Azərbaycanca

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması (6-cı hissə)

26.01.2013 | 12:38

1359189433_nato-symvolDəyərli oxucular!
“KarabakhİNFO.com” e-jurnalı ekslüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

 

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO – North Atlantic Treaty Organization): Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli, müvafiq beynəlxalq-hüquqi qiymətin verilməsi hərbi-siyasi təşkilat olan NATO-nun sənədlərində də öz əksini tapmışdır. NATO tərəfindən bu münaqişəyə dair bir sıra qərarlar və qətnamələr qəbul olunub. 2006-cı ilin noyabrında Riqada keçirilmiş NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının sammitinin yekun kommunikesinin 43-cü bəndində postsovet ölkələrində mövcud olan münaqişələrə münasibət bildirilmışdir. Sənəddə Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir [42]. Bu çox vacib bir müddəadır. Avropa ölkələri və Avrasiya üzrə ABŞ dövlət katibinin müavini Daniel Frid qeyd edir ki, “NATO bu haqda ilk dəfə bəyan edir və bu, bölgədə olan dövlətlər üçün vacib siqnaldır”. NATOnun bu mövqeyi 2008-ci ilin aprel ayında Buxarestə keçirilmiş üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində (zirvə görüşündə) bir daha öz təsdiqini tapmışdır. Buxarest zirvə görüşünün yekunu üzrə 3 aprel 2008-ci ildə qəbul olunmuş Bəyannamənin 43-cü bəndində deyilir ki, ”NATO Cənubi Qafqazda və Moldovada regional münaqişələrin saxlanılmasından öz narahatlığını bildirir. Bizim xalqlar Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə öz dəstəyini verirlər. Biz, bu prinsiplər nəzərə alınmaqla, bu regional münaqişələrin dinc yolla nizamlanmasına yönəlmiş tədbirlərə dəstək verilməsinə davam edəcəyik” [43]. Riqada qəbul olunmuş sənədə nisbətən Buxarestdə qəbul olunmuş sənəddə çox vacib bir əlavə var. Sənəddə Cənubi Qafqazda və Moldovada regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının prinsipləri müəyyən edilir. Bunlar Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipləridir. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəzərə almaq lazımdır ki, Azərbaycan rəsmi olaraq hal-hazırda Ermənistanın ərazisinə iddia etmir və heç bir iddia tələbi irəli sürmür. Əksinə olaraq, Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır və Azərbaycanın ərazi bütövlüyünü pozur. Deməli, NATO-nun Buxarest Bəyannaməsinin 43-cü bəndinin mahiyyəti faktiki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ərazi bütövlüyünə dəstək verilməsi və bu münaqişənin yanlız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınmasından ibarətdir. NATO-nun eyni mövqeyi 3 dekabr 2008-ci ildə Brüsseldə NATO-nun baş qərargahında NATO-nun Xarici İşlər Nazirləri səviyyəsində keçirilmiş görüşun yekun kommunikesinin 35- ci bəndində [44] və 4 Aprel 2009-ci ildə Strastburqda – Kelledə NATO ölkələrinin Dövlət və Hökumət Başçılarının sammitinin (zirvə görüşünün) yekun bəyannaməsinin 58-ci bəndində öz əksini tapmışdır. Bəyannamədə qeyd olunur ki, NATO Cənubi Qafqaz ölkələrinin və Moldovanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verməyə davam edir və bu prinsiplər nəzərə alınmaqla bu reqional munaqişələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirlərin dəstəklənməsinə davam edəcəkdir [45]. 19-20 noyabr 2010-cu ildə Lissabonda NATO-nun növbəti sammiti baş tutdu. Bu sammitdə də Azərbaycanın ərazi bütövlüyü yenidən dəstəkləndi. Belə ki, NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon sammitində qəbul olunmuş Bəyannamənin 35-ci bəndində Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldova Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək verilir və bu prinsiplər nəzərə alınmaqla regional munaqişələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirlər dəstəklənir [46]. Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə NATO Baş Katibinin keçmiş xüsusi nümayəndəsi Robert Simmons qeyd edir ki, NATO regionda mövcud olan münaqişələrin nizamlanmasında maraqlıdır və bu istiqamətdə siyasi danışıqları dəstəkləyir. Onun sözlərinə görə, Cənubi Qafqazda olan münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsi NATO-nun Lissabon sammitində qeyd olunmuşdur [47]. Faktiki olaraq, NATO-nun bu mövqeyi bir daha Azərbaycanın dəstəklənməsinə yönəlib. Çox maraqlıdr ki, NATO tərəfindən qəbul edilmiş qərarlarda Azərbaycanın ərazi bütövlüyünə heç bir qeyd-şərt olmadan dəstək verilir və, ümümiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş prinsiplərin sırasında xalqların öz müqəddaratını təyinetmə prinsipinin heç adı belə çəkilmir. NATO Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipləri əsasında görür və bu prinsiplər nəzərə alınmaqla bu regional munaqişələrin sülh yolu ilə nizama salınmasına yönəlmiş tədbirləri dəstəkləyir. NATO tərəfindən qəbul olunmuş sənədlər bir daha sübut edir ki, bu beynəlxalq hərbi-siyasi təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəkləyir. NATO-nun keçmiş Baş Katibi Yaap de Hoop Sxeffer NATO-nun bu mövqeyini bir daha təsdiqlədi. O, Azərbaycan prezidenti ilə görüşün nəticələrinə dair 29 aprel 2009-cu ildə keçirilən mətbuat kofransında bəyan etdi ki, NATO-nun üzvü olan 28 ölkə hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli ”suverenlik və ərazi bütövlüyü prinsipinə əməl edilməsi əsasında tapılmalıdır”[48]. Baş Katib qeyd etmişdir ki, “NATO Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirak etməsə də, hesab edir ki, onun nizamlanmasında ərazi bütövlüyü prinsipi sual altına alınmamalıdır” [49]. Belə bir nəticəyə gəlmək olar ki, NATO tərəfindən qəbul olunmuş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu münaqişənin nizamlanmasının beynəlxalq-hüquqi əsasını təşkil edən prinsiplər müəyyən edilir. Bu prinsiplər ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipləridir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir. Bu isə, öz növbəsində, deməkdir ki müasir beynəlxalq hüquqa əsasən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün əyani sübutudur. Bir dövlətin başqa bir dövlətə qarşı təcavüzü ən ağır beynəlxalq-hüquqi cinayət sayılır və təcavüz etmiş dövlətin beynəlxalq-hüquqi məsuliyyətini yaradır.

 

26.01.2013 12:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*