Azərbaycanca

Biz özümüz də bilmirik ki, televiziyadan nəyi tələb edək

28.08.2013 | 10:39

1377671679_e1Bu gün Azərbaycan televiziyalarının səviyyəsi ürəkaçan deyil və bunu sözügedən sahədə çalışan şəxslər də etiraf edirlər. Bizi narahat edən məsələ isə daha çox telekanallarda hərbi vətənpərvərlik, xüsusən da konkret olaraq Qarabağla bağlı verilişlərin olduqca az olması ilə bağlıdır. Həyə görə Azərbaycan telekanallarında bu mövzuda verilişlər azlıq təşkil edir? Bu və digər məsələlərə televiziya tənqidçisi Elçin Əlibyəli “KarabakhİNFO.com” e-jurnalına müsahibəsində aydınlıq gətirdi.

 

 

– Azərbaycan televiziyalarında bu günün deyil, artıq neçə illərin problemləri var. Yaradıcılıq, mövzu ideya baxımından bunu demək olar. Təkrarçılıq və yeknəsəklik hökm sürməkdədir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, telekanallar özləri veriliş yaradıcılığı ilə məşğul olurlar. Bu isə müəyyən keyfiyyətsiz məhsulların yaranmasına gətirib çıxarır. Yəni, əslində veriliş istehsalı ilə prodakşnlar məşğul olmalıdırlar. Təəssüf ki, bizdə bu ənənə çox zəif inkşişaf edib. Televiziyalar özünün tematik mövzularına görə, tender elan etməlidirlər. Prodakşnlar müəyyyən layihələri ilə bu tenderə qatılmalıdırlar. Ən yaxşı layihə kanal tərəfindən qəbul olunmalı və yayınlanmalıdır. Sözsüz ki, şərtlərə də baxılmalıdır. Prodakşnlara təklif olunan şəxslər bəzi hallarda onları qane eləmir. Bütün bu mexanizm başqa cür qurulmalıdır. Onda biz, artıq keyfiyyət fərqi və maraqlı layihələrdən danışa bilərik.

 

 – Bu gün Azərbaycan televiziyalarında yayımlanan verilişlərin forması əsasən Türkiyə telekanallarından götürülür. Sizcə səbəb nədir ki, biz özümüz niyə yeni layihələrlə çıxış edə bilmirik?

 

– Dünyada televiziyaların bir birindən layihələr götürməsi normal ənənədir. Biz, bunu birmənalı şəkildə qəbul etməliyik. Bu, Rusiya, Türkiyə və digər ölkələrin telekanllarından götürülə bilər. Bu müzakirə mövzusu deyil. Biz, əsasən nədən danışmalıyıq? Hansısa layihə götürülürsə, onun üzərində elə işləmək lazımdır ki, hətta orijinaldan da yaxşı olsun. Əslində qoyulan tələb budur. Sadəcə bizdə əksər hallarda yolavermə halları daha çox müşahidə olunur. Televiziya özü xəbərlər və analtikt proqramlardan başqa veriliş istehsalı ilə məşğul olmamalıdır. Söhbət əyləncəli verilişlər, tok-şoular, filmlərdən gedirsə, onda prodakşnlarla iş prinsipləri qurulmalıdır.

 

 – Azərbaycan televiziyaları hansı ölkələrin televiziyaları ilə rəqabət apara bilər?

 

– Bizim televiziyaların bir problemi də ondan ibarətdir ki – televiziyaşünaslıqda buna “Belçika sindromu” deyilir – Azərbaycan əhalisinin 95 faizi türk dilini, təqribən 50 faizi də rus dilini sərbəst anlayır. Ola bilər ki, bu rəqəmlər düzgün olmasın. Bu isə o deməkdir ki, Azərbaycan televiziyaları Rusiya və Türkiyə televiziyaları ilə rəqabətdədir. Məsələn Gürcüstanda bu yoxdur və bu proses getmir. Gürcüstan televiziyaları güclü televiziyalarla rəqabətdə deyillər, bu amil də məsələyə təsirsiz ötüşmür. Türkiyə və Rusiya telekanalları olmasaydı, onda Azərbaycan telekanalları başqa cür görünərdi. Bizim telekanallar bu telekanalallarla müqayisədə solğun görünür. Məsələnin bir tərəfi budur. Digər tərəfdən isə  Azərbaycanda televiziya işi və fəaliyyəti bir çox hallarda bəlkə də qurulmur. Çünki peşəkar kadrlar çox azdır. Yəni bu gün kanallar özləri məcbur olurlar ki, daxili akademiya, tədris mərkəzləri açsınlar, heç olmasa tələbə yetişdirsinlər ki, peşəkar kadrlar olsun. Amma əslində bu belə olmamalıdır. Azərbaycanda peşəkar televiziya ixtisaslarına təkcə aparıcılıq, jurnalistika daxil deyil. Televiziya sintetik sənətdir və orada bir çox sənətin nümayəndələri çalışırlar. Onların hamısı peşəkar olmalıdır ki, komanda şəklində peşəkarlığa nail olunsun. İcraçı prodüsser, xətt prodüsseri deyilən ixtisaslar var. Hansı ki, onlarsız televiziyada keçinmək mümkün deyil. Bu ixtisasları kim və harada öyrədir? Bu məsələlər var ki, bir komponent çatışmayanda mexanizm işə düşmür. Bizim üzləşdiyimiz problemlər bunlardır.

 

 – Azərbaycanın ən böyük problemi Qarabağla bağlıdır. Televiziyalar da cəmiyyətə istənilən fikri təlqin etmə gücündədir. Belə olan təqdirdə nə üçün Azərbaycan televiziyalarında hərbi vətənpərvərlik-konkret olaraq Qarabağla bağlı verilişlərin sayı yox dərəcəsindədir?Biz özümüz də bilmirik ki, televiziyadan nəyi tələb edək

 

– Bu sualla bağlı təbii ki, telekanallara müraciət olunmalıdır. Ümumiyyətlə mən hesab edirəm ki, Qarabağ problemi təbii, bizim ən böyük probemimizdir, amma bir sıra başqa məqamlar var və onlar daim təbliğ olunmalıdır. Bu, Azərbaycanın siyasi tarixi, tarixi şəxsiyyətlərimiz, coğrafiyamız və sair məsələlərdir. Gəlin gerçəyi qəbul edək ki, bu gün Azərbaycanda kitab oxumaq, məlumat almaq bir o qədər də dəbdə deyil. Televiziya daha çox dəbdədir. Ona görə də burada siz haqlısınız. Lakin bu sual ilk növbədə təbii ki, dövlət tərəfindən maliyyələşən telekanallara verilməlidir. Onlar bu sahədə məqsədyönlü şəkildə işlər görməlidirlər. Bunlar həyata keçirilirmi və ya hansı səviyyədə bu istiqamətdə işlər aparılır? Bu suallar var və təbiidir. Dövlət büdcəsindən maliyyə ayrılırsa, strateji məsələlərə önəm verilməlidir. Məsələ ondadır ki, bizim televiziya yaradıcılığının konsepsiyası mövcud deyil. Yəni televiziyalar özləri də bilmirlər ki, onlardan nə tələb olunur. Biz özümüz də bilmirik ki, televiziyadan nəyi tələb edək? Ona görə də yayım konsepsiyası mövcud olmalıdır və orada öhdəliklər qoyulmalıdır. Məsələn, uşaqların tərbiyəsində bu qədər, yeniyetmələrin tərbiyəsində bu qədər veriliş olmaılıdr. Burada tərbiyə dedikdə hərbi, vətənpərvərlik tərbiyəsindən, bu və ya digər şəkildə tədris proqramlarından söhbət gedir. Kanalların qarşısında bu öhdəliklər qoyulmalı və onlardan tələb olunmalıdır. Artıq onda kanal başa düşəcək ki, bunun üzərində bu öhdəlik var və yerinə yetirilməlidir. Amma gəlin bu məsələ ilə bağlı vəziyyəti tam qara rəngdə görməyək. Bizim bəzi telekanallarımızda Qarabağla, Azərbaycanın tarixi ilə bağlı da müəyyən layihələr olub və indi də var. Amma əlbəttə ki, daha çox olmasını istəyiriksə, yaxud da bu məsələnin daha çox qabardılmasını istəyiriksə bu konseptual olmalıdır. Azərbaycanın faciələri ilə bağlı günlər var ki, biz, onları hər il anırıq. Fikir verirsinizsə, bunlar televiziyalar tərəfindən artıq neçə ildir ki, eyni cür təqdim olunur. Bu isə artıq şablon yaradır. Tamaşaçı eyni materiala nə qədər baxmalıdır? Hər il yeni yaradıcı yanaşma olmalıdır. Bir və maraqlı layihə reallaşdırmaq daha yaxşıdır, nəinki çoxsaylı təkrar materiallara üstünlük vermək. Bu məsələlərdə sözsüz ki, dövlət və ictimai yayım öndə olmalıdır. Çünki onların üzərində daha çox öhdəlik var.

 

 – Son zamanlar ciddi, xüsusən də hərbi vətənpərvərlik verilişlərinin az olmasını reytinqlərlə əsaslandırırlar. Bəzi telekanalr rəsmiləri bildirirlər ki, az baxıldığı üçün belə verilişlərə reklam verən az olur, bu səbəbdən də daha çox əyləncəli verilişlərə üstünlük verməyə məcbur olurlar. Bu, nə dərəcədə əsaslı səbəbdir?

 

 

– Məsələn Rusiyada vaxtaşırı tarixi seriallara üz tuturlar. Marşal Jukov haqqında serial çəkilib. Əslində burada çox güclü vətənpərvərlik, Rusiya təbliğatı var. Bu serialda rus xalqının qələbəsi təbliğ olunur. Bu da serial sevən tamaşaçı üçün bir mesaj idi. Bu bir formadır. Yaxud da başqa müxtəlif formalar var və forma maraqlı olarsa tamaşaçı baxacaq. Reytinq məsələsinin özü də ziddiyyətlidir. Bununla bağlı mənim çox geniş bir təhlil yazım da çıxmışdı. Bir çox hallarda reytinq hesablamalarında çox ciddi səhvlərə yol verilir. Reytinq şirkətlərində belə bir təəssürat yaranır ki, Azərbaycan tamaşaçısı yalnız pis, əyləncəli və yaxud da aşağı səviyyəli verilişlərə baxır. Ona görə də hesab edirəm ki, reytinq məsələsinə kifayət qədər ciddi yanaşılmalıdır və alternativ reytinqlər təqdim olunmalıdır. Alternativ reytinqi də Milli Televiziya və Radio Şurası həyata keçirməlidir. Aylıq hesabat açıqlanmalıdır. Məsələn hansı kanalın hansı verilişləri ideya və məzmun baxımından faydalı və önəmli idi. Yəni belə bir qiymətləndirmə olsa, onda ona da həvəs yaranar. Yəni düşünərsən ki, mənim adım bu siyahıda olsun.

 

 – Televiziyanın milli vətənpərvərlik ruhunun yüksəldilməsində rolu nə qədər önəmlidir?

 

– Televiziyanın çox güclü manipulyativ imkanları var. Televiziya cəmiyyətin yaşam tərzindən tutmuş təfəkkürünə qədər təsir edir və cəmiyyəti istədiyi istiqamətə yönəldə bilir. Bu aksiomadır və sübuta ehtiyacı yoxdur. Vətənpərvərlik məsələsinə gəlincə isə, bunu hesablamaq çətindir. Reallıq başqa şeydir. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda xüsusən də hərbi sahəni seçmək istəyən, zabit arzusunda olan insanların sayı azdır. Bunun da günahkarlarından biri televiziyadır. Çünki Azərbaycan ordusunun, zabitinin obrazı yaradılmalıdır. Məsələn, niyə Əlağa Şıxlınski, Həzi Aslanov haqqında serial çəkilməsin? Hər halda bunlar Azərbaycanın tanınmış generallarıdır və onların taleyini göstərmək olar. Baxın, Azərbaycanda 2 illik cumhuriyyət dövrünü əhatə edən hansısa bədii film və ya bir serial çəkilibmi? Yaxud da televiziyalar müxtəlif sənədli filmlər hazırlayıblarmı? Vətənpərvərliyi də bu cür təbliğ etmək olar. Məsələn “Əli və Hino” əsəri bədii cəhətdən çox güclüdür və dövrünün siyasi mənzərəsini kifayət qədər göstərir. Hesab edirəm ki, onun serial versiyası çox faydalı olardı. Bu məsələdə flaqman rolunu isə dövlət və ictimai televiziya oynamalıdır.

 

Əli Zülfüqaroğlu

 

“KarabakhİNFO.com”

 

28.08.2013 10:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*