Azərbaycanca

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması

15.01.2013 | 12:35


1367055010_elxankiDəyərli oxucular!

“KarabakhİNFO.com” e-jurnalı ekslüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

 

Azərbaycana qarşı təcavüzə və Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyət daşıması heç bir şübhə doğurmur. Ermənistan Respublikası beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini kobud şəkildə pozaraq, nəinki sülhə və beynəlxalq təhlükəsizliyə qarşı cinayət sayılan və beynəlxalq hüquqa görə təcavüzkarın ciddi məsuliyyətini yaradan müharibəyə başladı və Azərbaycanın 20% ərazisini işğal etdi. Bu fakt ən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) kimi beynəlxalq dövlətlərarası təşkilatların Dağlıq Qarabağ münaqişəsinə aid qərarlarında öz əksini tapmışdır. Bununla bağlı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə aid BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini göstərmək olar.

 

Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınmasıBirləşmiş Millətlər Təşkilatı: BMT-nin Təhlükəsizlik Şurası 30 aprel 1993-cü ildə özünün qəbul etdiyi 822 (1993) saylı qətnaməsində Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurası Sədrinin 29 yanvar və 6 aprel 1993-cü ildə edillmiş bəyanatlarına istinad edərək və BMT Baş Katibinin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq, regionda sülhə və təhlükəsizliyə təhlükə yaradan vəziyyətdən narahat olduğunu bildirərək, regionda, xüsusən Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətdən və çoxlu sayda mülki şəxslərin yerdəyişməsi ilə bağlı dərin narahatlığını bildirərək, regionda bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətini təsdiqləyərək və bununla yanaşı beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyərək, bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal çıxarılmasını tələb etdi [11]. BMT Təhlükəsizlik Şurasının bu qətnaməsi böyük siyasi və hüquqi əhəmiyyətə malikdir. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bu BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən ilk qətnamədir.

İkincisi, bu qətnamədə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair münasibətinin ilk cizgiləri müəyyən edilib. Belə ki, qətnamədə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikası və

Ermənistan Respublikası arasında münasibətlərin pisləşməsi ilə bağlı öz dərin narahatlığını bildirir. Çox guman ki, burada bu münaqişənin dövlətlərarası münaqişə olduğuna işarə edilir. Üçüncüsü, bu münaqişənin xarakterinə qiymət verilir və bu münaqişə regionda sülhə və təhlükəsizliyə təhlükə yaradan hal kimi qiymətləndirilir. Dördüncüsü, bu regionda olan bütün dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təsdiqləyir. Beşincisi, ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyir. Bununla da BMT Təhlükəsizlik Şurası gücdən istifadə etməklə başqa dövlətin ərazisinin əldə edilməsinin yolverilməzliyinin hüquqi əsasını müəyyən edir. Məhz bu hüquqi əsas BMT Təhlükəsizlik Şurasına Azərbaycanın bütün işğal edilmiş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılmasının tələb edilməsinə imkan yaratdı. BMT-nin Təhlükəsizlik Şurası 29 iyul 1993-cü ildə qəbul etdiyi 853 (1993) saylı qətnamədə Azərbaycanın Ağdam rayonunun zəbt edilməsini qeyd edərək, yenidən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləmişdir. BMT TŞ eyni zamanda beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyərək, Ağdam rayonunun və Azərbaycan Respublikasının digər rayonlarının işğal edilməsi faktını pislədi və işğalçı qüvvələrin Ağdam rayonundan və bütün digər işğal edilmiş Azərbaycan rayonlarından dərhal, tam və şərtsiz çıxarılmasını tələb etdi. BMT Təhlükəsizlik Şurasının bu qətnaməsinin 9 bəndində “Azərbaycanın Dağlıq Qarabağ regionunun erməniləri” ifadəsi əks olunub və bunu xüsusi qeyd etmək çox vacibdir [12]. Birincisi, bu ifadə Dağlıq Qarabağın Azərbaycanın region olması faktını açıq-aşkar təsdiqləyir. İkincisi, burada yaşayan əhali, ermənilərin iddia etdiyi kimi, mövcud olmayan “Dağlıq Qarabağ xalqı” yox, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin, yəni erməni icmasının olduğunu təsdiqləyir (bu regionda yaşayan əhalinin digər hissəsini, Ermənistan Respublikasının silahli qüvvələri tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində, öz doğma yurdlarından qovulmuş və hal-hazırda didərgin həyatı yaşayan Azərbaycan icması təşkil edir). Üçüncüsü, bu qətnamədə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində öz əksini tapmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin pisləşməsi ilə bağlı öz dərin narahatlığının bildirilməsi” ifadəsinə “onların arasında artan gərginlik” sözlərini də əlavə

olunmuşdur. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsinin, öz təbiətinə görə, məhz dövlətlərarası münaqişənin olması faktının getdikcə daha aydın təsəffür etməsini əks etdirir. Dördüncüsü, əgər BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində “regionda, xüsusən Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətdən və çoxlu sayda mülki şəxslərin yerdəyişməsi” ilə bağlı dərin narahatlığını bildirilirdisə, artıq bu ifadə daha da dəqiqləşdirilir və göstərilir ki, “regionda fövqəladə humanitar vəziyyətdən və Azərbaycanda çoxlu sayda mülki şəxslərin yerdəyişməsindən” dərin narahatlığını bildirir. Bununla da bu sənəddə göstərilir ki, əsasən Azərbaycan mülki əhalisi “yerdəyişməyə”, əslində isə etnik təmizlənməyə məruz qalıb. Beşincisi, əgər BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində bu regionda olan bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi təsdiqlənirdisə, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində, ilk növbədə Azərbaycanın, sonra isə regionda olan digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi təsdiqlənir. Lakin hərbi əməliyyatların bütövlükdə Azərbaycanın ərazisində

aparıldığını nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, burada söhbət əsasən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsindən gedir və bu amili BMT-nin Təhlükəsizlik Şurası xüsusi vurğulayır. BMT-nin Təhlükəsizlik Şurası 14 oktyabr 1993-cu ildə özünün qəbul etdiyi 874 (1993) saylı qətnaməsində yenidən Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyərək və Azərbaycanda çoxlu sayda mülki şəxslərin yerdəyişməsi ilə bağlı öz ciddi narahatlığını bildirərək, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qüvvələrinin çıxarılmasına çağırdı. Bu qətnamənin preambulasında həm də “Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında münaqişə” ifadəsi öz əksini tapmışdır [13]. Bu ifadənin çox vacib əhəmiyyəti var. Burada söhbət təkcə

Dağlıq Qarabağ regionunda olan münaqişədən getmir, həm də “onun ətrafında münaqişədən” gedir. Nəzərə alsaq ki, Dağlıq Qarabağın Ermənistanla heç bir ümumi sərhədi yoxdur, və Dağlıq Qarabağ regionu digər Azərbaycan torpaqları ilə əhatə olunur, belə bir nəticəyə gəlmək olar ki, söhbət artıq təkcə Dağlıq Qarabağdan yox, Ermənistan-Azərbaycan münaqişəsindən, daha doğrusu Ermənistanın Azərbaycana qarşı təcavüzündən gedir və bu fakta dolayısı olaraq qətnamədə işarə edilir. BMT-nin Təhlükəsizlik Şurası 12 noyabr 1993-cu ildə özünün qəbul etdiyi 884 (1993) saylı qətnaməsində, Azərbaycanın Horadiz şəhərinin və Zəngilan rayonunun işğalını narahatçılıqla qeyd edərək, Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, həm də beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyini təsdiqləyərək, böyük sayda mülki şəxslərin son yerdəyişməsi halı və Horadiz şəhərində və Zəngilan rayonunda və Azərbaycanın cənub sərhədində yaranan fövqəladə humanitar vəziyyət ilə bağlı öz ciddi narahatlığını ifadə edərək, Horadiz şəhərinin və Zəngilan rayonunun işğal edilməsini, dinc əhaliyə hücumları və Azərbaycan Respublikası ərazisinin atəşə tutulmasını pislədi və işğalçı qüvvələrin Zəngilan rayonundan birtərəfli çıxardılmasını və ümumilikdə işğalçı qüvvələrin digər işğal olunmuş Azərbaycan rayonlarından çıxardılmasını tələb etdi. Bu qətnamənin preambulasında da “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafında münaqişə” ifadəsi öz əksini tapmışdır. Bundan əlavə, qətnamənin 2-ci bəndində həm də “Azərbaycanın Dağlıq Qarabağ regionunun erməniləri” ifadəsi də əks olunub [14]. Beləliklə, bu beynəlxalq-hüquqi sənədlərin təhlili belə bir nəticəyə gəlmək üçün əsas verir :

– BMT Təhlükəsizlik Şurası öz qətnamələrində birmənalı olaraq Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olmasını təsdiqləyir.

– BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri dəstəklənir. Bu qətnamələrdə digər dövlətlərin ərazisinin əldə edilməsi üçün gücdən istifadə olunmasının yolverilməzliyi xüsusi vurğulanır və erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinin işğalı və dinc əhaliyə qarşı hücumlar qətiyyətlə pislənir.

– BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxardılması tələb olunur.

BMT Təhlükəsizlik Şurası ilə yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair BMT Baş Assambleyası tərəfindən də bir neçə mühüm əhəmiyyətli qətnamə və qərar qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi BMT Baş Assambleyasının qətnamələrində də öz əksini tapmışdır. Belə ki, BMT Baş Assambleyası tərəfindən, baş komitələrə vermədən, qəbul olunmuş 16 yanvar 1998-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatı və Avropada Тəhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq haqqında” A/RES/52/22 saylı qətnamənin 16-cı bəndində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ region və onun ətrafında olan münaqişə” ifadəsi əks olunmuşdur [15]. Analoji ifadə BMT Baş Assambleyası tərəfindən 9 fevral 2000-ci ildə qəbul olunmuş А/RES/54/117 (bənd 16) [16], 2 mart 2001-ci ildə qəbul olunmuş А/RES/55/179 (bənd 15) [17], 14 fevral 2002-ci ildə qəbul olunmuş A/RES/56/216 (bənd 21) [18], 6 fevral 2003-cü ildə qəbul olunmuş A/RES/57/298 (bənd 26) qətnamələrdə öz əksini tapmışdır [19]. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və bu münaqişə nəticəsində humanitar sahədə yaranmış ağır nəticələrin aradan qaldırılmasına dair BMT-nin Baş Assambleyası özünün 48-ci sessiyasının 20 dekabr 1993-cü ildə keçirilmiş 85-ci plenar iclasında “Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” qətnamə qəbul etmişdir (sənəd A/RES/48/114) [20]. Bu sənəddə ilk dəfə BMT səviyyəsində etiraf edilir ki, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda humanitar vəziyyət ciddi şəkildə pisləşmiş və Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı bir milyonu

keçmişdir. BMT Baş Assambleyası 7 sentyabr 2006-cı ildə keçirilmiş 61- ci sessiyasının 98-cı plenar iclasında 60/285 saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə qəbul etmişdir. Bu qətnamə erməni işğalçılarının Qarabağda və ona

bitişik olan ərazilərdə törətdikləri yanğınlarla bağlı yaranmış vəziyyətə həsr olunmuşdur (sənəd А/60/L.60/Rev.2). BMT Baş Assambleyasının bu qətnaməsinin həm adında, həm də mətnində “Azərbaycanın işğal olunmuş əraziləri” ifadəsi öz əksini tapmışdır [21]. Qətnamənin adı çox məqamlardan məlumat verir. Qətnamənin adından göründüyü kimi bu sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı etiraf edilir. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi həm də BMT Baş Assambleyasının 14 mart 2008-ci ildə keçirilmiş 62 sessiyasında qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” (sənəd A/62/L.42) adlı qətnaməsində də öz əksini tapmışdır. BMT Baş Assambleyasının bu qətnaməsini xüsusi qeyd etmək lazımdır. Qətnamədə onun beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının

suverenliyinə və ərazi bütövlüyünə dəstək verilməsi və daimi hörmət edilməsi qeyd edilir, Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən erməni qüvvələrinin dərhal, tam və şərtsiz çıxarılması tələb olunur. Qətnamədə vurğulanır

ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal olunması nəticəsində yaranmış vəziyyəti qanuni saymamalıdır və belə vəziyyətin saxlanılmasına kömək etməməlidir [22]. Qətnamədə yenidən Azərbaycan Respublikasının beynəlxalq

səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyünün dəstəklənməsinə və suverenliyinə daimi hörmət edilməsi bəyan edilir və Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən erməni qüvvələrinin qeyd-şərtsiz çıxardılması tələb olunur. Bu sənəddə həm də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtması onların ayrılmaz hüququ kimi təsdiqlənir və belə qayıdış üçün müdaxilədən zərərçəkmiş ərazilərin hərtərəfli reabilitasiyası da daxil olmaqla, bütün lazımi şəraitin yaradılması zərurəti qeyd olunur. Bununla yanaşı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmaları üçün normal, təhlükəsizlik və bərabər yaşayış şəraitinin təmin edilməsi zərurəti etiraf edilir. Göstərilir ki, bu regionda Azərbaycan Respublikasının hüdudları çərçivəsində özünüidarəetmənin effektiv demokratik sistemi üçün imkan yaradılacaqdır. Sənəddə həm də xüsusi qeyd olunur ki, Azərbaycan Respublikasının ərazilərinin işğal olunması nəticəsində yaranmış vəziyyətin qanuni olmasını heç bir dövlət tanımamalıdır və belə vəziyyətin saxlanılmasına kömək və ya yardım etməməlidir. Qeyd etmək lazımdır ki, bu qətnamə birdəfəlik xarakter daşımır. Qətnamənin 8-ci bəndində BMT Baş Katibindən bu qətnamənin həyata keçirilməsinə dair hərtərəfli məruzə təqdim edilməsi xahişi əks olunmuşdur. Bundan əlavə, qətnamənin 9-cu bəndi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələni Baş Məclisin 63-cü sessiyasının gündəliyinə salınmasını nəzərdə tutur. Onu da qeyd etmək lazımdır ki, bu qətnamələrlə yanaşı BMT Baş Assambleyası, Ermənistanın və onun himayədarlarının bütün əks hərəkətlərinə, tədbirlərinə baxmayaraq GUAM ölkələrinin təşəbbüsü ilə qaldırılmış keçmiş SSRİ ərazisində dondurulmuş münaqişələr haqqında “GUAM məkanında dondurulmuş münaqişələr və beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa onların təsiri” adlı məsələnin 61-ci sessiyanın gündəliyinə salınması haqqında qərar qəbul etdi [23]. Sonradan bu məsələ BMT-nin Baş Assambleyasının 62-ci, daha sonra 63-cü və 64-cü sessiyalarının və yenidən 65-cü sessiyasının gündəliyinə salındı. Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədlərində:

– Dağlıq Qarabağ Azərbaycanın bir regionu kimi tanınır. BMT-nin sənədlərində birmənalı olaraq Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olması təsdiq edilir;

– Azərbaycan ərazilərinin işğal olunması faktı etiraf edilir;

– aparılmış etnik təmizləmə nəticəsində Azərbaycan əhalisinin qovulmasından sonra Dağlıq Qarabağ ərazisində qalmış əhali mövcüd olmayan “Dağlıq Qarabağ xalqı” kimi yox, “Azərbaycanın Dağlıq Qarabağ regionunun erməniləri” kimi tanınır;

– regionda olan bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazinin əldə edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyi

təsdiqlənir;

– Azərbaycanın işğal olunmuş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur;

– Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına olan ayrılmaz hüququ təsdiqlənir və belə qayıdış üçün müdaxilədən zərərçəkmiş ərazilərin hərtərəfli reabilitasiyası da daxil olunmaqla, lazımi şəraitin yaradılması zərurəti qeyd olunur;

– Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda erməni və Azərbaycan icmaları üçün normal, təhlükəsiz və bərabər yaşayış şəraitinin təmin edilməsi zərurəti etiraf edilir; xüsusi qeyd olunur ki, Azərbaycan Respublikasının ərazilərinin işğal olunması nəticəsində yaranmış vəziyyətin qanuni olmasını heç bir dövlət tanımamalıdır və belə vəziyyətin saxlanılmasına kömək və ya yardım etməməlidir… (davamı var)

 

KarabakhİNFO.com

 

 

15.01.2013 12:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*