Azərbaycanca

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması (5-ci hissə)

24.01.2013 | 15:15

1359026078_euDəyərli oxucular!
“KarabakhİNFO.com” e-jurnalı ekslüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

 

Avropa İttifaqı: Avropa İttifaqı (digər adı – Avropa Birliyi) 27 Avropa dövlətini birləşdirən iqtisadi və siyasi birlik olaraq, müasir dünyada qüvvələrin geosiyasi durumuna böyük təsir göstərən əsas təşkilatlardan biridir. Regional inteqrasiyaya yönəlmiş bu İttifaq Maastrix müqaviləsi ilə 1993-cü ildə Avropa Birliyi prinsipləri əsasında yaranmışdır. Cənubi Qafqaz Avropa Birliyinin sərhədlərinə yaxın olduğu üçün bu regionda baş verən hadisələr Avropa Birliyini narahat etməyə bilməz. Avropa Birliyi beynəlxalq hüququn subyekti qismində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə öz münasibətini açıq şəkildə bildirmişdir. Qeyd etmək lazımdır ki, Avropa Birliyi Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk dəfə olaraq 22 may 1992-ci ildə bəyanatla çıxış etmişdir. Bəyanatda birlik Dağlıq Qarabağ regionunda döyüşlərin intensivləşməsi ilə bağlı dərin narahatlığını ifadə etmiş, erməni və Azərbaycan əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalqlarının, hər iki hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etmələri nəticəsində, eyni səviyyəli mühafizə ilə təmin olunmaq hüququna malik olduqlarını xatırlatmış, azərbaycanlı və erməni əhalisinin fundamental hüquqlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tam şəkildə bərpa edilməli olduğunu bildirmişdir. Birlik tərəfləri təmkinlik nümayiş etdirməyə, ATƏM prosesinə konstruktiv töhfə verməyə və bütün tərəfləri Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi istiqamətində iş aparmağa çağırmışdır. Avropa Birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsilə bağlı 18 iyun 1992-ci ildə növbəti bəyanat qəbul edilmişdir. Təşkilat bu bəyanatda yenə də davam edən döyüşlərlə bağlı öz narahatlığını bildirmiş, Ermənistan və Azərbaycana bir daha müraciət edərək, onları ATƏM-ə daxil olarkən götürdükləri öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə və tərəfləri regionda sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏMin himayəsi altında Minsk Konfransının tezliklə keçirilməsinin zəruri şərtlərinin yaradılmasına çağırmışdır. Avropa Birliyi münaqişə ilə bağlı növbəti bəyanatını 7 aprel 1993-cü ildə yaymışdır. Həmin bəyanatda Birlik və üzv dövlətlər münaqişənin dərinləşməsindən narahatlıq keçirdiklərini, “hərbi əməliyyatların Kəlbəcər və Füzuli rayonları ərazisinə yayılmasından təəssüfləndiklərini” bildirmiş, qoşunların “Azərbaycan ərazilərindən dərhal çıxarılması və bu ərazilərdə döyüşlərin dayandırılması məqsədilə Ermənistan hökumətini Dağlıq Qarabağın hərbi birləşmələri üzərində olan təsirindən qətiyyətlə istifadə etməyə” çağırmışdır. Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni əməliyyatlar keçirməsi qurumu 1993-cü ilin 24 iyun və 3 sentyabr tarixlərində yeni bəyanatlarla çıxış etməyə məcbur etmişdir. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücumları pislənilmiş və qaçqınların sayının həddən artıq çoxalmasından narahatlıq ifadə olunmuşdur. Birlik ATƏM-in Minsk qrupunun bölgədə sülhün əldə edilməsi istiqamətində səylərini dəstəklədiyini bildirmiş və tərəfləri bu prosesin həyata keçməsi üçün əlverişli şərait yaratmağa çağırmışdır. Təşkilat BMT qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb etmiş, silahlı qüvvələrin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarından çıxarılmasının zəruriliyini qeyd emişdir. Bəyanatda həmçinin Ermənistandan Azərbaycan ərazilərinə hücum edən yerli erməni qüvvələrinə yardım göstərməmək tələbi ifadə olunmuşdur. Avropa İttifaqı 9 noyabr 1993-cü ildə yenidən Dağlıq Qarabağ münaqişəsinə dair növbəti bəyanatını qəbul etmişdir. Təşkilat toqquşmaların genişlənməsindən narahatlıq keçirdiyini və qaçqınların sayının artmasının bölgədə gərginliyin çoxalmasına gətirib çıxaracağını vurğulamışdır. Bəyanatda Avropa İttifaqı ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə əhəmiyyət verdiyini təsdiqləmişdir. Avropa İttifaqı silahlı toqquşmalardan qaçmaqla canını qurtaran on minlərlə mülki şəxsin taleyindən, xüsusilə narahat olduğunu ifadə edərək, qaçqınların mövcudluğunun münaqişənin beynəlxalq miqyas alması təhlükəsini artırdığını və bütün regionun sabitliyi üçün təhdid olduğunu bildirmişdir. Avropa İttifaqının Sədrliyi adından 1994-cü ildə münaqişə ilə bağlı bir neçə kommunüke yayılmışdır və bu kommunükelərdə təşkilat bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirmiş və tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməyə çağırmışdır. Göründüyü kimi, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanatlarda ehtiyatlı münasibət nümayiş etdirmiş, təcavüzkar dövlətlə təcavüzə məruz qalan tərəf arasında fərq qoymamış, silahlı hücumların guya Dağlıq Qarabağ erməniləri tərəfindən həyata keçirildiyini iddia etmişdir. Habelə, həmin sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına dair heç bir konkret münasibət ifadə olunmamış və münaqişənin əsl səbəbləri barədə fikir bildirilmir, məsələyə daha çox neytral mövqedən yanaşma nümayiş etdirilmişdir. Bununla belə, Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edən ən əsas hadisələrdən biri 2003-cü ildə baş vermişdir. Təşkilat münaqişənin həlli üçün kommunikasiya xətlərinin açılması müqabilində Azərbaycanın işğal olunmuş rayonlarından 5-nin geri qaytarılmasını təklif etmişdir. Bu təklif uzun müddət müzakirə obyektinə çevrilmiş və hələ də öz aktuallığını saxlamaqdadır. Bu təklif göstərir ki, Avropa İttifaqının həm regional əlaqələri inkişaf etdirmək, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyəti kifayət qədər ciddi xarakter almışdır. Eyni zamanda vurğulamaq lazımdır ki, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı rəsmi mövqeyi Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul etdiyi “Avropa İttifaqının Cənubi Qafqaz üzrə Strategiyası” Qətnaməsində öz əksini tapmışdır [41]. Belə ki, Qətnamədə Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə əlaqələrində suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşdığı diqqətə çatdırılmış, 2-ci maddədə regiondakı mövcud münaqişələr üçün status-kvonun qəbuledilməz olduğu, belə vəziyyətin gərginliyi və döyüşlərin yenidən başlaması riskini artırması vurğulanaraq, 5-ci maddədə Cənubi Qafqaz dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə xələl gətirə biləcək şərtlərin qəbuledilməz olduğu bildirilmişdir. Beləliklə, Avropa Parlamenti öz Qətnaməsində Cənubi Qafqaz dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlət suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, onlara xələl gətirə biləcək hər hansı şərtlərin qəbuledilməz olduğunu vurğulamışdır. Eyni zamanda, Qətnamənin 6-11-ci maddələri məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə həsr edilmişdir. Sənədin 6-7-ci maddələrində Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlar prosesini davam etdirmələri, tərəflər arasında Moskva bəyannaməsinin imzalanması, ATƏTin Minsk qrupunun vasitəçilik səyləri, həmsədr dövlətlərin prezidentləri tərəfindən 2009-cu ilin iyul ayında G8 sammiti zamanı bəyanatın yayılması alqışlanmışdır. Avropa İttifaqı Qətnamənin 8-ci maddəsində Dağlıq Qarabağ müharibəsi nəticəsində öz evlərindən didərgin düşmüş yüz minlərlə insanın hələ də məcburi köçkün kimi qalmasını, onların hüquqlarının, o cümlədən qayıtmaq hüquqlarının, mülkiyyət hüquqlarının və şəxsi təhlükəsizlik hüquqlarının rədd edilməsindən təəssüfləndiyini bildirmiş, tərəfləri birmənalı və qeyd-şərtsiz şəkildə bu hüquqları tanımağa və tezliklə realizə edilməsinə çağırmış, problemin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunlarının Azərbaycanın bütün zəbt edilmiş ərazilərindən çıxarılmasını tələb etmişdir. Qətnamənin 10-cu maddəsində bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla bütün işğal edilmiş ərazilərinin boşaldılmasının, Dağlıq Qarabağın statusunun tam müəyyən edilənə qədər ona aralıq statusun verilməsinin, regionda etnik azərbaycanlıların və etnik ermənilərin dinc yaşaması və əməkdaşlığı üçün keçid çərçivənin yaradılmasının əhəmiyyəti göstərilmişdir. Bütövlükdə, Avropa Parlamentinin qətnaməsi bu qurumun regional təhlükəsizlik məsələləri və regionda mövcud münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövqeyin tam aydınlıq gətirmişdir. Şübhəsiz ki, Avropa Parlamenti qətnamələrinin müddəaları, bir tərəfdən, birbaşa Avropa Birliyinin digər rəhbər orqanlarının, digər tərəfdən isə Avropa Birliyinə üzv olan ölkələrin rəhbərliyinin mövqelərinə böyük təsir göstərir və Dağlıq Qarabağ problem üzrə bü nüfuzlu təşkilatın öz siyasətini formalaşdırır. Qeyd edilməlidir ki, Avropa Komissiyasının sədri Jose Manuel Barrozo 2011-ci ilin yanvar ayında Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilmiş birgə mətbuat konfransındakı bəyanatında və Bakı Dövlət Universitetində etdiyi çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, bu problemin həll edilməməsinin regionda sülh və sabitlik üçün maneə olduğunu diqqətə çatdırmışdır. Avropa Komissiyasının sədri bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və istəyir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin.

 

KarabakhINFO.com

 

 

24.01.2013 15:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*