Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-16)

16.04.2013 | 15:31

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

 

 


Baratov Hörmət Beytulla oğlu

1975-ci ildə Azərbaycan Respublikası Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. Ağdam uğrunda döyüşlərdə iştirak edib. 18 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində gedən döyüşdə ağır yaralanıb və əsir götürülüb. Xankəndi şəhərindəki uşaq xəstəxanasında saxlanılıb.

Əsgəran rayonu Daşuşen kənd sakini, Bakı şəhəri, Buzovna qəsəbəsindəki «Zu-ğulba» sanatoriyasında məskunlaşmış Abdullayev Tofiq İsmayıl oğlu 1994-cü ildə əsir və girovların dəyişdirilməsi zamanı qarşı tərəfin nümayəndəsi Albert Voskanyandan alınmış Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilən 37 azərbaycanlı hərbi əsirin siyahısında Baratov Hörmətin də adı olduğunu bildirib. Siyahını Şuşa şəhərindəki erməni alayının qərargah rəisi Armais Saakyan təsdiq edib. Ermənilər həmin əsirləri jurnalist Salatın Əsgərovanın qətlinin təşkilatçısı, «Napoleon» ləqəbli Arkadi Ayriyanla dəyişmək istəyiblər. Ayriyan öldüyü üçün dəyişmə baş tutmayıb.

Həmin siyahını əsir götürülmüş İsayev Bəxtiyarın atası – Bakı şəhəri, Motodrom massivi 8-də yaşayan İsayev Səfər Əli og­lu, əsir Ağalarov Yaşarın atası – Goranboy rayonu Xanqərvənd kənd sakini Ağalarov Musa, əsir Muxtarov Telmanın atası – Hacıqabul rayonu Nəvahi kənd sakini Muxtarov Əlisahib və əsir Hümbətov Xalidin atası – Kəlbəcər rayonu Halçalı kənd sakini Hümbətov Əli də əldə edib.

Bayraməliyev Vuqar Seyidbaba oğlu

1975-ci ildə Azərbaycan Respublikası Quba rayonunun II Nüvədi kəndində anadan olub. 13 yanvar 1994-cü ildə Quba Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Ağdam rayonuna göndərilib. 24 aprel 1994-cü ildə Ağdam rayonunun Şotlanlı kəndində yaralı vəziyyətdə əsir götürülüb.

Atası – Quba rayonu II Nüvədi kənd saki­ni Bayraməliyev Seyidbaba Camalağa oğlu ərizəsində yazıb ki, 23 aprel 1994-cü ildə oğlunu görmək üçün onun döyüşdüyü Ağdam rayonuna gedib. Vüqarla görüşdükdən sonra gecəni Tərtər rayonunda qalıb, səhəri gün onun xidmət etdiyi Şotlanlı kəndinə gəldikdə, orada qızğın döyüş getdiyindən batalyona yaxın düşə bilməyib. Qapanlı kəndində döyüşün səngiməsini gözləyib. 24 aprel 1994-cü ildə axşamüstü ağır döyüşdən qayıdan əsgərlərdən Vüqarı soruşub. Döyüşçülər onun saat 14-15 radələrində yaralandığını və döyüş meydanında qaldığını deyiblər. Döyüş gedən kənd və onun ətrafındakı ərazilər ermənilər tərəfindən işğal oldunduğu üçün atası Vüqar haqqında məlumat əldə edə bilməyib.

Erməni əsirliyindən azad olunmuş Füzuli rayonu Horadiz qəsəbə sakini Məmmədov Rafıq Sevindik oğlunun verdiyi məlumata görə, Ağdamın Qərvənd kəndindəki xəstəxanada saxlandığı zaman 1994-cü ilin yazında sağ ayağından yaralanmış, əslən Quba rayonundan olan Bayraməliyev Vüqarı da oraya gətiriblər. Ermənilər əsirlərə bir-biri ilə ünsiyyət yaratmağa imkan vermədikləri üçün onunla ətraflı söhbət edə bilməyib. Vüqar təxminən 12-15 gün orada qaldıqdan sonra gecə Xankəndinə aparılıb. Rafiq bir daha onu görməyib.

Bayramov Azad Muxtar oğlu

1973-cü ildə Azərbaycan Respublikası Lerik rayonunun Siyov kəndində anadan olub. Füzuli rayonu uğrunda döyüşlərdə iştirak edib. 14 avqust 1993-cü ildə Füzuli rayonunda yerləşən Qızılqaya yüksəkliyi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Atası – Lerik rayonu Siyov kənd sakini Bayramov Muxtar Xeybər oğlu Azad əsir düşdükdən sonra Lerik Rayon Hərbi Komissarlığına çağırıldığını və orada oğlunun hərbi biletinin ona verildiyini deyib. Hərbi bileti onlara təqdim edən əslən Sabirabad rayonundan olan Ramiz adlı şəxs 14 av­qust 1993-cü ildə Qızılqaya yüksəkliyi uğrunda döyüşdə Azadın boynundan yaralandığını və döyüşdən qayıtmadığını bildirib.

Əsir və girovların dəyişdirilməsi ilə məşğul olmuş Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış Kazımov Əhəd Musa oğlu ərizəsində yazıb ki, 1993-cü ilin sentyabr ayında qarşı tərəflə aparılan radioəlaqə zamanı Lerik rayon sakini Bayramov Azadın əsir götürüldüyünü, Şuşa həbsxanasında saxlandığını öyrənib.

Erməni əsirliyindən qayıtmış Kəlbəcər rayonu Kilsəli kənd sakini, Bərdə rayonunun Həsənqaya kəndində məskunlaşan Quliyev Bəxtiyar Məhəmməd oğlu 1993-cü ildə yaralı vəziyyətdə əsir götürüldüyü üçün Xankəndi xəstəxanasında saxlanılıb. Həmin vaxt Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilən yaralı, Lerik rayon saki­ni Bayramov Azad Muxtar oğlu da onunla birlikdə olub.

Bayramov Azad Zahid oğlu

1971-ci ildə Azərbaycan Respublikası Samux rayonunun Yenikənd kəndində anadan olub. 1992-ci ildə Xanlar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Füzuli rayonunun «İşıqlı» taborunun tərkibində döyüşüb. Sonradan həmin rayonun Məlikcanlı kəndinə göndərilib. 4 iyul 1993-cü ildə Füzuli rayonunun Məlikcanlı kəndində gedən döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Atası – Samux rayonu Yenikənd kənd sakini Bayraməliyev Zahid Tanrıverdi oğlunun verdiyi məlumata görə, oğlunun axtarışı zamanı döyüş yoldaşları Azadın ayağından yaralandığını və ermənilər tərəfindən əsir götürüldüyünü deyiblər.

Qardaşı – Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Ş.Vazeh küçəsi, ev 6, mənzil 13-də yaşayan Bayramov Alim Zahid oğlu izahatında yazıb ki, Gürcüstanda yaşayan qohumu vasitəsilə orada yaşayan ermənilər-dən Azadın əvvəl Ermənistanın Leninakan, sonra Yerevan şəhərlərindəki həbsxanalarda saxlandığı öyrənilib.

 

 

 

Bayramov Ələsgər Səlim oğlu

1912-ci ildə Azərbaycan Respublikası Qubadlı rayonunun Zor kəndində anadan olub. 31 avqust 1993-cü ildə yaşadıqları kənd ermənilər tərəfindən işğal olunan gün həyat yoldaşı Bayramova Məstan Ağaşirin qızı (1915) ilə birlikdə girov götürülüb.

Oğlu-Qubadlı rayonu Zor kənd sakini, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 13A/2, mənzil 1-də məskunlaşmış Bayra­mov Mürvət Ələsgər oğlunun dediyinə göre, ermənilər kəndə hücum edən zaman valideynlərini girov götürmüşlər.

Gəlini – Qubadlı rayonu Zor kənd sakini, Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 9 saylı yataqxanada məskunlaşmış Bayra­mova Gülxanım Ağamalı qızı ərizəsində yazıb ki, kəndləri ermənilər tərəfindən işğal olunan vaxt qaynatası Bayramov Ələsgər Səlim oğlu, qaynanası Bayramova Məstan Ağaşirin qızı və həyat yoldaşı Səlim kənddə qalıb. Gülxanım uşaqlarını valideynlərinin yaşadıqları kənddə qoyub, qayıdan za­man orada həyat yoldaşı, qaynatası və qaynanasından başqa heç kimi görməyib. Onlar oğlu və gəlininə kənddən çıxmağı məsləhət görüblər. Həyat yoldaşı ilə Sumqayıt şəhərinə gələn Gülxanım bir daha onları görməyib.

 

 “KarabakhİNFO.com”

16.04.2013 15:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*