Dəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.
Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.
Abdullayev Fəxrəddin Saday oğlu
1972-ci ildə Azərbaycan Respublikası Xaçmaz rayonunun Alekseyevka kəndində anadan olub. 16 oktyabr 1993-cü ildə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər edilib və Ağdamın müdafiəsinə göndərilib. 12 aprel 1994-cü ildə Ağdamın Mərzili kəndi uğrunda döyüşdə əsir götürülüb.
Anası-Xaçmaz rayonu Alekseyevka kənd sakini Abdullayeva Əzizə Müstəcəb qızının verdiyi məlumata görə, oğlunun axtarışı zamanı onun Ağdam rayonunun Mərzili kəndi yaxınlığında əsir götürülüb, Şuşa şəhərində saxlandığını öyrənib.
Qardaşı-Xaçmaz rayonu Alekseyevka kənd sakini Abdullayev Elşad Saday oğlu ərizəsində yazıb ki, Fəxrəddinin döyüş yoldaşları son döyüşdə onun itkin düşdüyünü bildiriblər. Ağdaş rayonunun Ləki kəndindən olan hərbi hissənin rabitəçisi (adını unudub) ermənilərlə radiorabitə yaradaraq Fəxrəddinin Şuşa şəhərində əsir saxlandığını öyrənib. Sonradan ermənilərlə bir daha əlaqə yaratmaq mümkün olmayıb.
1924-cü ildə Azərbaycan Respublikası Laçın rayonunun Seyidlər kəndində anadan olub. 18 may 1992-ci ildə Laçın rayonu ermənilər tərəfindən işğal olunan zaman girov götürülüb.
Kəlbəcər rayonu Çovdar kənd sakini, erməni girovluğundan qayıtdıqdan sonra Yevlax şəhərində məskunlaşmış Murtuzov Tapdıq Murtuz oğlunun verdiyi məlumata görə, Xankəndindəki uşaq bağçasında saxlanılan zaman Laçın rayon sakini Abdullayev İbrahimi orada görüb.
Oğlu-Laçın rayonu Seyidlər kənd sakini, Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsi, Kosmonavtlar küçəsi 11, mənzil 10-da məskunlaşmış Abdullayev Mehdi İbrahim oğlunun yazdığı izahatdan məlum olub ki, 18 may 1992-ci ildə atası Abdullayev İbrahim Laçın şəhərinin girəcəyində Pircahan kənd sakini Hüsüyev Vüsalla dayanaraq yanan evləri seyr edib. Bu zaman Kəlbəcər istiqamətindən gələn «Jiquli» markalı maşın onlara yaxınlaşıb. Vüsal maşındakıların erməni olduğunu bildikdə qaçıb, İbrahim Abdullayev isə girov götürülüb, Xankəndi şəhərinə aparılıb. Mehdi Kəlbəcər rayonundan olan, hazırda Yevlax şəhərində məskunlaşmış Tapdıq adlı bir şəxsə atasının şəklini göstərdikdə, onu tanıyıb. İbrahim kişinin erməni əsirliyində vəfat etdiyini söyləyib.
1973-cü ildə Azərbaycan Respublikası Ağdam rayonunun Mirəşelli kəndində anadan olub. 10-dekabr 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndində gedən döyüşdə əsir götürülüb.
Hacıqabul rayonunun Udulu kəndində yaşayan, erməni əsirliyindən qaçmış Baxşəliyev Əlixan Ataxan oğlunun verdiyi məlumata görə, döyüş yoldaşları M. Məhyəddinov, B. Tağıyev və Abdullayev İlhamla birlikdə Qazançı kəndinin müdafiəsində son güllələri qurtarana kimi döyüşüblər. İlham yaralanıb, döyüş meydanında qalıb.
Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində Alaverdiyan Şamirdən (Yerevan-74, Nijnıy Şenqavit küçəsi ev, 35, mənzil 22; tel: 48-67-93) aldığı azərbaycanlı hərbi əsir və girovların siyahısinda Abdullayev İlhamın da adı olub, onun Dağlıq Qarabağda saxlandığı göstərilib.
1956-cı ildə Ermənistan Respublikası Sisyan rayonunun Urut kəndində anadan olub. Məlum hadisələrə görə Azərbaycana köçüb. 1991-ci ilin noyabr ayında könüllü olaraq cəbhəyə gedib. Xocavənd rayonu uğrunda döyüşlərdə iştirak edib. 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində əsir götürülüb.
Həyat yoldaşı-Abdullayeva Elianoranın verdiyi məlumata görə, R. Abdullayev 27 yanvar 1992-ci ildə Daşaltı kəndində gedən döyüşdə əsir götürülüb.
Ağstafa rayonu Dağ-Kəsəmən kənd sakini Muradov Alik Fuad oğlu izahatında yazıb ki, əsir və girovların dəyişdirilməsi ilə məşğul olarkən erməni tərəfinin nümayəndələri Aşot Makaryan və Samvel Meqralyandan aldığı azərbaycanlı əsir və girovların siyahısında Abdullayev Ramin Həbib oğlunun da adı olub onun Əsgəran şəhərində saxlandığı göstərilib.a