Azərbaycanca

“Bu millət zədələnmiş qürurunu bərpa etməlidir”

05.04.2013 | 17:40

1365169023_bbbbbƏlövsət Ağalarov: “Kəlbəcərdə ermənilərin məskunlaşması bütün azərbaycanlıların qururunu zədələyən məsələdir”

 

 

Müsahibimiz Kəlbəcərdən seçilmiş keçmiş deputat, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur

-Əlövsət müəllim, Kəlbəcəri məcburi olaraq tək etdiyiniz son günü necə xatırlayırsınz?

     -1993-cü ilin martın 23-də Kəlbəcərə silah-sursat aparmışdım və çox narahatçılıq hissi keçirirdim ki, bəlkədə bu mənim Kəlbəcərə sonuncu gəlişimdi. Çünki, başıpozuq ordu, səriştəsiz əsgər və komandirlər, dağınıq müdafiə sistemi, əhali isə bu pərakəndəliyi görüb çaş-baş qalmışdı. Nə mərkəzdən kömək, nə ordudan qətiyyət görmürdülər. Mən bu vəziyyəti görüb vertalyotla təcili Bakıya döndüm və elə həmin günün axşamı Bakıda yaşayan bütün Kəlbəcərli ziyalıları «Azərnəşr»ə dəvət etdim, Kəlbəcərdəki real vəziyyəti danışdım və qərara aldıq ki, elə «Azərnəşr»in binasında Kəlbəcərin müdafiəsinə kömək üçün qərargah yaradaq. Səhər tezdən Kəlbəcərin bir neçə nüfuzlu ziyalısını Prezidentin qəbuluna göndərdik. Demək olar kı, bütün əlaqədar təşkilatlara, o cümlədən, Müdafiə Nazirliyinin rəhbərliyinə (əgər o vaxt onlara rəhbərlik demək mümkün idisə) Kəlbəcərdəki mövcud vəziyyəti çatdırdıq. Mətbuat və teleradio vasitəsi ilə müraciət etdik ki, kimin nə imkanı varsa Kəlbəcərə kömək etsin. Təsəvvür edirsinizmi, Kəlbəcərin işğalına qədər hər gün yüzlərlə könüllü gənc Kəlbəcərə döyüşməyə getdi. Xeyli silah-sursat göndərdik. Ziyalıları səfərbər etmişdik ki qrup – qrup əhali ilə söhbət aparmaq üçün Kəlbəcərə getsin. Mənim başım bu işlərə qarışdığı üçün mən bir daha Kəlbəcərə gedə bilmədim, gecə-gündüz Bakıda  Kəlbəcərin müdafiəsinə kömək etmək üçün xeyli işlər gördük. Təəssüf ki, bu işlərin heç bir xeyri olmadı, Kəlbəcər 7 günə təslim oldu.

 Kəlbəcərin işğal olunmaması üçün lazım olan nələr edilmədi?

 

     -Kəlbəcəri müdafiə etmək mümkün idi. Kəlbəcər təbiətin alınmaz qalası idi. Sadəcə səriştəsiz, səviyyəsiz ordu rəhbərliyi, Dadaş Rzayev kimi məsuliyyətsiz müdafiə naziri və qətiyyətsiz ölkə rəhbərliyi bu müdafiəni qura bilmədi.

Bütün azərbaycanlılar kimi və ən əsası bir kəlbəcərli kimi ermənilərin Kəlbəcəri erməniləşdirməsi sizi daha da ağrıdar…

 

     -Əlbəttə, Kəlbəcərdə ermənilərin məskunlaşması bütün azərbaycanlıların qürurunu zədələyən məsələdir. Böyük bir millət olasan, əlində bu qədər iqtisadi sərvət ola, bir ovuc dığa sənin torpağında at oynada… Buna necə dözmək olar? Hal – hazırda bizi ağrıdan ən böyük məsələlərdən biri budur. Hesab edirəm ki, bu təkcə mənim ağrım deyil, bütün türk dünyasının ağrısıdır və bütün türk dünyası bu faciəni tezliklə sona çatdırmalıdır. Və bu millətin zədələnmiş qürurunu bərpa etməlidir. İnşallah, o gün uzaqda deyil.

Hiss edirsinizmi artıq işğal olunmuş rayonlar unudulur…

 

     -İşğal olunmuş torpaqların unudulmasına, yadlaşmasına, inanmıram damarında türk qanı axan bir kəs bu cür yaddaşsızlığa düçar olmaz. Əslində siz düz qeyd edirsiniz ki, işğal olunmuş rayonların ildönümünü qeyd etməyə artıq vərdiş etmişik. Bu reallıqdır,özü də acı reallıq. Təsəvvür edirsinizmi, təqvimdəki hər aya bir qara gün düşür. Yanvar – 20 Yanvar faciəsi, fevral- Xocalı soyqırımı, mart- Azərbaycanlıların kütləvi soyqırımı, aprel- Kəlbəcər faciəsi, may- Şuşa, Laçın…iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr –Ağdam, Füzuli, Zəngilan,Qubadlı, Cəbrayıl, Ağdərə,Zəngəzur və ümumən Qərbi Azərbaycan…

İşğal həyatı yaşayan bir kəlbəcərli kimi öz doğma torpaqlarınıza qayıtmaq ümidi ölməyib ki?

 

     -Qətiyyən! Ümid sonda ölür, bizim ümidimiz ölməyib. Mən hesab edirəm ki nəinki kəlbəcərlilər, digər ərazisi işğal olunmuş rayonların sakinləri də o günü səbirsizliklə gözləyir. Çünki, bu torpaqlar bizim anamız, bacımız, övladlarımız qədər bizə əzizdir. Bu bir namus məsələsidir. Bütün millətin namus məsələsi! Yaşından, vəzifəsindən, həyat şəraitindən asılı olmayaraq hər bir qaçqın və məcburi köçkün o torpaqlara qayıtmaq arzusu ilə tənha gecələrin məngənəsində boğulur. Bu məngənədən xilas olmağın yolu isə millət kimi toparlanıb ayağa qalxmaq, mənfur düşməni torpaqlarımızdan qovub, dədə – baba yurdumuza qayıtmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün hal – hazırda qarşımızda iki yol var: sülh və hərb yolu. Əlbəttə, 20 ildən artıqdır ki, sülh yolu həm öz aktuallığını, həm də öz perspektivliyini itiribdir, bu yola ümid çox azdır. Çünki düşmənimiz hiyləgər, onların havadarları güclü, vasitəçilər isə vecsiz və ermənilərin mənafeindən çıxış edən qüvvələrdir. Nə ATƏT, nə BMT, nə digər beynəlxalq təşkilatlar Qarabağ məsələsinin həllinə ədalətli kömək etməyəcəklər. Çünki bu onların mənəfeinə uyğun deyil. Bunu birdəfəlik bilməliyik. Onda ikinci yolu seçməliyik: bu yol ağır yoldur, bu yol qandan-qadadan keçir, bu yol Kəlbəcərdən keçir, bu yol Şuşadan keçir, bu yol Laçından keçir, bu yol içimdən keçir, bu yol şəhid tələb edir, bu yol qurban tələb edir, bu acı reallaqdır, amma biz buna məhkumuq! Torpaq elə şeydir ki, ora atılan 1 dəndən 1000 buğda çıxır, şəhid qanı ilə sulanan torpaqdan isə minlərlə, yüz minlərlə qeyrətli oğul və döyüşçü çıxır. 1993-cü ildə Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan qardaşım Mahirin  adını bir neçə ildən sonra digər qardşımın doğulan oğluna qoyduq və indi bu Mahir az qala əmisi Mahir yaşdadır. Minimiz şəhid olacağıqsa, yüz minlərlə digər oğullar doğulacaq. Ona görə də bu yoldan qorxmaq lazım deyil. O torpaqlarda və ümumiyyətlə yer üzündə şərəflə yaşamaq istəyiriksə qanımızdan, canımızdan, övladlarımızın canından keçməyə hazır olmalıyıq. Bu yolda hər birimizə dözüm, təmkin və torpaqlar uğrunda müqəddəs bir savaşa qalxmağı arzu edirəm.

Fuad Hüseynzadə

KarabakhİNFO.com

 

05.04.2013 17:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*