Azərbaycanca

Beynəlxalq təşkilatlar hərəkətə keçməlidir

24.01.2014 | 15:43

1398162594_2“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı Türkiyə Böyük Millət Məclisinin üzvü, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin başqanı, Dr. İsmayıl Safi ilə müsahibəsini təqdim edir:

-İsmayıl bəy, bu günlərdə sizin də iştirakınızla Qarabağ mövzusunda Ankarada tədbir keçirildi. Bu barədə nə deyə bilərsiniz? Xüsusilə, tədbirdə kimlər iştirak edirdi?

 

-Rəhbəri olduğum Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi  ilə birlikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ankara səfirliyinin dəstəyi ilə “Qarabağ problemi: Haradan haraya” adlı önəmli tədbir keçirildi. Bu tədbir Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində və əsasən də Türkiyə mediasının  tədbiri geniş şəkildə işıqlandırması informasiya sahəsində önəmli addımlardan sayılmalıdır.

 

Artıq adı keçən təşkilatlar erməni məsələsi, xüsusilə Qarabağ məsələsinə diqqət çəkmək və problemi 2014-ci ildə daha fəal və çevik bir şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə, bu tipli layihələrə start veriblər. Xarici ölkələrin universitet və müxtəlif beyin mərkəzlərində bir sıra tədbirlər, sərgilərin keçirilməsi, eyni zamanda türk və başqa dillərdə informasiyaların yayılması nəzərdə tutulub.

 

Bu tədbirdə önəmli fikirlər səsləndirilib. Türkiyə və Azərbaycandan siyasi analitiklər, mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TMBB Tokat millət vəkili Dr.Reşat Doğru, TBMM Adana millət vəkili və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Necdet Ünüvar, Avropa Birliyi məsələlər üzrə nazir müavini Dr. Alaattin Büyükkaya iştirak edirdi.

 

-Təbii, bu, kimi tədbirlərin keçirilməsi əhəmiyyətlidir və hətta deyərdim ki, xüsusi önəm daşıyır. Amma Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Azərbaycan Ermənistanın şıltaqlığına nə zaman qədər dözməlidir?

 

-Fikirlərinizlə razılaşıram. Bu gün Ermənistan işğalçılıq siyasətində əl çəkmək istəmir. Sanki özünü elə təqdim edir ki, müharibə onlara xeyir gətirib. Halbuki, Ermənistanın nəyə nail olduğu ortadadır. Ermənistan müharibədən heç nə qazanmadı və hadisələrin gedişi göstərir ki, işğalçı ölkəni qarşıda bir çox problemlər gözləyir. Mən Ermənistanın vəziyyətini hazırda xəstə insanın halına bənzədirdim. Ağrıların sancısı erməni cəmiyyətində get-gedə özünü açıq aydın göstərəcək.

 

Amma bununla yanaşı hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi erməni lobbisinin yaratdığı mifi dağıtmaq üçün yaxşı vasitədir. Uzun illədir ki, bu problemin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur.  Məqsədimiz problemin əhəmiyyətini və Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Ermənistan əvvəllər özünü dünyaya haqlı tərəf kimi göstərirdi və dünya birliyi proseslərə bir tərəfli yanaşırdı. Çünki erməni lobbisi baş verən proseslərə qədər dünya birliyi ilə sistemli şəkildə çalışırdı. Çaşdırıcı və yalançı təbliğatı ilə özlərinə dəstək də qazanmışdılar. Bu gün isə fərqli mənzərə yaranıb. Bu mənzərənin yaranması, Azərbaycan və Türkiyənin birgə fəaliyyətinin nəticəsidir.

 

-Cəbhə xəttində vəziyyət gərginləşib. Siz bu vəziyyəti necə dəyərləndirirsiniz?

 

-Hadisələri diqqətlə izləyirik. Mətbuatdan izlədiyimiz qədər hər iki tərəfdən itkilər var. Ermənistan rəhbərliyi başa düşməlidir ki, onlar bununla zarafat etməsinlər. Bu Ermənistana baha başa gələ bilər. Güclü Azərbaycan ordusu istənilən zaman Ermənistana sərt cavab verə bilər.

 

Türkiyə qardaş Azərbaycanın yanındadır və problemin həlli məsələsində Azərbaycanın tutduğu prinsipial mövqeyindən geri çəkilən deyil. Beynəlxalq təşkilatlar hərəkətə keçməlidir. Ermənistanın işğalçı və təcavüzkar siyasəti beynəlxalq səviyyədə tənqid olunmalıdır. Dünya birliyi BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi gerçəkləşməlidir. Bölgədə təhlükəsizliyin açarı və qarantı Qarabağ probleminin həllindən keçir.

 

 

 

Elnur Eltürk

 

“KarabakhİNFO.com”

24.01.2014 15:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*