Azərbaycanca

Bir Maestro möcüzəsi

07.04.2014 | 13:17

1396861594_niyaziXatirimdədir ki, hələ musiqi məktəbində təhsil aldığım müddətdə sinif otaqlarını görkəmli sənətkarların, bəstəkarların rəsmləri bəzəyirdi. Bu şəkillər arasında fərqli mimikaya, özünəməxsus jestə və sehr saçan obraza malik bir surət diqqətimi xüsusi cəlb edirdi. Sonralar vurğunu olacağım maestro Niyazi ilə tanışlığım belə olmuşdur…  

 

 

Məlumdur ki, ötən əsrin əvvəllərindən başlayaraq, mədəniyyət tariximizdə baş verən mühüm yeniliklər musiqi sənətimizdən də yan keçmədi. Belə ki, Ü.Hacıbəyli məktəbindən qidalanan, onun ənənələrindən bəhrələnən və bilavasitə bu yolu ləyaqətlə davam edən yeni musiqiçi nəsli yetişirdi.   Bu yeni nəsil bəstəkarların arasında öz çoxşaxəli yaradıcılıq və fəaliyyəti ilə musiqi mədəniyyətimizdə müstəsna rolu olan Niyazinin adını da xüsusilə qeyd etməliyik. Niyazi elə insanlardandır ki , mənsub olduğu Qarabağ və ümümulikdə  Azərbaycan mədəniyyətini sözün həqiqi mənasında dünyaya bəyan etdi.   1911-ci ildə dahi Üzeyir bəyin qardaşı oğlu olaraq anadan olsa da, sonralar Qarabağ musiqi ənənəsini eləcədə, milli-klassik  musiqi  formulunu  dünyaya tanıdaraq Maestroya çevrilir. Məlumdur ki, Niyazi gənc yaşlarından xalq ifaçıları ilə sıx təmasda olmuşdur. Və xüsusilə qeyd edək ki, əmisi Üzeyir bəylə olan ünsiyyəti, eləcə də ailədə olan musiqi mühiti onda xalq musiqisinin toplanmasına və yaradıcılıqla işlənilməsinə maraq oyatmışdır. Bu maraq və fəaliyyət nəticəsində Niyazi profesional musiqi mühitində həqiqi mənada yeni məcranın ixtiraçısı  olmuşdur.   Niyazi dedikdə ilk öncə təsəvvürümüzdə dirijor Niyazi və bəstəkar Niyazi olmaqla iki əsas tərəfi canlanır. Məlum olduğu kimi dirijor Niyazi Azərbaycanın bir çox bəstəkarlarının əsərlərinin ilk təfsirçisi kimi, eləcə də avropa bəstəkarlarının əsərlərinin Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük təbliğatçısı olaraq qeyd olunur. Bəstəkar  Niyazi dedikdə isə , ilk olaraq təsəvvürümüzdə “Rast”, “Xosrov və Şirin”, “Çitra”, “Zaqatala süitası”, “Ləzginka” “Arzu” və digər dəyərli, ölməz əsərləri canlanır.   Dirijor və bəstəkarlıq fəaliyyəti ilə yanaşı Niyazi xalq mahnılarının toplanması və nota köçürülməsi ilə də ciddi məşğul olur. Bu mənada, ilk olaraq Ü.Hacıbəyli bir çox xalq mahnılarını nota köçürür, işləyir və M.Maqomayevlə birlikdə 1927-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan türk-el nəğmələri” məcmuəsini çap etdirir. Qeyd edək ki, məcmuədə olan müəyyən mahnılar C.Qaryağdıoğlunun ifasından nota yazılmışdır, nümunələrin bir hissəsi isə Z.Hacıbəyov tərəfində toplanmışdır.   Üzeyir bəy, Z.Hacıbəyov və M.Maqomayevin xalq yaradıcılığı nümunələrinin toplanılması və nota köçürülməsi işini Niyazi sonrakı illərdə davam etdirmişdir. Bu baxımdan, onun C.Qaryağdıoğlunun ifasından nota yazdığı “Rast” və “Şur” muğamlarını da xüsusilə vurğulamalıyıq. Təəssüflər olsun ki, həmin not yazıları nəşr olunmamışdır. Diqqəti cəlb edən məqam olaraq  qeyd edək ki, bu not yazıları  Ü.Hacıbəyli tərəfindən çox yüksək qiymətləndirilmişdir. Bu isə Niyazinin profesionallığının göstəricisi idi.    “Rast” muğamına olan müraciətlərdən  sonra bu muğam musiqiçilər  üçün bir yaradıcılıq laboratoriyasına çevrilir və dahi maestro da adı çəkilən muğamı nota köçürür. 1949-cu ildə isə  bu mövzuya yenidən qayıdaraq, “Rast” simfonik muğamını yaradır. Həmin ərəfədə o, Zülfü Adıgözəlovla da yaxın təmasda olmuş və bilavasitə “Rast” simfonik muğamında istifadə etdiyi “Əlində sazın qurban” xalq mahnısını da onun ifasından yazmışdır.   30-cu illər Konservatoriyanın nəzdində Bülbülün rəhbərlik etdiyi Elmi Tədqiqat musiqi kabinetinə cəlb olunan A.Zeynallı, Q.Qarayev, C.Hacıyev, Z.Bağırov,  M.S.İsmayılov və digər gənc musiqiçilər Azərbaycanın bir sıra rayonlarına gedərək bir çox xalq mahnılarını nota yazmışlar.    Qeyd edək ki,  Niyazi də Lənkəran və Masallı rayonlarına ezam olunur. Həmin müddətdə Niyazi bir sıra xalq mahnılarını nota köçürür. Bu mahnılara nümunə olaraq “Gilas gəlir”, “Şirinəm”, “Sonalar”, “Sevdim dolana”, “Çəmənə gəl, gül oğlan”, “Çoban mahnısı” və digərlərini göstərmək olar. Bundan əlavə, “Aman nənə” və “Dili, dil-dili”  (“Ay dili-dili”) mahnılarının da ilk dəfə yazıya alınması məhz Niyazinin adı ilə bağlıdır. Belə ki, Niyazinin topladığı bu nümunələrin hər biri bizim üçün böyük töhfədir.   Niyazinin talış mövzuları əsasında fortepiano pyesləri silsiləsini də xüsusilə qeyd etmək lazımdır. Məhz bu pyeslərdə topladığı talış mahnılarının mövzusundan istifadə etmişdir.   Bütün bunlarla yanaşı, Niyazinin xalq mahnılarının ilk dəfə olaraq səs və simfonik orkestr üçün işləmələrini də xüsusilə qeyd etmək lazımdır. Şərtsiz olaraq məlumdur ki, Niyazi orkestrin böyük ustası idi və onun “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm”, “Xumar oldum”, “Sarı bülbül”, “Gəl-gəl”, “Gülür ellər”, “Çal oyna” kimi xalq mahnılarının işləmələrində də bu öz təsdiqini tapır. Qeyd edək ki, bu nümunələr say etibarilə çox olmasa da bədii dəyəri olduqca böyükdür. Çünki, bu yaradıcılıq nümunələri həm xalq mahnılarının səs və simfonik orkestr üçün ilk işləmələri olduğu üçün qiymətlidir, həm də bu mahnıların məhz Niyazinin dəst xətti ilə işlənməsi baxımdan dəyərlidir. Burada Niyazi gah müxtəlif alətlərin ustalıqla birləşməsindən, gah solo ifasından, gah da tutti səslənməsindən istifadə etməklə, eyni zamanda alətlərin müxtəlif qruplarının növbələşməsi kimi konbinasiyalar həyata keçirməklə yeni tembrlərin əldə olunmasına və orijinal səslənməyə nail olur. Yəni, orkestrin böyük ustası olan Niyazi bu nümunələri elə mükəmməl orkestr dilinə köçürmüşdür ki, sözün həqiqi mənasında insan heyrətini gizlədə bilmir. Məhz Niyazinin dünya musiqi xəzinəsinə gətirdiyi yenilik də bundan ibarət idi.   Bir çox ifaçılar tərəfindən – o cümlədən Bülbül, R.Behbudov, Ş.Ələkbərova F.Əhmədova, S.Qədimova, M.Maqomayev, F. və X. Qasımovalar və digər müğənnilər tərəfindən ifa olunan bu mümunələr bu gün də bizlərə böyük zövq bəxş edir. Zənnimcə, bu nümunələr bu günün ifaçıları tərəfindən ifa olunsa və öz repertuarlarında geniş yer ayırsalar daha da məqsədəuyğun olar.   İstər sənətşünaslıq nöqteyi-nəzərindən, istərsə də tamaşaçı baxışıyla yanaşsaq şahidi olarıq ki, Maestro Niyazi dirijorluq edərkən  sanki sehrli bir “illuziya –musiqi foksu” və ya sənət möcüzəsi nümayiş etdirir. Əlinin ritmi, musiqiyə olan münasibət , sənətkar xarakteri, əsl yaradıcı simaya xas olan jest və mimikalar bunu deməyə imkan verir. Bu mənada, özündən sonra zəngin xəzinə qoyan Niyazi dəyərli, qiymətli yaradıcılığı ilə hər zaman musiqi tarixində yaşayacaq.    

 

İstifadə olunmuş ədəbiyyat:

 

Rafael Hüseynov– Min ikinci gecə, Bakı 1988.

 

Fəxri Məmmədli,

Sənətşünas-ekspert, Azərbaycan Rəssamlar İttifaqının üzvü.  

“KarabakhİNFO.com”  

07.04.2014 13:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*