Azərbaycanca

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması (4-cü hissə)

09.03.2013 | 12:51

1367055010_elxankiDəyərli oxucular! “KarabakhİNFO.com” e-jurnalı eksklüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT):
Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması (4-cü hissə)

         Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in diqqət mərkəzində saxladığı məsələlərdən biri olmuşdur. Bu təşkilat münaqişənin həlli prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüş və bu istiqamətdə irəliləyişlər əldə olunması üçün müəyyən addımlar atmışdır. 1992-ci ilin fevralında ATƏM-in ilk missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məruzə hazırlamaq məqsədilə Azərbaycana gəldi. Missiyanın məruzəsi Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) fevral ayında Praqa şəhərində keçirilən iclasına təqdim olundu. Bu məruzədə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı bir daha təsdiqlənirdi. YVŞK münaqişənin nizamlanmasına sülh yolu ilə nail olmağın zəruriliyini də bəyan etmişdi. Martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün YVŞK-nin zəmanəti əsasında Dağlıq Qarabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul etdi. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Konfransda ABŞ, Fransa, Almaniya, İtaliya, Türkiyə, Çexiya-Slovakiya, Belarus, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı nəzərdə tutulurdu. 1992-ci ilin mayında ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsi tərəfındən konfransın təşkili və iclasın keçirilməsi şərtləri, eləcə də sədrin səlahiyyətlərini müəyyənləşdirən qərar qəbul olundu. Minsk Konfransının keçirilməsi üçün yaradılan Minsk qrupu münaqişənin həlli prosesində iştirak etməli və nəticədə Minskdə bu münaqişənin həllinə dair yekun sənəd qəbul olunmalı idi [36]. ATƏT-in Nazirlər Şurası Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin genişlənməsinin davam etməsi və bunun nəticəsində əhali arasında əziyyət çəkənlərin və insan tələfatının artması ilə əlaqədar dərin narahatlığını ifadə edirdi. Nazirlər Şurası münaqişənin davam etməsinin və daha da genişlənməsinin regional və beynəlxalq təhlükəsizliyə göstərə biləcəyi təsiri nəzərə alaraq, münaqişənin aradan qaldırılması yolları və vasitələrini geniş şəkildə müzakirəyə çıxardı, bütün tərəfləri təmkinli olmağa dəvət etdi. Nazirlər Şurası yenidən ən qəti şəkildə cavabdeh yerli komandirləri onların aktiv iştirakı ilə həyata keçirilməi təcili və effektiv atəşkəsə çağırdı. Siyasi və iqtisadi təzyiq tədbirlərinin dayandırılması da daxil olmaqlaetibarlı mühit və konstruktiv dialoq şəraitinin bərpa edilməsi çağırışı ilə müraciət etdi. Nazirlər Şurasında ATƏM çərçivəsində həyata keçirilən fəaliyyət nəzərdən keçirildi və YVŞK-in qəbul etdiyi qərarlar bütövlükdə bəyənildi. NK bununla əlaqədar gördüyü tədbirlərə görə ATƏM-in fəaliyyətdə olan sədrinə minnətdarlıq ifadə edərək lazım olduqda ona bütün mümkün olan yardımı göstərməyə hazır olduğunu bəyan etdi. Nazirlər Şurası Avropa Birliyi və onun üzv dövlətləri, Müstəqil Dövlətlər Birliyinin üzv dövlətləri, Şimali Atlantika Əməkdaşlıq Şurasının üzvləri və, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfındən həyata keçirilən bir-birini tamamlayan səyləri alqışlayırdı. NK bununla əlaqədar ATƏM-in Fəaliyyətdə olan sədrindən Birləşmiş Millətlər Təşkilatı ilə sıx əlaqə saxlamağı və mütəmadi məlumat mübadiləsi təşkil etməyi xahiş etdi. Razılığa gəlindi ki, ATƏM bu münaqişə ilə bağlı sülh prosesinin inkişafı işində əsas rol oynamalıdır. Həmçinin, Dağlıq Qarabağda və onun ətrafında mövcud olan vəziyyət ATƏM tərəfindən növbəti tədbirlərin həyata keçirilməsini tələb edir. Nazirlər Şurası ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədri cənab İrci Dinstbirə, xüsusilə effektiv atəşkəsin əldə olunması və qorunub saxlanılması, həmçinin məsələnin sülh yolu ilə hərtərəfli nizamlanması üçün çərçivənin yaradılmasına kömək məqsədilə yaxın vaxtlarda regiona səfər etməyi tapşırdı. Nazirlər Şurası qəti əminlik ifadə edirdi ki, ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfrans böhranın ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında sülh yolu ilə nizama salınması məqsədilə danışıqlar üçün fəaliyyət göstərən forumu təmin edəcək. Nazirlər bununla əlaqədar ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədrindən mümkün qədər tez bir zamanda belə konfransı keçirməyi xahiş etdilər. Bundan əlavə nazirlər razılaşdılar ki, Minskdə keçiriləcək bu konfransın iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slovakiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları olacaq. Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa onun Sədri tərəfindən iştirakçı dövlətlərlə məsləhətləşmələrdən sonra dəvət olunacaqlar. ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədri ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfransın sədrini təyin edəcək. Nazirlər Şurası ATƏM-in bütün iştirakçı dövlətlərini və bütün maraqlı tərəfləri beynəlxalq nəzarət altında olan təhlükəsiz dəhlizlər daxil olmaqla surətli və effektiv vasitələrdən istifadə edərək, humanitar yardımla ona ehtiyacı olanların təmin edilməsi üçün bütün lazımi addımların atılmasına təkidlə çağırdı. Nazirlər Şurası Ermənistan və Azərbaycanın ATƏM-in fəaliyyətdə olan sədrinin bu regiona missiyasına, həmçinin ATƏM şurasının razılaşdığı bütün fəaliyyətə tam kömək etmək öhdəliyini nəzərə aldı və məsələnin davamlı, sülh yolu ilə həll olunmasına nail olmaq məqsədilə hər iki tərəfi bu öhdəliyi fəal şəkildə yerinə yetirməyə dəvət etdi [36]. 1994-cü ilin dekabrında Budapeştdə ATƏM üzvü olan ölkələrin

dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşü keçirildi. Zirvə toplantısının iştirakçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini də müzakirə edərək bu barədə qəbul olunmuş sənədlərə müvafiq bölmənin salınmasına razılıq verdilər. Dağlıq Qarabağ münaqişəsinə bu sənədin Regional Məsələlər hissəsində “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi” adlı bölmə həsr edilmişdir. Bu bölmədə tərəflər arasında atəşkəsin əldə edilməsi alqışlanır və ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk Konfransı həmsədrlərinin təyin edilməsi tapşırılmışdır. Sənəddə deyilir:

“Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən təəssüfləndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiyini alqışlayırlar.

Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqləyir və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi alqışlayırlar. Bu məqsədlə onlar münaqişə tərəflərini birbaşa əlaqələr daxil olmaqla məsələnin mahiyyətinə dair daha intensive danışıqlara çağırırlar. Bu mənada onlar ATƏM-in səyləri və köməyini ikiqat gücləndirəcəklərinə söz verirlər. Onlar ATƏMin Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyənir və Rusiya Federasiyasının həlledici yardımını və Minsk qrupunun digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirirlər. Onlar bu səyləri ATƏM çərçivəsində əlaqələndirərək bir araya

gətirmək qərarına gəlmişlər. Bu məqsədlə danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq, həmçinin bütün vasitəçilik və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə, fəaliyyətdə olan sədrə, iştirakçı dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tez hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin etməyi tapşırırlar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM

prinsiplərini və razılaşdırılmış mandatı əsas tutaraq, Minsk qrupunun görüşlərində birlikdə həmsədrlik və fəaliyyətdə olan sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi barəsində Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər. Bu səylər çərçivəsində ilk addım kimi, mövcud atəşkəsin davam etdirilməsinə kömək etmək məqsədilə Rusiya Federasiyasının və Minsk qrupunun digər fərdi üzvlərinin dəstəyilə və onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görülməsini və əvvəllər vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk Konfransını çağırmağa imkan verəcək silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması məqsədilə tezliklə danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə tapşırırlar. Daha sonra onlar Minsk Konfransının həmsədrlərindən, xüsusilə humanitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işi davam etdirməyi xahiş edirlər. Onlar iştirakçı dövlətlər tərəfindən həm

fərdi əsasda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi diqqət yetirmək şərtilə regionun əhalisinə humanitar yardımın

göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edirlər” [37].

Sənəddə münaqişənin həlli üçün sülhməramlı qüvvələrin göndərilməsinin zəruriliyi də öz əksini tapmışdı. Belə ki, sənədə görə onlar razılaşırdılar ki, münaqişə tərəflərinin fikirlərinə uyğun olaraq yuxarıda qeyd olunan sazişin əldə edilməsi həmin

sazişin həyata keçirilməsinin vacib elementi kimi çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verə bilər və silahlı münaqişənin dayandırılması haqqında tərəflər arasında sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsi şərtilə, ATƏM-I çoxmillətli sülhməramlı qüvvələrlə təmin etmək üçün siyasi hazırlıqlarını bəyan edirlər. Onlar fəaliyyətdə olan sədrdən 1992-ci

il Helsinki sənədinin III fəsli əsasında və BMT Nizamnaməsinə tam uyğun olaraq təşkil ediləcək belə qüvvələrin yaradılması, tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə fəaliyyətdə olan sədrə Minsk Konfransı həmsədrləri və Minsk qrupu, həmçinin Baş Katib tərəfindən kömək ediləcək; müvafiq məsləhətləşmələrdən sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-texniki təchizatı, müvafiq altbölümlərin və resursların bölünməsi, güc tətbiq etmək qaydası və qüvvə verən dövlətlərlə razılaşmalar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. Fəaliyyətdə olan sədr Birləşmiş Millətlər Təşkilatının texniki məsləhət və ekspertiza yardımının göstərilməsinə hazır olması haqqında etdiyi bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək

üçün müraciət edəcək. O, həmçinin, ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq”. Belə hazırlıq işini və 1992-ci il Helsinki sənədinin III fəslinin

müvafiq müddəalarına əsasən və tərəflər arasında razılığın əldə olunmasından və onların Minsk Konfransının həmsədrləri vasitəsilə fəaliyyətdə olan sədrə rəsmi xahişindən sonra Daimi Şura ATƏM-in sülhməramlı əməliyyatının keçirilməsi barəsində qərar qəbul edəcək [37]. ATƏM-in Zirvə Görüşü Minsk Konfransına Minsk qrupunun köməyi ilə mövcud atəşkəsin davam etdirilməsi və sülh sazişinin imzalanması üçün müvafiq tədbirlər görülməsi istiqamətində səylərini artırmağı tövsiyə edirdi. Burada sülh sazişinin imzalanmasından sonra münaqişə bölgəsinə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi də nəzərdə tutulurdu. Budapeşt Zirvə Görüşünün əsas nəticələrindən biri Minsk qrupunda həmsədrlik institutunun yaradılması oldu. Sülhməramlı qüvvələrin müxtəlif dövlətlərin hərbi qüvvələrindən

təşkil olunması barədə qərar Rusiyanın məsələni təkbaşına həll

etmək istəyinin qarşısını aldı. 1996-cı ilin dekabrında Lissabonda ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının növbəti Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas parametrləri müəyyən edilmişdir. Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin

Bəyanatında öz əksini tapmışdir. Bəyanatda qeyd olunur ki:

 “… son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Mən təəssüflə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin səyləri uğurla nəticələnmədi. Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdırılan üç prinsip tövsiyə edilmişdir. Bu prinsipləri Minsk qrupunun bütün üzv dövlətləri dəstəkləyir. Bu prinsiplər aşağıdakılardır:

– Ermənistan Respublikasının və Azərbaycan Respublikasının

ərazi bütövlüyü;

– Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə hüququ verən öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

– bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi. Mən təəssüflə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul edə bilmədi. Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfindən dəstəklənirBu bəyanat Lissabon Zirvə Görüşünün sənədləri daxil ediləcək”.

    Beləliklə, ATƏT bir beynəlxalq təşkilat kimi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın bütün əhalisinin (həm erməni, həm də Azərbaycan icmasının) təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində nizamlanmasının mümkünlüyünü təsdiqlədi. Ermənistan isə ilk dəfə məhz bu sammit zamanı beynəlxalq birliyin ciddi narazılığı ilə qarşılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı. Bu qərarı ilə ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair öz münasibətini müəyyən etdi. 19 noyabr 1999-cu ildə ATƏT-in İstanbul Zirvə Görüşü keçirildiBu Zirvə Görüşünün Bəyannaməsinin 20 və 21-ci maddələri tamamilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdurBəyannamədə qeyd olunur ki:

    “Biz Dağlıq Qarabağ münaqişəsilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır. Biz qəti şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası ümidilə bu dialoqun davam etdirilməsinə çağırırıq. Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin tapılması üçün ən münasib format olan ATƏT-in Minsk qrupu sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfləri bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır” . 2-3 dekabr 2010-cu ildə ATƏT-in Astana Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşündə “Təhlükəsizlik cəmiyyətinə doğru” adlı Bəyannamə qəbul olunmuşdur. Sammit zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin Birgə Bəyanatı da qəbul olunmuşdur. Bu Bəyanatda deyilir ki:

  “ATƏT-in Astanada (Qazaxıstan) keçirilən sammiti ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının Prezidenti D.Medvedev, Fransanın Baş naziri F.Fiyon və Amerika Birləşmiş Ştatlarının Dövlət katibi H.Klinton), Azərbaycan Prezidenti İ.Əliyev və Ermənistan Prezidenti S.Sarkisyan razılığa gəldilər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş daha qətiyyətli tədbirlər görmək vaxtı çatmışdır.

Bununla əlaqədar onlar Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin 2 noyabr 2008-ci il tarixli Moskva və 27 oktyabr 2010-cu il tarixli Həştərxan bəyanatlarına istinad etdilər. Onlar razılaşdılar ki, danışıqlar yolu ilə dinc tənzimləmə regionda sabitliyi və xalqların təhlükəsizliyini təmin edər və onların arasında barışığa nail olmaq üçün yeganə imkandır [40].Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə [4] və 2010-cu il iyunun 26-da Muskokda verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər. Üç həmsədr ölkə dinc tənzimləməyə nail olmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin qəbul edəcəkləri zəruri qərarları dəstəkləyəcəklərini bildirdilər. Onlar Ermənistan və Azərbaycan rəhbərlərini səylərini Əsas prinsiplərdə hələ qalan mübahisəli məsələlərin həlli üzərində yeni qüvvə ilə cəmləşdirməyə çağırdılar və öz həmsədrlərinə münaqişə tərəflərinin bu səylərini həyata keçirmələrinə kömək etmək üçün onlarla işi davam etdirməyi tapşırdılar. Danışıqların keçirildiyi atmosferi yaxşılaşdırmaq üçün tərəflərə müraciətlə onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə addımlar atmağa çağırdılar”. Sənədin mahiyyətindən göründüyü kimi, o daha çox ümumi xarakter daşıyır. Qeyd etmək lazımdır ki, ATƏT münaqişənin nizamlanması ilə məşğul olan və real nəticələrin əldə edilməsi istiqamətində həqiqətən fəallıq nümayiş etdirən beynəlxalq təşkilatdır. Minsk qrupunun fəaliyyəti bu mənada xüsusən yüksək qiymətləndirilməlidir. Bu qurumun fəaliyyəti hələlik real sülhə gətirib çıxarmasa da, etiraf etmək lazımdır ki, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmasında ATƏT-in fəaliyyəti çox vacib rol oynayır. Onu da xüsusi qeyd etmək lazımdır ki, digər beynəlxalq təşkilatlardan fərqli olaraq ATƏT, hər iki tərəfin razılığı ilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə birbaşa məşğul olan təşkilatdır. Ola bilsin ki bu səbəbdən ATƏT münaqişəyə dair daha çox “neytral mövqe“ tutmağa çalışır. Halbuki təcavüzkarla təcavüz qurbanı arasında fərqin qoyulmaması münaqişənin həllinə yox, əksinə uzadılmasına aparır.

   Bununla bərabər, yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, ATƏT-in sənədlərində və ilk növbədə ATƏT-in Zirvə Görüşlərində qəbul olunmuş sənədlərdə:

    – Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi olması

faktı etiraf olunur və təsdiqlənir;

    – Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənir;

    – Dağlıq Qarabağın hüquqi statusunun yalnız Azərbaycanın tərkibində ən yüksək səviyyəli özünüidarəetmə hüququ verən öz müqəddəratını təyin etmə əsasında müəyyən edilməsi vurğulanır;

    – bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyinin zəruriliyi qeyd olunur.

KarabakhİNFO.com

 

09.03.2013 12:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*