Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-17)

30.04.2013 | 11:39

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Bayramov Ramiz Nəriman oğlu

1963-cü ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Piyadaların döyüş maşını heyətinin komandiri vəzifəsində xidmət edib. 8 may 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan gün komandiri olduğu piyadaların döyüş maşınının heyət üzvləri ilə birlikdə əsir götürülüb.

Anası – Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Nəvai küçəsi, ev 76, mənzil 57-də yaşayan Bayramova Zinyət Seyfəli qızı ərizəsində döyüş yoldaşlarından Ramizin Şuşanın işğalı günü piyadaların döyüş maşınının heyəti ilə əsir götürüldüyünü öyrəndiyini yazıb.

Əsir Cabbarov Əli Telman oğlunun atası – Bakı şəhəri, «Qızıl Şərq» hərbi şəhər-ciyi, ev 98, mənzil 19-da yaşayan Cabba­rov Telman İdris oğlunun dediyinə əsasən, 1994-cü ildə oğlunun axtarışı zamanı Gürcüstan Respublikası ərazisində milliyyətcə erməni olan Artur adlı bir şəxslə görüşüb. Artur ona Cabbarov Əli Telman oğlunun, Bayramov Ramiz Nəriman oğlunun və Abbasov Rafael Soltan oğlunun əsir götürüldüyünü, Ermənistanın Spitak şəhərində saxlandığını deyib.

Tovuz rayonu Əsrik – Cırdaxan kənd sa­kini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində milliyyətcə erməni olan Alaverdiyan Samirdən (Yerevan tel: 48-67-93) aldığı azərbaycanlı hərbi əsir və girovların siyahısında Bayramov Ramizin də adı olub. Onun Ermənistanın Spitak şəhərində saxlandığı göstərilib.

Bayramov Şakir Balakişi oğlu

1965-ci ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə Cəbrayıl Rayon Hərbi Komissarlığına könüllü olaraq müraciət edib. Ərazi özünümüdafiə batalyonunun tərki-bində taqım komandiri vəzifəsində xidmət edib. Leytenant Bayramov Şakir 17 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Süleymanlı kəndinin müdafiəsi zamanı yaralı vəziyyətdə əsir götürülüb.

Qardaşı – Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Bayramov Məhəmməd Balakişi oğlu izahatında yazıb ki, Şakirin komandiri olduğu tağımın döyüşçüsü, mühasirədən sağ çıxmış sıravi əsgər (adını unudub) onun döyüşərək Süleymanlı kəndinin içərilərinə girdiyini, arxasınca ermənilərin getdiyini görüb.

Erməni əsirliyindən azad olunmuş Fu­zuli rayonu Qaraxanbəyli kənd sakini, Biləsuvar rayonundakı çadır şəhərciyində məskunlaşmış Əliyev Qəhrəman Həsən oğlu ərizəsində Şuşa həbsxanasının 11-ci kamerasında saxlanılan Bayramov Şakir Balakişi oğlunun gizlicə ona erməni dilində çap olunmuş qəzet parçasını verdiyini yazıb. Qəzet parçasında onun adı, soyadı, doğulduğu yer və daha 2 əsir haqqında məlumat olub.

Xocavənd rayonu Qaradağlı kənd saki­ni, Beyləqan rayonunun Maçqara kəndində məskunlaşmış Tağıyev Məmməd Qaçay oğlunun verdiyi məlumata görə, 1994-cü ildə Ağdamın Qərvənd kəndində əsir və girovların dəyişdirilməsi məqsədilə qarşı tərəflə aparılan danışıqlar zamanı Albert Voskanyan ona Bayramov Şakirin sağ olduğunu və Şuşa həbsxanasında saxlandığını bildirib.

Bayramov Ziyad Həmid oğlu

1967-ci ildə Azərbaycan Respublikası Ağdam rayonunun Qalayçılar kəndində anadan olub. Ağdamın Papravənd kəndindəki hərbi hissədə sürücü vəzifəsində qulluq edib. 16 iyun 1993-cü ildə Qalayçılar kəndi ərazisində gedən döyüşdə çiynindən ağır yaralanaraq əsir götürülüb.

Qardaşı-Bakı şəhəri, 2-ci Buxta döngəsi, ev 5A-da yaşayan Bayramov Vaqif Həmid oğlunun verdiyi məlumata görə, döyüş yoldaşları – Qax rayon sakini Abdullayev İslam və Ağdam rayonu Nəmirli kənd saki­ni Məmmədov Rizvanın dediyinə görə, ermənilər onları mühasirəyə alan zaman Zi­yad sol çiynindən və sol ayağından yaralanıb. Onlar birtəhər mühasirəni yarıblar, Zi­yad isə yaralı vəziyyətdə döyüş meydanında qalıb. Vaqif qeyd edib ki, Ağdam rayonunun Xındırıstan kəndində məskunlaşmış, erməni əsirliyindən qayıtmış Babayev Elman Mövsüm oğlu Ziyadın çiynindən və ayağından yaralandığını, onunla birlikdə Xankəndi uşaq bağçasında saxlandığını bildirib.

Erməni əsirliyindən azad olunmuş Beyləqan rayonu Göldəklər kənd sakini Abbasov Natiq Əliş oğlu, Beyləqan rayonu 2-ci Aşıqlı kənd sakini Pəsiyev Rizvan Salam oğlu və Beyləqan rayonu Örənqala kənd sakini Camalov Fədai İsmayıl oğlu 1994-cü ildə Xankəndi uşaq bağçasında Bayra­mov Ziyadla saxlandıqarını deyiblər.

Bədəlov Vuqar Hamlet oğlu

1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasinin I kurs tələbəsi Bədəlov Vüqar 2 ap­rel 1992-ci ildə könüllü olaraq Xətai Rayon Hərbi Komissarlığına müraciət edib, Şuşanın müdafiəsi üçün təşkil edilmiş avtobölüyün tərkibində döyüşüb. 8 may 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan gün əsir götürülüb.

Atası-Bakı şəhəri, General Şıxlinski küçəsi, ev 54, mənzil 10-da yaşayan Bədəlov Hamlet Cəmil oğlu Vüqarın axtarışı zamanı Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndində Karo adlı milliyyətcə erməni olan bir şəxslə görüşüb. Ka­ro ona tanışı Dadamyan Suren Arturoviçin Ermənistanın Spitak şəhərində hərbi şəhərcik, 306-cı məhəllə, bina 1, mənzil 19-da yerləşən evində saxladığı azərbaycanlı hərbi əsir və girovların siyahısını verib. Həmin siyahıda Bədəlov Vüqarın da adı olub.

Tovuz rayonu Əsrik-Cırdaxan kənd sa­kini Hüseynov Akif Saleh oğlunun bacısının axtarışı zamanı Tbilisi şəhərində Alaverdiyan Samirdən (Yerevan şəhəri 74, Nijnıy Şenqavit küçəsi, ev 35, mənzil 22; tel: 48-67-93) aldığı azərbaycanlı hərbi əsir və girovların siyahısında Bədəlov Vüqarın Şuşa şəhərindəki həbsxanada saxlandığı göstərilib. Siyahını Şuşa alayının qərargah rəisi Elmira Ağayan təsdiq edib.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin təqdim etdiyi arayışda Bədəlov Vüqarın 8 may 1992-ci ildə ermənilər tərəfindən əsir götürülüb, Ermənistanın Spitak şəhərində Dadamyan Su­ren Arturoviçin hərbi şəhərcik, 306-cı məhəllə, bina 1, mənzil 19-da yerləşən evində saxlandığı göstərilib.

Bəhrəmov Vaqif Cəlil oğlu

1955-ci ildə Azərbaycan Respublikası Xocavənd rayo-nunun Əmrallar kəndində anadan olub. Yaşadıqları ərazinin müdafiəsini təşkil edənlərdəndir. 29 dekabr 1991-ci ildə Xocavənd rayonunun Əmrşllar kəndi yaxınlığında, Qaraçux deyilən yerdə postda növbə çəkən zaman həmyerlisi Həsənov Asif Ağamirzə oğlu ilə birlikdə ermənilər tərəfindən əsir götürülüb.

Həyat yoldaşı-Xocavənd rayonu Əmrallar kənd sakini, hazırda Beyləqan rayonunun Dünyamallar kəndində məskunlaşmış Bayramova Elza Əhəd qızı ərizəsində yazıb ki, Vaqiflə Asif əsir götürülən gün ermənilər radioəlaqə yaradaraq onları Xocavənd rayonunda saxladıqlarını bildiriblər. Təxminən 1993-cü ildə Elzanın qardaşı Əbdül hərbçilər vasitəsilə qarşı tərəflə əlaqə yaradaraq Va-qiflə Asifin Tuğ kəndində saxlandıqlarını öy-rənib.

Əsir Həsənov Asif Ağamirzə oğlunun atası-Xocavənd rayonu Əmrallar kənd sakini, Beyləqan rayonunun Hərami düzü deyilən ərazisində məskunlaşmış Həsənov Ağamirzə Səlim oğlunun dediyinə görə, 29 dekabr 1991-ci ildə oğlu, həmyerlisi Vaqiflə birlikdə ermənilər tərəfindən əsir götürülüb, Xocavənd rayonu ərazisində saxlanılıb. Bu xəbəri ona Xocavənd rayonunda kolxoz sədri işləmiş, milliyyətcə erməni olan Karonun 18-20 yaşlı hərbçi oğlu verib.

Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış Kazımov Əhəd Musa oğlunun verdiyi məlumata görə, əsir və girovların dəyişdirilməsi zamanı qarşı tərəfdən Füzuli rayon sakini olmuş, sonradan Hadrutun Tuğ kəndinə köçmüş Karen adlı şəxs ona Əmrallar kənd sakinləri Bəhrəmov Vaqif və Həsənov Asifin əsir götürüldüyünü, Tuğ kəndində saxlandıqlarını bildirib.

“KarabakhİNFO.com”

 

30.04.2013 11:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*