Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-8)

31.01.2013 | 15:56

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Bizi əsirlikdən qurtarın (davamı-8)Ağakişiyev Əhməd Suleyman oğlu

1947-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa şəhər əmanət kassasının müdiri vəzifəsində işləyən Ağakişiyev Əhməd 1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı girov götürülüb.

Qardaşı – Şuşa şəhər sakini, Bakı şəhəri Səbail rayonu “Şıx” sanatoriyasında müvəqqəti məskunlaşmış Ağakişiyev Elbrus Süleyman oğlunun izahatında bildirilir ki, 1993-cü ilin yanvar ayında əldə etdiyi məlumata görə, Əhməd Dağlıq Qarabağda Hadrut rayonunda mayor rütbəli Xoren adlı erməninin evində saxlanılıb.

Girov Ələkbərov Ənvər Bəylər oğlunun həyat yoldaşı – Quliyeva Ruzə Əli qızının izahatında Ağakişiyev Əhmədin onun əri ilə birlikdə Dağlıq Qarabağda saxlanıldığı qeyd edilib. Bu məlumat ona Əsir-girovların dəyişdirilməsi ilə məşğul olmuş Seyid Əhməd Kazımov bildirib.

Füzuli rayonunun Yağlıvənd kənd sa­kini Kazımov Əhəd Musa oğlu 1992-ci ildə əsirlərin dəyişdirilməsi ilə bağlı Xocavənd (Martuni) rayonunda işləyən polis kapitanı Maksimlə (Ambarsumyan Maksim Əmiroviç) əlaqə saxlayarkən sonuncu Şuşada əmanət kassasının müdiri işləmiş Əhmədi yaxşı tanıdığını, yaxın münasibətdə olduğunu, özünün nəzarəti altında saxlanıldığını və dostluq naminə onu Gürcüstan ərazisi istiqamətində azad edəcəyinə söz verib. Maksim Əhmədin yanında Ənvər (Ələkbərov Ənvər Bəylər oğlu) adlı daha bir şəxsin də saxlanıldığını bildirib.

Bizi əsirlikdən qurtarın (davamı-8)Ağayev Ayaz Həbibulla oğlu

1975-ci ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 1993-cü ilin oktyabr ayında İsmayıllı Ra­yon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb, Füzuli rayonu uğrunda döyüşlərə göndərilib. 26 yanvar 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndi uğrunda döyüşdə yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb.

Atası-İsmayıllı rayonu Hacıhətəmli kənd sakini Ağayev Həbibulla Dosməmməd oğlunun verdiyi məlumata görə, Ayazın axtarışı zamanı döyüş yoldaşları ona oğlunun son döyüşdə yaralandığını və işğal olunmuş ərazidə qaldığını deyiblər. 1996-cı ildə İsmayıllı rayonunun Pircahan kəndindən olan bir qadın ona Ermənistanda olduğunu və Ayazın Yerevanda Qırmızı Həbsxanada (Krasnaya Tyurma) saxlandığını bildirib. O, həmin ildə Gürcüstan Respublikası Marneuli rayonunun Sadaxlı kəndində olub. Orada yaşayan Abdullayev Kamal Ziyavəddin oğlu Ayazın axtarışı ilə bağlı Ermənistana gedərək onun Xankəndi həbsxanasında saxlandığını, sonradan vəfat edib orada dəfn olunduğunu öyrənib.

Bizi əsirlikdən qurtarın (davamı-8)Ağayev Əfqan Atakişi oğlu

1966-ci ildə Azərbaycan Respublikası Qəbələ rayonu­nun Tüntül kəndində anadan olub. Könüllü olaraq Tərtər rayonu uğrunda döyüşlərə yollanıb. 13 iyun 1993-cü ildə Tərtər rayonunun Madagiz kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Atası-Qəbələ rayonu Tüntül kənd saki­ni Atakişi Ağayevin dediyinə görə, ermənilər oğlunu azad etmək üçün 10 milyon rus rublu tələb ediblər. Həmin məbləği düzəldə bilmədiklərindən Əfqanı azad etmək mümkün olmayıb.

Qardaşı-Qəbələ rayonu Tüntül kənd sa­kini Ağayev Tahir Atakişi oğlu ərizəsində yazıb ki, 1995-ci ildə Gürcüstan Respublikasının vətəndaşı olan Əziz adlı sürücü atasına oğlunun sağ olduğunu, Ermənistanın Oktemberyan rayonunda şəxsi evdə saxlandığını söyləyib. Atası Əzizlə həmin rayona gedib. Ermənilər ona oğlunun pasportunu və saatını verəndə Əfqanın öndə olan qızıl dişlərinin çıxarıldığını, soğan yeməyi xoşlamadığını və s. əlamətlərini deyiblər.

Bizi əsirlikdən qurtarın (davamı-8)Ağayev Həsənalı Kommunist oğlu

1969-cu ildə Azərbaycan Respublikası Ağdam rayonu­nun Tağıbəyli kəndində anadan olub. Post patrul alayının tərkibində Ağdamın müdafiəsində iştirak edib. 12 iyun 1993-cü ildə Ağdamın Çinli kəndində gedən döyüşdə hərbçilər geri çəkilərkən həmkəndlisi Əliyev Mədət Allahverdi oğlu yaralandığı üçün ona yardım etmək məqsədilə döyüş meydanına qayıdıb. Mühasirəni yara bilmədikləri üçün hər ikisi ermənilər tərəfindən əsir götürülüb. Bu məlumatı onun qardaşı-Ağdam rayonu Tağıbəyli kənd sakini, Ağcabədi rayonundakı Qızıl Ay türk çadır şəhərciyində məskunlaşmış Ağayev Alıxan Kommunist oğlu verib.

31 oktyabr 1993-cü ildən 8 iyun 1995-ci ilə kimi erməni əsirliyində olmuş Beyləqan rayonu Dünyamallar kənd sakini Sarıyev Əli Zöhrab oğlu ərizəsində yazıb ki, 1994-cü ilin mart ayından avqust ayına qədər Xankəndi şəhərində müvəqqəti saxlama təcridxanasında Həsənalı Ağayevlə birlikdə olub. Sonradan ermənilər əsirləri fiziki işə cəlb etmək məqsədilə qruplara ayırıblar. Həsənalı da belə qruplardan birinin tərkibində harasa aparıldığından bir daha onu görməyib.

Erməni əsirliyində olan Əliyev Mədət Al-lahverdi oğlunun həyat yoldaşı-Bərdə rayo­nunun Muğanlı kəndində məskunlaşmış Əsədova Aidə Xanoğlan qızının dediyinə go­re, 12 iyun 1993-cü ildə Mədət həmkəndlisi Ağayev Həsənalı ilə birlikdə əsir götürülüb.

“KarabakhİNFO.com”

 

31.01.2013 15:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*