Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-14)

02.04.2013 | 14:11

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 


Babayev Məhərrəm Əşrəf oglu

1955-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayo­nunun İmambinəsi kəndində anadan olub. 16 fevral 1993-cü ildə kolxozun mal-qarasini otararkən Əsədov Xaməmməd Mədət oğlu ilə Həsənriz (Aterk) kəndi yaxınlığında ermənilər tərəfindən girov götürülüb. Fevral ayının 27-də özləri ailə üzvlərinə məktub yazıb, Xankəndində girov saxlandıqlarını və Sevyan ailəsinin 4 üzvünü tapıb onların dəyişdirilməsini xahiş ediblər.

Erməni girovluğundan qayıtmış Cəfərov Xasay Ağamalı oğlunun dediyinə görə, Xankəndində saxlandığı zaman onları ağır fiziki işlərə cəlb ediblər. Növbəti dəfə işə gedərkən bir erməni ona yaxınlaşaraq əslən Kəlbəcərdən olduğunu deyib, Xaməmmədlə Məhərrəmi tanıyıb-tanımadığını soruşub. Erməni həmin adamları ailəsindən, yəni Sevyanlar ailəsindən itkin düşmüş 4 nəfərlə dəyişmək istədiyini bildirib.

Əsədov Xaməmmədin Goranboy rayo­nunun Qaradağlı kəndində yaşayan oğlu Əsəd Əsədov atası və bibisinin həyat yoldaşı Məhərrəmin məktub yazıb, onları Sevyanlarla dəyişmələrini rica etdiyini öz izahatında göstərib. Lakin Sevyanlar tapılmadığı üçün Babayev Məhərrəmlə qohumunun sonrakı aqibəti bəlli olmayb.

Babayev Nurəddin Seyidabbas oğlu

1962-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə qardaşı Nəsrəddinlə birlikdə könüllü orlaraq orduya yazılıb. 13 yanvar 1994-cü ildə «Yasamal» taborunun tərkibində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində döyüşdə mühasirəyə düşərək əsir götürülüb.

Qardaşı – Bakı şəhəri 20 Yanvar küçəsi, ev 39, mənzil 138-də yaşayan Babayev Nəsrəddin Seyidabbas oğlunun verdiyi məlumata görə, 13 yanvar 1994-cü il tarixdə döyüş zamanı geri qayıtmaq əmri aldıqda qardaşı Nurəddini tapa bilməyib. Mə­lum olub ki, o və Bakı şəhərinin Bülbülə kəndindən olan Telman adlı döyüşçü ermənilər tərəfindən əsir götürülüblər.

17 mart 1994-cü ildə Gəncə şəhərindən onların evinə tanımadıqları qadın zəng vuraraq ermənilərin radio verilişində Nurəddinin müsahibə verərək Füzuli rayonunun Seyidəhmədli kəndində əsir götürüldüyünü və 2 azərbaycanlı əsirlə birlikdə Dağlıq Qarabağda saxlandığını eşitdiyini deyib.

Babayev Səfər Əlifəttah oğlu

1973-cü ildə Bakı şəhərində anadan olub. 7 dekabr 1991-ci ildə sovet ordusundan yenicə tərxis olunmuş Babayev Səfər torpaqlarımızın müdafiəsində iştirak etmək üçün Ağdam rayonuna yollanıb, Yaqub Rzayevin (Qatır Məmmədin) dəstəsində döyüşüb. 1 yanvar 1992-ci ildə Ağdam uğrunda döyüşlərin birində əsir götürülüb.

Atası – Bakı şəhəri, Zirə qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 11-də yaşayan Baba­yev Əlifəttah Əliheydər oğlunun verdiyi məlumata görə, 1992-ci il yanvar ayının 11-də və fevral ayının 13-də Səfər tərəfindən yazılmış, Ermənistanın Mehri rayonundan yola salınmış 2 məktub alıb. Səfər məktubunda Bakı şəhərinin Binə qəsəbəsində yaşayan yaxın qohumu llqar Azayevlə erməni əsirliyində olduğunu və qarşı tərəfin onları azad etmək üçün Gorus-Qafan yolunda itkin düşmüş M.Gevorqyan və L. Avanesyanın tapılmasını tələb etdiklərini bildirib. O, yazıb ki, itkin düşmüş ermənilərin evində saxlanılır, əgər həmin şəxslər tapılmasa, onu öldürəcəklər.

1992-ci ilin fevral ayında Babayev Əlifəttah Mehri rayonuna gedib, polis idarəsinin rəisi ilə görüşüb. Rəis ona Səfər və İlqarın həqiqətən əsir götürüldüklərini və itkin düşmüş ermənilərlə dəyişdirilə biləcəklərini deyib. Babayev 2 dəfə erməni əsiri tapıb. Həmin əsirlər başqa adamlarla dəyişdirildiyi üçün o, oğlunu qaytara bilməyib. 1995-ci ildə Gürcüstandan ona Səfərin və İlqarın sağ olması haqqında xəbər gəlib. Erməni tərəfi onları azad etmək üçün 5.000.000 rus rublu tələb edib. Sonradan ermənilər onların yerini dəyişdirərək izi itiriblər.

Hərbi əsir Azayev İlqar Ağasəlim oğlunun anası – Bakı şəhəri, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, ev 3-də yaşayan Azayeva Xırdaxanım Musaxan qızının ərizəsində göstərilib ki, oğlu evə 1992-ci ildə Səfərin yazdığı məktubla eyni məzmunda məktub göndərib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi 2002-ci ildə Azərbaycan və Ermənistana etdikləri səfərin hesabatında bu faktı təsdiq edib.

Bağırov Elşən Həsən oğlu

1963-cü ildə Azərbaycan Respublikasının Xocalı şəhərində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhəri ermənilər tərəfindən işğal olunan gün vahiməyə düşən əhali meşəyə üz tutub. 50 nəfər Dəhraz kəndi yaxınlığında mühasirəyə düşüb, girov götürülərək həmin kənddə yerləşən donuzçuluq fermasına gətiriliblər. Səhəri gün ermənilər onların arasından Bağırov Elşən də daxil olmaqla 13 nəfər boy-buxunlu gənci seçərək naməlum istiqamətə aparıblar.

Bu məlumatı Xocalı sakinləri – Bakı şəhəri, Atatürk prospekti, ev 2A, mənzil 57-də yaşayan Xudayarov Vəfadar Səlim oğlu, Bakı şəhəri, Xətai prospekti, ev 40-da yaşayan Xudayarov Rövşən Adil oğlu, Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki «Günəşli» sanatoriyasında məskunlaşmış Hüseynov Kamil Dadaş oğlu, Ağayev Səttar Muxtar oğlu, Xudayarov Abil Adil oğlu və başqaları təsdiq ediblər.

Qardaşı – Bağırov Rza Həsən oğlu ərizəsində yazıb ki, onun gah Xankəndində, gah da Yerevanda saxlandığını öyrənib.

Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun təqdim etdiyi azərbaycanlı hərbi əsir və girovların siyahısında Bağırov Elşənin Ermənistanın Spitak şəhərində saxlandığı göstərilib.

Bagirov Nasir Huseynqulu oğlu

1958-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində doğulub. Şəhərin müdafiəsini təşkil edənlərdən olub. 8 may 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan gün kolxozlararası tikinti idarəsinin yanında növbə çəkib. İşğaldan sonra Nasiri görən olmayıb.

Qardaşı – Şuşa şəhər sakini, hazırda Bakı şəhəri, Azadlıq prospekti, ev 162/11, mənzil 11-də yaşayan Bağırov Elman Hüseynqulu oğlunun dediyinə görə, Nasirin axtarışı zamanı öyrənib ki, həmyerliləri Əsəd, Nigar, Rasim, Qax polisinin əməkdaşları Polad, İbrahimxəlil və Rəcəb 8 may 1992-ci ildə onu postda növbə çəkən vaxt görüblər. Erməni əsirliyindən qaçmış 16 yaşlı Teymur 1993-cü ildə dövlət televiziyası ilə çıxış edərkən Əsgəranda Nasirlə birlikdə saxlandığını bildirib. Nasir ona başqa bir qardaşının da əsirlikdə olduğunu deyib.

Tovuz rayonu Əsrik-Cırdaxan kənd sa­kini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində milliyyətcə erməni Qaqikdən(63-60-73) aldığı azərbaycanlı hərbi əsir və girovların siyahısında Nasir Bağırovun qardaşı Ruslan Bağırovla Xankəndi Polis Şöbəsində saxlandığı göstərilib.

“KarabakhİNFO.com”

 

02.04.2013 14:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*