Bunu deyən Xocalı faciəsi zamanı itkin düşmüş Quliyev Elçin Balaxan oğlunun anası Süleymanova Svetlana Mürsəl qızıdır.
1965-ci ildə doğulan Quliyev Elçin Balaxan oğlu könüllü olaraq cəbhəyə yollanıb. Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Xocalı işğal olunanadək ermənilərə qarşı mübarizə aparıb və döyüş yoldaşları onu sonuncu dəfə faciədən bir neçə saat sonra yaralı vəziyyətdə görüblər. E.Quliyevin sonrakı taleyi barədə məlumat yoxdur.
“Həyat yoldaşım Balaxan Quliyev Xankəndində Pedaqoji İnstitutda müəllim işləyirdi. Biz özümüz Bakıda yaşayırdıq, sonra sonuncu – beşinci qız övladım dünyaya gələndən sonra hamımız Xankəndinə getdik. Uşaqlarım da orada məktəbə getdilər. 1980-ci ildən orada yaşamağa başladıq. Oğlum Elçin 8-ci sinifdə oxuyanda artıq Bakıya qayıtdıq. Sonra o, təhsilini Bakıda davam etdirdi, ali məktəbə daxil oldu. Politexnik İnstitutunun avtomobil nəqliyyatı fakultəsini bitirdi. İxtisasına görə işləyirdi. Qarabağ hadisələri başlayan vaxtdan elə deyirdi müharibəyə gedəcəm. Sonra elə oldu ki, döyüşlər daha da qızışdı və həmin vaxt o cəbhəyə yollandı.
1990-cı ildə Elçin ailə qurdu. Özümüz də bunu israr etdik ki, bəlkə meydanlardan, müharibədən evə yığışa. Yenə də saxlaya bilmədim. 1991-ci il noyabr ayında ilk övladı – qızı olan kimi onu xəstəxanadan gətirib evə yerləşdirdi, sonra yenidən döyüşə getdi.
Özünə çox güvənirdi. Qarabağda – Xankəndində yaşamışdı deyə oraları yaxşı tanıyırdı, həmişə deyirdi bu cür yerləri ermənijyə necə vermək olar? Çox vətənpərvər idi. Sonuncu dəfə fevralın 4-də gəlmişdi. Dedi bizə silah verəcəklər, hərbi qüvvə ilə təmin edəcəklər. Amma sonradan məlum oldu ki, onlara heç nə verməyiblər. Yalnız onu bildik ki, Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Sonuncu dəfə döyüşə gedəndə atasına üstündə bəzi qeydlər yazdığı kağız verib və deyib ki, narahat olsanız məni bu ünvanda axtarın…”Svetlana xanım həmin kağızı göstərir. Kağızda Elçinin özünün döyüşdüyü dəstənin adı, komandirinin adı və digər vacib məlumatlar yer alıb.
“Mən bu kağızı 1992-ci il Xocalı soyqırımı baş verən gün gördüm. Hansı ki, televiziyada Xocalının işğal olunduğu barədə məlumat dedilər, amma o vaxt cəmi 2 nəfərin öldüyünü bildirmişdilər. Həmin vaxt gördüm ki, yoldaşım bu kağız əlində evdə var-gəl edir. Səbəbini soruşdum dedi ki, bəs səndən neçə vaxtdır gizlədirik, Elçin də Xocalıda idi…
Sonra getdik Ağdama, yoldaşım iki gün ərzində Xocalıdan gələn meyitlərə baxmışdı, amma Elçini onların arasında görməmişdi. Elə bir vəziyyətə düşmüşdü ki, bu sonra ona psixoloji təsir etdi və ömrünün sonunadək həmin günün əzabını çəkdi.
Öyrəndik ki, Xocalı faciəsində komandir Aqil Quliyev özü də şəhid olub. Sağ qalanlardan kimi eşidirdiksə, gedirdik məlumat almağa, amma dəqiq məlumat verən olmadı. Yalnız bir nəfər döyüşçü yoldaşı dedi ki, fevralın 26-da faciə baş verəndən sonra səhər saatlarına qədər Elçini sağ görüb, ayağından yaralanıbmış. Avtobusa mindirib aparıldığını görən olub. 2008-ci ildə yoldaşım rəhmətə gedəndən sonra daha maraqlanmadım”.
İndi Elçinin yeganə övladı artıq universitetin 4-cü kursunda oxuyur. Svetlana xanım deyir ki, ona hörmət edirlər, ali məktəbə daxil olanda ödənişli fakultəyə düşmüşdü, atasına şəhid status verildiyinə görə, təhsil haqqından azad etdilər. Universitetdə şəhidlərin şəkilləri arasında Elçinin də şəklini asıblar.
Bu illər ərzində Quliyevlər ailəsi Xocalıda olan döyüşçülərdən kimin sağ qaldığını eşidiblərsə, o adamdan Elçini xəbər almaq üçün müxtəlif bölgələrə, rayonlara gediblər. “Faciədən bir-iki il sonra Göyçaydan bir nəfərin də Xocalıda döyüşdüyünü eşitdim. Ora getdik, həmin adam Elçinin şəklinə baxan kimi dedi ki, mən bu oğlanı traktor bazada görmüşəm. Nəsə bu bir az ağlıma batdı ki, onun ixtisası avtomobil üzrə idi deyə, fikirləşdim ki, bəlkə orada işlədə bilərlər onu. Nəsə bu deyilənə bir az ümidim var…
Amma bunu demək mənim üçün nə qədər də çətin olsa deməliyəm ki, bu vaxta qədər onun sağ qalmasını da heç arzulamıram. Allah bilir ki, indi onun başına nə oyun gətiriblər. Artıq onların sağ qalıb qalması və yaxud da nə vaxtsa dönəcəyi sual altındadı…”
Naibə Qurbanova
“KarabakhİNFO.com”