Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda yazılmış bir neçə sanballı əsərlərin adlarını çəkmək olar. Onlardan Aqil Abbasın “Dolu”, Meyxoş Abdullanın “Əsir qadın” və Balayar Sadiqin “Hünər Simfoniyası” əsərlərinin adlarını çəkmək olar. Bu gün biz B.Sadiqin “Hünər Simfoniyası” poeması haqda danışacağıq. Kitabda Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından bəhs olunur. Şair Mübarizin qəhrəmanlığından danışmağa belə başlayır:
Şərəf libasını geyib sözlərim,
Nur alır ürəyim haqqın özündən.
Bir hünər dastanı açıram, ellər,
Vətənin Mübariz döyüşçüsündən.
– Yaradıcılığınız necə gedir?
– Yaradıcılıq həmişəki kimi öz axarıyla davam edir. Şeirlər yazıram, yeni çapa gedəcək kitablar üzərində işləyirəm.
– Mən sizin bədii zövqünüzə çox inanıram və onu demək istəyirəm ki, bu gün ədəbiyyatımızda “Vətən” mövzusunda yazan şair və yazıçılarımız barmaqla sayılacaq qədərdi. Mən bir yazıçı kimi yox, oxucu kimi deyərdim ki, onlardan biri də sizsiniz. Ümumilikdə “Vətən” mövzusu ədəbiyyatdan nə istəyir?
– Mən onu deyə bilərəm ki, “Vətən” mövzusu tam olaraq bizim ədəbiyyatımıza hələ ki hopmayıb. Publika çoxdu. Vətəndən ev istəyirik, eşik istəyirik amma, heç kim vətənin ağrısından yazmaq istəmir. Amma mən düşünürəm ki, şairin birinci borcu vətəni təbliğ etməkdi. Hər hansı bir qazinin, vətən yolunda şəhid olmuş döyüşçünün döyüş yolunu təbliğ etməyin özü də vətənpərvərlikdi. Əgər insan yoxdursa, vətən yoxdu. Bunu dərk eləmək lazımdı. Vətən nə vaxt vətən adlanır? Vətən o vaxt vətən adlanır ki, üstündə gəzdiyin torpaq varsa, vətən var. Mən bunu bu cür fikirləşirəm. Vətəndə ilk növbədə şəhidlik haqqı üçün vuruşmaq lazımdı. Mən bir şeirimdə demişəm ki:
Gedənlərin qisasını,
Gələnlər aldımı vətən?..
Vətəni ittiham eləmək lazım deyil, o torpağa mənsub olan insanı ittiham eləmək lazımdır.
– Sizin “Vətən” mövzusunda yazdığınız dəyərli əsərlərdən biri də Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş “Hünər simfoniyası” poemasıdır. Tam səmimi deyə bilərəm ki, bir çoxlarının bu əsər barədə məlumatı yoxdu. Gəlin bu gün o əsər barədə danışaq.
– Mən o, poemanı M.İbrahimovun il dönümünə hazırladım. M.İbrahimovun qəhrəmanlığı mənə çox təsir elədi. Mən ümumiyyətlə döyüş haqqında təsəvvürü olan adamam. Mən “barıt” qoxusu hiss eləyən, “səngər”in nə olduğunu bilən adamam. Ona görə də mənim üçün müharibədən yazmaq həm asan və həm də rahatdı. Mən “Vətən” mövzusunda insan öz taleyindən yazdığı kimi yazıram. Bir var ki, eşidəsən və bir də var ki, onu görəsən. M.İbrahimovun qəhrəmanlığı millətin paslanmış qeyrətini ovxarladı, yəni itilədi. Bu poemadan bir hissə “Kaspi” qəzetinin M.İbrahimovla bağlı keçirdiyi şeir müsabiqəsində də yerdə qazanıb. Poemada M.İbrahimovun fonunda müharibənin ağrı-acısı, xilaskarlıq missiyası və Ümumilli lider Heydər Əliyevin gəlişi ilə müharibənin dayandırılmasından da bəhs olunur.
Gəldi Heydər baba,
Ulu Qəhrəman!
Özündən-özünə gəldi,
Səsindən sözünə gəldi.
Ocağından közünə gəldi,
Gəldi,
Öndər gəlişiylə,
Azərbaycan özünə gəldi!
“Vətənpərvərliyi” nə qədər təbliğ eləmişəm onu oxucu deyə bilər. Orda maraqlı deyimlərim çoxdu. Onlardan bir bənd demək istəyirəm:
Söz alışır, yanır dodaq,
Ümid gülür yarpaq-yarpaq.
Gözün aydın, ana torpaq,
Vətən deyib, ölənin var!
Belə bir deyim var: “Torpaq uğurunda ölən varsa, vətəndir”. Mənim aləmimdə “Vətənpərvərlik” vətən üçün yas saxlamaq yox, döyüşçünün həyat yolundan danışmaqdı. Mən bu poemanı yazandan sonra şair dostum Qulu Ağsəsə təqdim etdim. Kitabın redaktorudu. Vasif Qurbanzadə var, gənc naşirdi. Bu kidabı o, dərc elədi. “Vətənpərvər” döyüşçü oğlanlarımız olduğu kimi, belə əsərlərin meydana gəlməsində öz əllərindən gələni əsirgəməyən “vətənpərvər” yazarlarımızda var. Onlara da təşəkkür edirəm!
– Siz əvvəldə qeyd etdiniz ki, siz “barıt” qoxusu hiss etmiş, səngər görmüş adamsınız. Anladığım qədəriylə Qarabağ müharibəsində, siz də döyüşmüsünüz.
– Əlbəttə. Qarabağ döyüşlərində mən könüllü olaraq cəbhəyə yollanmışam və zabit kimi döyüşmüşəm. Mən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabitiyəm. Rütbəm Baş-leytenantdı.
– Belə bir əsərin yazılması ilə bağlı sizə müraciət olundu, yoxsa özünüz yazdınız?
– Xeyr, mövzu var ki, müraciət olunmayıb. Özüm yazmışam. Elə şeylər var ki, bununla bağlı sənə heç nə demirlər. Elə şeylər var ki, sənin ruhunun içini tərpədir. Mən Xocalı hadisəsinə televizorda baxanda ordakı uşaqları görəndə, mən ağladım. Çünki, mənim də uşaqlarım o yaşda idi. Sonra elə mart ayından başladım döyüşlərə. Qarabağ müharibəsinin ağrısıyla bağlı yazılan şeirlərdə o, hadislərin ən ağrılı yerlərini mən bilirəm və mən onları obrazlaşdırıb səmimi şəkildə yazıram.
– Bu gün gənclərdə “Vətənpərvərlik” ruhunun aşılanması üçün ədəbiyyatın rolu sizi qane edir? Və bununla bağlı hansı məsləhətləri verə bilərsiniz?
– “Vətənpərvərlik”in həmişə təbliğata ehtiyacı var. Amma mənə elə gəlir ki, “Vətənpərvərlik” ədəbiyyatdan qabaq evdən başlayır. Bizim kifayət qədər “Vətənpərvərlik” mövzusunda əsərlərimiz var. Gənclərimizə o kitabları oxumağı məsləhət görürəm.
– “Hünər simfoniyası” əsərinizin təqdimatı harda oldu?
– Kitabın təqdimatı “Avrasiya Mərkəzi”ndə oldu. Mərkəzin sədri Ümid Rəhimov bizə qayğı göstərdi. Təqdimatda dostlarla bərabər yeddi millət vəkili, S.Rüstəmxanlı, Q.Paşayeva və başqaları iştirak etdilər. Biz tədbirdən sonra Ümid müəllim və Qənirə xanımla birgə Tovuz rayonunda yerləşən hərbi hissələrdə də görüşlər keçirdik. Əsgərlərimizə kitab hədiyyə etdik. Mən orda gördüm ki, Azərbaycan əsgəri kitabı necə sevinclə qarşılayır. Əsgərlər həmin kitaba böyük bir hədiyyə kimi baxırdı. Orda əsgərin ədəbiyyat təşnəsi olduğunu duydum. Bu gün Azərbaycan əsgəri dövlətimiz tərəfindən tam olaraq hərtərəfli təmin olunur. Amma onun bu təminatının içində mənəvi bir ehtiyacı var o da onun ədəbiyyat ehtiyacıdı, ədəbiyyat yanğısıdı. Əsgərdə ruh yüksəkliyi ədəbiyyatdan və mədəniyyətdən keçir.
– “Vətənpərvərlik” mövzusuyla bağlı gələcək üçün hansı planlarınız var? Bu mövzuda yeni bir əsərlər üzərində işləyirsinizmi?
– Mənim vətənpərvərlik mövzusunda bir neçə əsərlərim var. Onlardan, “Hünər simfoniyası”ndan sonra dərc olunan “Qeyrət qalasıdı vətən sərhədi” adlı kitabım çıxıb. Sərhdəçilərlə bağlıdı və hətta bu kitabı sərhədçilərə hədiyyə eləmişəm. Sonuncu kitabım isə, “Vətən ətirli ömür” adlanır. Bu bizim Ümumilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunub.
– Sonda bizə demək istədiyiniz nəsə qaldı?
– Mən sizin Qarabağ döyüşçüləri ilə, qaziləri ilə yazılarınızı çox maraqla oxuyuram. Sizin “KarabakhİNFO.com” – elektron jurnalı çox dəyərli bir jurnaldı. Bunun özü də “Vətənpərvərlik”dir. Sizə uğurlar arzulayıram və inanıram ki, qələbə bizim olacaq.
Vasif Əlihüseyn
“KarabakhİNFO.com”