Azərbaycanca

Biz yorulduq… bəs ATƏT necə ?

24.06.2013 | 15:38

1372068214_21Anar TURAN

Artıq neçə illərdir ki, adını televiziyadan eşitdiyimiz, yazılı mətbuatdan oxuduğumuz və əminliklə deyərdim ki,  əsəblərimizi tarıma çəkən həm də qonaqpərvərliyimizdən və səmimiyyətimizdən yaxşıca istifadə edən bir beynəlxalq qurum var: ATƏT və onun Minsk Qrupu. Nə qədər qəribə olsa da bizim bu qurumla illərdir mövcud olan davamlı münasibətlərimizə baxmayaraq hələ də xeyrimizə nə bir prinsipal qərar qəbul edilmiş nə də icra olunmuşdur. Ermənistan Azərbaycana qarşı elan etmədiyi müharibənin sayəsində 20 faiz torpaqlarımızı işğal etmiş, milyondan artıq soydaşımızı öz tarixi torpaqlarından didərgin salmış və illərdir təbii sərvətlərimizi istismar etməklə məşğuldur. Hadisələrin bu cür gedişatı ucbatından bütün vətəndaşlarımızda həmçinin dövlətimizdə də ATƏT-in Minsk Qrupunun fəaliyyətinə  inamsızlıq hökm sürür. Çünki, bu qurum uzun illərdir ki Ermənistan hakimiyyətinin yürütdüyü qeyri-konstruktiv siyasətə qarşı açıq və qətiyyətli mövqe ortaya qoymamış və vaxtı uzatmaqla daha dəqiq desək “ baş aldatmışdır” .

            Hələ 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş ATƏT-in görüşündə yaradılan Minsk Qrupuna Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç üzv oldu. 1996-cı ildən isə ATƏT-in Minsk Qrupunun üç həmsədri olan Rusiya, Fransa,  ABŞ sözdə nələrisə etməyə cəhd etdiklərini bildirsələr də konkret olaraq hər hansı qəti addım atmağa tələsənə hələki oxşamırlar.

            ATƏT-in Minsk Qrupu tərəfindən aparılan monitorinqlər, tədqiqatlar və təhlillərin xronoloji fəaliyyəti bizə onu deməyə əsas verir ki, bu qurum üzərinə götürdüyü vasitəçilik missiyasını mandatlarına uyğun şəkildə yerinə yetirə bilmir. Daha doğrusu ortada effektiv şəkildə yerinə yetirilən bir fəaliyyət yoxdur. Bu qurumun təmsilçiləri uzun illərdir ki, gah ölkəmizə gah da Ermənistana gedir mövzuya uyğun olan görüşlər, toplantılar və nəhayət gəzintilər həyata keçirməkdən savayı əllərindən bir şey gəlmir. Təbii ki, onlaın ən çox təşrif buyurduğu ölkə Azərbaycandır. Bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur: ölkəmizin varlı imici, zəngin, maraqlı təbiəti və ən əsası milli xasiyyətimizin ən qabarıq forması olan qonaqpərvərlik …

 Bu yaxında ac ermənilərin onlar üçün açılmış süfrəyə necə hücum etmələri barədə video rolik yayımlandı. Ermənistan hakimiyyəti nə qədər etiraf etməkdən boyun qaçırsa da ermənilərin ac və işsiz duruma düşmələri reallıqdır və dünya da, özləri də bunu yaxşı dərk edir.   Süfrəyə cumaraq yeməkdən ötrü bir-birini az qala ayaqlayan ermənilərdən hansısa xoş münasibəti görməyi bizim bu ATƏT qonaqları təbii ki ağıllarına belə gətirmirlər. Onlar sanki, “harda aş orda baş” prinsipilə hərəkət edənlərə daha çox bənzəyir, nəticəsiz iş apardıqlarına rəğmən daha isti münasibət gördükləri, dəbdəbəli qarşılanıb yola salındıqları Azərbaycandan  vaz keçmək fikrində də deyillər? Biz qonaqlara göstərdiyimiz hər hansı xoş münasibəti başa vuran  millət olmamışıq. Bunu Azərbaycan xalqının yaxın və uzaq tarixinə az-çox bələd olan savadlı insanlar yaxşı bilirlər.

Xalqımızın qonaqpərvərliyi haqqında dünyanın tanınmış səyyahları və alimləri kifayət qədər xoş fikirlər bildirmişlər. Lakin, söhbət axı torpaq məsələsidir. Azərbaycan xalqının haqqı tapdalanıb, torpaqları işğal olunub, maddi-mədəniyyət abidələri dağıdılıb, vətəndaşları didərgin həyat sürürlər. Bütün bu acılara baxmayaraq bu xalq, bu dövlət hələ də səbr edir və etməkdədir. Lakin, nə vaxta qədər etməliyik artıq özümüz də bilmirik. Çünki, ATƏT-in Minsk Qrupu öz yarıtmaz fəaliyyəti ilə bizi elə bir küncə sıxışdırmışdır ki, nə irəli gedə  bilirik, nə də ki, özümüz bu işin həlli yollarını çözməyi planlaşdıra bilirik.

            Bir qədər əvvəlki illərə nəzər yetirsək görərik ki, həmsədr ölkələrin nümayəndələri hər iki ölkələyə səfər edəndə dəfələrlə həm Azərbaycan rəhbərliyi, həm də Ermənistan rəhbərliyi ilə görüşlər keçirib. Amma təəsüflər olsun ki, onların səfərləri hər dəfə protokol qaydalarından kənara çıxmamış və qətiyyətli addımlar atmağa söykənməmişdir.

            Heç kəsə sirr deyil ki, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı tərəflərə yalnız üç plan təklif etmişdir.

            İlk plan 1997-ci ilin uyun ayında Zərf həll variantı olan “Dağlıq Qarabağ Münaqişəsinin Aradan Qaldırılmasına Dair Hərtərəfli Saziş”i olmuşdur. Elə həmin ilin oktyabr ayında Mərhələli həll variantı “ Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Dayandırılması Haqqında Saziş” və 1998-ci ilin noyabr ayında isə Ortaq Dövlət variantı –“ Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Hərtərəfli Həllinin Prinsipləri Haqqında” təklif variantı. Onu da qeyd edək ki, Minsk Qrupunun təklif etdiyi bu həll variantlarının ikisi Ermənistan, üçüncü həll variantı isə Azərbaycan dövləti tərəfindən qəbul edilməyib.

            Hamıya artıq məlumdur ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Qarabağ məsələsinin həlli üçün elə mövqe nümayiş etdirirlər ki, sanki onlar üçün bu problem beşinci, altıncı xarakter daşıyır. Kimlərsə bəlkə də bizim yanıldığımızı  iddia da edə bilər. Lakin illərdir ortada uzun-uzadı get-gəlin olması, qəti bir irəliləyişin olmaması bizə bunu deməyə əsas verir. Hər il Fransa parlamenti, Amerikanın bəzi ştatları,  hətta bu ölkələrin prezidentləri qondarma, heç bir tarixi fakta əsaslanmayan erməni soyqırımını gündəmə gətirir və bir sıra siyasi istiqamətlərdə strateji müttəfiqləri hesab etdikləri Türkiyə dövlətinə belə təzyiq etdikləri halda, Ermənistanın işğalçılıq siyasətini və göstərdiyi açıq-aşkar qeyri-konstruktiv mövqeyə qarşı heç bir qətiyyətli təsir mexanizmini işə salmırlar. Bu da bir daha uzun illər ərzində ATƏT-in Minsk Qrupunun öz fəaliyyəti ilə deyil əksinə fəaliyyətsizliyi ilə yadda qalmasının və bu günədək onlara göstərilən ümid və etimadı heç bir halda doğrultmamasının əyani sübutu.

Belə olan vəziyyətdə ataların yaxşı bir fikri yada düşür: “ Səbr bir ömürlük xəzinədir ki, heç zaman dolmaz.” Amma belə görünür ki bizim artıq bu “xəzinəmiz”ə ləl-cəvahirat qoymağa yerimiz qalmayıb. Çünki, “görünən dağa bələdçi lazım deyil.” Bu, bir danılmaz həqiqətdir ki, BMT-nin işğalçı Ermənistana qarşı qəbul etdiyi qətnamələrinin təsiri olmadığı kimi, ATƏT-in də mövcud problemi həll etmək istəyi effektiv deyil və ümumiyyətlə qeyri-səmimi görünür.

            Bundan isə ən çox yararlanan yenə də ermənilər olur. Onlar özlərinə xarici təsirin, beynəlxalq qınağın zəif olduğunu görüb daha da əl-qol açır və həyasızlaşmaq yolunu tutaraq nəinki kompremisə getmək barədə düşünür, əksinə Xocalıda aeroport tikərək havaya təyyarə qaldırmağa belə addım-addım yaxınlaşırlar. Nəticədə isə bölgədə yenə açıq müharibə şəraiti yaranır. Hansı ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin nizama salınmasında bütün hallarda danışıqlara, sülh variantına üstünlük verilir və bu günə kimi də bu prinsiplərə əməl edilir. Lakin ATƏT həmsədrlərinin loyal və daha çox ikilistandart faəliyyəti nəticəsində regionda real sülh imkanlarının şansı belə demək mümkünsə qaçırılır.

            P. S. Bəlkə də belə vəziyyət ATƏT üçün əlverişlidir. Çünki, gəzmək, dolanmaq, ziyafət məclislərində olmaq onlara sərf edir. Biz isə artıq torpaqlarımızın işğal altında qalmasından yorulmuşuq və bu üzücü reallığın ortadan qaldırılması üçün haqqımızın qaytarılmasını tələb edirik. Lakin beynəlxalq qurumlar da insaf naminə həqiqətin tərəfində olmağı sözdə yox əməldə də həyata keçirməlidirlər. Məsələlərə ikilistandart baxışdan vaz keçilməli, din birliyi və lobbi təəsübkeşliyi kənara atılmalı, məsələyə demokratik rakursdan və ədalət prinsiplərindən yanaşılmalıdır. Əhəmiyyətsiz monitorinqləri, daha çox turist səyahətlərinə bənzəyən gəliş-gedişləri və “ikibaşlı” görüşlər silsiləsinə son qoyub işğalçı ölkəyə konkret təsir mexanizmi işlənib hazırlanmalıdır. Məncə bu, Qərbin dünyaya keçmək istədiyi demokratiya dərsinə daha  çox yaraşardı…!

 Tədqiqatçı-jurnalist,

 “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və İH üzvü,

  Anar TURAN

– See more at: http://karabakhinfo.com/muellif/1617-biz-yorulduq-bs-att-nec-.html#sthash.zkmlS9RE.dpuf

24.06.2013 15:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*