Dəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.
Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.
Caniyev Səxavət Xanış oğlu
1964-cü ildə Azərbaycan Respublikası Salyan rayonunun Xalac kəndində anadan olub. Ehtiyatda olan leytenant Canıyev Səxavət könüllü olaraq müharibəyə gedib. Füzuli rayonu uğrunda döyüşlərdə iştirak edib. Tank taburunda taqım komandiri olub. 27 yanvar 1994-cü ildə Füzuli rayonunun Şişqaya deyilən ərazisində tankları ermənilər tərəfindən vurulub, özü isə ağır yaralı vəziyyətdə əsir götürülüb.
Səxavətlə eyni tankda heyət üzvü olmuş Göyçay rayonu Ləkçıplak kənd sakini Qasımov Altay Topçu oğlunun verdiyi məluma görə, son döyüşdə ermənilərin açdığı atəşdən tank od tutub yanarkən çölə atılıb. Həmin vaxt Səxavət sag olub. Özü də ağır yaralı olan sürücü-mexanik Qasımov yaralı Səxavətin ermənilər tərəfindən sürüdülərək aparıldığının şahidi olub. Altay yandığından ermənilər onu ölü zənn edib aparmayıblar.
Cavadov Aci Məmməd oğlu
1973-cü ildə anadan olub. 1992-ci ilin oktyabr ayında Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb, Zəngilan rayonuna gön-dərilib. Sonradan Acının qul-luq etdiyi hərbi hissə Cəbrayıl rayonunda döyüşən əsgərlərə köməyə gedib. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunan gün yaralanıb və 10 nəfər əsgərlə birlikdə əsir götürülüb.
Bu məlumatı anası – Bakı şəhəri, Suraxanı rayonu, Ə. Mehbalıyeva küçəsi 36/8-də yaşayan Saray Quliyevaya Acının döyüş yoldaşı Zəngilan şəhər sakini, Bakı şəhərinin Əmircan qəsəbəsi, Mahir Mustafayev küçəsi, ev 4, mənzil 30-da məskunlaşmış Əliyev Ceyhun Qurban oğlu (Rusiya Federasiyasında işləyir) verib.
“KarabakhİNFO.com”