Azərbaycanca

“Beynəlxalq təşkilatlar Sərsəng su anbarını nəzarətə götürsün”

24.09.2013 | 17:02

1380027633_dsc02372Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri doktoru Çingiz İsmayılovun Sərsəng su anbarının ekoloji fəsadları ilə bağlı  “Karabakhinfo.com” beynəlxalq elektron jurnalına müsahibəsini təqdim edirik.

-Sərsəng su anbarının bu gün hansı təhlükəli fəsadları var?

 

– Artıq 20 ildən çoxdur ki, Tərtər və ətraf rayonların sakinləri Sərsəng su anbarının suyunun cəmi 2-3 faizindən istifadə edə bilirlər. Ermənilər yayda çox cüzi həcmdə, qışda isə böyük həcmdə su buraxırlar. Bu da təbii ki, ekoloji tarazlığı pozur. Əvvəla, suyun olmaması süni quraqlığın güclənməsinə səbəb olur. Quraqlığın da güclənməsi bitki aləminin qıtlığını yaradır. Burada demək olar ki, ekoloji diversiya olub. Yəni ermənilərin (əgər onları insan adlandıra biləriksə) məqsədli şəkildə suyun qarşısını kəsməsi bu torpaqların suvarma işini əngəlləşdirib. Təbii ki, torpaq suvarılmırsa, orada çatlar əməl gəlir, torpağın üst münbit qatı külək vasitəsilə daşınır. Eyni zamanda burada yarğanlar əmələ gəlir, relyef formaları dəyişilir, bitki örütüyünün qıtlığı torpalqarın məhsuldarlığına öz mənfi təsirini göstərir. Həmçinin  suyun daimi olmaması qurunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Deməli, artezian quyular əvvəl 20-30 metrdən çıxarılırdısa, indi 150 metrdən çıxarılır. Bu da nəticədə iqtisadi ziyana gətirib çıxarır. Yəni, əgər əvvələr suvarılan torpaqlarda özbaşına suvarılma aparılırdısa, indi bu iş müəyyən avadanlıqlara elektirik sərf olunaraq həyata keçirlir. Təbii ki, artezian suyun dəyəri axar suyun dəyərindən bahadır. Bu da əldə olunan məhsulun maya dəyərinə təsir edir.

 

Digər problem odur ki, çay vadisində su gəlmədiyi üçün quraqlıq güclənib. Burada insanların ənənəvi əkinçiliklə məşğul olmaq imkanları məhdudlaşdırıldığı üçün çaydan çınqıl daşı çıxardırlar. Bu da çay vadisini yararsız vəziyyətə salıb. Yəni, sabah güclü axın olsa, o çınqılların olmaması çayın daşıb su basmasına gətirib çıxara bilər. Bu da böyük ekoloji probemlərdir. Əlbəttə ki, 20 ildən artıq bu torpaqlar suvarılmadığı, su anbarının texniki baxımdan lazmı səviyyədə olmadığı üçün təhlükələr var. Sabah burada qəza baş versə, qısa müddətə Tərtər və Bərdənin həm yaşayış məntəqələri, həm də əkin sahələri su altında qala bilər. Ona görə, bu həm iqtisadi, həm ekoloji, həm də sosial fəsadlara gətirib çıxara bilər. İndiyə qədər də Azərbaycana böyük məbləğdə ziyan dəyib. Hesablamlar apararaq nə qədər ziyanın dəydiyini öyrənmək lazımdır.

 

-Bu hesablamaları necə aparmaq olar?

 

-Bunu çox sadə hesablamaq olar. Öyrənmək lazımdır ki, əkin sahələri suvarılana kimi məhsuldarlıq nə qədər idi, indi nə qədərdir. İkincisi, orada əldə olunan məhsulların maya dəyərinin əvvəl və indi nə qədər olduğu öyrənilməlidir. Həmçinin baxmalıyıq görək, onda nə qədər əmək sərf olunurdu, indi nə qədər sərf olunur. Sosil baxımdan götürdükdə isə, orada əhalinin əksər hissəsi kənd təsərrüfatı ilə məşğul olurdu.  Amma, indi çox hissəsi bu işlə məşğul deyil. Əhalinin bir hissəsi xidmət sahəsi ilə məşğuldur, bir hissəsi də Bakıya miqrasiya edib. Yəni, bütün bunlar sosial problemlərdir. Bütün bunları nəzərə alaraq orada sosial-iqtisadi fəsadları dərindən öyrənmək lazımdır.

 

– Ermənilər Sərsəng su anbarını tənzimləyə bilməsələr, bu partlaya bilərmi? 

 

– Ermənilər elə gücə malik deyillər ki, Sərsəng su anbarını texniki baxımdan təmir etsinlər. Bunun üçün nə savadlı mütəxəssisləri, nə də imkanları var. Sərsəng su anbarı məqsədli yox, özbaşına da partlaya bilər. Digər tərəfdən də, düşmən dövlətdir deyə bu su anbarını məqsədli şəkildə partlada bilərlər. Yəni, suyun qışda böyük həcmdə buraxılması və yayda bağlanması məqsədlidir. Əgər onlar tənzimləmə sistemini qursaydılar qışda suyu buraxmazdılar,amma, qışda suyu axıdırlar. Əvvəla, yayda buxarlanma çoxdur deyə təhlükə də çoxdur. Qışda yağıntılara görə su artır və onlar üçün təhlükə də artır. Belə olanda da ermənilər artıq suyu tənzimləyə bilmirlər. Onun üçün də öz problemlərini həll etmək üçün qorxurlar və bizə də ziyan vurmaq üçün suyu buraxırlar.

 

-Sərsəng su anbarının birgə istifadəsi nə dərəcədə mümkündür?

 

– Bu mümkünsüz şeydir. Çünki, bunlar özlərinin əldəqayırma hakimiyyətinin legitimliyini göstərmək üçün hər hansı formada bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz əməkdaşlığa açığıq, amma qondarma dövlətlə biz əməkdaşlığa razı deyilik. Yoxsa, sabah əllərində bayraq tutacaqlar ki, Azərbaycan onlarla dövlət kimi əməkdaşlıq edirsə, deməli onları tanıyır. Ermənilər Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı bəyanat yayıblar. Amma, bu bəyanatlar siyasi oyunlardır. Biz çox istərdik ki, beynəlxalq təşkilatlar gəlsin və o bəndi nəzarətə götürsün. Yəni, ekspertlər səviyyəsində dəyərləndirsinlər və suyun tənzimlənməsinə beynəlxalq ekoloji qurumlar nəzarət etsinlər.

 

– Siz bununla bağlı hər hansı beynəlxaq ekoloji quruma müraciət edibsinizmi?

 

– Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) həyata keçirdiyi “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində biz bu istiqamətdə işimizi görürük. Amma, beynəlxalq təşkilatlar da öz maraqlarını güdürlər. Mən 20-dən çox beynəlxalq təşkilata müraciət etmişəm. Almaniyanın beynəlxalq GTC təşkilatı var. İki layihədə mən ekspertəm. O layihələr Azərbaycanda ekoloji problemləri araşdırıb təhlil edir. Mən onlara yazdım ki, gəlin bu məsələdə də iştirak edin. Cavab yazdılar ki, bu onların maraq dairəsində deyil.

 

– İndi orada yerli əhalinin əsas hansı narahatçılığı var?

 

– Yerli əhali bu məsələdən  çox narahatdır. Bizə məktub və müraciətləri var. Biz onların müraciət və məktublarını toplayıb təhlil edirik. Onlarla görüşlərdə bu problemin çıxış yolu ilə bağlı müzakirələr aparırıq. Təqdirəlayiq haldır ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bizim orada keçirdiyimiz “SOS Sərsəng” adlı beynəlxalq konfransda şəxsən özü iştirak edirdi.

 

Bu ilk növbədə Azərbaycanın problemidir, ən əsası da orada yaşayan əhalinin taleyüklü problemidir. Onların həyatı, yaşayışı birbaşa torpaqdan və sudan asılıdır. Əhali artıq o vəziyyətə çatıb ki, müharibənin başlanmasının tərəfdarıdırlar. Deyirlər ki, nə qədər bu əziyyəti çəkəcəklər? Yəni, sərhədyanı bölgədə vəziyyətin ağırlaşması onların müharibə istəklərini gücləndirir. Bu, qıcıqlandırıcı amildir. Ermənilər öz KİV-lərində yazırlar ki, onlar sülh istəyir, Azərbaycan müharibə. Onlar bu suala cavab versinlər ki, niyə biz müharibə istəyirik? Niyə o əhali müharibəyə can atır? Çünki, onların haqları tapdanıb, torpağları məhv olur. Çünki, ata-baba dövründən istifadə etdikləri sudan bu gün istifadə edə bilmirlər. Yəni ermənilər vadar edirlər ki, burada müharibə əhval-ruhiyyəsi yaransın. Emənilər bu haqda düşünməlidirlər. Çünki, onlar sülhlə heç bir ortaq məxrəcə gəlmək istəmirlər. Ermənilər torpaqları işğal ediblər və  görürlər ki, beynəlxalq təşkilatlar buna laqeyiddirlər. Bu səbəbdən də də öz mövqelərindən çəkilmirlər.

 

Fuad Hüseynzadə

 

“Karabakhinfo.com”

24.09.2013 17:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*