Azərbaycanca

Beynəlxalq təşkilatların biganəliyi…

20.06.2013 | 16:42

1371731981_zaurZaur Qəriboğlu

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur  iki dövlət arasında mövcud olduğu üçün beynəlxalq səciyyə daşıyır və bu münaqişənin həll olunmasında bir sıra beynəlxalq təşkilatlar səy göstərir. Qarabağ münaqişəsinin ədalətlə və beynəlxalq hüquq normaları çərçivəsində həll olunması, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınların öz yurd-yuvalarına qaytarılması, erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılması ilk növbədə Azərbaycan xalqının haqlı tələbidir və beynəlxalq ictimaiyyət beynəlxalq hüquq normaları əsasında mövcud beynəlxalq təşkilatlar vasitəsilə bu problemin həllinə çalışmalıdır. Lakin münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana eyni münasibətlə yanaşılmaması, ikili standartların mövcud olması, o cümlədən işğalçı, təcavüzkar dövlətlə təcavüzə qurban olmuş dövlət arasında məhz siyasi mülahizələrə əsasən fərq qoyulmamasına baxmayaraq, Cənubi Qafqaz regionunda münaqişələrin sülh yolu ilə həll olunması üzrə bir sıra beynəlxalq təşkilatlar fəaliyyət göstərirlər.

         Lakin bu təşkilatların fəaliyyətində Azərbaycana qarşı münasibətdə biganəliyin şahidi oluruq. Baxmayaraq ki, Yuqoslaviya hadisələri, Anqola, Liberiya, Sudanda vətəndaş müharibələri; İsraildə, Filippində, Seylonda, xüsusilə Ruanda, Bosniya və Hersaqavinada, Kosova və Metoxidə, Çeçenistanda, qismən Makedoniyada qanlı etnik münaqişələrin həllində onlar həll edici olsalar da  Qarabağ münasişəsində biz bunları görə bilmirik. Bu günə qədər beynəlxalq təşkilatlar  birinci növbədə qəbul etdikləri beynəlxalq qanunlara hörmətlə yanaşmamsı onların mövqeyini tam ortaya qoyur. Bu həmin beynəlxalq təşkilatlardır ki, BMT-nin qəbul etdiyi 4 qatnamənin Ermənistan tərəfindən icra olunmamasına bir dəfə də olsun münasibət bildirməyib, dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına görə bir dəfə də olsun Ermənistanı qınaq obyektinə çevirməyib, soyqırıma belə ikili standartlarla yanaşıblar.

         Necə ola bilər ki, 1945-2006-cı illər ərzində BMT sülhməramlıları 61 sahə missiyasını öz öhdəliyinə götürmüş və regional münaqişələrin sona yetməsi ilə nəticələnmiş, həmçinin 45-dən çox ölkədə insanlara azad və ədalətli seçkilərdə iştirak etmək şəraiti yaratmış, 172 sülhməramlı sazişin həyata keçirilməsində iştirak etmişdir. Ancaq işğal altında qalan, 1 milyondan çox məcburi köçkünü və qaçqını olan, torpaqları viran edilən Azərbaycana gəldikdə BMT qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmir?  Necə ola bilər ki, 1989-cu ilin aprelində Namibiyada əməliyyatlarda, 1991-ci ilə Qərbi Saxarada, 1992-ci ildə Kambocada, 1992-ci ildə Yuqoslaviyada, 1993-cü ildə Somalidə və Ruandada, 1996-cı ilə Haitidə, 1998-ci ildə MAR-da, 1999-2002-ci ildə Şərqi Timorda və 1999-cı ildə Kosovoda aparılan işlər müsbət nəticə verir, onlar təyziq vasitəsindən istifadə edirlər amma bizim 21 illik üzləşdiyimiz müharibədə onlar bir ciddi adım atmırlar. Səbəb isə aydındır. Təəssüf ki, ATƏT də daxil olmaqla qərb institutlarının Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədiyi ikili standart mövqeyi daha çox onların  erməni lobbisindən asılı olması ilə əlaqədar məsələlərdən irəli gəlir. Onlar heç bir halda Qarabağ münaqişəsinə obyektiv mövqedən yanaşmaq istəmirlər. Ona görə də Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərilə bağlı dedikləri fikirlər, ancaq söz olaraq qalır. Əksər hallarda bu sözü də işlətmirlər.

         Yaxud illərdir ancaq ölkələrə səfərlər etməklə məşğul olan ATƏT Kosovoda 1160 və 1199 saylı BMT-nin təhlükəsizlik şurasının qətnamələrinin icrasının həyata keçirilməsi üçün vasitəçilik missiyasını göstərmişdir. Və təyziq yolu ilə bu qətnamələrin icrasına nail olmuşdur. Ancaq Qarabağla bağlı Ermənistanın işğalçı dövlət olduğu qeyd edilən dörd əsas qətnamənin icrasına isə nail ola bilmir. Dnestryanı regionun demokratikləşməsi və demilitarizasiyasında ATƏT-in rolun da danmaq olmaz. Amma nə olsun.

         Millət vəkili, AVCİYA – nın prezidenti Elxan Süleymanov  haqlı olaraq  qeyd edir ki, Azərbaycanda bir blogger tutulanda, bütün beynəlxalq təşkilatlar xarici dövlətlər deyirlər ki, dərhal azad olunsun, amma bu boyda Qarabağ məsələsində biz bunu sadəcə pisləyirik, münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik deməklə kifayətlənirlər. Bu Azərbaycana qarşı biganəlikdən irəli gəlmirmi?  Qarabağ 21 ildir işğal altındadır BMT və ATƏT-in qərarları sadəcə kağız üzərində qalır. Ermənistan tərəfinin buna əməl etməməsinə qarşı isə təyziq mexanizmini işə salmırlar.

         Burdan da aşkar görünür ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlı deyillər və  hətta Azərbaycanın təkidlərindən sonra nəsə etmək istəsələr belə atılan addımlar formal xarakter daşıyır.

“KarabakhİNFO.com”

20.06.2013 16:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*