Azərbaycanca

BMT-nin qətnamələri niyə yerinə yetirilmir?

18.05.2012 | 14:10

1337332229_bmt-bash-assambleyaBir neçə gün bundan əvvəl Beynəlxalq Demokrat Gənclər İttifaqı Beyrutdakı toplantısında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qətnamə qəbul edərək təcavüzkarları torpaqlarımızdan çıxmağa çağırdı. Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan və digər dünya ölkələri ilə bağlı kifayət qədər qətnamələr qəbul edilib. Amma bu günə qədər Qarabağla bağlı verilən tələblərlə yanaşı, kifayət qədər icra edilməyən qətnamələr var. Bu, böyük dövlətlərin maraqları ilə izah olunur.

Yəni hər hansı bir qətnamənin həyata keçirilməsi böyük dövlətlərin maraqlarına uyğundursa, həmin qətnamənin icrası həyata keçirilir. Misal olaraq Liviya və İraqda aparılan müharibələri göstərmək olar. Əks halda həmin qətnamə Qarabağ münaqişəsində olduğu kimi, 20 il öz icraatını gözləməlidir.

Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev hesab edir ki, Qarabağ məsələsi ilə bağlı konkret addımların atılmaması bizim tərəfimizdən dəfələrlə qeyd olunub: “Biz bunu 2002 – ci ildən bəri dəfələrlə bunu vurğulamışıq ki, yaxın perspektivdə bu barədə real addımların atılması da gözlənilmir. Bu da onunla bağlıdır ki, Azərbaycan-ermənistan münaqişəsinin qalmasında dünyada maraqlı olan qüvvələr var. bu qüvvələr indiki halda regionda sabitliyin qorunmasında da o qədər də maraqlı deyillər. bu regionda sülhün və sabitliyin bərqərar olması bölgədə söz sahibi olmaq istəyən qüvvələrin gələcəkdə xarici siyasətinin anatomiyasını üzə çıxara bilər. Bütün hallarda əlbəttə qətnamələrin yerinə yetirilməməsi BMT – nin özünə başucalığı gətirmir. Çünki bu qətnamələrin yerinə yetirilməsi bütün hallarda böyük güclərin, xüsusi ilə BMT – nin özünə, onun nizamnaməsindən irəli gələn müddəalara müəyyən qədər hörmət və ehtiram yaradardı. Qarabağ probleminin hər hansı bir formada həllini yaxın gələcəkdə gözləmək düzgün olmazdı. Ümumiyyətlə, mən inanmıram ki, yaxın on ildə bunu həll etmək mümkün olsun. Çünki, nə qədər ki, regionda böyük güclərin enerji maraqları var, bu ölkələr arasında inteqrasiyanın həyata keçirilməsində, regional sülhün bərqərar olunmasında həmin qüvvələr maraaqlı olmayacaqlar. Yəni, Damokl qılıncı kimi bu problem həm Azərbaycanın, həm Ermənistanın başının üzərində dayanacaq və bu komflikt hər iki ölkənin rəhbərliyinə yaxın on ildə təzyiq vasitəsi kimi istifadə olunacaq. Və arzulayıram ki, bu ölkələrin həm hakimiyyətləri, həm insanları bu məsələnin ciddiliyini anlasınlar və bölgədə sülhün, birgəyaşayışın təmin olunması üçün səy göstərsinlər. Azərbaycanın ərazi bütövlüyünün ən yüksək səviyyədə təmin olunması şərti ilə bu münaqişə həll oluna bilər. Bu məncə Ermənistanın da xeyrinə olacaqdır. Yalnız bu yolla regionda sülh və sabitlik bərpa oluna bilər. Qalan bütün hallar isə mən belə düşünürəm ki, yaxın vaxtlarda mümkün olmayacaq. Hərb variantına gəldikdə isə regiona təhlükə gətirdiyi üçün, xüsusi ilə neftin hasilatına, ixracatına kifayət qədər təhlükə yaratdığı üçün böyük güclər buna imkan verməzlər. Qətiyyən imkan verməzlər. ona görə də bu variant da keçərli, mümkün variant deyil. Əlbəttə, Azərbaycan hakimiyyəti dəfələrlə deyib ki, bu məsələnin dinc variantlarla həlli yolları hələ tükənməyib. Mən də belə düşünürəm ki, nəinki tükənməyib, hətta ən optimal bir variantdır ki, bu münaqişə dinc yolla həll olunsun”.

Qafqaz və Beynelxalq Münasibətlər Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının fikrincə problemin həlli üçün iki yol var: “Birinci yol münaqişənin ədalətli sülh yolu ilə həll olunmasıdır. Ikincisi də ki, bölgədəki real siyasi detallar münaqişənin həllini müəyyənləşdirir. Problem yenicə başlayanda ədalət yox idi, güc həll edirdi hər şeyi. Azərbaycanda isə o dövrlər daxili hakimiyyət problemləri ölkənin regionda güclənməsinə problem yaradırdı. Kritik məqamlarda iqtidar mübarizəsi o dövr üçün səciyyəvi olduğundan biz regionda gücə çevrilə bilmirdik və dolayısı ilə Qarabağ problemini öz xeyrimizə həll edə bilmirdik. Ermənistan problemin o gərdin dövrlərində bir iqtidarla keçdi. Daxili narazılıqlar Ermənistanda nəinki iqtidar dəyişikliyinə, hətta böyük problemlərə belə gətirib çıxarmadı. Bölgəyə təsir edən xarici amillər isə hərbi amilə Rusiya nəzarət edirdi, siyasi amillərdə isə ABŞ – dan tutmuş digər böyük ölkələrin bölgədə özünəməxsus maraqları önəm kəsb edirdi. Birinci hissədə Azərbaycanın məğlub olmağı real idi. biz o şəraitdə nəsə möcüzə göstərməli idik ki, qalib gələ biləydik. Hüquq da həmin dövrdə öz işini görmürdü. Deyək ki, BMT – nin qərarları var idi ki, düzdür o BMT qərarlarında konkret icra mexanizmi yox idi, amma ümumi olaraq işğalın başa çatdırılması tələb olunurdu. Burdan sual doğa bilər ki, niyə onlar Ərəb ölkələrində olduğu kimi icra olunmurdu? Çünki, həmin qərarlarda icra mexanizmi yox idi. burda əgər Ermənistan bu sənəddən irəli gələn müddəaları icra etməzsə, nə olacaq, o, yox idi. Ondan sonra gəldi sülh danışıqları mərhələsi. Azərbaycanda bu hamıya məlumdur ki, bunun ancaq bir adı var: vaxt udmaq danışığı. Bu beynəlxalq aləmdə də belədir. çünki, iki dövlətin, iki cəmiyyətin hadisəyə, münaqişənin həlli yollarına baxışı bir – birindən çox dəhşətli dərəcədə fərqlənir. Sülh danışıqları 1991 – ci ildən 2012 – ci ilə kimi keçən müddət ərzində danışıqları qətiyyən yaxınlaşdırmayıb. Nə qədər bəzi görüşlər üçün “uğurlu keçib” – desələr də, sizi əmin edirəm, gedin o görüşlərdə nələrin müzakirə olunduğuna və hansı məqamlarda razılığa gəlindiyinə baxın, bunlar elə də böyük bir mövqe yaxınlaşması görə bilməyəcəksiniz. Bir faizə yaxın mövqe yaxınlaşması görə biləcəksiniz. Mövqelər də yaxınlaşmayıbsa, təzədən danışıq yolu ilə bunun həll yolu demək olar ki, yoxdur. Danışıq yolu ilə məsələ o vaxt həll olunur ki, mövqelərdə irəliyə doğru gedişat olur. Yenə qayıdırıq problemin başladığı mərhələyə. Hansı ki, güc ya da hüquq həll eləməli idi. yəni biz hələ də ordayıq. Güc belə həll eləyə bilər ki, Azərbaycan BMT – yə müraciət edir, Avropa Birliyinə müraciət edir, hüquqi baxımdan haqlı olduğumuz məsələni istəyirik ki, BMT və digər dünya birlikləri bunu təmin etsin. Burda nə olacaq? Real olaraq beynəlxalq hüquq hələ də buna müdaxilə etməyəcək ya da etmək istəməyəcək. Fransanın və Rusiyanın mövqeləri birmənalı şəkildə bəllidir. Yenə ABŞ – ı yola gətirmək mümkündür. BMT – dən belə bir qərarın çıxmasına ola bilsin ki, Fransa və Rusiya veto qoysun. Hərbi yolla məsələnin həllini düşünsək, yəqin ki, iki – üç gün ərzində Azərbaycan Ermənistana qalib gələcək. O zaman da ortaya yenə Rusiya amili çıxır. Nə qədər ki, Rusiyanın Cənubi Qafqazda və Qarabağdakı maraqları dəyişməyib, hərbi yolla məsələnin mümkün deyil. amma bu məsələ sabit bir şey deyil. Çünki, bizim də enerji məsələsindən dolayı Rusiyanın siyasətinə təsir imkanlarımız artıb. Bizim artıq nəinki Rusiya, eyni zamanda dünya enerji resurslarına təsiretmı imkanlarımız var. burdan belə çıxır ki, birinci növbədə Rusiyanın nehytrallaşdırılması əsas şərtdir. Bunun üçün də Azərbaycanın Rusiyanı neytrallaşdırmaq üçün daha güclənməsi lazımdır”.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələr qəbul oluması, Azərbaycan beynəlxalq areada mövqeylərinin güclənməsinə təsir edir: “Amma, nəzərə almaq lazımdır ki, beynəlxalq təşkilatların qəbul etdikləri qərar tövsiyyə xarakteri daşıyır. Orada Azərbaycanın haqlı mövqeyi müdafiə olunsa da, amma nəticə etibarilə Ermənistana hansısa bir formada təzyiqləri göstərilmir. Ona görə qeyd etdiyiniz məsələ öz əksini tapmır. Amma, yenə də beynəlxalq qurumların qətnamələri bizim üçün qənimətdir və bu istiqamətdə səylərimizi artımalıyıq”.

Professor Qüdrət İsakovun fikrincə birinci əsas problem ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həlli üçün qəbul olunan qətnamələr müəyyən bir sənəddir: “Bu sənədlərdə konkret icra mexanizmləri və bu icra mexanizmlərinin həyata keçirilməsinə cavabdeh olan tərəflər, tərəfləırin statusları və münüqişələrin həllinin konkret icra müddətləri göstərilməyib. Belə olan halda həmin qətnamələr mücərrəd xaraktetr daşıyır. 2-ci problem ondan ibarətdir ki, həmən qətnamələrdə hətta bəzi konkretliyə yaxın olan müddəalar olsa da, onların həyata keçirilməsi prosesinin başlanması naminə Azərbaycan hökuməti konkret işlər görmür. 3-cü mühüm problem belədir ki, ATƏT və Avropa Şurası münaqişələri həll etmək iqtidarında deyil. Azərbaycan hökumətinin bunu bilə-bilə ATƏT-in Minsk qrupundan nəsə gözləməsi mənasız bir işdir. Mənim qəti fikrimcə ATƏT-in Minsk qrupu buraxılmalıdır və münaqişənin həlli BMT-yə və BMT Təhlükəsizlik Şurasına həvalə olunmalıdır. Azərbaycan hökuməti BMT TŞ-da konkret icra mexanizmləri olan yeni Qetnamənin qəbul olunmasına çalışmalıdır. Yuxarıda qeyd etdiyim kimi qıbul olunan Qətnamə mücərrəd bir sənəd olmamalıdır. Qətnamədə konkret icra mexanizmləri, bu mexanizmləri hərəkətə gətirən strukturlar və konkret icra müddətləri göstərilməlidir. Deklorativ qətnamələrin heç bir əhəmiyyəti yoxdur”.

Millət vəkili Zahid Oruc hesab edir ki, birinci növbədə bu dünyadakı böyük dövlətlərin maraqları ilə sıx surətdə bağlıdır: “Ikinci tərəfdən həmin qətnamələrin icrası Azərbaycan üzərinə yox, məhz Ermənistana yönəlik müəyyənləşdirilmişdir. Onun necə həyata keçirilməsinin müəyyənləşdirilməsi də BMT – dən asılıdır. Sanksiya rejimini işə salmaq də, məcburi sülhyaratmaq funksiyasını reallaşdırmaq da Birləşmiş Millətlər Təşkilatının nizamnamə tələbidir. Onu biz yaşmamışıq ki, iqtisadi, siyasi sanksiyalar həyata keçirilməli, o da xeyr etmədikdə başqa yollardan istifadə etmək lazımdır. Biz BMT – yə bunu Ərəb ölkələrinin timsalında daha rahat bir şəkildə göstərə bilərik. Beləliklə, beynəlxalq qurumlar, böyük güclər istəyəndə bunun reallaşdırılması mümkündür. Azərbaycan dediyiniz o dörd qətnamə, sonra Baş Məclisin də verdiyi sənədlərin icrasını kimlərdən istəməlidir? Bu məsələlərin həlli həmin təşkilatlarla bir başa bağlıdır və elə hesab edirəm ki, gələcəkdə bu təşkilatlar tərəfindən atılmalı olan bütün addımları atmışıq”.

                                                                                                                                                                                             Oktay Hacımusalı 

 

18.05.2012 14:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*