Azərbaycanca

“Bişkek Protokolu” – 20 ildir davam edən atəşkəs

27.03.2014 | 15:44

1395920501_492969_6002014-cü ilin may ayında Ermənistanın  Azərbaycan torpaqlarına işğalının qarşısının müvvəqəti alınması üçün Rusiyanın vasitəçiliyi ilə imzalanan Atəşkəs müqaviləsinin 20-ci ili tamam olur. İşğal  nəticəsində təxminən 50.000 insan həlak olmuş, Azərbaycanın bu vilayətə heç bir aidiyyatı olmayan digər yeddi rayonu da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.  Ermənistan (baxmayaraq ki, bu münaqişədə iştirakını inkar edir və burada yalnız “maraqlı tərəf” olduğunu iddia edir) Atəşkəs müqaviləsini imzalamaqla bir daha regionda baş verən müharibədə iştirakçı dövlət olduğunu sübut etmişdir.

 

İlk öncə subyektiv fikirimə görə, “Bişkek Protokolu” yalnız simvolik xarakterə malik sənəd qismində “təsəlli” rolunu oynayır. Fikirimi əsaslandırmaq üçün bildirmək istəyirəm ki, Protokolun imzalanmasında vasitəçi kimi çıxış edən ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun öz qələmindən çıxanlar da protokolun qeyri-obyektivliyi və ciddi hüquqi qüvvəyə malik olmadığına işarədir. “Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə, bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də, Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”-deyə V. Kazimirov xatirələrində yazır.

 

“Bişkek Protokolu” - 20 ildir davam edən atəşkəsBu bizə   “Bişkek Protokolu” sadəcə olaraq, formal hesab oluna bilər” fikirini tam əminliklə deməyə əsas verir. Protokolun əsas mahiyyəti müharibənin dayandırılması üçün müvəqqəti sülh sazişi idi. Rayonlar işğal edilmişdi, kimlərsə bildirirlər ki, həmin rayonlar öz tərəfimizdən verilib, bu, doğru deyil. Türkiyənin tanınan politoloqlarından Turqut Ər o zaman atəşkəs ətrafında baş verən və Bişkek protokolunun imzalanması ətrafındakı siyasi proseslərə şərh verərək yazır: “Adı Bişkek protokolu kimi tanınsa da, bu sənəd Bişkekdə deyil, Bakıda imzalanıb.”

 

Bişkek protokolunun imzalanmasına o zaman Afiyəddin Cəlilov göndərilmişdi. Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi.

 

“Bişkek Protokolu” - 20 ildir davam edən atəşkəsTəklif olunan Protokolun imzanalmasında Bakıya məlumat verilmiş idi ki, Atəşkəsin imzalanması yalnız Azərbaycanla Ermənistan arasında olacaq. O zaman Rusiyanı bu prosesdə təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədri Vladimir Kazimirov imzalanmaya çıxardığı protokola qondarma “Dağlıq Qarabağ Respublikası”nın adını da əlavə etmişdir. Guya ki, atəşkəsi imzalayan tərəflərdən biri də “Dağlıq Qarabağ Respublikası”dır. O zaman qondarma respublikanı danışıqlarda tərəf kimi göstərməyə çalışırdılar. Bunu gördükdən sonra Afiyəddin Cəlilov Bişkekdən birbaşa Heydər Əliyevə zəng vurub vəziyyət haqqında məlumat verdi. Heydər Əliyev də onun gecə geri dönməsini əmr etdi. Həmin gün Afiyəddin Cəlilov da protokolu imzalamadan Azərbaycana geri qayıtdı.

 

Afiyəddin  Cəlilov Bişkeki tərk edəndən sonra Rusiyanın Minsk Qrupundakı həmsədri Kazimirov öz səhvini düzlətmək üçün dərhal  Bakıya gəlir. Bakıda görüş zamanı  Heydər Əliyev “DQR” ifadəsinin dərhal çıxarılmasın tələb edir. Erməni və Azərbaycan icmasının nümayəndələrinin sözünün əlavəsindən sonra Atəşkəs imzalana bilər təklifinə Kazimirov etiraz etmir. Qərara alınır ki, 3 nüsxədə – erməni, rus və Azərbaycan dillərində hazıralanan sənəddə Azərbaycan Prezidentinin təkidli tələbi ilə qondarma “DQR” sözü çıxarılsın və sənədə “erməni və azərbaycanlı icmaları” ifadəsi salınsın. Bundan sonra ekspertlərin iştirakı ilə protokol üç nüsxədə tərtib edildi. Xatırlayıram ki, Heydər Əliyevin təkidli tələbindən sonra Kazimirov Azərbaycan tərəfinin düzəliş etdiyi sənədin hüquqi qüvvəsinin olduğuna dair imza da atdı.

 

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdu.

 

“Bişkek Protokolu” - 20 ildir davam edən atəşkəsO dövürdə Bişkek protokolunun əhəmiyyətini psixoloji cəhətədən Azərbaycan ictimaiyyətinin fikrinə yeridilməsi prosesi gedirdi. Rusiya mətbuatında, xüsusilə də “Независимая газета”, “Новое время”, “Mocковские новости”, “Bpeмя новостей” və “Koмсомольская правда”-da əsas aksent Bişkek protokolunun imzalanmasına, Azərbaycan Respublikasının həmin protokolun müddəalarından kənara çıxa bilməməsinə edilirdi. Ermənistan mətbuatında isə qondarma “Dağlıq Qarabağ Respublikası”nın gah Ermənistan Respublikasına birləşdirilməsi, gah da onun müstəqil dövlət kimi tanıdılmasına səy göstərilirdi. Mövzuya həsr olunmuş yazıların əksəriyyətində ATƏM-in – ATƏT-in və onun Minsk qrupunun gələcək fəaliyyətinə toxunulur, ümidlər bəslənildiyi qeyd olunurdu. Azərbaycan mətbuatında isə Minsk qrupuna həm inanılır, həm də onun əhəmiyyətsiz bir şey olduğu vurğulanırdı. Bu, demək olar ki, bütün mətbuat vasitələrində özünü büruzə verirdi.

 

“Bişkek protokolu” Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində “DQR parlamentinin sədri” Karen Baburyan imza atıblar. İmza prosesi belə yekunlaşmışdır:  Rəsul Quliyev Kazimirovun gözünün qabağında öz əli ilə N.Bəhmənovun adını oraya əlavə etmiş, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş və bundan sonra A.Cəlilovun adının yanında öz imzasını qoymuşdur. Bəhmənovu axtarmağa başlayanda, məlum olur ki, həmin gün o, Bakıda yox imiş. Kazimirov mayın 5-də Bişkekdə 6 iştirakçı tərəfindən imzalanmış və indi R.Quliyevin imzasının əsli və onun öz əli ilə etdiyi düzəlişlər əlavə edilmiş protokolun kserosurətini götürüb Bəhmənovu gözləmədən Moskvaya qayıtmışdı.

Sənəd 12 may 1994-cü ildən qüvvəyə minib.

 

Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda RF XİN arxivlərində saxlanıldığı guman edilir.

 

“Bişkek Protokolu” - 20 ildir davam edən atəşkəsQeyd edək ki, Bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər. “Bişkek protokolu”na əsasən, atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı idi. Sənədə görə, “ən yaxın günlərdə” işğal olunmuş ərazilərin boşaldılması, kommunikasiyaların bərpası və köçkünlərin geri qaytarılmasını nəzərdə tutan “etibarlı sülh sazişi” imzalanmalı idi. Lakin “ən yaxın günlər” əvvəlcə aylar, sonra illərlə əvəzləndi. Lakin Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını özündə ehtiva edən “Bişkek Protokolu” nun müddəalarının tətbiq mexanizmləri də özünü doğrulda bilmədi. ATƏT-in səmərəsiz fəaliyyəti, Rusiyanın birtərəfli mövqe tutuması, ABŞ və Fransada erməni lobbisinin təyziqləri işğal olunan rayonların hələdə də ermənilərin nəzarətində qalması müddətini uzadır.  Sülh yaratmaq prosesindən atəşkəs rejiminə əməl olunmasına qədər hər bir şeyi ATƏT-in Minsk Qrupunun üzərinə qoyublar. Onlar da ya bunun öhdəsindən gələ bilmir, ya da heç  istəmirlər.

 

Eyni zamanda atəşkəs razılaşmasına baxmayaraq, atəş elə də kəsilməyib.

 

Bu isə Azərbaycanın yeni strategiya seçməsinə səbəb yaradan amildir!

 

 

 

Zaur Əliyev,

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi elmlər üzrə fəlsəfə doktoru.

 

 

“KarabakhİNFO.com”

 

 

27.03.2014 15:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*