr öncə Ermənistan adlı bir dövlət qurulub. Məgər bilmirlər ki, Dağlıq Qarabağı Ermənistan işğal edib? Onlar bunu çox gözəl bilir. Təəssüflər olsun ki, lazım olan addımlar atmırlar. Bu da onu göstərir ki, həmin dövlətlər özləri birinci növbədə beynəlxalq hüququ pozur”.

E.Həsənlinin fikrincə, proses belə davam etməyəcək: “Gec-tez bu münasibət dəyişməlidir. Zaman hər şeyi dəyişir. Azərbaycan özü zaman keçdikcə prosesi dəyişəcək. İqtisadiyyatı, güclü ordusu olan Azərbaycanın nüfuzu da günü-gündən atrır. Ermənistan bütün parametirlərinə görə Azərbaycandan dəfələrlə geridədir. Dünya Ermənistanın başına nə qədər tez ağıl qoysa, o qədər yaxşıdır”.

“sanksiyalar olmayacaqsa, deməli beynəlxalq ədalət də yoxdur”

 

Beynəlxalq birliklərin ədalətsiz siyasəti Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev problemə münasibətində bildirdi ki, prezidentin müşavirədə səsləndirdiyi fikirləri açıq, mahiyyət etibarı ilə tamamilə haqlı və birmənalı qarşılanmalıdı: “Bu gün dünyada qeyri-qanuni işlərə görə hansısa ölkəni cəzalandırmaq lazım gəlirsə, bu sırada birinci cəzalandırılası ölkə Ermənistan olmalıdır. Ermənistan yüz minlərlə insanı tarixi ərazilərindən qovub, onlara işgəncə verib, Azərbaycanın işğal etdiyi ərazilərində qanunsuz ordu saxlayır. Onlar Xocalı cinayətindən heç vaxt yaxa qurtara bilməyəcək. Başqa ölkənin iradəsi ilə idarə olunan Ermənistanın bir dövlət kimi nə region, nə də dünya üçün heç bir əhəmiyyəti yoxdur. Yəni, belə şəraitdə də bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmur. Ermənistana qarşı sanksiyalar məsələsi unudulub”.

Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq bu məsələni qaldırıb: “Bu sanksiyalar tətbiq olunacaqmı? Tətbiq olunmayacaqsa, deməli beynəlxalq ədalət, beynəlxalq hüquq da yoxdur. Bu həm də o deməkdir ki, beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin bəyanatları əhəmiyyətsizdi. Çünki cinayətkar cəzasına çatmayınca ədalət bərpa olunmur. Sanksiyalarla beynəlxalq problemləri həll etmək istəyirlərsə, o zaman Ermənistana sanksiyalar tətbiq etsinlər”.

Beynəlxalq birliklərin ədalətsiz siyasətiQarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Qarabağ münaqişəsində ikili standartların tətbiq olunduğunu vurğulayır: “Dəfələrlə Azərbaycan rəhbərliyi, vətəndaş cəmiyyəti tərəfindən deyilib ki, beynəlxalq təşkilatlar, xristian dövlətlər bu məsələyə ikili standartlar mövqeyindən yanaşır. Ukrayna ilə bağlı hadisələr bir daha bunu göstərdi. Azərbaycana münasibətdə isə bunu görmədik”.

A.Nağı bildirdi ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunmasının tərəfdarıdırlar: “Hazırki vəziyyətdə Azərbaycanın torpaqları Ermənistanın işğalı altındadır. Bu da Qərb təşkilatlarının mövqeyinə uyğun gəlir və onlar çalışırlar ki, Azərbaycan dövləti işğal faktını qəbul etsin. Apardıqları siyasət də ona yönəlib. Azərbaycan Prezidenti də beynəlxalq təşkilatların Qarabağ məsələsinə ikili mövqedən yanaşmasını açıq şəkildə bildirir”.

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

 

23.04.2014 14:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*