Dəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.
Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.
Allahverdiyev Elxan Kamil oğlu
1966-ci ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq doğma kəndini müdafiə etmək üçün Zəngilan alayının tərkibində təşkil olunmuş taborda xidmət edib. 24 dekabr 1992-ci ildə Zəngilan rayonunun Yuxarı Yeməzli kəndi uğrunda döyüşdə qarın nahiyəsindən ağır yaralanaraq əsir götürülüb.
Elxanın anası – Zəngilan rayonu Yuxarı Yeməzli kənd sakini Qurbanova Pərişan Adış qızı bu məlumatı oğlunun axtarışı zamanı əldə etdiyini bildirib.
Eyni məlumatı bacısı Allahverdiyeva Mirvari Kamil qızı, əmisi Allahverdiyev Allahverdi Abış oğlu və Elxanın xidmət etdiyi hərbi hissənin taqım komandiri Quliyev Nadir İsmayıl oğlu da təsdiq ediblər.
Əsirlikdən qayıdanlar Elxanın Yerevan şəhərində saxlandığını deyiblər.
Allahverdiyev Famil Heydər oğlu
1964-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Dalqılınclı kəndində anadan olub. Kəlbəcər Rayon Yol Polisi İdarəsində işləyib. Qarabağ müharibəsi başlayan gündən torpaqların müdafıəsi uğrunda döyüşlər də iştirak edib. 26 yanvar 1994-cü ildə Kəl-bəcər rayonunun Çiçəkli yüksəkliyi uğrunda döyüşdə həlak olmuşların meyidlərini götürmək üçün geri qayıdan zaman əsir götürülüb.
Əsirlərin dəyişdirilməsi ilə məşğul olmuş Albert Voskanyan Allahverdiyev Familin əsir götürülərək Xankəndi şəhərində yerləşən alayda saxlandığını bildirib. Bu məlumatı onun qardaşları Kəlbəcər rayonu Dalqılınclı kənd sakinləri – Gəncə şəhəri, 22 saylı də-miryol internat məktəbində məskunlaşmış Mikayılov Fəxrəddin Heydər oğlu və Bakı şəhəri, Azadlıq küçəsi 161A ünvanda yerləşən Bakı Kooperativ Texnikumunun 2 saylı yataqxanasında məskunlaşmış Mikayılov Sabir Heydər oğlu verib.
Döyüş yoldaşı-Kəlbəcər rayonu Armudlu kənd sakini, Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmış Ağayev Abdulla Hadı oğlu ərizəsində Familin ermənilər tərəfindən əsir götürüldüyünün şahidi olduğunu göstərib. Onun dediyinə görə, ermənilər radioəlaqə yaradaraq Famil adlı polis işçisini əsir götürdüklərini bildiriblər.
Əsir Ağalarov Yaşarın atası-Goranboy rayonu Xanqərvənd kənd sakini Ağalarov Musa oğlunun axtarışı ilə bağlı əldə etdiyi, Xankəndi alayının qərargah rəisi Armais Saakyanın da imzası olan siyahıda 36 azərbaycanlı hərbi əsirin, həmçinin Allahverdiyev Familin də adı var. Onun Xankəndi şəhərində saxlandığı göstərilib. Qarşı tərəf həmin əsirləri jurnalist Salatın Əsgərovanın qətlinin təşkilatçısı, «Napoleon» ləqəbli Arkadi Ayriyanla dəyişmək istədiklərini bildiriblər. Lakin Famili azad etmək mümkün olmayıb.
Allahverdiyev Mahir Novruz oğlu
1975-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhəri işğal olunan gün ailə üzvləri ilə birlikdə Ağdam rayonu istiqamətinə qaçıblar. Naxçıvanik yolundakı meşədə ermənilər tərəfindən mühasirəyə düşərək girov götürülüblər.
Mahirin həmyerlisi, Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış Əzimov Abbasqulu Şahmar oğlunun verdiyi məlumata görə, Xocalı işğal olunan gecə həyat yoldaşı və oğlanları ilə ərazini tərk edən zaman qonşuları-Qaz İdarəsində işləyən Allahverdiyev Novruz, onun kor atası Saleh kişi və oğlu Mahir də onlarla olub. Yolda Allahverdiyevlər gecəni meşədə keçirməyi qərara alıb. Abbasqulugil isə Ağdam istiqamətində yollarına davam ediblər. Həmin vaxtdan indiyə kimi onlar bir daha görüşməyiblər.
Bu faktı onların həmkəndlisi Əzimov Aydın Abbasqulu oğlu da təsdiq edib. Deyilənə görə, Allahverdiyev Mahir və onun ailə üzvləri Dağlıq Qarabağda saxlanılıblar.
Allahverdiyev Novruz Saleh oğlu
1947-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal olunan gün ailə üzvləri ilə birlikdə Ağdam rayonu istiqamətinə qaçıblar. Naxçıvanik yolundakı meşədə ermənilər tərəfindən mühasirəyə düşərək girov götürülüblər.
Novruzun həmyerlisi, Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış Əzimov Abbasqulu Şahmar oğlunun verdiyi məlumata görə, Xocalı işğal olunan gecə həyat yoldaşı və oğlanları ilə birlikdə ərazini tərk edən zaman qonşuları-Qaz İdarəsində işləyən Allahverdiyev Novruz, onun kor atası Saleh kişi və oğlu Mahir də onlarla olub. Yolda Allahverdiyevlər gecəni meşədə keçirməyi qərara alıb. Abbasqulugil isə Ağdama tərəf yollarına davam ediblər. Həmin vaxtdan indiyə kimi onlar bir daha görüşməyiblər.
Bu faktı onların həmkəndlisi Əzimov Aydın Abbasqulu oğlu da təsdiq edib. Allahverdiyev Novruzu və onun ailə üzvlərini bir daha görən olmayıb. Deyilənə görə, onlar Dağlıq Qarabağda saxlanılıblar.