Azərbaycanca

Brilliant Dadaşova: “Hansısa milləti sevməsəm, onun mahnısını ifa etmərəm”

03.02.2014 | 16:00

1391429172_img-20140128-wa0019Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının redaksiyasında qonağımız oldu. Brilliant xanımla çox maraqlı mövzular barədə söhbət etdik. Söhbətimiz əsasən,  vətənpərvərlik, azərbaycançılıq və Qarabağ probleminin dünyaya çatdırılması istiqamətində oldu.

–  Brilliant xanım, Azərbaycan musiqisi şübhəsiz ki, çox zəngindir. Siz də bir müğənni kimi bu zənginlikdən bəhrələnmisiniz… İfanızda vətənpərvərlik nəğmələri xüsusilə fərqlənir. Vətən sizin üçün nə deməkdir?

 

Öz torpağını, millətini sevən insanlar üçün vətən nədirsə, mənim üçün də odur. Millətindən, inancından, əqidəsindən asılı olmayaraq, bütün insanlar vətənini sevir. Necə deyərlər “Vətənin sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Müqəddəs kitabımız olan Quranda da deyilir ki, yaxşılıq uğrunda yarışın. Millətlər arasında yaxşı rəqabət olmalıdır. Rəqabət mədəniyyət, incəsənət, idman sahəsində olmalıdır. Düşmənçilik olmamalıdır. Hər bir xalqın nümayəndəsi öz vətənini, dövlətini, mədəniyyətini sevməlidir. Mən də öz xalqımı sevirəm. Xarici ölkələrdə konsert proqramı ilə çıxış edərkən, musiqimizə, mədəniyyətimizə olan marağı görmüşəm. Bizim musiqimizə müraciət edənlər əsasən, Azərbaycan mədəniyyətinə sevgi ilə bağlı olanlardır. Sadəcə, biri gizli sevir, biri isə açıq-aşkar. Əgər mən hansısa milləti sevməsəm, heç vaxt onun mədəniyyəti ilə maraqlanmaram. Nə də ki,  onların mahnısını oxumaram.

 

“Qaçsın düşmənlərimiz vay deyə-deyə”

 

– Qarabağ  Azərbaycan xalqının böyük bir dərdidir…  Siz də Qarabağ ünvanlı mahnılar oxuyursunuz.  Bu mahnıları ifa edərkən, hansı hisslər keçirirsiniz?

 

Brilliant Dadaşova: “Hansısa milləti sevməsəm, onun mahnısını ifa etmərəm”-1988-ci ildə bədxah qonşularımız tərəfindən Topxana meşəsi dağılan zaman musiqimlə mübarizə apardım. O dövrdə mən “Bizə birlik gərəkdir” mahnısını ifa etdim…

 

Haydı-haydı  igidlərim

Qaçsın qarı düşmənlərim

Vay deyə-deyə.

Nicatımız birlikdədir,

Bizə birlik gərəkdir.

Azəybaycan torpağına

Səfərbərlik gərəkdir.

 

Necə ki 1988-ci ildə Azərbaycan torpağına səfərbərliyin lazım olduğunu demişəm və indi də deyirəm. Mən universitetin birinci kursunda oxuyandan Azərbaycan Dövlər Televiziyasının salistiyəm. AzTV-nin o vaxtki rəhbəri məni kabinetinə çağırıb dedi ki, sən bu mahnını ifa edərkən, kimi nəzərdə tutursan? Biri böyük qardaşımız, digəri isə qonşumuzdur.  O, həmçinin mənə irad bildirdi ki, sən niyə “qaçsın düşmənlərimiz  vay-vay deyə-deyə” demisən. Mən həmin şəxsə lazımı cavabı verdim. Və mübarizəmə davam etdim. İlk mübarizəm elə  “Bizə birlik gərəkdir” mahnısı ilə başladı. Daha sonra “Heykəllər”  mahnısını ifa etdim. Həmin mahnıda bu torpağa yad olan Lenin, Kirovun heykəllərinin nə səbəbdən olmasını vurğulamışdım. Polis həmin heykəlləri çox ciddi  qoruyurdu. Amma biz heç bir qadağaya baxmayaraq, həmin heykəllərin qarşısında klip  çəkdik. Və mahnıda niyə Babəkin, Dədə Qorqudun heykəlinin olmamasını bildirdik. Daha sonra “Azərbaycanlıyam” mahnısını ifa etmişəm. Bu günlərdə  Cahangir Cahangirov və Rəfiq Zəkanın “Cənnətim Qarabağ” musiqisini ifa etdim. Bir musiqiçi kimi mənim gücüm buna çatır. Zənnimcə, bunun özü də bir mübarizədir. Mən “Bizə birlik gərəkdir”, “Heykəllər” mahnısını oxuyarkən, ətrafda olan insanların münasibətini gördüm. Hesab edirəm ki, müğənni bu yolda öz mübarizəsini aparmalıdır. Mən dəfələrlə cəbhə bölgəsində olmuşam.  Döyüş bölgəsində xidmət edən əsgərlərimizlə görüşmüşəm. Əlbətdə ki, biz bununla kifayətlənməməliyik.

 

– Ermənilər təkcə torpaqlarımıza iddia etmirlər, yalnız ərazilərimizi işğal etməyiblər. Həm də mədəniyyətimizə, musiqimizə, musiqi alətlərimizə təcavüz ediblər. Bu mənada onlar bizim xalq və bəstakar mahnılarımızı da özününküləşdirməyə cəhd ediblər. Bu barədə fikrinizi bilmək istərdik…

 

“Vokaliz”  2 xalq mahnısı və Vaqif Gərayzadənin bəstələdiyi “Novruzum” mahnısından ibarətdir. Düz bir ay biz bu mahnının üzərində işləmişik. Bu gün aramızda elə insanlar var ki, musiqidən, incəsənətdən başı çıxmır və bu mahnının nə olduğunu tam dərk edə bilmir. Amma bədxah qonşularımız adıçəkilən musiqini zəngin hesab edib, oxumaq arzusunda olub.  “Vokaliz”i mən 2001-ci ildə ifa etmişəm. 2005-ci ildə erməni müğənnisi Vartuni Vartanyan da “Vokaliz”i ifa edib, lakin müəllif hüquqlarının mənə məxsus olduğunu gizlətmişdi. Bu müğənni “Vokaliz”i oxuyandan bir müddət sonra vəfat etdi. Daha sonra başqa bir erməni müğənnisi Siruşo mənim bu mahnıma müraciət etdi. Öz mədəniyyətimizi, incəsənətimizi dünya ölkələrinə tanıtdırmaq üçün bu işdə bizə dəstək lazımdır.

 

Ermənilərin Azərbaycan mədəniyyətinə təcavüz etməsi  ilə bağlı rəsmi səviyyədə görülən işləri necə dəyərləndirirsiniz? 

 

-Müəllif Hüquqları Agentliyi bir qurumdur. Kağız üzərində onlar öz işlərini görürlər. Biz öyrəşmişik ki,  bacara bilmədiyimiz hansısa işi başqasının çiyninə yükləyək.  Belə bir vicdansızlığı mən edə bilməyəcəm. Çünki bizim hər birimiz bu işdə təqsirkarıq.

 

Brilliant Dadaşova: “Hansısa milləti sevməsəm, onun mahnısını ifa etmərəm”– Siz müasir estrada sənətinin sözün əsl mənasında tanınan simalarından ilk yerdə duranlardansınız… Öz şəxsi nüfuzunuzdan istifadə edib ermənilərin mahnı oğurluğunu hansı ünvanlara çatdırmısınız?

 

Məncə, tək əldən səs çıxmaz. Mən tək başıma bu işi görə bilmərəm. Dəstək lazımdır.

 

“Düşmən ölkənin müğənnisi mənə zəng edib demişdi ki, mən sənə qulaq asa-asa müğənni olmuşam”

 

– Elə vaxt olubmu ki, siz xarici ölkələrdə konsert proqramı ilə çıxış edərkən ermənilər sizə əngəl törədsinlər?

 

Yox,  düşmənlərimiz mənə əngəl törətməyiblər. Əksinə, mənimlə şəkil çəkdirmək istəyiblər. O ölkənin musiqiçiləri mənə zəng edib deyirlər ki, bax biz sənin “Külək niyə belə əsirsən” mahnına qulaq asırıq. Hətta bir dəfə düşmən ölkənin müğənnisi mənə zəng edib demişdi ki, mən sənə qulaq asa-asa müğənni olmuşam. Həmin şəxs eyni zamanda onu da bildirmişdi ki, tezliklə müharibə bitsin və mən sizinlə duet ifa etmək istəyirəm. Söhbət mənim ifa etdiyim mahnılardan deyil, bizim musiqinin zənginliyindən gedir ki, düşmənlərimiz Azərbaycan mədəniyyətinə heyranlıqla yanaşır.  Müharibə şəraitində olduğumuz ölkənin vətəndaşları bizim mədəniyyətə böyük hörmətlə yanaşırsa, biz özümüz öz incəsənətimizə nə dərəcədə dəyər veririk? Yalançı, qondarma müğənniləri tərifləməklə iş bitmir. Yalançı maqazin verilişləri ilə  musiqimizi alçaldırıq, dəyər vermirik.

 

“Şou-biznesi təmsil edənlərin əksəriyyətinin  vətəndaş mövqeyi yoxdur”

 

Brilliant xanım, sizin fikrinizcə, şou-biznes aləmini təmsil edən müğənnilər arasında vətənpərvər olanı varmı?

 

Ümumiyyətlə, şou-biznesi təmsil edənlərin əksəriyyətinin  vətəndaş mövqeyi yoxdur. Üzdə olanların əksəriyyəti spritli içki qəbul edərək, avtomobil, qızıl-zinət əşyalarını nümayiş etdirirlər. Çox əfsuslar olsun ki, onlar vətəndaşlıq mövqeyini ortaya qoymurlar.

 

“Oğlum da qəlbində bir əsgər olduğunu deyir”

 

Brilliant xanım, siz oğul anasısınız. Övladınızın hərbi xidmətə getməsinə necə baxırsınız?

 

Mənim oğlum ali məktəbin sonuncu kursunda təhsil alır. O, prezident qvardiyasında xidmət etmək istəyir  Oğlumun təhsil aldığı yerdə hava sərt keçir. Mən deyirəm ki, qarda, çovğunda idmana getmə. Amma o mənə deyir ki, ana, mən prezident qvardiyasında olmaq üçün gərək güclü olum. Mən istərdim ki, övladım ali təhsilini başa vurduqdan sonra zabit kimi xidmət etsin. Oğlum mənə deyir ki, ana, mən qəlbimdə əsgərəm. Onun bu sözü məni çox kövrəldir (ağlayır).  Oğlum həmişə mənə deyib ki, sən istəmisən ki, mən ofisdə oturaraq, əsgərliyi başa vurum. Amma mən ofisdə oturmayacam, çünki mənim içimdə bir əsgər olmaq arzusu var. Günlərin bir günü oğlum mənə internetdə prezident qvardiyası üçün açılan yeri göstərib deyir ki, bəs, ana, mən burada qulluq edəcəm.  Mənim oğlumun vətənpərvər olmasının bir neçə səbəbi var. Onlardan biri onun Türkiyədə təhsil almasıdır. Çünki orada yaşayan oğlanlar əsgər getməyi özlərinə böyük şərəf bilir, bayraqa, dövlətə, xalqa böyük hörmət edirlər. Ən əsası isə mənim evdə doğma vətənimizin başına gələn hadisələr barədə söhbətimi eşidib. Mən istərdim ki, mənim oğlum səfir olsun. Bu vəzifə də vətən uğrunda bir mübarizədir. Amma O, əsgər olmaq istəyir.

 

Ümumiyyətlə, sizin evdə daima milli mahnılar, vətənpərvərlik haqqında söhbətlər açılıb. Uşaq da bu söhbətləri eşidə-eşidə bu ruhda böyüyüb. Sizin ailəniz  böyük bir ailədir. Səhv etmirəmsə, sizin ailənizdən müharibədə iştirak edənlər də olub… 

 

Brilliant Dadaşova: “Hansısa milləti sevməsəm, onun mahnısını ifa etmərəm”Bizim ailəmizin üzvləri də müharibədə iştirak edib. Onlar arasında vətən uğrunda həlak olanı da var. Oğlumun 5-7 yaşı olan zaman biz evdə ona deyirdik ki, bəs  sənə bir qardaş gəlir. Amma qismət olmadı. Mən soyuqda, avtobusda neçə kilometr yol gedib səngərlərdə, dizə qədər palçığın içində əsgərlər qarşısında vətənpərvərlik ruhunda mahnılar oxuyub konsert vermişəm.  Bu konsertlər zamanı 3 dəfə bətnimdə 4-5 aylıq uşağımı itirmişəm.

 

Brilliant  xanım, siz dəfələrlə döyüş bölgəsinə səfər etmisiniz. Ən çox nəyi xatırlayırsız?

 

Cəbhə bölgəsində xidmət edən əsgərlərə konsert verərkən, məni hər zaman qəhər boğub. Onların qəlbinə dəyməməyə çalışmışam. Elə vaxt olub ki, bizi avtobusa minməyə tələsdiriblər ki, yol uzaqdır  geri qayıtmalıyıq. Amma mən görmüşəm ki, kənarda hanısısa bir oğlan şəkil çəkdirmək istəyir. Mən onların  qəlbinə dəyməməyə çalışmışam.

 

İnşallah Azərbaycan dövləti qələbə qazanar və Qarabağ geri alınar. Qarabağda ilk olaraq hansı mahnını ifa etmək istərdiniz?

 

Bu yaxınlarda Cahangir Cahangirovun və Rafiq Zəkanın  bəstələdiyi Qarabağ mahnısı hazırlanıb. Bu mahnıda Qarabağın gözəlliyi əks olunub. Çox istərdim ki, dövlətimiz qələbə qazansın və mən bu mahnını Azərbaycanın  gözəl diyarı olan Qarabağda ifa  edim.

 

– Siz Azərbaycanın xalq artistisiniz, böyükdən kiçiyə qədər hər kəs sizi sevir. Xüsusilə də, analar. Siz oğul böyüdüb, əsgər yetişdirən analara nə məsləhət verərdiniz?

 

Brilliant Dadaşova: “Hansısa milləti sevməsəm, onun mahnısını ifa etmərəm”Analara deyərdim ki, onlar oğlan uşaqlarına balacalıqdan onun kişi olduğunu başa salmalıdırlar. Oğlum təxminən 2 yaşında olarkən, mənə şikayət etmişdi  ki, məhlədəki uşaqlardan kimsə ona nəsə deyib. Mən isə ona dedim ki, sən kişisən hər şeyin öhdəsindən özün  gəlməlisən. Biz ona “sən kişisən” – deyə-deyə vətənpərvər ruhda böyütdük .

 

– Gənclərimizin vətənə bağlı olması üçün, onların ürəyində yalnız vətən sevgisinin alışıb-yanması üçün onlara nə deyərdiniz?

 

Bu günümüzün ən böyük vəbası biganəlikdir. Gənclərimizin çoxunda biganəlik hiss olunur. Ən qorxulu xəstəlik elə biganəlikdir. Biganəlik olmasa, qızlarımız da, oğlanlarımız da vətənpərvər olur. Ən azından efirə çıxan insanlar heç olmasa az da olsa, vətəndaş mövqeyini özlərinə aşılasalar yaxşı olar. Avtomobillərindən,  brendlərindən, paltarlarından başqa gözlərini açıb dünyaya baxsınlar.

 

– Brilliant xanım, bu günləri vətənpərvərlik ruhunda yazılan mahnıları, oxunan ifaları necə  dəyərləndirirsiniz?

 

1988-ci ildə vətənpərvərlik ruhunda mahnı oxumaq çətin idi. Amma heç nəyə baxmayıb mahnılarımı oxudum. O zaman mənə dedilər ki, sən Lenin, Kirovun heykəlinin qarşısında mahnı oxuduğun üçün zirzəmilərdə çürüyəcəksən. Mən heç nəyə baxmayıb ürəyimdən keçən mahnını oxudum. Amma bu gün istənilən mahnının rahat oxunmasına baxmayaraq,  çox az insan qəlbən vətənpərvər ruhda mahnı oxuyur.

 

– Son bir neçə il ərzində azərbaycanlı müğənnilər erməni sənətçilərlə eyni məclisdə iştirak edir. Onlarla şəkil çəkdirirlər, birlikdə mahnı ifa edirlər. Siz bunu necə dəyərləndirirsiniz?

 

Türkiyədə olarkən bir neçə dəfə mənə deyiblər ki, gəlin qardaşlıq naminə bədxah qonşularımızın müğənnisi ilə şəkil çəkdirin. Amma mən etiraz etmişəm.

 

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

 

03.02.2014 16:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*