Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-4)

18.01.2013 | 18:00

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

Bizi əsirlikdən qurtarın (davamı-4)Abdullayev Çingiz Məmməd oğlu

1975-ci ildə Azərbaycan Respublikası Astara rayonunun Rudakənar kəndində anadan olub. 7 yanvar 1994-cü ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və bir müddət Füzuli rayonu uğrunda döyüşlərdə iştirak edib, sonradan Ağdam rayonuna göndərilib. 26 aprel 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndi uğrunda döyüşdə əsir götürülüb.

Atası-Astara rayonu Rudakənar kənd sakini Abdullayev Məhəmməd Əsəd oğlu izahatında yazıb ki, oğlunun axtarışı zamanı erməni tərəfi onu Moskva şəhərinə dəvət edib. Ermənilər ona Çingizin Ermənistanın Amasiya rayonunda yerləşən xüsusi rejimli həbsxanada saxlandığını bildiriblər. Məhəmməddən oğlunu azad etmək üçün 25.000 ABŞ dolları tələb ediblər. Atası həmin məbləği tapa bilmədiyi üçün Çingizi azad etmək mümkün olmayıb.

Bizi əsirlikdən qurtarın (davamı-4)Abdullayev Cuma Abdulla oğlu

1974-cü ildə Azərbaycan Respublikası Balakən rayo­nunun İtitala kəndində anadan olub. 13 oktyabr 1992-ci ildə hərbi xidmətə çağırılıb. Ağdam rayonunda gedən döyüşlərdə iştirak edib. 26 fevral 1993-cü ildə Ağdam rayo­nunun Xramort kəndi uğrunda döyüşdə əsir götürülüb.

Atası-Balakən rayonu İtitala kənd sakini Abdullayev Abdulla Oruc oğlu Cumanın axtarışı ilə məşğul olan zaman onun xidmət etdiyi hərbi hissədən Cumanın 26 fevral 1993-cü ildə 63 nəfər döyüş yoldaşı ilə ermənilər tərəfindən əsir götürülüb, Əsgəranda saxlandığını öyrənib.

Bizi əsirlikdən qurtarın (davamı-4)Abdullayev Ələmdar Allahverdi oğlu

1972-ci ildə Azərbaycan Respublikası Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Qarabağ uğrunda döyüşlərdə iştirak edib. 28 dekabr 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi istiqamətində gedən döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Qardaşı-Ağdərə rayonu Sırxavənd kənd sakini, Mingəçevir şəhəri, AZ QRES qəsəbəsi, 3 saylı qaçqın şəhərciyində məskunlaşmış Abdullayev Namizəd Allahverdi oğlunun verdiyi məlumata görə, radiodanışıqlar zamanı qarşı tərəfin nümayəndəsi Vazgen adlı şəxs Ələmdarın əsir götürüldüyünü və işğal olunmuş Şuşa şəhərində bir nəfər erməni qadının evində saxlandığını deyib.

Xocavənd rayonu Qaradağlı kənd saki­ni, əsir və girovların dəyişdirilməsində iştirak etmiş Tağıyev Məmməd Qaçay oğlu izahatında erməni tərəfinin nümayəndəsi Abonun ona Ələmdarın əsir götürüldüyü və Şuşa şəhərində şəxsi evdə saxlandığı barədə bildirdiyini yazıb.

Bizi əsirlikdən qurtarın (davamı-4)Abdullayev Etibar Əyyub oğlu

1974-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayo­nunun Yuxarı-Ayrım kəndində anadan olub. 1991-ci ilin may ayında Kəlbəcər Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Moskva şəhərinə göndərilib. Həmin ilin sentyabr ayında hərbi hissəni tərk edib, doğma torpaqlarını müdafiə etmək üçün Vətənə qayıdıb. Zaur Rzayevin komandir olduğu taborun tərkibində Laçın və Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak edib. 5 aprel 1993-cü ildə Kəlbəcər rayonu ərazisində yerləşən Murovdağ yüksəkliyi uğrunda döyüşdə ermənilər tərəfindən miühasirəyə alınaraq əsir götürülüb.

Bu məlumatı onun atası-Kəlbəcər rayo­nu Yuxarı-Ayrım kənd sakini, Xanlar rayonundakı Təmir Tikinti İdarəsinin binasında məskunlaşmış Abdullayev Əyyub Əsgər oğlu Etibarın axtarışı zamanı əldə edib.

Döyüş yoldaşı-Kəlbəcər rayonu Çaykənd kənd sakini, Gəncə şəhərindəki Azərbaycan Pedaqoji Universitetinin 2 saylı yataqxanasında məskunlaşmış Atayev Famil Yunis oğlu ərizəsində yazıb ki, Murovdağın ətəyində yerləşən Meydançay adlanan ərazidə döyüş zamanı Etibarın yaralandığının, yaralı vəziyyətdə döyüşçülərə kömək etdiyinin, ermənilər tərəfindən mühasirəyə alınaraq əsir götürüldüyünün şahidi olub.

Əsir düşmüş baş leytenant Əhmədov Ramiz Əkrəm oğlunun qardaşı-lsmayıllı rayonu Talıstan kənd sakini Əhmədov Əflatun Əkrəm oğlu izahatında Murovdağın Meydançay deyilən ərazisində gedən döyüşdə ermənilərin əsir götürdükləri əslən Kəlbəcər rayonundan olan döyüşçülərin arasında Abdullayev Etibarın da olduğunu qeyd edib. Ermənilər Etibarı Dağlıq Qarabağda saxlayıblar.

 

 

18.01.2013 18:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*