Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-20)

31.05.2013 | 15:54

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Bunyadov Fariz Hüseyn oğlu

1959-cu ildə Ermənistan Respublikası Sisyan rayonunun Vağudi kəndində anadan olub. Azərbaycan Pedaqoji Universitetinin hərbi hazırlıq fakültəsini bitirib. Xaçmaz rayonunun Qımıl kəndində ibtidai hərbi hazırlıq müəllimi işləyib. 1992-ci ilin sentyabr ayında Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Tağım komandiri Fariz Bünyadov Ağdam uğrunda döyüşlərdə iştirak edib. 26 iyun 1993-cü ildə Ağdam rayonunun Xramort kəndi uğrunda döyüş zamanı ermənilər tərəfindən əsir götürülüb.

Qardaşı – Bakı şəhəri, Nizami rayonu Q. Qarayev küçəsi, ev 2 A, mənzil 106-da yaşayan Bünyadov Ramiz Hüseyn oğlunun verdiyi məlumata görə, Farizin axtarışı zamanı ermənilərin onu Xankəndi şəhərində saxladıqlarını öyrənib. Qarşı tərəf itkin düşmüş 5 ermənin siyahısını verərək onlardan hər hansı birisi tapılarsa, Farizlə dəyişməyin mümkünlüyünü bildiriblər.

Xocavənd rayonu Qaradağlı kənd saki­ni, Beyləqan rayonunun Maçqara kəndində məskunlaşmış Tağıyev Məmməd Qaçay oğlu izahatında erməni polis əməkdaşı Albertin ona Farizin Xankəndi şəhərində əsir saxlandığını dediyini göstərib.

Cabbarov Azad Pirqulu oğlu

1967-ci ildə Azərbaycan Respublikası Laçın rayonu­nun Arduşlu kəndində anadan olub. Xocalı özünümüdafiə taborunun üzvü olub. 26 fevral 1992-ci ildə Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal olunan gün əhali Ağdam istiqamətində olan qarlı meşələrə qaçıb. 180-200 nəfərlik bir dəstə Əsgəranın Dəhraz kəndini Ağdamın Gülablı kəndi bilib həmin tərəfə üz tutmuş, mühasirəyə düşmüşlər. Ermənilər onları Dəhraz kəndindəki maldarlıq fermasına gətirəcək, 2 gün orada saxladıqdan sonra əsirlərin arasından Cabbarov Azad da daxil olmaqla 13 nəfər gənci seçib, naməlum istiqamətə apanblar. Bu günə kimi həmin gənclərin taleyi haqqında heç bir məlumat əldə olunmayıb.

Erməni əsirliyində olan Usubov Zakir, Usubov Elşad və Usubov Əliyarın atası-girovluqdan qayıtmış Usubov Kamran Hüseyn oğlunun dediyinə görə, Əsgəran rayonunun Dəhraz kəndində maldarlıq fermasında saxlanılan zaman ermənilər onun 3 oğlu və Azad da daxil olmaqla 13 sağlam gənci seçib, naməlum istiqamətə aparıblar.

Bu faktı erməni əsirliyindən qayıtmış Xocalı sakinləri – əsir götürülmüş Həsənov Rövşən Qaçay oğlunun anası – Həsənova Rəfiqə Məmi qızı, Hüseynov Kamil Dadaş oglu, Xudayarov Rövşən Adil oğlu, Xudayarov Vəfadar Səlim oğlu və başqaları da təsdiq edirlər. Əsir götürülmüş Xocalı şəhər sakini Qarayev Usubəli Süleyman oğlunun atası – girovluqdan qayıtdıqdan sonra Naftalan şəhərində yerləşən «Şirvan» sanatoriyasında məskunlaşmış Qarayev Süleyman Salman oğlu izahatında yazıb ki, ermənilər oğlu və Azad da daxil olmaqla 13 nəfər gənci naməlum istiqamətə aparıblar. Süleyman Qarayev azad olunandan sonra Ağdam taborunun komandiri Allahverdi Bağırov (sonradan şəhid olub) ona, həmin 13 gəncin Xankəndi həbsxanasında saxlandığını bildirib.

Cabbarov Əli Telman oğlu 

1971-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub. Uzbekistan Respublikasının Daşkənd şəhərində yerləşən Tank Qoşunları Ali Hərbi məktəbini bitirib. 1il 6 ay Əfqanıstanda hərbi qulluqda olub. 1991- ci ildə Vətənə qayıdıb, könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 8 may 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan gün əsir götürülüb, Ermənistanın Sovetaşan qəsəbəsinə aparılıb.

Bu məlumatı atası – Bakı şəhəri, «Qızıl Şərq» hərbi şəhərciyi, ev 98, mənzil 19-da yaşayan Cabbarov Telman İdris oğlu Gürcüstan Respublikası ərazisində milliyyətcə erməni olan (təhlükəsizliyini təmin etmək üçün onun adını deməyib) bir şəxsdən alıb. Həmin şəxsin dediyinə görə, ermənilər Əlini və Abbasov Rafael Soltan oğlunu Yere­van şəhər həbsxanasından Sovetaşana göndəriblər.

Erməni girovluğunda saxlanılan Hüseynova Tamara Saleh qızının qardaşı – Tovuz rayonu Əsrik – Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində milliyyətcə erməni olan Qaqikdən (Yerevan tel:63-60-70) aldığı qarşı tərəfdə saxlanılan azərbaycanlı hərbi əsir və girovların siyahısında Cabbarov Əlinin də adı olub. Onun Yerevan şəhərinin Sovetaşan qəsəbəsində yerləşən həbsxanada saxlandığı göstərilib.

Cabbarov İlham Yusif oğlu

1975-ci ildə Bakı şəhərində anadan olub. II kurs tələbəsi Cabbarov İlham 30 aprel 1993-cü ildə vətənini müdafiə etmək üçün könüllü olaraq Xətai Rayon Hərbi Komissarlığına müraciət edib. Füzuli rayonu uğrunda döyüşlərdə iştirak edib. 20 avqust 1993-cü ildə Füzuli rayonunda gedən döyüş zamanı ermənilər tərəfindən əsir götürülüb.

Erməni əsirliyindən qayıtmış Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49, mənzil 29-da yaşayan Rəcəbov Nazim Rza oğlunun verdiyi məlumata görə, Bakı şəhərindən olan Cabbarov İlhamı 1993-cü ildə Xankəndi xəstəxanasında, müvəqqəti saxlama təcridxanasında və Şuşa həbsxanasında saxlanılan zaman görüb. Sonradan ermənilər İlhamı naməlum istiqamətə aparıblar.

Bakı şəhəri, Nizami rayonu Ə. Vəliyev küçəsi 14, mənzil 23-də yaşayan Orucov Rafael Rəcəb oğlunun dediyinə görə, qonşuluqda yaşayan, erməni əsirliyindən qayıtmış Bəxtiyar adlı bir nəfər milliyyətcə erməni olan Aşotdan İlhamın Şuşa şəhərində saxlandığını öyrənib. Aşot hətta İlhamın xüsusi əlamətləri – uşaqlıqda sinəsində aparılmış əməliyyatın yeri haqqında da məlumat verib.

Cabbarov Səfər İsmət oğiu

1968-ci ildə anadan olub. 1993-cü ildə Mingəçevir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Ağdərə rayonu uğrunda döyüşlərdə iştirak edib.

Atası – Cabbarov İsmət Kərim oğlu izahatında oğlunun döyüş yoldaşlarından onun Ağdərə uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürüldüyünü öyrənib.

Erməni əsirliyindən qayıtmış, Ucar şəhəri, 28 May küçəsi, ev 7-də yaşayan Məmmədov Mayıl Məmmədəli oğlu 1993-cü ildə Hadrut rayonunun Tuğ kəndində Cabbarov Səfərlə birlikdə saxlandığını yazıb.

“KarabakhİNFO.com”

 

31.05.2013 15:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*