Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-18)

10.05.2013 | 16:38

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Bəkirov Elşən Zakir oğlu

1974-cü ildə Azərbaycan Respublikası Göyçay rayonunun Çayarxı kəndində anadan olub. Qarabağ uğrunda döyüşlərdə iştirak edib. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Anası-Göyçay rayonu Çayarxı kənd sa­kini Yusifova Fərrux Vahidəli qızının dediyinə görə, oğlunun axtarışı zamanı döyüş yoldaşları ona, Elşəni ermənilər əsir götürən zaman «Kömək edin, ermənilər məni aparır, Göyçay rayonu Çayarxı kənd sakini Bəkirov Zakirin oğlu Elşənəm!» dediyini eşidiblər.

Bəkirov Vuqar Məhəmmədəli oğlu

1973-cü ildə Azərbaycan Respublikası Kürdəmir rayo­nunun Şilyan kəndində anadan olub. 17 may 1992-ci ildə Kürdəmir Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Ağdam uğrunda döyüşlərdə iştirak edib. 19 sentyabr 1993-cü ildə Ağdam rayonunun Qarakənd kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Qardaşı-Kürdəmir rayonu Şilyan kənd sakini Bəkirov Qorxmaz Məhəmmədəli og­lu ərizəsində yazıb ki, Vüqarın axtarışı zamanı döyüş yoldaşları ermənilərin hücumundan sonra onu görmədiklərini deyiblər.

Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış Kazımov Əhəd Musa oğlu izahatında ermənilərlə aparılan danışıqlar zamanı qarşı tərəfdən Bəkirov Vüqarın sağ olduğu və Dağlıq Qarabağda saxlandığı barədə öyrəndiyini yazıb.

Bəndəliyev Xəyal Elbrus oğlu

1986-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayo­nunun Çobangərəkməz kəndində anadan olub. 31 mart 1992-ci ildə Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunan gün Əsrik kəndində nənəsi-Zeynalova Bəşər Bayram qızıgildə qonaq olub. Həmin gün Zeynalovlar nəslindən olan 25 nəfərlə birlikdə «KamAZ» markalı 21-91 dövlət nömrə nişanlı avtomaşınla Tunel deyilən ərazidə ermənilər tərəfindən girov götürülüb, Xankəndindəki xəstəxanada saxlanılıb. Bu məlumatı Xəyalın anası-Kəlbəcər rayonu Çobangərəkməz kənd sakini, Mingəçevir şəhəri, Azqres, Fazil Əzimov küçəsi 1, mənzil 22-də məskunlaşmış Cəlalova Sürəyya Abbasəli qızı verib.

Bu faktı ermənilər tərəfindən girov götürülmüş Zeynalov Idris Məcid oğlunun anası-Kəlbəcər sakini, Mingəçevir şəhərindəki 1 saylı texniki peşə məktəbində məskunlaşmış Zeynalova Fitat Cəlal qızı, 4 uşağı girov götürülmüş Kəlbəcər rayon sakini, Bərdə rayonunun Qaradağlı kəndində məskunlaşmış Zeynalov Davud Museyib oğlu, valideynləri və qardaşı girov götürülmüş Kəlbəcər sakini, Bakı şəhəri, Nərimanov rayonundakı Gənc Kooperatorlar Texnikumunun 1 saylı yataqxanasında məskunlaşmış Əliyev Müşfiq Nadir oğlu da təsdiq edib.

Bəşirov Fazil Arif oğlu

1967-ci ildə Azərbaycan Respublikasının Zəngilan şəhərində anadan olub. Zəngilan Rayon Polis Şöbəsində işləyən çavuş Bəşirov Fazil 25 oktyabr 1993-cü ildə 6 nəfər polis işçisi – Quliyev Aqil Mehrəli oğlu (çavuş), Quliyev llham İmamqulu oğlu (çavuş), İsmayılov İsmayıl Barat oğlu (çavuş), İsmayılov Möhlət Bəhmən oğlu (çavuş), Nərimanov Elşad Əvəz oğlu (bölmə komandiri, baş çavuş), Paşayev Sabir Əziz oğlu (sahə müvəkkili, leytenant) ilə Cəbrayıl rayonu­nun Dərzili kəndi (Zəngilan rayonu ilə həmsərhəd olub) uğrunda döyüşdə əsir götürülüb.

Bu faktı onların qohumları Paşayev Əziz Şükür oğlu, Məmmədov Fəxrəddin Məhəmməd oğlu, Cəfərova Qızılgül imam­qulu qızı, Nərimanov Vidadi Əvəz oğlu və Qocayev Barat ismayl oğlu da təsdiq edib-lər.

Erməni əsirliyindən qayıtmış Qubadlı rayonu Həmzəli kənd sakini Yusifov Fər-had Umud oğlunun verdiyi məlumata görə, Qafan Rayon Polis Şöbəsində saxlanılan zaman həmin idarənin rəisi Varseqyan Eduard Zəngilan Rayon Polis Şöbəsinin əsir götürülmüş 7 əməkdaşını göstərərək onları tanıyıb-tanımadığını soruşub.

Bilalov Nüsrət Hilal oğlu

1969-cu ildə Azərbaycan Respublikası Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. 1992-ci il de­kabr ayının əvvəllərində Ağsu Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb, Zəngilan rayonuna göndərilib. 24 dekabr 1992-ci ildə Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində gedən döyüşdə başından ağır yaralanaraq əsir götürülüb.

Bu məlumatı bacısı-Ağsu rayonu Göydəlləkli kənd sakini Bilalova Mahirə Hilal qızı qardaşlarının Nüsrətin axtarışı zamanı onun döyüşdüyü hərbi hissədən öyrəndiklərini bildirib.

Nüsrətin sabiq tabor komandiri, Bakı şəhəri, Zığ şosesi, ev 49, mənzil 6-da yaşayan Cəbrayılov Xaqani Sərdar oğlu izahatında yazıb ki, Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində gedən, onun rəhbərlik etdiyi döyüşdə 36 nəfər əsgər əsir götürülüb. 1993-cü il yanvar ayının 1-də ermənilər əlaqə yaradaraq əsir götürdükləri əsgərlərdən 13 nəfərin, o cümlədən Nüsrətov Bilalın da adı olan siyahını onlara veriblər.

Əsir Osmanov Əkrəm Məmmədşah oğlunun qardaşı – İsmayilli rayonu Yuxarıbaş kənd sakini Osmanov Vaqif Məmmədşah oğlunun verdiyi məlumata görə, o, atası və qardaşı ilə ermənilərin azərbaycanlı hərbçilərlə apardıqları radiodanışıqlarda iştirak edib. Qarşı tərəf əsir götürdüyü və Ermənistanın Gorus rayonunda saxladığı 13 azərbaycanlı hərbçinin hər biri üçün 10 ton benzin tələb edib. Ermənilərin tələbləri yerinə yetirilmədiyinə görə Nüsrət Bilalovla əsir götürülmüş 12 hərbçinin sonrakı taleyi məlum olmayıb.

“KarabakhİNFO.com”

 

10.05.2013 16:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*