Azərbaycanca

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması (2-ci hissə)

16.01.2013 | 14:12

1358330972_-957649423_strasbourg-council-of-europe-fortressDəyərli oxucular!
“KarabakhİNFO.com” e-jurnalı ekslüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

 

Avropa Şurası: Avropa Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mühüm əhəmiyyət kəsb edən bir neçə qərar və qətnamə qəbul

etmişdir. Avropa Şurasının bu qərarlarında bu nüfuzlu beynəlxalq təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi əks olunur. Xüsusi məruzəçi Saytlinqerin 10 aprel 1997-ci il tarixli məruzəsi əsasında [24] 22 aprel 1997-ci ildə Avropa Şurası Parlament Assambleyası “Zaqafqaziyada münaqişələr haqqında” 1119(1997) saylı qətnamə qəbul etmişdir. Abxaziya və Dağlıq Qarabağ münaqişələrinə dair Assambleya qeyd etmişdir ki: “öz təbiətinə görə bu münaqişələr fərqlənsə də, Assambleya qeyd edir ki, onların siyasi nizamlanması 1975-ci il Helsinki Yekun Aktına və 1990-cı il Paris Xartiyasına əsaslanan aşağıdakı prinsiplərin: sərhədlərin toxunulmazlığı, xüsusən çoxmillətli sülhməramlı qüvvələrdən istifadə edərək bu regionda bütün insanların təhlükəsizliyinin təminatı, bütün maraqlı olan tərəflərin danışıqları əsasında Abxaziyaya və Dağlıq Qarabağa geniş muxtariyyət verilməsini, insan hüquqlarına riayət edilməsini nəzərə almaqla, qaçqınların və yaşayış yerlərini məcburi dəyişmiş şəxslərin öz evlərinə qayıtması hüququ və onların reinteqrasiya olunması əsasında münaqişəyə cəlb olunan bütün tərəflərin danışıq predmeti olmalıdır” [25]. Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) xüsusi məruzəçi D.Atkinsonun 29 noyabr 2004-cü ildə təqdim etdiyi məruzəsində (sənəd 10364) qeyd olunur ki, “Azərbaycan ərazisinin mühüm bir hissəsi hələ də erməni quvvələri tərəfindən işğal olunub”. D.Atkinsonun məruzəsində xüsusi qeyd olunur ki, “Azərbaycanın sərhədləri ölkənin 1991-ci ildə müstəqil dövlət kimi tanınması anında beynəlxalq səviyyədə tanınmışdı. Azərbaycanın ərazisinə Dağlıq Qarabağ regionu da daxil idi” (b.5, bölmə III) [26]. Bu məruzənin əsasında AŞPA “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişəyə dair” 1416 (2005) saylı qətnamə qəbul etmişdir. Qətnamədə AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təssüfləndiyi, yüz minlərlə insanın hələ də köçkün olması və acınacaqlı şəraitdə yaşaması, Azərbaycan ərazisinin əhəmiyyətli hissələrinin hələ də erməni qüvvələrinin işğalı altında olduğu və separatçı qüvvələrin hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi bildirilmişdir. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmalara və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edərək bir daha təsdiq etmişdir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik təmizləmələrə və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya qətnamədə Azərbaycan ərazisinin mühüm bir hissəsinin Ermənistan quvvələri tərəfindən işğal olunmasına işarə edərək, təşkilatın hər hansı üzv dövləti tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırlatmış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı Qətnamələrini xatırlatmış və tərəflərin silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət olunmasını tələb edərək, AŞPA Bürosundan ATƏT-in Minsk konfransı ölkələrinin milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu alt komitə yaratmağı xahiş etmişdir [27]. Qeyd edilməlidir ki, AŞPA-nın 1416 saylı qətnaməsi çox böyük əhəmiyyətə malikdir. Belə ki, İslam Konfransı Təşkilatından sonra AŞPA öz qərarında Ermənistanı Azərbaycanın ərazilərini işğal edən dövlət kimi göstərdi və faktiki bu dövləti Azərbaycana qarşı təcavüzdə ittiham etdi və bununla da ermənilərin münaqişə tərəflərinin yanlız Azərbaycan və Dağlıq Qarabağ separatçıları olması haqqında iddiasını təkzib etdi. Ümumiyyətlə, Avropa Şurasının rəsmi sənədlərində Azərbaycan ərazilərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunması faktı dəfələrlə qeyd edilmişdir. Bu prosesin davamı kimi 2006-cı il yanvar ayının 9-da AŞPA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında mərhum Lord Rassel-Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapdı. Lakin Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqe tutması nəticəsində AŞPA-nın 1416 saylı qətnaməsi əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyəti faktiki olaraq Lord Rassel-Constonun vəfatından sonra dayandırıldı. Alt komitənin fəaliyyətinin bərpa edilməsi barədə AŞ PA-da 2011- ci ildə qərar qəbul edilsə də, Ermənistan nümayəndə heyəti alt komitənin işinə qatılmaqdan imtina etmişdir və indiyədək onun fəaliyyətini boykot edir. AŞPA 2008-ci ildə özünün yay sessiyasında bir daha Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərdi. AŞPAnın bu sessiyasında 6 iyun 2008-ci ildə xüsusi məruzəçilər Andreas Herkel və Yevgeniya Jivkova tərəfindən edilmiş “Azərbaycanda demokratik institutların fəaliyyət göstərməsi haqqında” [28] məruzə əsasında 24 iyul 2008-ci ildə 1614 saylı eyniadlı qətnamə qəbul etmişdir. Bu qətnamənin 25.1 bəndində deyilir: “Assambleya hesab edir ki, ölkənin ərazi bütövlüyü

bərpa edilməyənə qədər Azərbaycanda sabit demokratik inkişaf çox çətin olaçaqdır”. AŞPA-nın 1614 saylı qətnaməsinin 25.2 bəndində deyilir ki, “Assambleya BMT-nin Baş Assambleyasının 14 mart 2008-ci tarixində qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında”qətnaməsini nəzərə alır” [29]. Yuxarıda qeyd edildiyi kimi, BMT Baş Assambleyası özünün 14 mart 2008-ci il tarixli qətnaməsində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında hərbi münaqişənin beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsindən öz ciddi narahatlığını bildirir, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verir və işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin dərhal çıxardılmasını tələb edir [22]. Beləliklə, AŞPA BMT Baş Assambleyasının 14 mart 2008- ci il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında”qətnaməsinə öz dəstəyini bildirdi, Dağlıq Qarabağ regionunun ərazi mənsubiyyətini Azərbaycana məxsus olduğunu təsdiqlədi və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin dərhal çıxarılmasını tələb etdi.

 

KarabakhİNFO.com

 

 

16.01.2013 14:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*