Azərbaycanca

“Bizim batalyonda yurdumuzun hər bir bölgəsindən igid oğullarımız döyüşürdü”

29.05.2013 | 15:25

1369826496_fxrddin-sfrovlaQarabağ müharibəsi zamanı bu torpağın hər qarışını qorumaq üçün canından, qanından keçən igid oğullarımız olub. Bu gün sizi onlardan biri ilə tanış edəcəyik. O, “Şuşa Özünü Müdafiə Batalyonu”nun komandiri Baş-leytenant Fəxrəddin Səfərovdu.

 

Fəxrəddin müəllim 1952-ci ildə Füzuli rayonunun Araz Yağlavənd kəndində anadan olub. İxtisasca dil və ədəbiyyat müəllimidir. Bununla yanaşı idmanın güləş növü ilə məşğul olur. Bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak edib. İndi isə  tələbələr hazırlayır. Bu gün biz onun maraqlı döyüş yolu ilə tanış olacağıq.

 

–      Fəxrəddin müəllim, siz nə vaxtdan döyüşə başladınız?

           

 –      Hadisələr başlayan ilk gündən, 1988-ci ildən bu hadisələrin içində olmuşam. Mən 1974-cü ildən təyinatla Şuşada müəllim kimi çalışırdım və məlum hadisələr zamanı mən Şuşada yaşayırdım. 1992-ci ildə Qarabağda hadisələrin qızışdığı bir vaxta isə, mən rayon Hərbi Komissarlığına ərizə ilə müraciət edərək, döyüşlərə başladım. Əvvəllər rus ordusu Azərbaycan və erməni silahlı qüvvələrinin arasında dayanaraq, təhlükəsizliyi təmin eləyirdi. Amma, sonradan rus ordusunun ermənilərə qarşı meyilli olduğunu gördükdə, biz özümüz könüllü döyüşçülər yığmağa başladıq. Azərbaycanda ilk hərbi batalyon Şuşada yaradılıb və bu “Şuşa Özünü Ərazi Müdafiə Batalyon”u idi. Bizim bu batalyonda respublikamızın hər bir bölgəsindən olan igid oğlanlarımız döyüşürdü.  Batalyonun komandiri isə mən idim. Demək olar ki, kəndlərimizin müdafiəsində gücümüz çatan qədər döyüşmüşük. Hadisələr getdikcə daha da mürəkkəbləşməyə doğru gedirdi. Yəni, bizim batalyonu ləğv etmək istəyirdilər. Həmin vaxtı Bakıdan gələn bir çox adamlar var idi ki, səlahiyyəti, təcrübəsi olmaya-olmaya Şuşa batalyonuna göstəriş verirdi. Elə olub ki, AXC-nin üzvü olaraq gəlib batalyona göstəriş verib. Əslində isə, onun nə səlahiyyəti, nə də hərbi rütbəsi olub. Belə hadisələr isə batalyonda nizam-intizamın pozulmasına səbəb olurdu. Amma buna baxmayaraq, biz mübarizəmizi davam  etdirirdik.

 

–      Siz o, batalyonu ərazilərə bölmüşdünüz, elə deyilmi?

 

–      Bəli, bizim batalyonda 600-ə yaxın əsgərimiz var idi, amma silahımız  çox az idi.  600-ə yaxın əsgərin 115 avtomatı var idi.  Geyimimiz, ərzağımız bol idi, amma silahımız  çatmırdı. Hətta, may ayının 8-i Şuşa işğal olunan günü əsgərlərdən çoxu silahsız döyüş bölgəsinə gedirdi. Bir çoxuna mən deyəndə ki, gözləyin mən deyəndə gələrsiniz, deyirdilər ki, yox e komandir, birdən ölən və ya yaralanan olar, heç olmasa silahını götürüm mən döyüşüm. Tədricən Şuşaya batalyonlar gəldi. Qarabağ Özünümüdafiə Batalyonu və Xüsusi təyinatlılar cəlb olundu. Rayon polisləri də TPS-adlı bölmə yaratmışdılar. Onlar həm şəhərdə əsayişi qoruyurdular, həm də şəhərə olan hücumların qarşısını alırdılar. Ordudan əvvəl şəhərin müdafiəsi polislə könüllülərin üzərinə düşürdü.

 

–      Şuşa rayonu ilə bağlı bir çox fikirlər irəli sürürlər. Bir çoxları da qeyd edir ki, mayın 8-i Şuşa rayonu işğal olunanda şəhərdə heç kim olmayıb. Buna öz münasibətinizi bildirərdiniz. Çünki, həmin vaxtı siz orda olmusunuz.

 

–      Şuşanı müdafiə etmək üçün texnikayla manevr etməyə torpaq ərazisi yox idi. Şəhərin içində durub şəhəri müdafiə edirdik. Mayın 8-i səhər saat 5:10 radələrindən axşam saat 20:50 radələrinə qədər şəhərin giriş hissəsi olan Tar sexi ərazisində ermənilərlə döyüşmüşük. Şəhərin giriş hissəsi xəstəxana, həbsxana və tar sexi istiqamətində idi, və biz də bu istiqamətlərdə şəhəri müdafiə edirdik. Bizim həmin vaxtı bir dənə tankımız var idi, onu da Albert sürürdü. Sübh tezdən Alberti də ermənilər vurdu. Qaldı ki, sizin o sualınıza Şuşa döyüşüb. Ayın 8-də Şuşaya çox güclü artilleriya yağışı yağdı. Siz təsəvvür eləyin ki, şəhərin bu küçəsindən o, küçəsinə keçmək olmurdu. BMP və iri çaplı pulemyotlar bir dəqiqə belə susmurdu. Şuşa mayın 8-i işğal olunan günü 196 əsgərimiz şəhid oldu. 400-ə qədər əsgər yaralanıb. Siz təsəvvür edin ki, şəhər od tutub yanırdı. Biz tar sexi istiqamətində döyüşəndə batalyonun 4-6 metrliyinə qədər rus ordusu yeridi. Biz həmin ərazidə dayanmadan 2 saata qədər  atışmışıq. Sonra ermənilər göyə iki xəbərdarlıq  gülləsi atdılar. Təxminən 10-15 dəqiqə sonra bizim dayandığımız ərazini tank demək olar ki, şumladı. Orada mənin 6-7 əsgərim şəhid oldu, nə qədər əsgərim yaralandı.  Hətta snaryad düşəndə əsgərlərimdən birini göyə qaldırıb, yerə elə çıpdı ki, əsgərin əynindəki geyimi bele əynindən çixmış və ölü bədən al qan içində yerə düşmüşdü.

 

–      Bəs necə oldu ki, Şuşadan çıxdınız?

 

–      Axşam saat 6 radələrində mənə əmr gəldi ki, hərbi qüvvə və texnika Şuşanı tərk eləsin, Bu əmrdən sonra mənim əsgərlərim mənim yanıma gəldilər və dedilər ki, komandir artıq şəhərə yayılıb ki, biz şəhərdən çıxmalıyıq. Mən dedim ki, bu haqda söhbət belə gedə bilməz. Mənim müavinim Əvəz Məmmədov dedi ki, komandir siz hərbçi deyilsiniz! Əmr müzakirə olunmur.  Gəlin su anbarının yanında mövqe tutaq və görək nə olur. Sonra isə yenə qayıdarıq şəhərə.  Bu əmr bizlərin Şuşadan çıxmasına səbəb oldu.

 

“Bizim batalyonda yurdumuzun hər bir bölgəsindən igid oğullarımız döyüşürdü”–       Bəs necə oldu yaralandınız?

 

       Həmin döyüşlərdə mən üç dəfə yaralanmışam. Bir dəfə qolumdan, ikinci dəfə çiynimdən, üçüncü dəfə isə minaya düşüb ağır yaralanmışam.

 

       Erməni döyüşçülərdən heç əsir düşəni olubmu sizə?

 

–       Bir erməni qadını var idi, yanında da bir uşaq əsir düşmüşdülər. Biz onlara toxunmamışıq. Mən onları gətirib polis bölməsinə təhvil vermişəm ki, öz əsirlərimizlə dəyişərik. Onları su və çörəklə təmin eləmişəm. Amma ermənilər bunu etmirdi. Onlar dəhşətli işgəncələr verirdi bizim əsirlərə. Qarabağda ermənilər dörd qardaşın başını atasının və anasının gözü qarşısında kəsib. Onlar bizə çox vəhşiliklər eləyiblər. Çingiz Mustafayevin Xocalıda lentə aldığı meyitlər onunla bitmirdi. Sadəcə Ç.Mustafayev çəkə bildiyi əraziləri çəkə bilmişdi.

 

 

Vasif Əlihüseyn

KarabakhİNFO.com

29.05.2013 15:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*